Qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı sabiq rektora kimlər nə deyib?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova və qardaşı Mahir Abdullayevin işi ilə bağlı yaradılmış Müstəqil Istintaq Komissiyasının sədri Eldar Camalova müraciət ünvanlayıb. Elşad Abdullayev müraciətin bir surətini də “Azadlıq”a göndərib. Sabiq rektorun Ilham Əliyev, Zakir Qaralov və Eldar Camalova yazdıqlarını ixtisarla təqdim edirik:
Prokurorluğun müstəntiqi cinayətkar dəstə ilə əlbirdir
“Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevin sifarişi ilə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat Mahir Abdullayevin oğurlanması faktını heç nədən çəkinmədən, Hacı Məmmədov sayağı əsas cinayətkarı gizlətməklə diqqəti zərərcəkmişin və başqalarının üstünə yönəldir.
Həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalov zərərcəkmişi susdurmaq məqsədi ilə qanlı banda başcısı Hacı Məmmədov sayağı “Məlikməmməd nağılları” quraşdırmağa başlayıb. Ramiz Zeynalov ona arxa duran siyasi güc sahiblərinə – Ramiz Mehdiyevə söykənərək böhtan xarakterli və cinayət məsuliyyəti yaradan fikirlər söyləməkdən belə çəkinmir. Ramiz Zeynalovun müsahibələrindən görünür ki, o, həbsdə olan Arzu Kazımovdan daha çox, mənə qarşı törədilmiş cinayətlərin əsas təşkilatçılarını bu işin arxasında duran Ramiz Mehdiyevi müdafiə etməyə çalışır. Ramiz Zeynalov iddia edir ki, Mahir Abdullayev qardaşı Elşad Abdullayevin pulunu götürüb qaçıb və bir müddət Kürdəmirdə, qohumlarının evində gizlənib, Elşad Abdullayev qardaşını özü öldürüb. O, daha sonra bir az da qabağa gedərək deyir ki, digər qardaşım Eldəniz Abdullayevi bəzi şeyləri bildiyi və bunu açıqlamaq istədiyi üçün mən zəhərləmişəm. Gördüyünüz kimi Ramiz Zeynalov məni xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edir, mənə şər atır.
Bu artıq zərərçəkmişin ailəsinə qarşı heç bir oyun qaydasına, hüquq müstəvisinə sığmayan mənəvi terror deməkdir, müxtəlif təhdid və şantaj elementlərindən istifadə etməklə zərərçəkmişin ailəsini susdurmaq məqsədi daşıyır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq idarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Elmar Məmmədovun 27 iyul 2012-ci il tarixli qərarı isə onu göstərir ki, prokrorluğun müstəntiqi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir.
Cinayətkar təşkilat dövlət rəhbərlərini ələ salır
Prokurorluğun müstəntiqi Elmar Məmmədov cinayətin baş verdiyi müğənni Mətanət Isgəndərlinin evini və “nakolşik” Sənan Ibrahimovu gizlətməyə cəhd edir.
“Qardaşım Mahir Abdullayev 13 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində yerləşən T.Bəhrəmov adına stadionda keçirilən tədbirdə iştirak etmək adı ilə saat 10.30 radələrində evdən çıxsa da, idarə etdiyi ”Mercedes-Bens” markalı AZ 10-CR-067 dövlət nömrə nişanlı avtomobili ilə saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki 719 saylı postu keçərək Bakı-Astara istiqamətində getmiş və postdan keçərkən orada xidmətdə olan tanışı, Baş Dövlət Yol Polisi Idarəsinin yol polisi alayının 7-ci tağımının inspektoru Əhmədov Əli Ələddin oğlu görüşüb. O, həmin gün saat 17 radələrində yenə də idarə etdiyi həmin avtomobillə Astara-Bakı istiqamətinə hərəkət edərək həmin postdan təkrar keçmiş, lakin bu dəfə həmişəki kimi postda dayanmış Əli Əhmədovla salamlaşmayıb. Əli Əhmədov Mahir Abdullayevin salam vermədən keçdiyinə görə sonuncunun mobil telefonuna zəng edib, lakin Mahir Abdullayev cavab verməyib. Həmin vaxt Əli Əhmədov Mahir Abdullayevin idarə etdiyi avtomobilin arxa oturacağında tanımadığı iki nəfər şəxsin oturduğunu görüb”. Bu saxta versiyanı Mahirin tələbə yoldaşı və “dostu”, xalq arasında “işverən” adam kimi tanınan Sənan Izzət oğlu Ibrahimov irəli sürüb.
Lakin təkzib olunmaz fakt budur ki, keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov, habelə digər hüquq mühafizə orqanlarının telefon danışıqları təsdiq edir ki, Mahir Abdullayev hadisə günü müğənni Mətanət Isgəndərlinin evində qanunsuz olaraq 6 saat 2 dəqiqə saxlandıqdan sonra mütəşəkkil təşkilat tərəfindən oğurlanıb.
Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin göstərişi ilə qurumun 9-cu idarəsinin rəisi Sahib Nağıyevin və Mahirin işi üzrə MTN əməliyyatçısı polkovnik Azər Aşurovun, habelə Namiq Abbasovun qardaşı Rəfael Abbasovun bizə təqdim etdikləri telefon danışıqlarına görə cinayət hadisəsi baş verən zaman Mahir Abdullayevi “Qafqaz-2″ telefon danışıqları dairəsində, 6 saat 2 dəqiqə müğənni Mətanət Isgəndərlinin Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 4, mənzil 8-də qanunsuz olaraq saxlayıblar.
DIN-in 7-ci idarəsinin əməkdaşı polkovnik-leytenant Rövşən Abbasquliyevin video görüntüləri də təsdiq edir ki, Mahir Abdullayev həmin dövrdə Bakı Şəhər Baş Polis Idarəsinin “banditizm” şöbəsinin rəisi Hilal Əsədovun bilavasitə rəhbərliyi ilə oğurlanıb.
Önəmli fakt budur ki, Mahir qanunsuz oğurlandıqdan bir gün sonra saat 14.00 radələrində DIN-in 7-ci idarəsinin rəisi polkovnik Vaqif Şərifov Rövşən Abbasquliyevi mənim yanıma göndərib. Rövşən Abbasquliyev mənə bildirib ki, Vaqif Şərifov ona tapşırıq verib ki, mənə bildirsin ki, qardaşım Bakı Şəhər Baş Polis Idarəsinin “banditizm” şöbəsinin rəisi Hilal Əsədov tərəfindən oğurlanıb. Rövşən Abbasquliyevin danışdıqları yüzlərlə videogörüntülər vasitəsi ilə təsdiqini tapır.
Artıq ictimailəşmiş videogörüntülərdə həbsdə olan Arzu Kazımovun köməkçisi Rövşanə Əliyeva əsas “sehirli əli” gizlətmək məqsədi ilə deyir ki, Mahiri Azərbaycanda tanınmış şəxslər oğurlayıblar. Fikir verin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin rəhbərlərini belə şərləməkdən cəkinmirlər, onları ələ salırlar.
Mahir Abdullayevin oğurlanması barədə deyilənlər
DIN-in polkovniki Telman Muradov deyir ki, Mahir Dağıstanın Mahaçkala şəhəri yaxınlığında Kaspiyskidə, daha sonra isə Lavaşinskidə Maqa, Cinqo və Kinqo Şərafəttinov qardaşları tərəfindən oğurlanıb.
MTN-nin əməkdaşları Ilqar və Fuad Abbasovlar deyir ki, Mahiri DIN-in Mütəşşəkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi oğurlayıb. 22 gündən sonra isə o, MTN-nə göndərilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun əməkdaşları Səftər, Yasir, Natiq və Sahib bildirir ki, Mahir Sankt-Peterburqdadır.
Bakı Əyləncə Mərkəzininin mühafizəçisi Rasim deyir ki, Mahiri Sumqayıt yolunun üstündə “Laçın karidoru”nda saxlayıblar.
Aeroprort polisinin rəis müavini, daxili işlər naziri Ramil Usubovun yaxın qohumu polkovnik Rasim Ildırımzadə deyir ki, Mahir MTN-dir.
INTERPOL-un Azərbaycan bürosunun sabiq rəisi Ədalət Ibrahimovun atası Qüdrət Ibrahimov deyir ki, Mahiri elə adam oğurlayıb ki, ora nə MTN, nə prokurorluq, nə də polis girə bilər.
MTN-nin Yasamal şöbəsinin rəisi, Ramil Usubovun qardaşı Mütəllim Usubov bildirir ki, mən onlara dedim ki, Mahirlə işiniz olmasın, o, iqtidardır.
“KQB” əməkdaşı Hüsniyyə deyir ki, Mahirlə 14 oktyabr 2003-cü ildə Sumqayıtda birlikdə toyda olub. Prezident seçkisindən 2 gün sonra evinə dönəcək (Sumqayıtdakı toyun dəvətnaməsini mənə verib).
Əli Zəngilanski deyir ki, oğlum “KQB”də işləyir, Mahiri Kəmaləddin Heydərovun sifarişi ilə “KQB” oğurlayıb, hazırda oradadır.
Baki Dövlət Universitetinin kafedra müdiri professor Hacı Əsədulla deyir ki, oğlum “KQB”də işləyir, Mahir KQB-dədir, Mahiri məndən alarasan.
ABU-nun Beynəlxalq hüquq fakültəsinin 3-cü kurs tələbəsi Nərgiz Ağabəyova deyir ki, Mahir “Qarabulaq”dadır (Hələ 2003-cü ildə, həmin dövrdə biz hələ “Qarabulaq”ı tanımırdıq.
Mahirin işini aparan MTN əməliyyatcısi Azər Aşurov deyir ki, Mahiri müğənni Mətanət Isgəndərlinin evindən oğurlayıblar.
Buzovnalı falçı Sənubər deyir ki, Mahiri Zuqulbada prezidentin əmisi Cəlal Əliyevin bağında saxlayıblar, hücüm edib azad etmək lazımdır.
Bəstəkar Arif Məlikovun qardaşı Tahir deyir ki, Mahir Vyanada Mahir Cavadovun yanındadır.
Vyanada yaşayan səfirliyin əməkdaşı Qorxmazın arvadı Aybəniz (Ağcəbədili) Vyanadan mənim iş otağıma zəng edib deyir ki, Mahir Vyanadadır. Buna görə də mən və professor Bəylər Hacıyev Vyana şəhərində bizə özünü səfirliyin əməkdaşı kimi təqdim edən Aybənizlə görüşdük, yalan danışdığını əri təsdiq etdi.
“KQB” müstəntiqi Şahin Ələkbərov deyir ki, Mahiri MTN-də nazirin qəbulunda görmüşəm.
24. MTN Istintaq Idarəsinin rəisi Movlan Şıxəliyev deyir ki, Mahiri arvadımla birlikdə Parisdə gördüm.
Ramiz Mehdiyevin kürəkəni, biznesmen-deputat Ilham Əliyev deyir ki, Mahir Ingiltərədədir, Kiprdədir.
MTN generalı Akif Çovdarovun qohumu ABU prorektoru Nizami Süleymanov məni 2 dəfə tanınmış Şəmkirli falçı-baxıcı Fazilin yanına aparıb onun dili ilə deyir ki, Mahiri ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyev oğurlayıb;
Tovuzlu Səadət bildirir ki, Mahiri müğənni Mətanət Isgəndərlinin sifarişi ilə Hacı Məmmədov oğurlayıb. Bu faktı Bayıl xanım, Nərimanov Rayon Ağsaqqllar Şurasının sədri Məhərrəm kişi də təsdiq edir.
Keçmiş deputat Gülər Əhmədova əsaslandırır ki, Mahir Abdullayev “KQB”dədir bunu, Ramiz Ənvəroviç (Mehdiyev) həll edə bilər”.