«Azərbaycan hökuməti seçki öncəsi repressiyaları gücləndirir»
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Respublikaçı Alternativ (REAL) hərəkatının sədri, Ismayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunmuş Ilqar Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda qərardan verilmiş şikayətə baxılacaq.
Ilqar Məmmədovun vəkili Fuad Ağayev bildirib ki, REAL sədrinə qarşı irəli sürülmüş ittihamlar da, barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda məhkəmə qərarı da əsassızdır və bu səbəbdən ləğv olunmalıdır.
Xatırladaq ki, Ilqar Məmmədovla yanaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və daha bir neçə nəfər də Ismayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələrilə ittiham irəli sürülüb.
İsmayıllı həbslərinə beynəlxalq reaksiyalar davam edir. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Jozef Debone Qrex də Azərbaycanda baş verənlərdən dərin narahatlıq keçirdiklərini bəyan ediblər. Onlar Ismayıllıda və Bakıda etiraz aksiyalarının zorakılıqla dağıdılmasını, həbsləri pisləyiblər: “Biz Azərbaycan hakimiyyətini dinc nümayişlər zamanı saxlanmış fəalların işinə yenidən baxmağa çağırırıq. Vətəndaş cəmiyyəti və beynəlxalq birlik müvafiq məhkəmələrin insan haqları standartlarına uyğunluğunu şübhə altına alıb”.
“Azadlıq” radiosunun məlumatına görə, məruzəçilər Ilqar Məmmədov və Tofiq Yaqublunun həbsinə də toxunublar: “Bu həbslər əsaslı şübhələr doğurur. Biz Azərbaycan hakimiyyətini həbs edilmiş müxalif siyasətçilərin azad olunması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq”.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Azərbaycandakı son həbslərlə bağlı bəyanat yayıb və hakimiyyətdən tələb edib ki, tutulanlar dərhal azad olunsun: “Amnesty International” Ismayıllı şəhərində təşkil olunmuş qiyamda müxalifət nümayəndələrinin əli olması ittihamının ləğvini, prezidentliyə namizəd və müxalifət fəalının dərhal azad edilməsini tələb edir”.
Ismayıllıda üsyanın Ilqar Məmmədov və Tofiq Yaqublunun rayonda vəziyyətə nəzarət üçün gəlişindən bir gün öncə başladığını və onlar getdikdən sonra da davam etdiyini vurğulayan bəyanat müəllifləri yada salır ki, Tofiq Yaqublu Ismayıllıya jurnalist kimi “Yeni Müsavat” qəzeti tərəfindən göndərilib. Ilqar Məmmədov isə prezidentliyə namizəddir.
Onlara qarşı iğtişaşların təşkili ittihamını təsdiqləyən heç bir sübut olmadığı da bəyanatda öz əksini tapıb. “Amnesty International” bildirir ki, Ismayıllı olayları zamanı etirazını ifadə edən yüzlərlə adam həbs olunub, polis etirazçılara qarşı zorakılıqdan istifadə edib.
“Bu işdə siyasi motivli ittihamın bütün göstəriciləri var” deyən “Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini David Diaz-Cogeix əlavə edib ki, Azərbaycan hökuməti builki prezident seçkiləri öncəsi müxalifətə qarşı repressiyaları artırır.
“Azərbaycan hakimiyyəti aparıcı müxalifət qəzeti “Yeni Müsavat”ın şərhçisi Tofiq Yaqublunun üzərindən kütləvi iğtişaşların təşkili ilə bağlı ittihamları götürməli və onu dərhal həbsdən azad etməlidir”. Belə bir bəyanatla isə Jurnalistləri Müdafiə Komitəsi çıxış edib (musavat.com).
Təşkilatın yaydığı məlumatda deyilir ki, Tofiq Yaqublu bazar ertəsi Bakının Nəsimi rayon məhkəməsinin qərarı ilə İsmayıllı hadisələrinə görə həbs edilib və onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Halbuki, Tofiq Yaqublu İsmayıllıya üsyanın səbəbləri ilə bağlı yerli sakinlərdən müsahibələr götürmək üçün gedib. Məlumatda bildirilir ki, Tofiq Yaqublu ilə bərabər eyni ittihamlarla müxalif siyasətçi İlqar Məmmədov da həbs edilib.
Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Tofiq Yaqublu Azərbaycanda peşə fəaliyyəti ilə əlaqədar həbs edilən sayca səkkizinci jurnalistdir. Bu jurnalistlər hökumətdəki korrupsiya və Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı ifşaedici yazılarına görə qisas üçün həbs ediliblər.
Bəyanatda “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyevin Baş Prokurorluğa çağırılması və ona xəbərdarlıq edilməsi də narahatlıqla qeyd edilir.