“Onlar insanlığa sığmayan idarəçilik sistemi ortaya qoyarlar, Səddam, Heydər Əliyev, Pinoçet kimi…”
Türkiyədə ali məktəblərdə hüquq təhsili alan tələbələr üçün nəzərdə tutulmuş “Konstitusiya hüququ” kitabında Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edəcək qeydlər yer alıb. Kitabda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı Səddam Hüseyn və Pinoçetlə yanaşı müasir dövrün diktatorlarına örnək kimi çəkilir. Facebook-da yayılmış fotosurətindən görünür ki, kitabın səhifələrindən birində kral və ya şahın (kitabda “hökmdar” – red.) kim olduğu haqda izahat verilir, ardınca da ayrıca paraqrafda diktatorluqlardan bəhs olunur. Həmin bölümdən Heydər Əliyevin də adının yer aldığı parçanı Azərbaycan türkcəsinə uyğunlaşdıraraq təqdim edirik:
Diktatoruqlarda güclər birliyi:
Diktatorluqlarda icraedici və məhkəmə hakimiyyətinin bütün səlahiyyətləri bir şəxsin əlində cəmlənir. Diktatorlar, mütləqiyyət rejimlərindəki hökmdarlar kimi, irsən və ya seçkiylə deyil, ölkənin qarışıq və ağır vəziyyətindən yararlanaraq hakimiyyətə yiyələnərlər.
Diktatorluqlar sağ cərəyanlarda faşizm və ya nasional-sosializm, sol cərəyanlarda isə kommunizm adıyla tanına bilərlər. Günümüzdə ortaya çıxan diktatorlar hər hansı bir ideologiyaya söykənməyə bilərlər. Ancaq dövlətin güc və səlahiyyətini əlində cəmləşdirən bu şəxslər insanlığa sığmayan idarəçilik sistemi ortaya qoyarlar. Məsələn, Səddam, Heydər Əliyev, Pinoçet kimi…