Nazir generalın adamını öz adamı ilə əvəzlədi
Azərbaycan Daxili Işlər Nazirliyində yeni kadr dəyişikliyi olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə DIN-in Daxili Tədqiqatlar Idarəsinin rəisi polis polkovniki Möhübbət Hüseynov tutduğu vəzifədən azad edilərək Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin edilib. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev sərəncama götürülüb.
Ramil Usubovun digər əmri ilə Gəncə şəhər Baş Polis Idarəsinin sabiq rəisi polis general-mayoru Rasim Musayev DIN Daxili Tədqiqatlar Idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
“Azadlıq”a daxil olan məlumata görə isə Gəncəyə də yeni polis rəisi təyin olunub. Bu, Bakının Xəzər reyonunun polis rəisi Faiq Şabanovdur.
Rasim Musayev iddia edirdi ki, Gəncənin polis rəisi vəzifəsindən səhhətindəki problemlərlə görə öz raportu ilə uzaqlaşdırılıb. Lakin onun Gəncənin icra başçısı Elmar Vəliyevlə davaya görə işdən çıxarıldığı bildirilirdi. “Azadlıq” yazmışdı ki, Rasim Musayev Elmar Vəliyevlə davadan sonra DIN-ə gələrək, baş verənləri Ramil Usubovun diqqətinə çatdırıb və daha sonra nazirin təkidilə işdən çıxmaq barədə raport yazıb. Ramil Usubovun belə bir mövqe tutması heç də Rasim Musayevə mənfi münasibətdən qaynaqlanmır. Əksinə general nazirə ən yaxın şəxslərdən sayılır. Sadəcə Elmar Vəliyev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs olduğundan, Ramil Usubov problemin daha dərinləşəcəyindən ehtiyatlanıb. Daha doğrusu, Əyyubovun təhrikilə Ilham Əliyevin məsələyə sərt reaksiya verəcəyindən ehtiyatlanıb. Nazir məsələ səngiyənə və ölkə başçısının bu məsələ bağlı mövqeyi bəlli olana qədər Rasim Musayevi DIN-dən uzaqlaşdırmaq, sonra isə yüksək vəzifəyə təyin etməyi planlaşdırıb. “Azadlıq” hətta onu da yazmışdı ki, Ramil Usubov Rasim Musayevi DIN-in Daxili Təhqiqatlar Idarəsinə rəis təyin etmək istəyir. Bu da təsadüfi deyil. Məlumatlara görə, həmin idarənin rəisi Möhübbət Hüseynov Bəylər Əyyubova yaxın şəxs sayılır. Ramil Usubov Möhübbət Hüseynovu DIN-in ən prestijli idarəsinin rəhbərliyindən uzaqlaşdırmaqla həm də Bəylər Əyyubovun düşərgəsindən gələn zərbəni kompensasiya edib.
Görünür, Ilham Əliyevin baş verənlərə reaksiyası Ramil Usubov üçün o qədər də təhlükəli olmayıb. Bu baxımdan nazir Bəylər Əyyubovun adamını vəzifəsindən uzaqlaşdırmağa çəkinməyib.