Gözlənilən müzakirələr hakimiyyəti təşvişə salıb
İsmayıllı hadisələri ilə bağlı Avropa Parlamentində dinləmələr keçirilə bilər. Avropa Parlamentinin deputatlarının bununla bağlı məsələ qaldırdıqları bildirilir. Milli Məclisin üzvü, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin parlamentin dünənki iclasında səsləndirdiyi bir fikir də deyilənlərin təsdiqi sayıla bilər. Əli Hüseynli deyib:
“Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində Ismayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir”.
Məlumat üçün deyək ki, Ismayıllıda baş verən xalq etirazı dünyada böyük əks-səda doğurub. Dünyanın nüfuzlu media quruluşları “The Washington Post”, “Associated Press”, CNN, BBC və digərləri “Ismayıllı olayları”nı geniş işıqlandırmışdı. Beynəlxalq ekspertlər bu hadisələri Azərbaycanda “ərəb baharı”nın başlanğıcı kimi qiymətləndirmişdi. Əslində hakimiyyətin “Ismayıllı olayları”ndan narahatlığının başlıca səbəbi də dünyanın baş verənlərə diqqət ayırmasından irəli gəlirdi.
Avropa Parlamentində bu hadisələrlə bağlı dinləmələr keçirilməsi tələbi iqtidarın narahatlığını bir qədər də artırıb. Hakimiyyət fərqindədir ki, dinləmələr zamanı Ismayıllıda etiraz edən sakinlərə qarşı törədilən zorakılıq, repressiv addımlar üzə çıxacaq və iqtidar ifşa olacaq. Sonucda isə hakimiyyətin əleyhinə sərt qətnamə qəbul ediləcək. Ona görə də Əli Hüseynlinin timsalında indidən məsələyə aqressiv münasibət sərgilənir. Ənənəvi qaydada şantajdan istifadə edilir.
Bu arada Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə – Ismayıllı hadisələrinə görə həbs edilmiş şəxslərə baş çəkən hüquq müdafiəçisi Elçin Behbudov “Media forum” saytına tutulanların Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğunu açıqlayıb.
Elçin Behbudovun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u Ismayıllı, 2-i isə Bakı sakinidir: “Çıraq” otelinin inzibatçısı Emin Şəmdinova və digər Bakı sakini Elməddin Məmmədova Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb. Ismayıllı sakinləri olan Vasif Ibrahimov, Anar Həsənov, Şakir Mustafayev, Səxavət Səmədov, Cəfər Cəfərov, Xəyal Şaranov, Səftər Ağamalıyev, Şükran Mühübəliyev, Ceyhun Abbasov və Elşən Qurbanov isə 186-cı və 315-ci maddələrlə ittiham olunurlar”.
Ismayıllı şəhərində baş vermiş hadisələrlə bağlı tutulan 12 nəfərə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində Cinayət Məcəlləsinin 186.2.1, 221.2.1, 233 və 315.2-ci maddələri ilə iş başlanıb:
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə 186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 221. Xuliqanlıq 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə – iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 233. Ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə Ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə 315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə – üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Azadlıq”a isə Ismayıllıda yandırılan və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” oteli barədə maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, “Çıraq” oteli 250 min manat sığortalanıbmış.