YAP onun evi önündə aksiya keçirdi; yazıçı və deputatlar qalmaqallı romandan danışır
Xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında qalmaqal böyüyür. Dünən YAP-çı gənclər Bakıda yazıçının evinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar mübahisə mövzusuna səbəb olan “Daş yuxular” romanına etiraz edərək yazıçıya qarşı “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun”!”, “Erməni Əkrəm, çıx ölkədən!” kimi şüarlar səsləndiriblər. Onlar Ə.Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar. Polis aksiyaya müdaxilə etməyib.
YAP-ın icra katibi Əli Əhmədov isə yazıçını faktiki erməni olmaqda ittiham edib: “Görünür, Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur. Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib”.
“Xalqı şərəfsiz etmək istəyənlər indi bunu bizim boynumuza qoymaq istəyirlər”.
Ə.Əylisli isə yazdığı romana görə ona hücum edənlərə sərt xəbərdarlıq, YAP icra katibinə də cavab göndərib: “Mən ona nə deyə bilərəm ki? Atamın atasının adı Qurbanəlidir, anasının adı isə Zəhra, anamın atasının adı Kərbəlayi Əli, anasının adı isə Ismətdir. Bu mövzuya daha müraciət etmək istəmirəm. Müdafiəyə də ehtiyac duymuram. Bir daha təkrar edirəm, əsərdə Azərbaycan mühitini təhqir edən heç nə yoxdur. Əksinə romanda Azərbaycan xalqının ucalığını əks etdirmişəm. Biz ermənilərlə gələcəkdə bir yerdə yaşaya bilərik, körpüləri yandırmayaq demişəm. Bu siyasət deyil, bunun belə siyasiləşdirilməsi mənim üçün anlaşılmazdır. Bir şeyi də qeyd etmək istəyirəm. Əgər mənə, ailəmin həyatına qarşı hər hansı bir təxribat, təzyiq baş verərsə, deməli bu, mənə qarşı bəyanatla çıxış edənlərin əməlləridir. Mən mövzunu bağladım, imkanları varsa, onlar da bağlasınlar”.
Yazıçı onu da bildirib ki, “Drujba narodov” jurnalında rus dilində nəşr olunan əsərinin Azərbaycan dilinə tərcümə olunmasına icazə vermir: “Əsər məndən icazəsiz tərcümə olunsa, məhkəməyə müraciət edəcəm”.
Yazıçı “Azadlıq” radiosuna açıqlamasında ona olan hücumlara belə cavab verib: “Xalqı şərəfsiz etmək istəyənlər indi bunu bizim boynumuza qoymaq istəyirlər”.
“Bu artıq milli hissləri deyil, həqiqəti nəzərə almamaqdır”
Filologiya elmləri namizədi, yazıçı Zümrüd Yağmur hesab edir ki, istənilən əsər tənqidə açıqdır və bu baxımdan Əkrəm Əylislinin “Daş yuxular” romanını toxunulmaz elan etmək doğru deyil: “Ədəbiyyatı milli çərçivələrə sığışdırmaq olmaz. Bu baxımdan Əkrəm bəyin əsərini milli olmadığına görə tənqid etməklə razı deyiləm, ancaq bəşəri olmağın yolu millikdən imtina etmək, həqiqəti təhrif etməkdən keçmir.
Əkrəm bəy həqiqəti bir kənara qoyub azərbaycanlıları erməniləri əzən tərəf qismində təqdim edirsə, bu artıq milli hissləri deyil, həqiqəti nəzərə almamaqdır. Bu gün biz böyük ədəbiyyat yaratmaq istəyiriksə, bəşəri dəyərləri hər cür etnik düşmənçilikdən daha üstün sayırıqsa o zaman bunu həqiqəti təhrif etmək hesabına etməməliyik”.
YAP-çıların Ə.Əylisliyə qarşı hücumlarına gəlincə, Z.Yağmur hesab edir ki, onların məqsədi cəmiyyətin həssas duyğularından istifadə edib özlərini milli təəsübkeş kimi göstərməkdir: “20 il ərzində 20 faiz torpaqlarımızın işğalda qalmasına, insanlarda vətən sevgisinin ölməsinə görə elə bu hakimiyyət məsuliyyət daşıyır. Bu gün Azərbaycan əsgərləri erməni gülləsi olmadan ölürsə, ölkənin varı bir qrup korrupsioner tərəfindən mənimsənilirsə, insanlar bu ölkədə yaşadıqlarına görə özlərini bədbəxt sayırsa, sabaha ümidləri yoxdursa, bu, elə ermənilərin istədiklərinin xalqın başına gətirilməsidir. Bütün bu əməllərindən sonra bir əsərdə azərbaycanlıların haqqının tapdanmasından guya ki, narahat olmuş kimi görünüb, əməllərini milli təəsübkeşlik pərdəsi altında gizlətmək istəyirlər. Ona görə də YAP-çıların Əkrəm Əylislini əsərinə görə tənqid etmələri səmimi səslənmir və ümumiyyətlə onların buna mənəvi haqqı çatmır”.
“İfritə ovu”na bənzər hisslər…”
“Hər hansı sözləri varsa, ədəbiyyatdan uzaq əsərə qiymət vermək istəyirlərsə, sözlə versinlər. ”Ifritə ovu”na bənzər hissləri həyata keçirməyi düzgün hesab etmirəm”.
Bunu AzNews.az-a Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Əkrəm Əylislinin yaşadığı binanın qarşısında keçirdikləri etiraz aksiyasına münasibət bildirərkən deyib. A.Mollazadə qeyd edib ki, bu tipli məsələlərdən istifadə edən həm Rusiya, həm də Ermənistan təbliğat maşınını işə salırlar: “Rusiyada ermənilərə məxsus ”Regnum” informasiya agentliyi artıq bu barədə xəbərlər yayırlar. Xəbərlərdə qeyd olunur ki, azərbaycanlı yazıçını əsərinə görə ittiham edirlər, hücumlar edirlər. Ona görə də bu istiqamətdə keçirilən aksiyaları düzgün hesab etmirəm. Sadəcə olaraq, məsələyə mənəvi və siyasi qiymət vermək olar”.
Deputat Ə.Əylislinin erməni adlandırılmasına da etiraz edib.
“Ona yazıçı deməyə dilim gəlmir”
“Mən düşünməzdim ki, Azərbaycan xalq yazıçısı adını daşıyan, Azərbaycanın ən yüksək mükafatlarını alan, prezidentdən o mükafatları təbəssümlə, minnətdarlıqla qəbul edən bir yazıçı, əslində mənim ona yazıçı deməyə dilim gəlmir, Azərbaycan xalqını bu dərəcədə təhqir edə bilər”.
Bu sözləri isə “Yeni Müsavat”a açıqlamasında deputat Fəzail Ağamalı deyir. Onun sözlərinə görə, Əkrəm Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqının heysiyyətinə toxunmaqla yanaşı, onun bəlli bir kəsimini “yeraz” sözü ilə təhqir edib.
“Əkrəm Əylisli hər zaman zaman axına qarşı gedib”
Yazıçı, deputat Aqil Abbas isə deyir ki, baş verənlər Ə.Əylislinin xarakterindən irəli gəlir: “Əkrəm Əylisli hər zaman axına qarşı gedib. Onun yaradıcılığına bələd olanlar bilir ki, bu, onun əsərlərində ermənilərə simpatiya ilə bağlı birinci məsələ deyil. 1989-cu ildə Əkrəm Əylisli elə həmin ”Drujba narodov” dərgisində çap olunan əsərinə görə Azərbaycanda ciddi qınaqlarla üzləşmişdi. Hətta onun kitablarını yandırmışdılar. Bu məsələ isə qara olsa da Əkrəm Əylislinin piarı oldu. Indi hamı o əsəri ÿaxtarır. Demək, Əkrəm bəy istədiyi hədəflərdən birinə çatıb – əsəri səs-küyə səbəb olub. Ancaq mənə görə yazıçı hər şeydən yüksəkdə dayanmalı, olaylara həqiqətin gözü ilə baxmalıdır.
Birmənalı öz xalqını aşağılamaq, Azərbaycana qarşı olmazın vəhşiliklər etmiş, torpaqlarını işğal etmiş bir xalqı əzilən tərəf kimi göstərmək, bu, doğru yanaşma deyil.
Əsərdə erməninin öldürülməsi təsvir edilibsə, bəs niyə ermənilərin soydaşımızın başına açdığı oyunlardan söz açılmayıb?”.
“O, nəhəng yazıçıdır”
“Mən Əkrəm Əylislinin qalmaqal yaradan ”Daş yuxular” romanını oxumamışam. Bu haqda fikir deyə bilmərəm. Amma Əkrəm Əylisli haqqında onu qeyd edim ki, o, nəhəng yazıçıdır”. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, tanınmış alim Rafiq Əliyev deyib. Onun sözlərinə bu, yaradıcılıq azadlığının məhsuludur: “Əkrəm Əylisli özü nəyi yazmaq lazım olub-olmadığını yaxşı bilir. Yaradıcılıq azadlığı deyilən bir anlayış var. Həmişə azadlıqdan danışırıq. Azadlıq təkcə fərdin sərbəst fəaliyyəti deyil, həm də fəaliyyətin nəticəsinə dözümlü yanaşmadır”.
“Əkrəmin ən böyük kitabı elə özüdür”
Yazıçı Seyran Səxavət isə Əkrəm Əylislinin son romanına qarşı olan çıxışları mənasız addım sayıb: “Romanı oxumasam da, mətbuatda çap olunmuş hissələrlə tanışam. Bir xalq, cəmiyyət olaraq görünür, biz hələ ədəbiyyata qiymət vermək səviyyəsində deyilik. Bunu Əkrəmin son romanına münasibətdə gördüm. Əkrəmə bu cür münasibət tarixi səhvdir. Əkrəmin bütün əsərlərini oxumuşam və Əkrəmin Azərbaycan ədəbiyyatında ən böyük kitabı elə Əkrəmin özüdür. Mən bu kitabla artıq 50 ilə yaxındır ki, tanışam. Bu kitabı oxu-oxu bitmir. Əkrəm böyük ustaddır, Azərbaycan ədəbiyyatının yüksəkliyini fəth edib. Əkrəmə qarşı çıxmaqla böyük bir məbədi daşlayırıq”.