Minlərlə insan şəhərin mərkəzinə axışdı; Ankarada Bakı ilə həmrəylik nümayişi keçirildi
Paytaxtın Fəvvarələr meydanı ötən gün “Əsgər ölümlərinə son!” deyərək coşdu. Yüzlərlə ölkə vətəndaşının Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə vəhşicəsinə döyülərək öldürülən əsgər Ceyhun Qubadovun ölümünə etiraz əlaməti olaraq aksiya keçirdi. Etirazçılar təkcə Ceyhun Qubadovun deyil, bundan əvvəl də öldürülən əsgərlərin qanının batırılmasının əleyhinə idi.
Aksiyaya gələnlər arasında övladları hərbi hissələrdə müəmmalı şəkildə ölən, öldürülən valideynlər də vardı. Yaxın adamları hərbi xidmətdə olan və yaxud bu günlərdə ordu sıralarına qoşulacağı gözlənilən vətəndaşlar da “SON!” deməyə gəlmişdi.
Aksiya siyasi olmadığından, öncədən deyildiyi kimi, sona qədər elə olsa da, YAP-ın gənclər təşkilatından heç kim iştirak etmədi.
Qubadovlar ailəsinin mənzilinin önündə polis postu
Bir neçə gün əvvəl sosial şəbəkələrdə yüz mindən artıq insana dəvət göndərən aksiyanın təşkilatçıları etirazın heç bir siyasi mahiyyət daşımadığını qeyd etmişdilər.
Hələ bir gün öncədən Bakının küçələrində aksiyaya çağırışlar, orduda baş verən neqativ halların əleyhinə olan şüarlar yazılmışdı.
Hakimiyyət budəfəki aksiyanın güclü olacağını ehtimal etdiyi üçün bır sıra planlar hazırlamışdı. Olayı siyasiləşdirməməyi bəyan edən rəsmilərə istər müxalifətçilərdən, istərsə də gənclərdə tutarlı cavablar gəlmişdi.
Hətta aksiya başlamazdan bir neçə saat öncə mərhum əsgərin ailəsinin yaşadığı mənzilin qarşısında polis postu qurulmuşdu. Məlumatlara görə, sahə müvəkkili isə ailənin evində oturaraq onların aksiyaya getməsinə mane olmağa çalışmışdı. Mənzil Istismar Sahəsindən də qonşulara aksiyada iştirak etməmək məsləhət görülmüşdü. Bütün bunlara baxmayaraq gənclər aksiya keçirməkdə israrlı idi və buna nail oldular.
“Əsgərimiz ölməsin, ordu morqa dönməsin”
Aksiya saat 16:00-a təyin olunsa da, asayiş keşikçiləri həmişəki kimi əraziyə öncədən gəlmişdilər. “Torqovı”da öncə mülki geyimli polislər gözə dəyirdi, onlar aksiyaya gələn adamları bir-bir nəzərdə keçirirdi. “McDonalds”ın arxasında isə ondan çox avtobusda polislər start vəziyyətdə idi. Aksiyanın başlanmasına yarım saat qalmış isə kənardan dayanan gənclər meydanın mərkəzinə doğru irəlilədirlər.
Yüzlərlə insanın iştirakı ilə keçirilən aksiya təyin olunan vaxtdan 20 dəqiqə əvvəl başladı. Aksiya başlayandan təxminən 30 dəqiqə müddətində prosesə polisin aqressiv müdaxiləsi müşahidə olunmadı. Nümayişdə minlərlə vətəndaş, o cümlədən orduda ölən əsgərlərin valideynləri, yaxınları, fəal gənclər, siyasi partiya üzvləri iştirak edirdilər.
Əllərində transparantlar, həlak olan əsgərlərin portretləri, üçrəngli bayrağımızla meydana çıxan insanlar orduda baş verən cinayətlərə son qoyulmasını tələb etdilər. Etirazçılar “Şəhidlər ölməz, vətən bölünməz”, “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”, “Əsgər ölümlərinə son!” şüarları səsləndirirdilər.
Sürücülərdən dəstək
Vəziyyətin getdikcə özləri üçün arzuolunmaz hala gəldiyini görən asayiş keşikçiləri şüar sələndirənlərə qarşı “kardon” yaradaraq hücuma keçdi. Etirazçılar isə heç nəyə baxmadan aksiyanı davam etdirirdilər. Polislər onları sıxışdırmağa çalışsa da heç bir şeyə nail ola bilmədi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məqsədi vətəndaşları “Nizami” parkına doğru sıxışdırmaq, sonra avtobuslara mindirərək ərazidən uzaqlaşdırmaq idi. Bunu bilən aksiyaçılar onların əmrinə tabe olmayaraq Natəvən heykəlinə dorğu istiqamətləndilər. Məqsəd isə Bulvara gedib orada aksiyanı davam etdirməkdi.
Ətrafdakı insanlar bu dəfə seyrçi mövqe nümayiş etdirmirdilər. Onlar da etirazçılara qoşulub Bulvara getdilər. Yolu keçmək üçün etirazçılardan bəziləri yeraltı keçiddən istifadə etsələr də, bir qismi maşınların şütüdüyü yerdən istifadə etdilər. Sürücülər də ehtiram əlaməti olaraq onlara yol verdilər, üstəlik, siqnalla dəstəklədiklərini nümayiş etdirdilər.
Bulvarda Azərbaycan himni
Vətəndaşlar Bulvarda 200 metrə qədər irəlilədikdən sonra “Azadlıq” meydanına öncədən toplaşan polislər onların qarşısını kəsdi. Etirazçılar onları görən kimi yerə oturub, Azərbaycan himnini oxudular. Himn bitən kimi aksiyaçılar ayağa qalxaraq şüarlar səsləndirdilər. Polislərin, demək olar, səbri tükənmişdi. Buna görə də onlar vətəndaşları yenidən “Torqovı”ya dorğu sıxışdırdılar.
Etirazçılar bu dəfə “Əsgər marşı”nı oxuyaraq yenidən “McDonalds”a tərəf istiqamət götürdülər. Bir polis əlində meqafonla insanları dağılışmağa səsləyirdi. Insanların istirahət hüququnu pozmamağa çağıran asayiş keşikçisi mitinqi icazə verilən ünvanda keçirməyi məsləhət görürdü. Ancaq sonradan ona bəlli oldu ki, aksiya keçirmək üçün heç kimə müraciət olunmayıb.
Insanların dağlışmadığını, əksinə getdikcə daha çox toparlandığını görən polislər bu dəfə zor işlətdi. Əvvəlcə əllərində öldürülən başqa bir əsgərin portretlərini tutanlara hücum etdilər. Onları həbs edən sonra ərazidəki başqa fəallara hücum olundu. Iki saata yaxın davam edən aksiya polislərin müdaxiləsindən sonra bitdi. Aksiya iştirakçıları iki həftəyə qədər əsgər ölümləriylə bağlı ciddi tədbir görülməsə yenidən aksiya keçirəcəklərini bəyan etdilər.
Ankarada həmrəylik nümayişi keçirildi
Azərbaycanda əsgər ölümlərinə görə Bakı ilə yanaşı Ankarada da aksiya keçirilib. “BBC”nin Azərbaycan bölməsinin yaydığı məlumata görə, Azərbaycan icmasının üzvləri Ceyhun Qubadovun ölümü və Azərbaycan ordusunda baş verən ölüm hadisələrinə etirazını bildiriblər. Iştirakçılar “Şəhidim, haqqını halal et bizə!”, “Analar, ayağa qalxın”, “Şəhidin qatili hesab verəcək” şüarlarını qaldırıblar..
Etirazı təşkil edən “Azərbaycanlı Tələbə Məzunları Birliyi” tədbirdə onlarla adamın iştirak etdiyini bildirib.
Aksiya iştirakçılarına müraciət edən Azərbaycan səfirliyinin nümayəndəsi yürüş tələblərini müzakirə etmək üçün fəalları səfirliyə dəvət edib. Polis aksiyanı kənardan müşahidə edib.
Bundan başqa, ötən gün Türkiyə mediasında da gənclərin aksiyasına geniş yer verilib. Bir sıra nüfuzlu nəşrlər Azərbaycan ordusunda baş verən əsgər ölümlərindən yazıb.
Hakimiyyətdən ziddiyyətli mövqe…
YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı gənclərin keçirdiyi aksiyada onların səsinin eşidildiyini bildirib.
Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırov mətbuata bir qrup gəncin icazəsiz aksiya keçirdiyini və bunun üçün də bəzilərinin həbs olunduğunu deyib: “Polis qanunsuz aksiya cəhdinin qarşısını alıb. Aksiyada bir neçə nəfər saxlanılıb. Yəqin ki, onlar inzibati qaydada cəzalandırılacaqlar”.
Həbs olunanlar…
Aksiya zamanı AXCP-dən olan fəallar Məmməd Ibrahim (partiya sədrinin müşaviri), Əbülfəz Qurbanlı (Gənclər Komitəsinin sədri), Təzəxan Mirələmli (Cəlilabad şöbəsinin sədri), Arif Balayev, Tahir Həsənov, Isa Bayramov, Rauf Həsənov, Babək Həsənov, Rafiq, Nihad Hüseyn, Türkel Azərtürk, Səxavət Mehdiyev, Elvin Abdullayev, Teymur Kərimov, Orxan Rza, Asim Aşurov, Elnur Abdullayev, Məsməli Qasımzadə, Renat Nəcəfli, Elmir Qurbanov, Sahib Bağırov, Müsavat partiyasının gənclər təşkilatından Tural Abbaslı, Əhəd Məmmədli, Tural Hacıbəyli, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, NIDA VHtəndaş Hərəkatından Turqut Qəmbər, Rəşad Həsənov, jurnalistlər Elmin Bədəlov, Anar Gəraylı, DIP gənclər təşkilatının sədri Ramin Hacili həbs olundu.
Günün sonunda əldə etdiyimiz məlumata görə, 30 nəfər Səbayel rayon polis idarəsində, təxminən 15 nəfər Nəsimi, 15 nəfər də Yasamal polis idarələrinə aparılıb. Səbayilə aparılanlardan 6 nəfəri sərbəst buraxılıb…
Aksiya başa çatandan az sonra AXCP sədri Əli Kərimli onunla bağlı açıqlama yayıb.
Özünün Facebook səhifəsində aksiyanın nəticələrini qiymətləndirən AXCP sədri yazıb: “Gənclərimiz uğurlu aksiya keçirdilər. Əlbəttə ki, belə aksiyalar Ceyhunu və digər qurbanları geri qaytarmaz, amma etirazların müsbət nəticələri göz qabağındadır:
-İqtidar xalqdan qorxdu. Özünü bir az yığışdıracaq. Hərbi hissələrdə qayda-qanunu qismən də olsa artıracaqlar. Bundan sonra ola bilən cinayətləri də ört-basdır etməyə ehtiyatlanacaqlar;
-Təsdiqləndi ki, ölkəmizdə yeni etirazçı gənclik yetişir. Azərbaycan facebook dövrünə ciddi şəkildə qədəm qoydu. Bundan sonra heç nə keçmişdəki kimi olmayacaq;
-Məlum oldu ki, bütün fərqliliklərimizə baxmayaraq, milli mənafelər və milli ideya ətrafında birləşə bilirik. Önəmli də budur.
-Təsdiqləndi ki, rejim rəhbərləri göstəriş verməyəndə Azərbaycan polisi də (bəzi istisnalarla) özünü mədəni apara bilir.
-Sübut olundu ki, iqtidar özü təxribat törətməsə şəhərin mərkəzində də dinc etiraz aksiyaları keçirilə bilər
Gənclərimizə təşəkkür edirəm! Əminəm ki, bu gün keçirtdiyiniz aksiya hərbi xidmətdə olan bir çox gənci labüd ölümdən qurtaracaq. Həbs olunanlara azadlıq!”.
Ramin DEKO