Onlar Tehran-Bakı qarşıdurmasında qurbana çevriləcəklərindən ehtiyat edirlər
Azərbaycan hakimiyyəti “Karqo” biznesinə dövlət nəzarəti tətbiq etməyə başlayıb. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Məlumatda deyilir ki, ayrı-ayrı oliqarxların “Karqo” xidmətləri Dövlət Gömrük Komitəsinə tapşırılıb. Yəni, bundan sonra “Karqo” biznesinə adıçəkilən komitə nəzarət edəcək. Qeyd edək ki, Azərbaycanda “Karqo” biznesində əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və “Azal”ın prezidenti Cahangir Əsgərovun adı hallanır.
Mənbə “Karqo” biznesinə dövlət nəzarətinin tətbiqini İranla münasibətlərin gərginləşməsilə izah edir. Qaynağın sözlərinə görə, hakimiyyət ehtiyat edir ki, yükdaşımalar zamanı İranın hansısa təxribatları üzləşə bilər.
Bu arada redaksiyamıza başqa bir məlumat da daxil olub. Həmin məlumatda deyilir ki, İranla biznes əlaqələri olan məmurlar təşviş içindədir. Onlar İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qurbana çevrilə biləcəklərindən ehtiyat edirlər. Bu baxımdan artıq İranla biznes əlaqələrini müvəqqəti dondurmaq haqqında düşünürlər.
Oxucuların diqqətinə çatdıraq ki, məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda Azərbaycanda bir çox yüksək vəzifəli məmurun İranla sıx biznes əlaqələrinin olduğu bildirilirdi. Məsələn, ABŞ-ın Azərbaycan səfiri olmuş En Dersinin Vaşinqtona yolladığı məxfi teleqramlarda baş nazir Artur Rəsizadənin, onun müavini Abid Şərifovun, xarici işlər nazirinin müavini Xələf Xələfov İranın hakimiyyəti və iş dünyası ilə sıx əməkdaşlıq etdiyi qeyd olunub. Bundan əlavə həmin materiallarda təhsil naziri Misir Mərdanovun və nəqliyyat naziri Ziya Məmmədovun İranla biznes əlaqələrinin olduğu vurğulanıb. Məsələn bəlli olub ki, iranlı iş adamlarından Kamal Dərvişlə Ziya Məmmədovun sıx əlaqələri var. ABŞ səfirliyi müəyyən edib ki, Kamal Dərviş və onun üç qardaşı vaxtilə İran-İraq müharibəsində şücaətlər göstəriblər. Qardaşlardan biri Kamal Keşikçilər Korpusunda general rütbəsinə qədər yüksəlib. Əvvəllər Tehran vilayətində mühüm təhlükəsizlik postu tutub, kəşfiyyatçı olub. Son illər Dərvişi Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədovla yaxın dostluq və biznes əlaqələri qurub. Ziya Məmmədovun köməyi ilə Azərbaycanda azı səkkiz yol tikintisi layihəsini udub.
“Ağayi Əsgər” kimi tanınan başqa bir iranlı iş adamının xanımı isə təhsil naziri Misir Mərdanovun qohumudur. Təhsil nazirinin qardaşı isə İran hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan “Ağayi Əsgər”in biznes ortağıdır.
Bundan başqa aydın olub ki, İranın kəşfiyyat orqanlarına bağlı olan “iş adamları” “Royal Bank”la sıx işləyir. Bu bank isə İlham Əliyevin əmisi oğlu İlqar Əliyevə məxsusdur.
İnformasiya şöbəsi