“Məgər Azərbaycanın nefti bu ölkədəki vəziyyətin daha yaxşı olması anlamına gəlir?”
Dünyanın ən nüfuzlu media orqanlarından olan İngiltərənin “The Guardian” qəzetinin əməkdaşı Natalia Antonova insan haqlarını tapdalayan recimlərə münasibətdə Qərbin ikili standartlarından bəhs edən məqalə qələmə alıb. Ukraynada insan hüquqlarının durumu, o cümlədən keçmiş baş nazir Yuliya Timoşenkonun həbsilə əlaqədar bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatının Avropa rəsmiləri tərəfindən boykot olunmasına toxunan müəllif Azərbaycanda baş tutan “Eurovision” musiqi yarışmasını yada salır. Qeyd edir ki, nədənsə, Qərb insan hüquqlarının daha acınacaqlı vəziyyətdə olduğu Azərbaycan hökumətinə münasibətdə eyni addımı atmadı.
“Son vaxtlar biz Ukraynada keçiriləcək Avropa çempionatının boykot edilməsi haqda tez-tez eşidirik. Bu təklifi dəstəkləyənlər arasında Britaniyanın xarici işlər naziri Uilyam Heyq, Almaniya kansleri Angela Merkel də var. Onlar boykot tələblərilə siyasi məhbus Yuliya Timoşenkonu xeyli ruhlandırıblar.
Amma Avropa siyasətçiləri Ukraynanı tənqid etdikləri halda, Azərbaycanda insan haqlarının ağır vəziyyətinə yumşaq yanaşırlar. Baxmayaraq ki, Ukraynadan fərqli olaraq, Azərbaycan avtoritar ölkədir. Məgər Azərbaycan nefti bu ölkədə vəziyyətin daha yaxşı olması anlamına gəlir? Bəlkə pop musiqi yarışmasından fərqli olaraq, futbol turniri daha böyük müqavilə kimi görünür?”, – deyə “The Guardian” Azərbaycan hökumətinin addımlarına kifayət qədər kəskin reaksiya verməyən Avropa siyasətçilərini qınayır.
İNformasiya şöbəsi