Ölkə başçısını Muxtar Respublikaya qəfil aparan səbəb nədir?
Hakimiyyət İrandan Muxtar Respublikaya qarşı ciddi təhlükələrin ola biləcəyini düşünür
Ölkə başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Naxçıvan aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ölkə başçısının və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. İlham Əliyev fəxri qarovul dəstəsinin önündən keçib. Ölkə başçısı Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşüb. İlham Əliyev və xanımı Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, bir neçə açılış mərasiminin iştirakçısı olublar.
Dünən Naxçıvana gedən İlham Əliyev elə dünən də geri qayıdıb. Səfərin rəsmi təqdimatı belədir.
Lakin məsələ burasındadır ki, İlham Əliyevin Naxçıvan səfərləri adətən bir neçə gün əvvəl ictimaiyyətə bəlli olurdu. Bu dəfə ictimaiyyət ölkə başçısının səfərindən qəfil xəbər tutdu. Daha doğrusu İlham Əliyev Naxçıvana qəfil səfər etdi.
Hakimiyyətdaxili mənbələrdən “Azadlıq”a sızan məlumatlara görə, İlham Əliyevin Naxçıvana səfəri sıradan bir səfər deyil. Və səfərin rəsmi təqdimatı sadəcə görüntüdür. Məlumatlara görə, ölkə başçısının Muxtar Respublikaya gedişi İran-Azərbaycan münasibətlərinin gərginləşməsilə bilavasitə bağlıdır. Azərbaycan rəhbərliyi indiki vəziyyətdə Naxçıvandan çox narahatdır. Çünki blokadada olan Naxçıvana gediş-gəliş İran ərazisindəndir, Naxçıvanın enerji təminatında İranın rolu var. Azərbaycan hakimiyyəti ehtiyat edir ki, İranla münasibətlərin gərginləşdiyi bir vaxtda Tehran Naxçıvanla bağlı hansısa təhlükəli planlar həyata keçirə bilər. Məsələn, sərhədləri qapadar, enerji verilişini dayandırar, Muxtar Respublikada sosial partlayışa səbəb olan başqa bu kimi addımlar ata bilər. Bu baxımdan İlham Əliyev baş verə biləcək təhlükə ilə bağlı yerində müzakirələr aparıb, müvafiq qərarlar qəbul etməyi düşünüb.
İnformasiya şöbəsi