Azərbaycandakı acınacaqlı durum Avstraliya mətbuatına da çıxdı
“Eurovision” musiqi yarışmasının iştirakçıları arasında Avstraliya olmasa da, bu ölkənin mətbuatı müsabiqənin fonunda Azərbaycandakı duruma diqqət yetirib. Avstraliyanın “The Age” qəzetində ölkəmiz haqda məqalə “Cəhənnəmdən görüntülər, yaxud saxta notlar” adı altında yayımlanıb.
Müəllif Con Elder öz yazısında BBC-də bu həftə efirə getmiş “Panorama” verilişinə də istinad edib. Qeyd edək ki, sözügedən verilişdə BBC-nin əməkdaşı Azərbaycandan reportaj hazırlamış və ölkədə insan hüquqlarının durumuna, o cümlədən sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına, müxalifətə, müstəqil mətbuata qarşı təzyiqlərə görə hökumət kəskin tənqid olunmuşdu.
Con Elder yazır:
“Eurovision” Azərbaycanda insan haqlarının acınacaqlı durumuyla bağlı qalmaqaldan yayınmaq üçün gözəl yoldur. Amma bunun fonunda repressiv rejimin qəddarlığını görməmək mümkün deyil.
Bu gün axşam (dünən) yarışmanın finalı keçirilir. Həftənin əvvəlində isə BBC-nin “Ponorama” proqramında Azərbaycanda insan haqlarının pozulması, o cümlədən həbsdəki müxalifətçilər, polis zorakılığı və “böyük qardaş” üslubunda qorxu və terror siyasətindən bəhs edən veriliş efirə getdi. Ölkənin “qara ürəyi” keçmiş sovet respublikasını öz feodal malikanəsi kimi idarə edən Ilham Əliyevdir. Onun həyat yoldaşı Mehriban Əliyeva “Eurovision”a hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərlik edirdi. Kürəkəni Emin Ağalarov isə yarışmada “Never Enough” (Heç vaxt kifayət deyil) mahnısını ifa edəcək. Bu mahnının adı Əliyevlər ailəsinə tam uyğundur. Ölkə əhalisinin böyük bir hissəsi var gücü ilə yoxsulluqla mübarizə apardığı halda, Əliyev neft gəlirlərini mənimsəməkdə ittiham olunur.
Keçən il El və Niki (Eldar və Nigar) “Runing scared” mahnısı ilə “Eurovision”da qalib gələndən sonra Azərbaycan yarışmaya ev sahibliyi etmək haqqı qazandı. Bir çoxları “Eurovision”un britaniyalı təmsilçisi Enqelbert Hamdinki yarışmanı boykot eləməyə çağırırdı…”