«The New York Times»: «Azərbaycanda «KQB» üslubunda senzura və nəzarət hökm sürür»
«The Guardian» və «Le Figaro» qəzetləri Əliyevlər ailəsinin biznesinə dair xəbərləri tirajladı
Dünyanın aparıcı media qurumlarında “Eurovision” musiqi yarışması fonunda Azərbaycandakı gerçək durumdan, insan haqları və söz azadlığının vəziyyətindən, hakimiyyətin repressiv addımlarından bəhs olunan silsilə məqalələrin dərci davam edir. ABŞ-da yayımlanan dünyanın ən tirajlı və nüfuzlu qəzetlərindən biri “The New York Times”ın Bakıya ezam olunmuş əməkdaşı ölkəmizlə bağlı təəssüratlarını yazıb. Amerikalı jurnalist də digər həmkarları kimi, ölkəmizin “Eurovision” musiqi yarışmasına hazırlığına, hakimiyyətin bu nüfuzlu tədbirdən öz maraqları naminə istifadə etməsinə, ölkəmizdəki real ictimai-siyasi duruma toxunub.
Məqalədə deyilir ki, hökumət musiqi yarışmasına ciddi hazırlaşıb. Müəllifin yazdığına görə, ölkədəki qanunsuzluqların, insan haqlarının pozulması hallarının diqqətdən yayınması üçün Azərbaycan hakimiyyəti ciddi çalışır. Lakin yerli və xarici hüquq-müdafiə təşkilatları musiqi yarışmasından istifadə edərək beynəlxalq diqqətin Azərbaycandakı özbaşınalıqlara yönəlməsinə çalışıb və müəyyən mənada buna nail də olub.
Insanların fikirlərinə görə həbs olunduğu ölkə
Paytaxt Bakının mərkəzini və “Eurovision” musiqi yarışmasının keçirildiyi konsert zalını “Azərbaycan – Odlar yurdu”, “Azərbaycan – neft ölkəsi” kimi şüarların bəzəməsi “The New York Times” qəzetinin əməkdaşının diqqətindən yayınmayıb. Amerikalı jurnalist həmin şüarlara toxunaraq yazır ki, Azərbaycan həm də repressiyalar ölkəsidir: “Burada ”KQB” üslubunda (SSRI DTK-sı nəzərdə tutulur-red.) senzura və nəzarət hökm sürür. Azərbaycan gənc fəalların sosial şəbəkələrdə hakimiyyət əleyhinə şüarlar yazdığına və hökuməti tənqid etdiyinə görə həbs olunduğu ölkədir”.
Müəllif daha sonra yazır ki, “Eurovision”u izləyən 125 milyon tamaşaçı insan haqlarının pozulduğu, insanların fikirlərinə görə təqib olunduğu Azərbaycanın parıltılı görünüşünə aldanmamalıdır. Ötən bir neçə ayda da Azərbaycan hakimiyyəti müxalifətçiləri və müstəqil jurnalistləri hədələməkdə, döyməkdə, təzyiq göstərməkdə, həbsə atmaqda davam edib. Azərbaycan söz azadlığının səviyyəsinə görə 179 ölkə arasında 162-ci yerdə dayanır. Həbsdə yatan 17 vicdan məhbusunun qeyd-şərtsiz azad olunması tələb edilir.
Şəxsiyyətə pərəstiş, jurnalistlərin döyülməsi və…
Dünyanın başqa bir nüfuzlu media orqanı olan və Böyük Britaniyada yayımlanan “The Guardian” qəzetində də ölkəmizlə bağlı məqalə dərc olunub. Məqalədə deyilir ki, Azərbaycan hakimiyyətinin “Eurovision” musiqi yarışması ərəfəsində paytaxt Bakını gözəlləşdirməsinə baxmayaraq, ölkədə insan haqları pozulur, müxalif və müstəqil fəallar, jurnalistlər döyülür, həbs olunur. “The Guardian”ın Bakıya ezam olunmuş əməkdaşı AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elnur Məcidli ilə söhbətini belə qələmə alıb: “Utancaq 22 yaşlı Elnur həbsdə olarkən Corc Ourelionun ”1984″ romanını oxuyub və belə qənaətə gəlib ki, onun ölkəsində baş verənlər bu kitabda yazılıb. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların böyük təzyiqlərindən sonra Elnuru azadlığa buraxıb”.
Qəzet yazır ki, Azərbaycan hakimiyyəti “Eurovision” ərəfəsində Bakıya milyonlarla sərmayə yatırıb. Amma buna baxmayaraq, ölkədə insan hüquq və azadlıqları kobud şəkildə pozulur. Müxalifət qəzetlərinə təhdidlər, təzyiqlər davam edir. Ilham Əliyev ölkəni dəmir yumruqla idarə edir. O, küçələrə, parklara atası Heydər Əliyevin adını verib. Şəhər və rayonların mərkəzi küçələrində Heydər Əliyevin böyük rəsmləri nəzərə çarpır. Bakının bir neçə yerində Heydər Əliyevin heykəli ucaldılıb.
“Ölkədəki bütün telekanallar Əliyevlər ailəsinə məxsusdur”
“Prezident və onun ailəsinin ölkənin iqtisadiyyatını ələ keçirdiyi haqda xəbərlər yayılıb. ”WikiLeaks” saytının açıqladığı gizli teleqramlardan məlum oldu ki, amerikalı diplomatlar Dövlət Departamentinə ünvanladıqları məktublarda Azərbaycanın feodal qaydarlarla idarə olunduğunu yazıb. Ancaq rəsmi Bakı ölkədə despotik və avtoritar idarəetmə sisteminin olduğunu inkar edir. Ölkədə bütün televiziya kanalları Ilham Əliyev və onun ailəsinə məxsusdur. Jurnalist Idrak Abbasov deyir ki, əgər ölkədə bircə müstəqil telekanal olsaydı, burada çoxdan ərəb baharı olacaqdı. Jurnalist Xədicə Ismayılova prezidentin ailəsinin qeyri-qanuni biznesilə bağlı araşdırmasına görə şantaj olunub. Onun evində gizli çəkiliş aparıb internetdə yayıblar. Ismayılova bildirib ki, həmin şantaj ona araşdırmalarını dayandırması üçün edilib”, – deyə “The Guardian”da vurğulanır.
“Lüvr”a ayrılan milyonlar da Fransa mediasını susdurmadı
Fransanın nüfuzlu “Le Figaro” qəzetində də eyni məzmunlu məqalə yayımlanıb. Məqalədə ölkəmizdəki ictimai-siyasi durum, insan haqlarının bərbad olması xüsusi qabardılıb. Qəzetin paytaxtımıza ezam olunmuş əməkdaşı Pyer Avril yazır ki, Ilham Əliyev Bakının ikinci Dubay olması üçün xəsislik etmir. Fransanın media nəhənglərindən biri sayılan “Le Figaro”nun əməkdaşı bildirir ki, musiqi yarışması ərəfəsində 60 mindən çox insan öz evindən zorla köçürülüb. Araşdırmaçı jurnalist Xədicə Ismayıl Əliyevlər ailəsinin “Eurovision” yarışmasının keçiriləcəyi konsert zalının tikintisinə cəlb olunmuş şirkətdə paya sahib olduğunu aşkarlayıb. Bu cür faktları açıqladığına görə də jurnalist təhdid və şantaj kampaniyasının qurbanı olub.
“Le Figaro” həmçinin ölkəmizdəki ictimai-siyasi proseslərə toxunaraq Müsavat partiyasının qərargahında vicdan məhbuslarının azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığının bərpası tələbilə keçirilən aclıq aksiyası barədə məlumat verib: “Hakimiyyət musiqi yarışması ərəfəsində imicinin yaxşı təqdim olunması üçün əlindən gələni edir. Bunun əksini sübut edən problemlərə isə hakimiyyətin yuxarı təbəqəsi əsəbi şəkildə reaksiya verir. Bakının mərkəzində keçirilən dinc etiraz aksiyaları polislər tərəfindən dağıdılır, mitinq iştirakçıları həbs olunurlar”.
Bakıda “narıncı inqilab” və “ərəb baharı” havası
Fransız jurnalist məqaləsini belə davam etdirir: “Azərbaycan rejimi mütəmadi olaraq, müxalifəti özü üçün ciddi təhlükə kimi görür. Hökumət hələ ki, neft gəlirləri hesabına sosial narazılıqları yatırmağa nail olub. Lakin Bakıda Ukraynadakı ”narıncı inqilab” və Misirdəki hakimiyyət dəyişikliyinə bənzər ssenarilərin təkrarlanacağına dair iddialar dolaşır”.
***
“Eurovision” musiqi yarışması fonunda Azərbaycanla bağlı məqalələr demək olar ki, dünyanın bütün aparıcı qəzet və jurnallarında yayımlanıb. Son günlər planetin öndə gedən media quruluşlarının məqalələrində ölkəmizin yarışmaya hazırlığı, Azərbaycan hakimiyyətinin anti-demokratik olması xüsusi qabardılıb. ABŞ, Ingiltərə, Fransa, Almaniya, Avstraliyanın “The Wall Street Journal”, “The Washington Post”, “The Washington Times”, “The Los-Angeles Times”, “The Financial Times”, “The Independent”, “The International Herald Tribune”, “The Times”, “The Age” “Handelsblatt” və başqa media orqanlarında dərc olunan məqalələrdə Əliyev hakimiyyəti sərt tənqid hədəfinə çevrilib.
Informasiya şöbəsi