Suriya müxalifəti Ankarada rəsmi səviyyədə qəbul olundu
Diktatorun əmisi ona qaçmağı tövsiyə etdi
Suriyada Əsəd rejiminin dinc etirazçılara qarşı amansız hücumları davam edir. Noyabrın 13-də ölkənin müxtəlif şəhərlərində keçirilən nümayişlərə hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində ən azı 19 nəfər həlak olub, onlarla yaralı var. Ölənlərdən 11-nin Həma, 5-nin Homs, 2-nin Dəraa, 1 nəfərin isə Deyr əz Zor şəhərinin sakini olduğu bildirilir.
Suriyada qan tökülməsinin qarşısının alınması üzrə Ərəb Ölkələri Liqasının planını yerinə yetirmədiyinə görə bu ölkəni müvəqqəti üzvlükdən çıxarmasından sonra Dəməşq yaranmış böhranın həlli yollarının tapılması üçün təşkilatın növbədənkənar iclasının çağırılmasını tələb edib. Noyabrın 16-da Mərakeşin paytaxtı Rabatda Ərəb Ölkələri Liqasının növbədənkənar iclası keçiriləcək.
Əsəd əleyhdarları Türkiyədə nümayəndəlik aça bilər
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 13-də gecə saatlarında suriyalı müxaliflərlə saatlarla çəkən görüş keçirib. Suriya müxalifətinin qarşıdakı günlərdə Türkiyədə nümayəndəlik açması gözlənilir. “Anadolu” agentliyinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Davudoğlu ilə Suriya müxalifətinin nümayəndələri Türkiyədə nümayəndəlik açmaq istəklərini təkrarlayıb, bu istiqamətdə işlərin davam edəcəyi haqda razılığa gəlinib.
Davudoğlu görüşdə bir daha vurğulayıb ki, Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Görüşdə həmçinin Suriyadakı vəziyyət bir daha nəzərdən keçirilib. Müxalifət nümayəndələri Almaniya və Rusiyaya edəcəkləri səfərlər haqda da məlumat veriblər.
Avropadan Əsədə növbəti “sillə”
Bundan başqa, Avropa Birliyi Suriya hakimiyyətinə qarşı yeni sanksiyalar paketini qəbul edib. Xarici işlər nazirlərinin gəldiyi razılığa əsasən Əsəd rejiminin 18 nümayəndəsinə, xüsusən də hərbçilərə qarşı yeni sanksiyalar tətbiq olunub. Avropa Birliyinin qara siyahısına düşən şəxslər bu təşkilata üzv ölkələrin ərazisinə keçmək hüququndan məhrum olacaq, onların Avropa banklarındakı hesabları isə dondurulacaq. Bəyanatda həmçinin bildirilir ki, Avropa Birliyi dinc sakinlərə qarşı zorakılığa son qoyulanadək Suriya rejiminə qarşı əlavə və daha kompleksləşdirilmiş tədbirlərin tətbiqini davam etdirəcək.
Qonşusu Əsədi istefaya çağırdı
Iordaniya kralı Abdulla Suriya diktatoru Bəşər Əsədin ölkəsinin maraqları baxımından istefa verməli olduğunu söyləyib. Kral Abdulla “BBC”yə verdiyi xüsusi müsahibədə deyib ki, Əsədin yerində olsaydı istefa verərdi: “Istefa verib məndən sonra gələcək şəxsin ölkədəki status-kvonu dəyişdirə biləcəyinə əmin olardım. Kral Əsədin istefaya getməzdən əvvəl yeni bir siyasi dialoq dövrü başladılmasının lazım olduğunu da vurğulayıb.
Rifat Əsəddən Bəşər Əsədə “hakimiyyəti suriyalılara qaytar” çağırışı
Hazırda mühacirətdə olan Suriyanın keçmiş vitse-prezidenti və Bəşər Əsədin əmisi Rifat Əsəd diktatora vətəndaş müharibəsinə yol verməmək üçün hakimiyyətdən getməklə bağlı çağırış edib. Bəşər Əsədə müharibəni dayandırmağı, istefaya gedərək hakimiyyəti suriyalılara geri qaytarmağı məsləhət görən R.Əsəd deyib: “Son yeddi ayda Bəşər Əsəd islahatların vacibliyi haqda bəyanatlar verib. Amma biz konkret olaraq hələ ki, heç bir addımın şahidi olmamışıq. Bəşər Əsəd hazırda hakimiyyəti tək idarə edir. Əvvəllər aralarında ziddiyyətlər olan Əsəd ailəsinin bütün üzvləri indi bir-birinə qarşı mehribandır. Çünki onlara qarşı çıxan şəxslərdən qorxurlar. Mən Suriya idarəçilik sistemini yaxşı bilirəm. Hakimiyyətlə razılaşmayan dərhal öldürüləcək”.
Suriya qonşuları ilə müharibəyə başladı
Əlavə edək ki, Türkiyə ilə Suriya arasında münasibətlərin daha da gərginləşməsinə Bəşər Əsəd tərəfdarlarının noyabrın 12-dən 13-nə keçən gecə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı səfirliklərinə hücumu səbəb olub. Hücumun motivi Ərəb Dövlətləri Liqasının Suriyanı qurumdan çıxarması və Bəşər Əsəd rejiminə xəbərdalıq etməsidir. Türkiyə Ərəb Dövlətləri Liqasının qərarını dəstəkləyib. Daş, dəyənək və bıçaqlarla silahlanmış adamlar paytaxt Dəməşqdə Qətər və Səudiyyə Ərəbistanı səfirliklərini işğal edərək talayıblar. Türkiyə səfirliyinə basqın isə işğalsız ötüşüb.
Səfirliklərlə yanaşı Türkiyənin Hələb və Lazkiyədəki konsulluqları da hücuma məruz qalıb. Lazkiyədə Fransa konsulluğuna da basqın təşkil olunub. Türkiyə baş verənlərlə əlaqədar artıq Suriyaya nota verib və səfirlik işçilərini ailələrilə birlikdə Dəməşqdən çıxarıb. Rəsmi Ankara öz vətəndaşlarına Suriyaya getməmək çağırışı da edib. Türkiyə Xarici Işlər Nazirliyindən bildiriblər ki, hücumların, Ərəb Liqasının Suriya ilə bağlı qərarından sonra baş verməsi və əsas hədəf kimi Türkiyə diplomatik missiyalarının seçilməsi təsadüfi deyil.
Dəməşq Ankaradan üzr istədi
Əhməd Davudoğlu Dəməşqdə Türkiyə səfirlik və konsulluqlarına hücuma Ankaranın “ən sərt şəkildə” cavab verəcəyini bəyan edib: “Bəşər Əsəd xalqına təzyiq etməsəydi, əlaqələrimiz yaxşı istiqamətdə inkişaf edərdi. Ancaq nə zaman ki xalqa qarşı təzyiq başladı, artdı, o zaman Qəzzafi kimi Suriya rejiminə qarşı da mövqeyimizi ortaya qoyduq və qoymağa da davam edəcəyik”. Nazirin bu bəyanatı yayılan dəqiqələrdə isə Suriyanın Türkiyədən baş verənlərə görə üzr istədiyi xəbəri gəlib. Suriyanın xarici işlər naziri Vəlid Muallim Dəməşqdə keçirdiyi mətbuat konfransında diplomatik nümayəndəliklərə edilmiş basqından dolayı Türkiyədən rəsmən üzr istədiklərini deyib.