Ərəb ölkələri Suriya diktatoruna sığınacaq təklif edir
Əsəd rejimi bir gecədə 40 nəfəri qətlə yetirdi; Suriyada daha bir qanlı cümə geridə qaldı
Suriyada Əsəd rejiminin zorakılıqlarına baxmayaraq, hakimiyyət əleyhinə etirazlar davam edir. Ötən gün ölkənin müxtəlif bölgələrində ənənəvi cümə etirazları keçirilib. Aksiyalar əsasən paytaxt Dəməşqin ətraf bölgələrində və digər iri vilayətlərdə baş tutub. Suriyalı müxaliflər keçirilən aksiyaları “Suriyanın Ərəb Ölkələri Liqası üzvlüyünün dondurulması cüməsi” adlandırıb.
Müxalif fəalların xarici xəbər agentlərinə verdikləri məlumata görə, ötən gün cümə namazından sonra Dəməşqin ətraf bölgələrilə yanaşı, Dəra, Həma, Hums, Lazkiyə, Hələb, Qamışlı, Dər əz Zor kimi iri vilayətlərdə də küçələrə axışan nümayişçilər Bəşər Əsədin dərhal istefa verməsini tələb ediblər. Təhlükəsizlik qüvvələri yenə də aksiyaları dağıtmaq üçün odlu silahdan istifadə ediblər. Onların aksiyalara müdaxiləsi 9 etirazçının ölümünə səbəb olub. Təkcə Hums şəhərində əsgərlərin açdığı atəş nəticəsində 8 nəfər dünyasını dəyişib.
Məscidə gedən insanlar gülləbaran edildi
Bundan əlavə, paytaxt Dəməşqin Səkbani bölgəsi, Lazkiyə və Dər əz Zor vilayətlərində təhlükəsizlik qüvvələri nümayişləri dağıtmaq üçün kütlənin üzərinə hücum edib. Əsgərlərin açdığı atəş nəticəsində isə onlarla insanın yaralandığı bildirilir. Hələb şəhərində Veysəl Kərani məscidinə namaz qılmağa gedən insanlar təhlükəsizlik qüvvələrinin silahlı hücumuna məruz qalıb. Bölgədə ölən və yaralıların olduğuna dair xəbərlər yayılıb.
Əsəd rejimi 8 yaşlı qızın qatili oldu
Noyabrın 10-dan 11-nə keçən gecə isə Əsəd rejiminin əsgərləri 40-a yaxın müxalifətçini qətlə yetirib. Öldürülənlərdən 14-ü dinc sakindir. Ölənlər arasında dinc sakinlərlə yanaşı, müxalifətin tərəfinə keçmiş sabiq hərbçilər də var. Gecə saatlarında təhlükəsizlik qüvvələri paytaxt Dəməşqlə yanaşı, ölkənin bir neçə başqa şəhərində də müxaliflərə qarşı əməliyyat keçirib.
Suriya Insan Haqları Müşahidəçiləri təşkilatının məlumatına görə, Hums şəhərində öldürülənlər arasında 8 yaşlı qız uşağı da var. Dər əz Zor şəhərində isə sabiq hərbçilərlə hökumət qüvvələri arasında qanlı toqquşmalar baş verib.
ABŞ rəsmiləri Əsədin ömrünə az qaldığını açıqladı
Bu arada, ABŞ dövlət katibinin müavini Cefri Feltman və Maliyyə Nazirliyinin rəsmisi Luk Bron Bəşər Əsədin günlərinin barmaqla sayılacaq qədər az qaldığını bəyan edib. Feltman ilə Bron ABŞ Senatındakı dinləmələr zamanı bildiriblər ki, iqtisadi sanksiyalarla yanaşı, Ərəb Ölkələri Liqası və Suriya müxalifəti Əsəd rejimini küncə sıxışdıracağı təqdirdə tezliklə Bəşər Əsədin sonu gələcək.
Amerikalı rəsmilər onu da qeyd ediblər ki, ABŞ və Avropa Birliyi tərəfindən qəbul olunan sanksiyalar onsuz da iqtisadiyyatı problemlər içində olan Suriya rejimini daha da sıxışdırıb. Bundan başqa, digər ərəb liderləri də Bəşər Əsədin legitimliyini itirdiyi və hakimiyyətdən getməli olduğuna dair Qərblə həmfikir olduqlarını bəyan ediblər. Cefri Feltman, hətta bəzi ərəb ölkələri başçılarının Bəşər Əsədə sığınacaq təklif etdiklərini də açıqlayıb: “Az qala bütün ərəb liderlər eyni şeyi deyir: Əsəd rejimi sona çatmalıdır! Suriyada dəyişiklik qaçılmazdır. Ərəb liderləri Əsədi sakitcə və dərhal hakimiyyəti tərk etməyə razı salmaq üçün ona sığınacaq təklif edirlər”.
Humsda 700 nəfər öldürülüb
Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” Əsəd rejiminin dinc etirazlar başlanan gündən törətdiyi vəhşiliklərlə bağlı hesabatını açıqlayıb. Təşkilat hökumət qüvvələrini xüsusən Hums şəhərində insanlığa qarşı cinayətlərin törədilməsində ittiham edib. Təşkilatın açıqladığı hesabatda apreldən bəri Humsda 700 nəfərin öldürüldüyü bildirilib. “Human Rights Watch” Ərəb Ölkələri Liqasını Suriyanı bu təşkilata üzvlükdən çıxarmağa çağırıb.
“Human Rights Watch”un Yaxın Şərq üzrə direktoru Sara Li Uitsonun sözlərinə görə, Hums şəhəri hazırda Suriya hökumətinin qəddarlığının mərkəzinə çevrilib. O, Suriyadakı böhranla bağlı iclas keçirməyi planlaşdıran Ərəb Ölkələri Liqasını bu ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb. Hesabatda Suriyada martda anti-hökumət nümayişlərinin başlamasından bəri minlərlə insanın həbs edildiyi qeyd olunur. Azadlığa buraxılan keçmiş məhbuslar isə təşkilatın nümayəndələrinə Suriya həbsxanalarında işgəncə halları barədə danışıblar. “Human Rights Watch” həmçinin Suriya həbsxanalarında işgəncə nəticdəsində 17 ölüm faktının baş verdiyini açıqlayıb.
Suriya müxalifəti, o cümlədən, Milli Koordinasiya Komitəsi və Suriya Milli Keçid Şurasının nümayəndələri Misirin paytaxtı Qahirədə Ərəb Ölkələri Liqasının sədri Nabil əl Ərəbi ilə görüşüb. Müxalifət nümayəndələri görüş zamanı Ərəb Ölkələri Liqası müşahidəçilərinin Suriyaya göndərilməsini tələb ediblər. Milli Koordinasiya Komitəsinin sözçüsü Əbdül Əziz əl Xayir bildirib ki, müşahidəçilər Bəşər Əsəd rejiminin törətdikləri cinayətləri öz gözlərilə görməlidir.
Elxan