Heydərizmin məhşər gününün əlamətləri hansılardır?; "Azərbaycan saatı" bu həftə
Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı avqustun 29-da və 30-da növbəti verilişlərini efirə verib. İctimai marağı nəzərə alıb, bundan sonra verilişlərin videoyazıları ilə yanaşı, önəmli hissələrindən yığcam mətnlər də dərc edəcəyik. Şənbə gününün verilişi aşağıda, bazar gününün verilişi isə yuxarıda təqdim olunur. Verilişlərin tarixləri ilə bir-birindən ayrılır. Videyazılar mətnlərin altındadır.
Beləliklə, “Azərbaycan saatı”nın son 2 verilişi. Danışır proqramın yaradıcısı və aparıcısı Qənimət Zahid.
30/08/2015
"Proqramın lap əvvəlindən sizə Azərbaycan hökumətinin guya başının ağrısına çevrilmiş Sterliqov familiyalı rus milyarderlə bağlı bir məsələni izah edəcəyəm. Ona görə “Guya” dedim ki, hökumət indi Dağlıq Qarabağa soxulan və orada müxtəlif tədbirlər həyata keçirən rus milyarderi oradan çıxarmaq üçün ən avara yoldan istifadə edir. İnterpola müraciət edir ki, Sterliqovu Qarabağda və ya dünyanın başqa bir yerində görsəniz, onu tutun bizə verin.
German Sterliqov Rusiya vətəndaşıdır və rəsmən milyarderdir. Anlaşıldığı və təqdim edildiyi kimi də guya Rusiya hökuməti ilə və Putinlə münasibətləri pisdir. Putinlə münasibətləri pis olan bir rus milyarderinin Dağlıq Qarabağa sığınması barədə nağıllara yalnız Antarktidada pinqvinlər inana bilər, bir də bizim dırnaqarası politoloqlar. Əgər onun Putinlə arası pis olsa, Putin onu Dağlıq Qarabağdan və ya Ermənistandan ikicə saatın ərzində götürüb Butırkaya tullaya bilər…
Amma məsələnin bu tərəfinə bənd olmayaq və deyək ki, Vladimir Putin müstəqil dövlət olan Ermənistanın daxili işlərinə qarışa bilmir… Azərbaycanın dövlət sərhədlərini qanunsuz olaraq pozaraq Dağlıq Qarabağda lövbər atmış Rusiyalı milyarder Sterliqovu İnterpola şikayət ediblər, İnterpol da məsələdə siyasi motiv olduğu üçün onu axtarış səhifəsinə yerləşdirməkdən imtina edib. İnterpolun bundan əvvəlki rəisi Robert Nobl yarım dumanlı bir şəxs idi və Azərbaycanın, eləcə də bir çox avtoritar rejimlərin sevimlisi idi. Hətta İnterpol rəisi bir neçə dəfə Bakıya səfər edib orada kürü qonaqlıqlarında da iştirak etmişdi. Yeni rəis isə, mən bilən, almandır və kürü yemir, ona görə də təşkilatın Ustavından kənara çıxmır.
Amma həmin bu Sterliqovu Rusiyaya şikayət etdikmi? Axı,o, Rusiya vətəndaşıdır… Deyəsən, axı, bu Sterliqov olayını da daxili ictimai rəyə “biz sərt reaksiya verdik” şəklində təqdim etmək üçün İnterpola şikayət ediblər… Məsələ burasındadır ki, Azərbaycan hökuməti Sterliqovun bu davranışı barədə Rusiyanın rəsmi orqanlarına açıq müraciət etməyib. Görünən budur ki, heç qapalı müraciət də yoxdur. Hərçənd, Azərbaycanın əlində bunun üçün hüquqi əsas var. 1992-ci ilin dekabr ayında Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlətləri arasında “Mülki, ailə və cinayət işləri üzrə Hüquqi yardım və hüquqi münasibətlər” haqqında müqavilə imzalanıb və bu müqavilə hələ heç bir tərəf üçün qüvvədən düşməyib.
Həmin müqavilənin 59-cu, 60-cı naddələri cinayət işləri üzrə bəndləri ehtiva edir. Aydındır ki, Rusiya cinayətdə ittiham edilən Rusiya vətəndaşlarını başqa ölkələrin tələbləri ilə heç kimə təhvil vermir.Həmin bu müqavilə ki, 1994- cü ildə Rusiya parlamentində də ratifikasıya edildikdən sonra qüvvəyə minib, Sterliqov məsələsində Azərbaycana hüquqi imkanlar yaradır ki, dövlət adından sorğu göndərib Rusiyanın hüquq mühafizə orqanlarında cinayət işinin qaldırılmasına nail olsun. Rusiya Sterliqovu Azərbaycana verməz, amma ona qarşı cinayət işi başlamağa borcludur və bu cinayət işinin təhqiqatı və ya istintaqının gedişində Azərbaycan hökumətinin ezam etdiyi müstəntiqin də iştirakını təmin etməyə borcludur.
Bizim hökumət bu mərhələyə baş vurmayıb. Baş vurmayacaq da. Çünki Rusiya ilə bütün münasibətlərdə özünü bərabər tərəf kimi aparmaq qorxusu Azərbaycan hökumətinin canını alıb. Bunlar ruslardan qorxurlar, üyüdürlər və arada dövlətin nüfuzunu çeynəyirlər…..Yalnız Sterliqov söhbəti deyil. Rusiyada deputatların, artistlərin, jurnalistlərin, ictimai fəalların böyük bir dəstəsi Dağlıq Qarabağa getdiyi üçün Azərbaycan hökumətinin qara siyahısına daxil edilib. Bu qara siyahı yalnız Azərbaycanın pasport yoxlanış məntəqələrində işləyir və başqa heç kimi maraqlandırmır. Amma ölkənin sərhədlərini qanunsuz olaraq keçdiklərinə görə qara siyahıya salınan bu adamların heç birinə görə həmin 92- ci il müqaviləsinə əsasən sorğu göndərilməyib.
O cümlədən, Azərbaycan ərazisində dəhşətli cinayətlər, hətta metro partlayışı kimi ağır cinayətlər törədən Rusiya vətəndaşlarına münasibətdə də bu müqaviləni işə salmayıblar.Azərbaycan hökuməti bunu etməyə qorxur… Bu müqaviılə “ümumiyyətlə,işləmir” demək də olmaz. Azərbaycan hökuməti bu müqaviləni əsas götürərək nə qədər OMON-çunu, nə qədər iş adamını, başqa cinayət əməllərində ittiham edilən nə qədər Azərbaycan vətəndaşını Rusiya ərazisində tutduraraq ölkəyə gətirib.
Baxın, əgər Azərbaycan hökuməti bu müqaviləni Azərbaycana qarşı cinayət etmiş Rusiya vətəndaşlarına qarşı tətbiq etməkdən qorxmasa, Dağlıq Qarabaöa nə bir rus müğənni gələr nə də bir rus siyasətçi… Aydındır ki, onlar ermənilərdən hansısa məbləğdə qonorar alaraq oralara gedirlər, amma bizim hökumət bu qara siyashılnın sifətini bozardıb həmin adamlara qarşı cinayət işinin qaldırılmasına nail olsa, o zaman Qarabağa gedənlərin mütləq əksəriyyəti ağrımaz başına dəsmal bağlamaqdan əl çəkəcək və Dağlıq Qarabağdan gələn təklifləri “əşi, cəhənnəm olsun” reaksiyasi ilə qarşılayacaq. O cümlədən də bu Sterliqov… Guya Putinlə arası dəyib və Dağlıq Qarabağa qaçıb. Sterligov rəsmi Rusiyanın müstəqil dövlət saydığı Dağlıq Qarabağa qaçıb".
Verilişin videoyazısı
29/08/2015
"Baş verənlərə qətiyyən ürək ağrısı ilə baxmıram. Hesab edirəm ki, indi Azərbaycanda siyasi müstəvidə baş verənlər əlacsız duruma düşən bir rejimin isterik davranışlarından başqa bir şey deyil. Bu isterika daha da dərinləşəcək və yəqin ki, daha gülünc layihələrə əl atacaqlar. Axı, söhbət cəmiyyətə qarşı tətbiq edilən 20 illik cinayətlərin qarşısında hesabat veriləcək günün yaxınlaşmasından gedir! Həmin gün isə yaxınlaşır. Məhşər günü kimi yaxınlaşır.
Yaxınlaşmaqda olan həmin günü mümkün qədər uzaqlaşdırmaq, zərərsiz hala gətirmək, mümkün olarsa, hətta ümumiyyətlə yox etmək üçün atılan bütün addımlar olduqca düşük və gülünc planlardan ibarətdir. Amma həmin gün yaxınlaşır. Hər gün bir az daha yaxınlaşır.
Azərbaycanda diktaturanın təməllərini möhkəmləndirən faktorlar nəm çəkir. Neft qiymətdən düşür, cəmiyyət üzərində gündəlik hökmranlığın material əsasları sarsılır, ideoloji əsaslar zatən yox idi və süni idi. Diktatura özünü ayaqda saxlamaq üçün ehtiyacı olan ən mühüm faktordan- puldan məhrum olur. Dövlətin sərəncamında elan edilən, amma polis rejimini bərkitmək üçün istifadə olunan pul azala-azala gedir.
***
İndi Azərbaycan oliqarxlarının, saxta burjuaziyanın, nazir milyarderlərin sərəncamında olan pullar dövlətin sərəncamında olan puldan xeyli artıqdır. Diktator azalmaqda olan ehtiyatların yerini həmin pullarla doldurmaq istəyir. Uzun illərdir ki, yanlarında hərlədikləri iş adamlarının kassalarını talamaqla qabağa düşmək istəyirlər. Sonra növbə özlərinə çatacaq. Ola bilsin, hətta, “islahat,.. kadr islahatı” adı ilə milyarder nazirləri rədd edib onların yerinə milyonerləri qoysunlar. Başlıca məqsəd isə milyarder nazirləri cəzalandırmaq və ya kadr islahatı olmayacaq: həmin nazirlərin milyardlarına əl qoymaq olacaq. Hələ ki, xoşluqla darayırlar, yəqin.
Bu gərginlik və pul krizi erasında yalnız bir nəfərin əmlakına və puluna əl qoyulmayacaq. Bunun kim olduğunu bilirsiniz. Həmin adam böyründəkiləri “böhrandan çıxış yolu” olaraq talamağa başladıqda isə onların müsadirə edilən sərvətlərini də dövlət üçün müsadirə etməyəcək, öz sərvətlərinin sırasına qatacaq. Ölkə yun çubuğu kimi, dümdüz, cansız-cələfsiz günə salınacaq, şirəsi sorulacaq. Bu talan həmin günü daha da yaxınlaşdıracaq. Sehrli və lənətlənmiş bir dairə yaranır. 20 illik cinayətlərə görə cavabın veriləcəyi həmin gün yaxınlaşmaqdadır və ölkəni idarə edən(lər) o günü uzaqlaşdırmaq üçün bu zamana qədər əl atdıqları bütün fitnə və fəsadları daha da qəlizləşdirir, daha də zənginləşdirir(lər).
***
Azərbaycaın siyasi həyatı bundan ibarətdir. 20 il ərzində olmazın təqiblərə və cəzalara məruz qoyulan bir siyasi partiyaya qarşı ölüm-dirim savaşı elan edilib. Bu zamana qədər heç cür bitirə bilmədikləri, yolundan əyə bilmədikləri, “konstruktivləşdirə” bilmədikləri Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı ən murdar səfərbərlik elan ediblər.
Hamını xamuş hala gətirdilər. Hamını ütülədilər. Hamını müəyyən edilən relsin üzərinə qoydular. Hamını qorxuda bildilər. Satın ala bildilər. Xalq Cəbhəsi bu əməliyyatların heç birinə ram olmadı. İndi klassik müharibə gedir. Qədim və orta əsrlərdə müharibə zamanı əsir götürülən xalqlar işğalçı ordunun sıralarına qatılırdılar. Ön savaş xəttinə qoyulurdular. Azərbaycanda indi bu taktikadan istifadə etməyə girişiblər.
Hər gün Xalq Cəbhəsindən guya kimlərinsə istefa verdiyi barədə xəbərlər yayılır. Üstündən iki saat keçməmiş bəlli olur ki, istefa bağıran adam Xalq Cəbhəsinin üzvü deyil. Əllərini salıb torbanın dibindən bir nömrə çıxarırlar, amma keçərli olmur. Məncə, özləri də bilirlər ki, keçərli deyil. Sadəcə, xətt olaraq bu taktika seçilib: cəmiyyəti bu yalançı “istefa” xəbərləri ilə doyuzdurmaq və daha AXCP-nin də qalmadığı görüntüsünü yaratmaq.
Doğrudur, Xalq Cəbhəsi də bir partiyadır və nə qədər dərin və sayğılı bir tarixi olsa da, hər halda siyasi partiyadır. Ölkədə siyasi partiyalar üzərində qurulan iyrənc oyunların günün birində Xalq Cəbhəsində də baş verə biləcəyini sıradan azərbaycanlının beynində möhkəmlətmək niyə mümkün olmasın? Onsuz da bu zamana qədər ölkəni hörümçək toru kimi sarmış xəbər resursları milləti siyasətdən iyrəndiriblər. Xalq Cəbhəsi olsa nə olur, olmasa nə olur? Olmasın daha bir partiya, eləmi? Nə dəyişəcək ki?
Cavab çox sərtdir. Hər şey dəyişir. Özünün bu öləziyən zamanında, həyat qaynaqları tükənən zamanında diktatura Xalq Cəbhəsini ram edə bilirsə, dağıda bilirsə, yox edə bilirsə, deməli bunların qarşısında müqavimətin mənasız olduğu aydınlaşır.
Amma Xalq Cəbhəsi ram edilməzdir və yenilməzliyin simvoluna çevrilir. Bu, olduqca vacibdir. Cəmiyyət yenilməzliyin anlamını görməli və onu özünə örnək götürməlidir. Xalq Cəbhəsinə qarşı savaş da bu örnəyi sıradan çıxarmaq, yox etmək üçündür.
Savaşı isə diktatura, ənənəvi resursları ilə aparmır. Yeni resurslarla aparır. Uzun zaman ərzində ölkədə müxalifətçiliyin örnəyi kimi tanınan, günün birində isə kursunu dəyişib əks düşərgəyə keçən və bununla da fəxr edən resurslarla…
***
Xədicə İsmayıl həbsxanadan mesaj yollayıb: ”Yeni Müsavat” qəzeti mənim üçün “Səs” qəzeti ilə eynidir”… Gerçəkdən! Olduqca aşkar görünür. Xalq Cəbhəsinə qarşı savaşda indi bu qəzetdən istifadə edilir. Əlbəttə, qəzetin sahibi və baş redaktoru Rauf Arifoğlu “Mən Əli Kərimli ilə düşmənəm” deyib bu savaşın motivlərini şəxsi müstəviyə endirə bilər… Amma alınmır. Bu, onun şəxsi savaşı deyil. Rauf Arifoğlu Əli Kərimli ilə şəxsi düşmənçiliyini diktaturanın əlində necə istifadə edildiyini ört-basdır etmək üçün yaradıb. Amma nəticə dəyişmir…
Və indi Xalq Cəbhəsi ilə döyüşə göndərilən elementlər bu sifarişi həyata keçirmək üçün pulu hakimiyyətdən aldıqları kimi, tribunanı da hakimiyyətdən alıblar. Bu tribuna isə “Yeni Müsavat” qəzetidir.
Diktatura ölkədəki bütün müqavimət ocaqlarını bu kökə salmaq istəyir. “Səs” qəzetinin missiyasızlığı səviyyəsinə endirmək istəyir. İndi “Yeni Müsavat” qəzeti YAP hakimiyyətinin Xalq Cəbhəsi Partiyasına qarşı intriqalarının alətinə çevirlib. Bu da bir taledir…
***
Və maraqlısı da budur ki, neft pullarının tükəndiyi, diktaturanın material bazasının aşındığı bir zamanda bu əməliyyata görə xərclənən pullar azalmır, artırılır. Şübhəsiz, bu pullar Azərbaycan diktaturasının Məhşər gününün uzaqlaşdırılamsı üçün qoyulan investisiyadır. İlham Əliyev deyirdi, axı, biz investisiyalar qoyuruq, ölkənin iqtisadiyyatını analoqsuz hala gətiririk. Bankların qarşısında əmanətlərini ala bilməyən, əlindəki pulunu dollara çevirə bilməyən vətəndaşların, arxasında kredit borclarını qaytara bilməyən vətəndaşların intihar üçün yaratdıqları uzun bir növbə var. Aldığı təqaüdü yaralı barmağa sərf edə bilməyən əmək veteranlarının, müharibə veteranlarının böyük orduları var. Amma hakimiyyət pulu nəyə xərcləyir?
Xalq Cəbhəsini dağıtmaq əməliyyatına. İnzibati terrora! Bu qədər anlamsız bir hökumət ola bilərmi? Bədbəxt, sənin qürur məsələsi elan etdiyin manatın çökür, olmayan iqtisadiyyatın param-parça olur, insanların acından qaçıb dağılışır, sən isə nəyə pul dağıdırsan? Şabaşa! Razi Nurullayev rəqs edəcək, sən də onun başına şabaş səpələyəcəksən… Yalançı oğlu Yalıncığı xəyanətkar saymayan bir adamın əli ilə başladılan bu düşük prosesi ifşa edən çoxlu sayda faktlar ortalığa qoyulub. Cəmiyyətə yalan sırımaq, ictimai rəyi aldatmaq dövlətin rəsmi siyasətinə çevrilsə də, bu avara siyasət hər bir addımda ifşa edilir…"
Verilişin videoyazısı
“Azərbaycan saatı” verilişləri hər həftənin şənbə və bazar günlərində Bakı vaxtilə saat 20:00-21:00 arası Türkiyənin Can Erzincan, 21:00-22:00 arası isə Kanal24 telekanallarında yayımlanır.