“Həbs mübarizəmizin bir hissəsidir; hətta ayaqlarımıza da qandal vursalar belə, geri çəkilməyəcəyik”
“Əgər o puldan mənə bir manat çatıbsa, ən axırıncı adam kimi, ən ağır cəzanı çəkməyə hazıram…”
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, vicdan məhbusu İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi başladı. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə baxılır.
Yanvarın 23-də bu iş üzrə hazırlıq iclası idi. Amma İntiqam Əliyev və vəkilləri elə ilk iclasda ittihamların tamamilə əsassız olduğunu sübut edən konkret faktlar ortaya qoydular.
Əvvəlcə hakim Rasim Sadıxov məhkəmə tərkibini, dövlət ittihamçısını təqdim edərək, İntiqam Əliyevdən bu tərkibə etirazı olub-olmadığını soruşdu. Vicdan məhbusunun buna özüməxsus cavabı oldu: “Azərbaycan elə ölkələrdəndir ki, dövlət ittihamçısı və ya hakim qismində kimin çıxış etməsinin elə bir əhəmiyyəti yoxdur. Onsuz da hansı sifariş veriləcəksə, ona uyğun da qərar çıxarılacaq”.
İki bacı və kələ-kötür, şikəst ittiham
İntiqam Əliyevin vəkili Elton Quliyev məhkəməyə hüquq müdafiəçisinin barəsindəki cinayət işinə xitam verilməsi haqda vəsatətini təqdim etdi: “İşdəki sübutlar bu işin məhkəmə baxışına verilməsinə imkan vermir. Çünki sübut kimi təqdim olunanlar tədqiq edilməyib. İntiqam Əliyevə qarşı irəli sürülən ittihamların kökündə dayanan əsas məsələ budur ki, 2009-cu ildən müxtəlif layihələr üzrə qrantlar alıb, xərcləyib, amma qrant müqavilələrini qeydiyyatdan keçirməyib. Qeydiyyat olmadan həyata keçirilən qrant layihələrini qanunsuz sahibkarlıq kimi qiymətləndirib. Bu işdə 13 qrant müqaviləsindən söhbət gedib. Halbuki, bundan əvvəl vergi orqanı 6 müqavilənin qeydiyyatdan keçmədiyi qənaətinə gəlib. Sonradan istintaq orqanı say çox olsun deyə və ya İntiqam Əliyevin vəziyyətini daha da ağırlaşdırmaq üçün 7-ni də əlavə edib. Əvvəla, 2009-cu il dekabrın 25-nə qədər qrant vəsaitlərinin xərclənməsi üçün həmin müqavilələrin Ədliyyə Hazirliyində qeydiyyatdan keçməsi heç vacib deyildi. Odur ki, sözügedən 13 müqavilədən 7-si çıxılmalıdır. Qalan 6-sı üzrə iş materiallarında bircə sübut da yoxdur.
Mənimsəməyə gəlincə, İntiqam Əliyevin kimin pulunu mənimsədiyi bilinmir. İşin içində mənimsəmə cinayətinin tövsifedici əlamətlərindən biri də yoxdur. İşdəki 25 ödəniş tapşırığından görünür ki, bankdan pulu baş mühasib çıxarıb. Bəs onda İntiqam Əliyev bunu necə mənimsəyib? Ödəniş tapşırıqlarının biri də ekspertizaya göndərilməyib ki, İntiqam Əliyevin adından çəkilmiş imza ona məxsusdur, yoxsa yox. Bu kələ-kötür, şikəst ittiham iki bacının – Gülşən və Əfsanə Orucovaların ifadəsi əsasında irəli sürülüb. Başqa heç bir sübut yoxdur. İndi məhkəmə bu cinayət işinə baxıb neyləsin? Bu cinayət işi 20 cilddən ibarət olsa da, mahiyyəti budur. Həm dövlət xərclərini azaltmaq, həm də məhkəmənin və özümüzün vaxtımızı almamaq üçün bu cinayət işinə elə məhkəmənin hazırlıq iclasında xitam verilməsini istəyirik”.
“Qəfəsdə adam yox, zooparkda heyvan saxlayarlar”
İntiqam Əliyev vəkillərinin vəsatətinə münasibət bildirməmişdən əvvəl ilk növbədə məhkəmə zalında qəfəsdə saxlanılmasına etiraz etdi. Hüquq müdafiəçisi qəfəsdən çıxarılaraq, müdafiəçilərilə yanaşı əyləşməsinə imkan verilməsi haqda vəsatət qaldırdı: “Mən ilk növbədə bu qəfəsdən çıxarılmağımı istəyirəm. Qəfəsdə zooparkda heyvan saxlayırlar. Məhkəmədə şəxsi qəfəsdə saxlamaq insan ləyaqətinin alçaldılmasıdır. Avropa Məhkəməsinin bununla bağlı qərarları var. Azərbaycan hökuməti ölkənin dəyərli insanlarını dəmir qəfəsdə saxlamaqla onların ləyaqətini alçaltmağa çalışır. Üstəlik, mən bu qəfəsdə saxlanılarkən müdafiəçilərimlə konfedensial ünsiyyətdə olmaq imkanım məhdudlaşdırılır. Yəni müdafiə hüququm pozulur. Ona görə də müdafiəçilərimin yanında əyləşməyimə icazə verilməsini istəyirəm”.
Dövlət ittihamçısı bu vəsatətin təmin olunmamasını istədi. Elə məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun oldu – vəsatət təmin edilmədi.
“Biz yox, bunu vətəndaşlarına rəva görən hökumət utansın!”
Daha sonra İntiqam Əliyev vəkillərinin vəsatətinə münasibət bildirərkən əvvəlcə istintaq təcridxanasındakı qanun pozuntularından, alçaldıcı hallardan danışdı: “Qəfəsdən çıxarılma məsələsi adi texniki iş idi. Məhkəmə ədalətlilik görüntüsü yaratmaq üçün heç olmasa, bu texniki vəsatəti də təmin etmədi. Mənim müdafiə hüququmun pozulması yeni deyil. Vəkillərimin bir hissəsi müdafiə prosesindən uzaqlaşdırılıb. İstintaq təcridxanasında vəkillərlə görüşə aparılarkən az qala soyundurub yoxlayırlar. Dünən də, ondan əvvəl də hazırladığım vəsatətlər istintaq təcridxanasında əlimdən alınıb. Son vaxtlar az qala, vəkillərin özlərini də soyundurub yoxlayırlar. Bunu dilə gətirməyə də adam utanır. Amma hesab edirəm ki, bizə yox, bunu vətəndaşlarına rəva görən hakimiyyətə ayıb olmalıdır.
Həbsxanadakı dəhşətlər…
Bizi məhkəməyə gətirərkən soyundurub yoxlayır, sonra maşına mindirirlər. İkinci dəfədir ki, məni bu məhkəməyə gətirirlər, hər ikisində də maşının içində tabut boyda bir yerə salırlar, orada nəfəs almaq mümkün deyil. Maşın özü iki kvadrat metrlik yerdi. 9 nəfər üçün nəzərdə tutulan maşına 11 nəfəri mindirirlər. Elə olmur ki, maşındakı dustaqlardan hansısa havasızlıqdan qaytarmasın. Milyonları xaricdən eşşək almağa xərcləyən, ABŞ-ı, Almaniyanı bəyənməyən ölkənin özü üçün bu cür hallar utancdır. Mən həmin maşınların dövlət-nömrə nişanlarını da qeyd etmişəm: 10-AO-356 və 10-AO-369.
Biz həbsdən əvvəl də həbsxanadakı bu hallar haqda eşidirdik, bilirdik. Leyla, Xədicə, Anar, Rəsul, Seymur, İntiqamın həbsi bizim mübarizəmizin bir hissəsidir. Bu həbslər həm də bizə imkan yaratdı ki, həbs yerlərinə girək, orada hansı dəhşətlərin baş verdiyini öz gözümüzlə görək. Sadəcə, dəhşətdir… Hə qədər dəyərli adamlar var ki, müxtəlif adlarla şərlənib həbsə atıblar.
Təsəvvür edin, vəkillə görüşə gedəndə Xədicə, Leyla, Rəsul, İntiqam bir-birini görüb salamlaşmasın deyə, az qala dəhlizləri bağlayırlar. Bunun arxasında nə dayanır? Təbii ki, siyasi motivlər.
Prokurorluq İntiqam Əliyevin sənədlərini gizlədir
Vəsatətə gəlincə, həbsimin siyasi motivli, ittihamların qondarma olması birmənalıdır. Hələ QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik ediləndə biz bildirmişdik ki, məqsəd müstəqil QHT-ləri, xüsusən insan haqlarını müdafiə edən təşkilatları sıradan çıxarmaqdır. Biz hansısa qrant layihəsini qeydiyyatdan keçirməsəydik, illərlə gözləyərdilərmi? Dərhal cərimələyib, bağlayardılar. Məni prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb həbs edən gün təşkilatımızın ofisində, evimdə, eləcə də qeydiyyatda olduğum ünvanda axtarış aparılıb. Hə qədər kompüter avadanlığı varsa, hamısını götürüblər. Qızımın, oğlumun, hətta qardaşım uşaqlarının şəxsi həyatı ilə bağlı şəkillər, məlumatlar prokurorluğun əlindədir. Bu biabırçılıqdır. Mənim, eləcə də Hüquq Maarifçiliyi Cəmiyyətinin fəaliyyətilə bağlı bütün sənədləri – bildirişlər, media, seçki işlərilə əlaqədar Avropa Məhkəməsinə şikayətlər, oradan cavablar – ofisdə nə kağız varsa, hamısını süpürüb aparıblar. Özü də heç bir qeydiyyat aparmadan. Bütün sənədləri bir torbaya doldurub götürüblər. Qrant layihələrinin qeydiyyatı üçün Ədliyyə Hazirliyinə müraciətlər, bizə gələn təsdiq məktubları da aparılan sənədlərin arasında idi. Bu da sübut edir ki, o qrant müqavilələrinin hamısı qeydiyyatdan keçib. İstintaq orqanı bilərəkdən əlində olan həmin sənədləri iş materiallarına daxil etməyib. Ona görə də vəkillərim məcburiyyət qarşısında bizim qrant müqavilələrinin qeydiyyatı ilə bağlı müraciətlərimiz və nazirliyin təsdiq cavablarını yenidən əldə etmək üçün Ədliyyə Hazirliyinə məktub göndərib. Hazirlik Səbinə Salmanovanın imzasıyla bu müraciətə cavab gəlib ki, “verə bilmərik, qeydiyyatla bağlı məlumatlar sistemdən çıxarılıb”. Bu imtina cavabı həm də Ədliyyə Hazirliyinin İntiqam Əliyevə qarşı qərəzini bir daha sübut etdi.
İntiqam Əliyevin adından saxta imzaları kim atıb?
Bundan başqa, axtarış zamanı, sənədlərlə yanaşı, təşkilatımızın möhürü də götürülüb. Təsəvvür edin, sənədlər əllərində, möhür əllərində, qorxu və təhdid altında istintaqın istənilən göstərişini yerinə yetirməyə hazır olan adamlar əllərində… İstədikləri saxta sənədi düzəldib, istənilən ifadəni yaza bilirlər. İş materiallarındakı ödəniş tapşırıqlarına heç ekspertiza keçirilmədən, adi gözlə baxanda da aşkar görünür ki, o imzalar mənim deyil. O imzalar niyə ekspertizaya göndərilməyib? Təsəvvür edin, orada elə ödəniş göstərişləri var ki, onlar imzalanan tarixdə mən heç Azərbaycanda olmamışam. Xaricdə olduğum halda, necə imzalaya bilərdim?
İndi guya, prokurorluq dövlətə xidmət edir. O dövlət deyir ki, siyasi məhbus problemini qaldırdığına görə Leyla Yunus cinayətkardır. O dövlət deyir ki, seçki hesabatları hazırladığına görə Anar Məmmədli cinayətkardır. O dövlət deyir ki, korrupsiyanı araşdırdığına görə Xədicə cinayətkardır.
Bütün bu sadaladıqlarım göstərir ki, baş verənlərin arxasında siyasi sifariş dayanır. Ona görə də mən bu məhkəməyə təkcə öz işim kimi baxmıram. Bu, bizim mübarizəmizin davamıdır. Azad insan üçün qəfəsdə, yoxsa azadlıqda olmağın fərqi yoxdur. Azad insan hər yerdə sözünü deyir. Leyla xanım xəstədir və mən…”
Hakim Rasim Sadıxov:
– Burada Leyla yoxdur axı…
– Hə fərqi var ki?! Dedim axı, mən baş verənlərə təkcə öz işim kimi yanaşmıram. Söhbət hökumətin dəyərli insanlara münasibətindən gedir. İnsanların saxlanma şəraiti qətiyyən Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun deyil. Leyla, Xədicə…
– Ancaq özünüzdən danışın.
– Başqa ad çəkəndə niyə narahat olursunuz ki?! Bütün dünyadan sizin xoşunuza gəlsə də, gəlməsə də Leylaya, Rəsula, Xədicəyə, mənə dəstək məktubları göndərilir. Həmin məktublar təcridxanada bizə çatdırılmır. Əllərimizə qandalı əvvəl öndən vururdular, indi arxadan. Yenə də, sizin xoşunuza gəlsə də, gəlməsə də Xədicə, Leyla, Seymur, Rəsul, İntiqam üçün əllərinin qandalda olmasının fərqi yoxdur, hətta ayaqlarımızı da qandallasalar, biz mübarizəmizdən çəkilməyəcəyik.
– Sizin səhhətinizdə problem varmı?
– Mənim səhhətimin qayğısına qalırsız?
– Qalmıram.
– Daha niyə soruşursuz? Mühasibin bacısının hesabına köçürülmüş vəsaitlərlə bağlı niyə tam şəkildə bank hesabı yoxdur? Mən dediyim kimi, onun hesabına köçürülmüş ödəniş göstərişlərindəki imzalar mənim deyil. Üstəlik, bu mühasib başqa təşkilatlarda da çalışıb. Bizim ciddi şübhələrimiz var ki, o, həmin təşkilatlardan da öz bacısının hesabına pul köçürə bilərdi. Hətta mən bunu düşünəndə həmin təşkilatların rəhbərlərinə görə narahat oldum. Sonra fikirləşdim ki, əgər istintaq orqanı həmin təşkilatlarla bağlı da araşdırma aparsa və bu adamın eyni əməli orada da üzə çıxsa, bununla avtomatik həmin adamın günahını sübut etmiş olacaqlar.
Bütün bu halları nəzərə alaraq, mən də vəkillərimin vəsatini dəstəkləyirəm.
İntiqam Əliyevin vəkilləri həmçinin prosesə ictimai marağı, məhkəməni izləməyə gələnlərin böyük əksəriyyətinin çöldə qaldığını nəzərə alaraq, məhkəmə prosesinin daha böyük zalda keçirilməsi; prosesin audio və video lentə alınması, mühasib Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın hesabına köçürmələrə dair ödəniş göstərişlərindəki imzaların İntiqam Əliyevə məxsus olub-olmadığını araşdırmaq məqsədilə ekspertizanın təyin olunması; İntiqam Əliyev barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması; qrant müqavilələrinin qeydiyyatı haqda məlumat əldə etmək üçün Ədliyyə Hazirliyinə sorğu göndərilməsi haqda da vəsatətləri oldu.
“Bilirdim ki, qayıtsam, həbs olunacağam, amma qayıtdım…”
İntiqam Əliyev bu vəsatətlərə də münasibət bildirərkən bir daha bəyan etdi ki, Əfsanə Oracovanın hesabına 119 min manat köçürülüb, daha sonra ona verildiyi haqda istintaqın iddiası tamamilə yalandır: “Əgər o pulun bir manatı mənə çatıbsa və məhkəmədə bu, sübuta yetirilərsə, mən ən axırıncı adam kimi ən ağır cəzanı çəkməyə hazıram. Hecə olur, mənə aidiyyəti olmayan, atamın 1993-cü ildə aldığı əmlak da siyahıya alınır, amma ödəniş sənədlərində imzası olan mühasibin bank hesabları, onun əmlakları barədə heç bir sənəd yoxdur. Mən nə Gülşən Orucovanın, nə də bacısının həbs olunmasını istəmirəm. Onların cəzasını Allah verəcək. Onlar olmasaydı da, ya narkotiklə, ya xuliqanlıqla şərləyib onsuz da məni tutacaqdılar. Mən adamlardan xahiş edirdim ki, bu məhkəməyə gəlməsinlər. Çünki yaxşı başa düşürəm ki, mən bir manat da pulu mənimsəməsəm də, bu işin mənəvi məsuliyyəti mənim boynumdadır. Amma görünür, insanlar bu 25 ildə mənim elədiklərimi nəzərə alıb, mənəvi məsuliyyətimi yerinə yetirə bilməməyimi mənə bağışlayıblar. Ona görə də bu qədər adam, nüfuzlu insanlar bura gəliblər. Onlar bilirlər ki, mən cinayət törətməmişəm. Mən vicdanlı adamam!
Bilirəm ki, zaldakından da çox adam çöldə qalıb. İctimai əhəmiyyətli bu prosesi niyə böyük zalda keçirmirsiniz ki, gələn insanların hamısı prosesi izləyib, nə baş verdiyini görsünlər? Mən dəyərli insanların küçədə qalmasını istəmirəm.
Həbsimdən əvvəl Praqada olanda xəbər gəldi ki, vergi işçiləri təşkilatda yoxlamalara başlayıb, mənim həbsimə hazırlıq gedir. Təklif olundu ki, orada qalım, siyasi mühacir statusu alım. Amma eləmədim, ölkəyə qayıtdım. Bu altı ayda bir an da olsa, hefslənməmişəm ki, niyə qayıtdım, niyə həbs olundum.
Təbii ki, mən vəkillərimin bütün vəsatətlərini dəstəkləyirəm. Eyni zamanda, vəsatətlərlə bağlı verəcəyiniz qərar bu işdə üzrə hökmün hansı məzmunda olacağını bəri başdan deməyə əsas verəcək”.
Hakimlər heyəti təxminən beş dəqiqəlik müşavirədən sonra qayıdıb vəsatətlərin heç birinin təmin olunmadığını elan etdilər. İş üzrə məhkəmə baxışı fevralın 3-nə təyin olundu.
Aytən Məmmədova