Amerikalı çıxışçılardan biri ölkəmizdəki vəziyyətdən danışarkən göz yaşlarını saxlaya bilmədi…
Yanvarın 12-də ABŞ-da Azərbaycandakı repressiyalarla bağlı dinləmələr keçirildi. Tədbiri ABŞ-ın Demokratiyaya Milli Dəstək təşkilatı (NED) təşkil etmişdi. Tədbirin aparıcısı Demokratiyanın Araşdırılması üzrə Beynəlxalq Forumun icraçı direktoru Kristofer Uolker idi. O, müzakirələri açıq elan edərək bildirdi ki, Azərbaycanda analoqu olmayan səviyyədə repressiyalar gedir. Bu ölkədə azad söz basqı altındadır, fərqli düşüncə boğulur. Bunun nəticəsi olaraq, çoxsaylı insanların həbsxanada olduğunu deyən Uolker konkret olaraq, Leyla Yunusun, Xədicə Ismayılın adlarını çəkdi. Qeyd etdi ki, müzakirələr də Azərbaycandakı repressiyalarla bağlıdır.
Azərbaycanda misli görünməmiş repressiyalar
“Respublikaçı Alternativ” (REAL) Hərəkatının Idarə Heyətinin üzvü, tarixçi alim Altay Göyüşov çıxışında Azərbaycandakı repressiyalar barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan hökuməti ölkədə medianı tam nəzarətə götürüb. Hələ bir neçə il əvvəl xarici radioların – “Azadlıq” radiosu, BBC və “Amerikanın səsi” radiolarının FM dalğasında yayımına qadağa qoyuldu. Ölkədə bütün telekanallar hökumətin nəzarətindədir, bircə dənə də müstəqil kanal yoxdur.
“Hökumət azad mətbuat ilə öz arasında qoruyucu bir divar qurmuşdu və ”facebook" bu divarı dağıtdı. Burada təbii ki, hər kəsin səsi var və sosial səfərbərlik başladı. Amma “facebook” fəalları da həbs olunur", – deyə Altay Göyüşov qeyd etdi.
Tarixçi alim həmçinin Ilham Əliyevin 2009-cu ildə referendum vasitəsilə Köonstitusiyaya dəyişiklik edib, bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağanı aradan qaldırmasından da danışdı.
Altay Göyüşov eyni zamanda, ordudakı əsgər ölümlərindən, faydalı müzakirələrin təşkil olunduğu Azad Fikir Universitetinin bağlanmasından da danışdı.
Şərqdə ilk demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu deyən Altay Göyüşovun sözlərinə görə, 2009-cu il referendumundan sonra isə bu ölkədə faktiki bir adamın hakimiyyətinin əbədiləşdirilməsi prosesi gedir: “Bu ölkədə toplaşma azadlığı təmin olunmur. Parlamentdə bir nəfər də müxalifətçi yoxdur”.
Tarixçi alim qeyd etdi ki, Azərbaycan ötən ilin mayından noyabrına qədər Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə bu ölkədə repressiyalar daha da gücləndi: “Putinin Krımı işğal etməsindən sonra Azərbaycanda repressiyalar görünməmiş həddə çatdı. Hökumət tənqidi səsləri tamamilə sıradan çıxarmaq siyasəti yürüdür. Bütün bunlar Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf etdi. Ölkəmiz Avropa Şurasına qoşulanda ümid edirdik ki, bizdə də vətəndaş hüquq və azadlıqları təmin olunacaq. Amma Avropa Şurasına daxil olmamışdan əvvəl vəziyyət indikindən yaxşı idi”.
Altay Göyüşov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, siyasi sifarişlə həbsdə saxlanılanlardan biri də REAL sədri Ilqar Məmmədovdur. Avropa Məhkəməsi qərar çıxararaq, onun azadlığa buraxılmasını tələb etsə də, buna əhəmiyyət verilmir.
Bundan başqa, Azərbaycan hökuməti ölkənin Iran və Rusiyanın qonşuluğunda yerləşməsini əsas gətirərək, bu faktorla manipulyasiya edir: “Amma ölkədə vəziyyətin bu cür davam etməsi cəmiyyəti radikallaşdıra bilər”.
“Azadlıq” radiosuna hücumlar
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu çıxışında əvvəlcə rəhbərlik etdiyi qurum ətrafında baş verənlər haqda məlumat verdi: “Azərbaycan hər cəhətdən mühüm ölkədir. Dekabrın 26-da ”Azadlıq" radiosunun Bakı ofisinə qeyri-qanuni hücum oldu. 6 il əvvəl də eyni tarixdə FM dalğasında yayımımızı dayandırmışdılar. Bu dəfə həmin gün mənim üçün daha ağır oldu. Radionun avadanlıqlarını, möhürünü, sənədlərini apardılar. Radionun bank hesabına həbs qoyulub. Bu cür basqı Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Əməkdaşlarımızı prokuroluğa çağırdılar, onları sorğu-suala tutdular. Hətta əməkdaşlarımızdan birini gecə paltarında, ayaqqabısız sürüyərək aparmışdılar. Digər əməkdaşımız Xədicə Ismayılova həbsdədir. Xədicənin həbsindən iki gün əvvəl Prezident Administrasiyasının rəhbəri məqalə yazmışdı və onun yazdıqları bir işarə idi. Biz əminik ki, hüququmuzu digər məhkəmələrdə müdafiə edə bilərik, amma Azərbaycanda yox. Çünki Azərbaycanda azad məhkəmə yoxdur. Biz bütün mümkün vasitələrlə “Azadlıq” radiosunun fəaliyyətini davam etdirəcəyik. Bu, bəyanat kimi səslənir. Amma, biz qətiyytliyik. Mən sizi də, Azərbaycna hökumətini də əmin edirəm ki, biz işimizi davam etdirəcəyik".
Kənan Kazımoğlu çıxışında onu da qeyd edib ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərini ölkədən çıxarıb: “Azərbaycanda Rusiyanın beş informasiya agentliyinin bürosu var. Iranın IRNA agentliyinin bürosu var. ABŞ-ın bir radiosu vardı, onu da bağladılar”.
Hökumət qurduğu rejimi repressiyalarla qoruyur
Massaçusets Universitetinin tarix professoru Odri Alştat çıxışında deyib ki, Azərbaycan hökuməti inqilab baş verən ölkələrdən özünəməxsus nəticələr çıxararaq, ATƏT-in Bakı ofisinin statusunu məhdudlaşdırıb, beynəlxalq təşkilatları ölkədən çıxarıb: “Bu həbslər dalğası ona görə həyata keçirilir ki, Azərbaycan dövlətçiliyi, müstəqilliyi təhülkə altındadır, yoxsa hakimiyyət qurduğu rejimi qorumaq üçün bu addımı atır? Nəticə belə çıxır ki, hakimiyyətlərini qorumaq üçün repressiyalara əl atırlar.
2012-ci ildə Bakıda “Eurovision” keçirilən vaxt müxalifətçilər çox fəal idi, onlar ölkədəki problemləri çatdırırdı. Qarşıdan Olimpiya Oyunları gəlir. Azərbaycan hökuməti repressiyaları ona görə gücləndirib ki, bu dəfə ölkədəki problemləri dilə gətirənlər olmasın, həmin səsləri susdursun".
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasında baş analitik olan Ketrin Kozman bildirdi ki, Azərbaycan yeganə sovet ölkəsidir ki, burada əhalinin 65 faizi şiə, 35 faizi sünnidir. Hazırda həbsdə olan tarixçi alim Arif Yunusun “Azərbaycanda Islam” adlı kitabını nümayiş etdirən Kozman onu bu sahədə yaxşı bir resurs kimi qiymətləndirdi. O həmçinin bildirdi ki, Azərbaycanda Islam partiyasının 5 funksioneri həbsdədir.
Kerri Əliyevə deyib ki…
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia da çıxış edənlər arasında idi: “Biz Azərbaycanda baş verənləri çox yaxından izləyirik. ATƏT Nazirlər Komitəsinin toplantısında bir neçə bəyanat olub. Dövlət katibi Con Kerri Ilham Əlievə zəng edərək, Azərbaycanda ABŞ təşkilatlarına, eyni zamanda, yerli müxalifətə basqılardan narahatlığını bildirib. ABŞ Azərbaycanın suverneliyini və müstəqilliyini tanıyır və bunu qoruyub saxlamağa kömək edir. Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəqifi ola bilər. Söz azadlığı, sərbəst toplaşma azadlığı vacibdir və olmalıdır. Biz yüksək səviyyədə hakimiyyətlə əlaqədəyik və çalışırıq ki, yol tapaq və davam edək. Yaxın həftələrdə Senat da yeni səfiri təsdiqləyəcək və o, vəzifəsinin icrasına başlayacaq. Bu da bizə yeni imkanlar yaradacaq. Biz ”Azadlıq" radiosunu və başqa təşkilatları var gücümüzlə müdafiə edəcəyik. Insanlar azad danışmaq imkanı əldə etməlidir".
Azərbaycan Özbəkistanla müqayisə olundu
ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun proqram direktoru Miriam Lanskoy Azərbaycandakı vəziyyətdən danışarkən ağladı: “Çox düşünürəm ki, niyə bu hadisələr baş verir? Azərbaycanda son 10 ildə hər şey pisləşməyə doğru gedib. 90-cı illərə baxsaq, Azərbaycan da Gürcüstan və Ermənistanla paralel gedirdi. Indi isə Özbəkistanla paralel gedir. Azərbaycanın ən gözəl jurnalistləri, ən gözəl alimləri, ən gözəl aktivistləri həbsxanaya atılır. Intiqam Əliyev avqustda həbs olunanda demişdi ki, mən də yaxşı insanlar olan yerə gedirəm. Niyə yaxşı adamlar həbsə atılır? Günahsız insanlar əzilir?..”
Bu yerdə Miriam Lanskoy göz yaşlarını saxlaya bilmədi…
İnformasiya şöbəsi