Almaniya mətbuatı Xədicə İsmayılın həbsinin gerçək səbəblərinə aydınlıq gətirib
«Bu həbsin səbəblərindən biri də odur ki, Leyla Yunusun həbsindən sonra siyasi məhbus problemilə Xədicə məşğul olurdu»
Azərbaycanda tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi dünyanın aparıcı media orqanlarının gündəmindən düşmür. Bu haqda yazılan məqalələrdə bir qayda olaraq, Xədicə Ismayılovanın Azərbaycanın dövlət başçısı Ilham Əliyevin biznesi haqda araşdırmaların müəllifi olduğu və həmin mövzuda yazılarını dayandırması üçün 2012-ci ildən təqiblərə məruz qaldığına diqqət çəkilir. Almaniyanın “Deutsche Welle” nəşrində yayımlanmış “Jurnalist Xədicə Ismayıl niyə həbs olunub?” başlıqlı məqalə də bu qəbildəndir. Məqalənin tərcüməsini təqdim edirik:
***
“Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Xədicə Ismayılın barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun həmkarları, eləcə də hüquq müdafiəçiləri hesab edir ki, jurnalist peşə fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalır.
Xədicə Ismayıl intihar həddinə çatdırma cinayətində ittiham olunur. Lakin hüquq müdafiəçiləri bəyan edir ki, bu cinayət işi məqsədli şəkildə qaldırılıb və siyasi motivlidir. Çünki Xədicə Ismayıl həm jurnalist araşdırmaları, həm də hüquq müdafiəçiliyi fəaliyyətilə məşğul olurdu.
Ittiham tərəfinin versiyasına görə, Xədicə Ismayılova qısqanclıq zəminində keçmiş həmkarını intihar həddinə çatdırıb. Özünü zəhərləməyə uğursuz cəhd edən həmin şəxs ondan şikayətçi olub.
“Jurnalistin həbsində siyasi motiv yoxdur”, – deyə Prezident Administrasiyasının mətbuat xidmətindən “AzərTAc” dövlət agentliyinə verilən açıqlamada bildirilib.
Azərbaycanın Baş Prokurorluğu da Ismayılovaya qarşı cinayət işində siyasi motiv olduğunu təkzib edir.
Lakin Hüquq-Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov “DW”yə bildirib ki, Xədicə hakim ailənin ofşorlardakı biznesini üzə çıxardığına və bu mövzuda araşdırma yazılarına görə çoxdan hədəfdə idi.
“Jurnalisti cəzalandırmaq üçün mümkün olan bütün vasitələrdən eləsini seçdilər ki, formal olaraq, siyasi motiv görünmür – onun həbsini məişət hadisəsi kimi qələmə verdilər”, – deyə Eldar Zeynalov bildirir.
O, yada salır ki, iki il əvvəl Xədicə Ismayılovanı tənqidi yazılarına görə hədələmiş, hətta şəxsi həyatına aid videonun yayılmasıyla onu şantaj etmişdilər.
Berlində yaşayan azərbaycanlı dissident, keçmiş siyasi məhbus Emin Milli də hesab edir ki, Xədicə Ismayıla qarşı baş verənlər birbaşa onun peşə fəaliyyətilə bağlıdır. “Meydan TV” adlı alternativ internet televiziyanın təsisçisi olan Emin Milli “DW”yə jurnalistin Azərbaycan hökumətinin repressiyalarına məruz qalmasına səbəb olmuş məqalələri haqda da danışıb: “Xədicənin arışdarmaları nəticəsində məlum oldu ki, prezidentin ailəsi ofşor şirkətləri vasitəsilə Azərbaycanın regionlarından birində qızıl yataqlarının sahibidir”.
Xədicənin araşdırdığı mövzulardan biri də milyonlarla dəyəri olan proyektlə bağlı idi. Həmin layihə prezidentin ailəsinə məxsus şirkətə verilmişdi.
Ismayılova bankın özəlləşdirilməsi, mobil operatorun sahibilə bağlı məsələləri də araşdırıb. Bu araşdırmalar nəticəsində məlum olub ki, onların da sahibi hakim ailədir.
“Indi hakimiyyət olmayan intiharla bağlı iş qaldırıb, Xədicəni ləkələmək istəyir”, – deyə Emin Milli əminliyini ifadə edib.
Qadın Hüquqlarını Müdafiə Assosiasiyasının rəhbəri Dilarə Əfəndiyeva da əmindir ki, istintaq Xədicə Ismayılın həbsindəki siyasi motivi məişət səviyyəsinə endirməyə çalışır: “Jurnalistə qarşı bu ittiham absurddur. Iki aylıq həbs-qətimkan tədbiri qərarı isə lap həddi aşmaqdır. Bu ittihamla təqsirləndirilən şəxs barəsində istintaq müddətində adətən həbs qərarı verilmir”.
Eldar Zeynalov jurnalistin hakimiyyətin repressiyalarına məruz qalmasının səbəblərindən birini də açıqlayır: “Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən sonra siyasi məhbus problemilə Xədicə məşğul olurdu”.
Hazırda cinayət işi üzrə istintaq gedir. Xədicə Ismayıla ittiham verilən maddənin sanksiyasında 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.
“Lakin məhkəməyə qədər Xədicə Ismayılın azadlıqda qalmasına imkan verilməməsi, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini belə əsaslandırıblar ki, guya, o, cəmiyyət üçün təhlükədir. Çünki paralel olaraq, ona qarşı başqa ittihamlar üzrə də iş gedir. Məsələn, böhtan ittihamı ilə…”, – deyə Dilarə Əfəndiyeva bildirib.
Onun sözlərinə görə, yerli hüquq müdafiəçiləri Xədicə Ismayılovanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin onun işi üzrə ədalətli məhkəmə keçirilməsi üçün Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciət edib: “Hakimiyyətdəkilərin mentalitetini nəzərə alaraq, gərək onların ədalət hissəsinə müraciət edib, razılaşmaya gedəsən. Başqa yolu yoxdur”.
Xədicə Ismayıl Beynəlxalq Qadın Media Fondunun “Qəhrəman jurnalist”, həmçinin Herd Butserius adına “Şərqi Avropanın azad mətbuatı” mükafatlarının laureatıdır.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin Xədicə Ismayılın həbsilə bağlı yaydığı bəyanatda bildirilir ki, bu həbs açıq-aşkar siyasi xarakterlidir.
ABŞ Yayım Şurasının sədri Ceff Şell “Azadlıq” radiosu əməkdaşının həbsini “Azərbaycanda hökuməti tənqid edənləri susdurmaq cəhdi” kimi qiymətləndirib.
Sülh və Demokratiya Institutunun məlumatına görə, Azərbaycandakı siyasi məhbusların siyahısında 11 jurnalist və bloggerin adı var.
Eldar Zeynalov deyir ki, 2013-cü ildə siyasi məhbusların sayı 142 nəfərdən 98-ə endirilmişdi. Onun sözlərinə görə, çünki hökumət Azərbaycanın Avropa Şurası üzvlüyündə və Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında qalmasını istəyirdi.
“Lakin insan haqları sahəsində vəziyyət düzəlmir. Ictimai fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin hədələnməsi, şərlənməsi, həbs olunması halları davam edir”, – deyə Eldar Zeynalov əlavə edib.
Siyasət şöbəsi