Əli Kərimli: “İham Əliyev bütövlükdə Azərbaycanda Naxçıvan standartlarını bərqərar etməkdə israr edir”
Araşdırmaçı jurnalist Xədicə Ismayıl həbs edilib. Jurnalis dünən səhər saatlarında prokurorluğa çağırılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimat Tural Mustfayev adlı şəxsin intihara cəhdi ilə bağlı başlanmış cinayət işi əsasında verilib. Təqdimata baxılması üçün Xədicə Ismayıl Səbail Rayon Məhkəməsinə aparılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçən prosesdə jurnalist barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Xədicə Ismayıl Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə təqsirli bilinir.
Tural Mustafayev özü isə Meydan.TV-yə bildirib ki, istintaqa ifadəsi barədə danışa bilməz: “Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. Istintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəyəm”.
Xədicə Ismayıl isə ona qarşı ittihamı rədd edib, həbsinin qanunsuz olduğunu bildirib.
Vəkil Elton Quliyev də deyib ki, Xədicə Ismayıla qarşı ittiham absurd ehtimallar əsasında irəli sürülüb.
“Məhkəmənin qərarı əsassızdır və Xədicə Ismayılın jurnalist fəaliyyəti ilə bağlıdır”, – deyə vəkil məhkəmə iclasından sonra bildirib.
Qeyd edək ki, Xədicə Ismayıl ölkə başçısı Ilham Əliyev və ailəsi barədə araşdırma yazıları ilə tanınırdı. Jurnalist bu araşdırmalarına görə dəfələrlə təzyiq və təqiblərə məruz qalıb. Ona qarşı iyrənc əməliyyatlar keçirilib, şantaj yolu ilə araşdırmalara son qoymasına cəhd edilib.
***
AXCP sədri Əli Kərimli Xədicə İsmayılın həbsinə dərhal münasibət bildirib. Onun “Facebook” səhifəsində yazdığını təqdim edirik: “Ilham Əliyev bütövlükdə Azərbaycanda Naxçıvan standartlarını bərqərar etməkdə israr edir. Dünya miqyasında tanınmış, araşdırmaçı jurnalist, Azərbaycan vətəndaş cəmiyyətinin ən fəal və prinsipial nümayəndələrindən biri Xədicə Ismayılı da şərləyib həbs etdilər. Xədicə xanımı əslində çoxdan həbs etmək istəyirdilər. Hələ bu ilin fevralından onunla bağlı qurama bir cinayət işi başlamışdılar. Sonra absurd bir iddia ilə məhkəməyə də çəkdilər. Nəhayət, bu gün planlarını reallaşdırdılar. Cəmiyyət bilir ki, rejim niyə Xədicə xanıma düşmən kəsilib. Ona qarşı həyata keçirilən mənəvi terrorun da, bütün bu qurama cinayət işlərinin də səbəbi Xədicə xanımın apardığı jurnalist araşdırmalarıdır.
Xədicə xanım hakim ailə ilə bağlı bir çox ciddi korrupsiya araşdırmalarının müəllifidir. Rejim bu günə qədər də Xədicə xanımın ortaya çıxardığı korrupsiya faktlarını təkzib edə bilməyib. Amma əvəzində əlində olan bütün dövlət resurslarını, repressiya alətlərini bir xanıma qarşı səfərbər edib. Xədicə xanımın həbsi ondan araşdırmalarına görə qisas almaqdır. Amma bu həbs təkcə qisas deyil, həm də Azərbaycan cəmiyyətini susdurmaq təşəbbüslərinin davamıdır.
Bu həbslə Azərbaycan xalqı yenidən sınağa çəkilir. Rejimin radikal, aqressiv siyasətinə qarşı məhz millətin iradəsi dirəniş göstərməlidir. Heç nəyə baxmayaraq azadlıq və hüquqlarımız uğrunda mübarizəmiz davam edəcək. Xədicə xanımı da, digər siyasi məhbusları da sonuna qədər müdafiə edəcəyik.
Xədicə xanım həbs olunacağını təqribən bilirdi. Rejim onu həbs etmək niyyətinə düşdükdən sonra Xədicə xanım dəfələrlə xarici səfərlərdə oldu. Ona müxtəlif kanallarla məlumat çatdırırdılar ki, Bakıya qayıtmasın, xaricdə qalsın, qayıtsa, həbs olunacaq. Amma Xədicə xanım başının üzərindəki real həbs təhlükəsini bilə-bilə hər dəfə vətənə qayıdırdı, mübarizə meydanını tərk etmirdi. Hesab edirdi ki, xalqımızın burada ona ehtiyacı var. Bu ölkədə hüquqları əllərindən alınmış, şərlənərək həbs edilmiş insanlara, bütövlükdə sərvətləri talan edilən xalqımıza imkanı daxilində kömək olmaq istəyirdi.
Bu cəsur xanım azadlıq və ədalət uğrunda mübarizədən vaz keçmədiyi, biz azərbaycanlıların haqq səsini dünyaya duyurduğu, sərvətlərimizin talanını ifşa etdiyi, nəhayət, bu davadan qorxub çəkinmədiyi üçün deyə bilərik ki, həbsə aparan, lakin şərəfli yolu şüurlu şəkildə seçdi. Əminəm ki, bu xalqın cəsur övladları hələ çoxdur. Biz mübarizədən vaz keçməyəcəyik, tükənməyəcəyik, bütün çətinlikləri aşacağıq, nəinki siyasi məhbusların, hətta ölkəmizin və millətimizin də azadlığına nail olacağıq!”
***
Tanınmış vəkil Aslan Ismayılov da Xədicə Ismayılın həbsini pisləyib. O, bu barədə “Facebook” səhifəsində yazıb: “Xədicə Ismayılın həbsini və ölkədə gedən bu susdurma tendensiyasını qətiyyətlə pisləyirəm! Həbs edilənlərin kimliyindən asılı olmayaraq baş verənlər böyük təhlükələrdən xəbər verir və əmin olun ki, heç kimdən yan keçməyəcək.
“Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim. Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim. Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim. Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim. Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı” –
Martin Nimöller – Almaniyada ən məşhur nasizm əleyhdarlarından biri. Bu fəaliyyətinə görə 1937-ci ildə həbs edilmiş və yalnız 1945-ci ildə müttəfiq qoşunları tərəfindən Daxau həbs düşərgəsindən azad edilmişdir”.
***
AXCP Xədicə Ismayılın həbsini “bütün hədləri aşan qisasçılıq” kimi dəyərləndirib. Partiyanın yaydığı bəyanatda bildirilir: “Xədicə Ismayıl uzun müddətdir öz sanballı araşdırmaları ilə təkcə Azərbaycanda deyil, dünyada tanınan jurnalist, ictimai xadimdir. Onun peşəkar araşdırmaları müxtəlif mükafatlara layiq görülüb, özü bir yaradıcı şəxs kimi cəmiyyətdə böyük oxucu kütləsi, rəğbət qazanıb.
Bu araşdırmalar Azərbaycanda hökm sürən korrupsiyaçı, kriminal rejimin mahiyyətini açdığı üçün Xədicə Ismayıl Əliyev hakimiyyətinin arzu edilməz şəxsinə çevirilib. Cəsur jurnalisti susdurmaq üçün hakimiyyətin əl atmadığı çirkin vasitə, təzyiq metodları qalmadı. Lakin onların heç biri fayda vermədi. Xədicə Ismayıl əvvəlki kimi peşə fəaliyyətini davam etdirdi.
Son çağlar hakimiyyətin baş ağrısına çevirilən mövzu – siyasi məhbuslar, saxta QHT-lər barədə apardığı işlər, göstərdiyi vətəndaş mövqeyi artıq rejim üçün dözülməz həddə çatmışdı.
Ona qarşı böhtan kampaniyasına inzibati orqanlar, polis, prokurorluq, məhkəmə də qoşulmuşdu. Xədicə Ismayıl xarici səfərlərinin birində olarkən açıq təhdid almışdı, ölkəyə qayıdacağı halda həbs ediləcəyini demişdilər. O bu hədələrə məhəl qoymayaraq, Azərbaycanı tərk etmək fikirində olmadığını bəyan etmişdi. Hər kəsə aydın idi ki, bütün bunlar Xədicə Ismayılı həbsə aparan yoldur. Həbs isə artıq baş verdi”.
AXCP Xədicə Ismayıla qarşı seçilən addımı birmənalı olaraq ədalətsiz və qərəzli sayır. Partiya bəyan edir ki, Xədicə Ismayıla yönələn ittihamlar qurama olmaqla yanaşı, hakimiyyətin siyasi sifarişidir. AXCP bütün cəmiyyəti, vicdanlı insanları Xədicə Ismayılın müdafiəsinə səsləyir, bu cür cəsur və peşəkar insanların qorunmasının vacibliyini bəyan edir. AXCP bəyan edir ki, Xədicə Ismayılın sonadək müdafiə olunması üçün lazım olan bütün hüquqi addımları atacaq.
Partiya eyni zamanda tanınmış ictimai xadim və jurnalistin həbsinə qərar verənləri bu barədə bir də düşünməyə çağırır.
“Tənqidçi səslərə, xüsusən də qadınlara qarşı bütün hədləri aşan qisasçılıq heç bir halda hakimiyyətə uzun ömürlülük və hörmət qazandırmayacaq”,- deyə bəyanatda vurğulanır.
AXCP hakimiyyətdən Xədici Ismayıla qarşı qondarma cinayət işinə xitam verilməsini və onun eləcə də başqa siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.
Müsavat və Aydınlar partiyaları da Xədicə İsmayılın həbsini pisləyən bəyanatlar veriblər. Hər iki partiya bu həbsi azad sözü susdurmaq cəhdi kimi qiymətləndiriblər və Xədicə İsmayıla azadlıq tələb ediblər. Müsavatın bəyanatında isə əlavə olaraq qeyd edilir ki, məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra hüquq-mühafizə orqanlarının yeni bir cinayət uydurması bəzi mətləblərdən xəbər verir.