Müsavatın respublika müşavirəsində «Ar olsun!» şüarları səsləndi
Rəhbərlik partiya daxilində yeni repressiyaların anonsunu verdi
Noyabrın 23-də Müsavat Partiyasının respublika müşavirəsi keçirilib. Qurultaydan sonra partiya daxilində yaranmış qarşıdurma müşavirənin əsas müzakirə mövzusu olub. Başqanlığa keçmiş namizəd, partiyadakı narazılar qrupunun lideri sayılan Qubad Ibadoğlu da müşavirədə iştirak edib.
Arif Hacılıdan cəzaların davam edəcəyi haqda xəbərdarlıq
Müsavatın tədbirə aparıcılıq edən yeni başqanı Arif Hacılı deyib ki, narazıların açdığı müzakirələr partiya sərhədlərini aşıb. Onun fikrincə, “Müsavata rəğbət bəsləməyən çevrələr” bundan istifadə edir.
“Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir”, – deyə Arif Hacılı bildirib.
Arif Hacılı qeyd edib ki, onun ünvanına dəfələrlə xoşagəlməz ifadələr işlədilsə də, o, heç kəslə bağlı partiyanın müvafiq qurumuna müraciət etməyib və cəzalanma olmayıb. Onun sözlərinə görə, təhqirlər varsa, nizamnamə işə düşməli və cəzalanma olmalıdır. Indiyədək üç nəfərin Müsavat Partiyasından xaric edildiyini deyən Arif Hacılı əlavə edib ki, hər kəslə müzakirə aparmağa hazırdır.
Müsavat başqanının müavini Elman Fəttah da daxili qarşıdurmanın ciddi narahatlıq doğurduğunu deyib. Bildirib ki, partiyada parçalanma təhlükəsi yaratmaq lazım deyil.
Partiyanın Məclis üzvü Ikram Israfil çıxışında Qubad Ibadoğlunun tərəfdarlarına irad bildirib. Deyib ki, bəzi şəxslərin sosial şəbəkələrdə partiya rəhbərliyini, sabiq başqan Isa Qəmbəri ittiham etməsi doğru deyil: “Partiyadan xaric edilən şəxs sosial şəbəkədə Isa Qəmbərə qarşı ağır ittihamlar yazıb. O statusu da Ellada Məmmədli bəyənib. Bu nə deməkdir?!”
Bu zaman zaldan bir müddət əvvəl partiyadan uzaqlaşdırılan Məhəbbət Muradovun, eləcə də Ellada Məmmədlinin ünvanına “Ar olsun!” şüarları səsləndirilib.
Başqanlığa keçmiş namizəd Tural Abbaslı zaldakıların bu cür addımına etiraz edib. O, “Ar olsun!” şüarını səsləndirənlərlə bağlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının tədbir görməsini tələb edib.
“Rəhbərliyin fəaliyyətini bəyənmirəmsə, neyləməliyəm?”
Tural Abbaslı çıxışında vurğulayıb ki, narazılıqlar var və bunlar haqlıdır: “Iradım bugünkü rəhbərliyədir. Qalib tərəf dözümlü olmalıdır. Bütün problemlərin danışıqla həll olunmasının tərəfdarıyam.
Tural Abbaslı narazıların fraksiya yaratmaq istəyinə qarşı çıxanları da tənqid edib: “Burada qanunsuz bir iş yoxdur. Bu gün mən rəhbərliyin fəaliyyətini bəyənmirəmsə, neyləməliyəm? Dörd il gözləməliyəm ki, yeni seçki keçirilsin? Bu gün fraksiya yaradanları kimsə ”satqın” adlandırırsa, bu, onun siyasi savadsızlığından irəli gəlir”.
“Müsavatın daxili demokratiya problemi var”
Qubad Ibadoğlu da partiyanın indiki rəhbərliyinə qarşı tənqidlər səsləndirib: “Qurultaydan əvvəlki Müsavat yoxdur. Qurultaydan əvvəl Müsavat Isa Qəmbərə bağlı idi. Müsavat partiyasında yeni dönəm artıq Isa bəyin xarizması ilə idarə olunan dönəm deyil. Indiki dövr partiyanın şəffaf idarə edilməsi dövrüdür. Müsavatın daxili demokratiya problemi var. Biz daxili demokratiyaya hazır deyilik. Qərarlar birtərəfli verilir. Rayon təşkilatlarını prosesə qoşmaq, onların bəyanatlar verməsi arzuolunmaz haldır. Bunlar partiyanı parçalayacaq bəyanatlardır”.
Qubad Ibadoğlu narazı halda deyib ki, Arif Hacılının qardaşları mütəmadi olaraq prosesə qarışır və qarşı tərəfin ünvanına təhqirlər yağdırır. O həmçinin, vəziyyəti nizama salmaq üçün təkliflər paketi təqdim edib. Təkliflərə partiyadan qovulan narazı üzvlərin bərpası, növbədənkənar qurultayın keçirilməsi kimi məsələlər daxildir.
“Çıxaq gedək partiyadan?”
Müsavat partiyası Qadınlar Şurasının sədri Ellada Məmmədli narazıların fikrinin nəzərə alınmalı olduğunu deyib: “Mən Qubad bəyin tərəfdarıyam deyə, öldürməlisiniz? Bir-birinizi düşmən görməkdən çəkinin. Çıxaq gedək partiyadan? Siz nə istəyirsiniz?. Problemlərin səbəbini izah etmirsinizsə, biz fraksiya qərarını ortaya qoyuruq”.
İsa Qəmbər narazılara qapını göstərdi
Tədbirdə Müsavatın keçmiş başqanı Isa Qəmbər də iştirak və çıxış edib. O bildirib ki, hazırda partiyanın əsas fəaliyyət istiqaməti bələdiyyə seçkiləri və siyasi məhbusların müdafiəsi istiqamətində olmalıdır. Daha sonra o, partiyadakı narazıları xəyanətdə ittiham edib və onlara qapını göstərib: “Kimlərsə partiyanı saxtakarlıqda ittiham edir, həmçinin deyirlər ki, Müsavatın hakimiyyəti saxtakarlıqda ittiham etməyə haqqı yoxdur. Bu, elə hakimiyyətin marağında olan məsələdir. Hakimiyyətə bundan gözəl nə xidmət ola bilər?.
Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavatın arasındadır. Narazıların tutduğu yol haqlı deyil. Başqanlıq seçkisindən narazı qalan tərəf üç yoldan birini tuta bilərdi. Ya deyə bilərdi ki, əhəmiyyətli səs yığıb və bu səbəbdən partiyanın idarə edilməsində, qərarların verilməsində iştirak etmək niyyəti var. Bu niyyət nəzərə alına bilərdi. Yaxud dörd il gözləyib yenidən seçkiyə qatılmaq qərarı verə bilərdi. Üçüncü yol isə partiya sıralarını tərk etməkdir. Əvvəlki iki yolu tutmayanların gec-tez partiya nizamnaməsi ilə problemi yaranacaq. Partiya cəzalarından heç kim sığortalanmayıb. Ona görə hər kəs nə istədiyini aydın şəkildə müəyyənləşdirsin. Hakimiyyətlə birləşib partiyanı qurultaysonrası gərginlik sindromuna salmaq xəyanətdir. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. Cəhd edə bilərsiniz, bacarın görək necə olacaq? Amma Nizamnamə hallarının pozulması baş verərsə, bunun qarşısı alınacaq. Partiyanı hədələmək, xəyanətdir. Bunun adı yoxdur. Mən Müsavat Partiyasının seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.
Isa Qəmbərin bu cür çıxışından sonra zalda qalmaqal yaranıb, yerdən “İsa Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarları səsləndirilib.
“Bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”, – deyə Isa Qəmbər əsəbi halda cavab verib.
İnformasiya şöbəsi