Hakimiyyətin təxribatları baş tutmadı; Aksiyalar bundan sonra da davam edəcək
Milli Şuranın siyasi məhbuslara azadlıq tələbilə 9 noyabra təyin etdiyi mitinq baş tutub. Aksiya Bakı Şəhər Icra Hakimiyyəti ilə razılaşmaya uyğun olaraq yenə də saat 15.00-dan 17.00-a qədər “Inşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda keçirildi. Hakimiyyət hələ mitinqdən əvvəl aksiyasının baş tutmaması üçün təxribatlar törətsə də, məqsədinə nail ola bilmədi. Qeyd edək ki, iqtidar aksiyanın kütləviliyini azaltmaq üçüq əvvəlcə vaxtı dəyişdirdi. Aksiyanın noyabrın 10-da keçirələcəyi razılaşdırılsa da, Bakı Şəhər Icra Hakimiyyəti 2 gün qalmış mitinqin noyabrın 9-da keçirilməsinə icazə verdiyini açıqladı. Bundan sonra fəal gənclərin təqibinə start verildi.
Polis jurnalistləri “reşotka”ya salmaq istədi
Hakimiyyət hətta mitinq günü də təxribatlardan əl çəkmədi. Mitinqin başlanmasına az qalmış Bakı Şəhər Baş Polis Idarəsinin rəisi müavini Səhlab Bağırov aksiyanın təşkilatçılarına bildirdi ki, media mənsubları tribunanın qarşısında dayanmalı və buradan kənara çəkilməməlidir. Səhlab Bağırov polislərə göstəriş verdi ki, tribunanın qarşısına dəmir barmaqlıqlardan sədd çəksinlər. Lakin həm media mənsubları, həm də mitinqin təşkilatçıları buna qəti etiraz etdilər. Mitinqin təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tribunaya çıxaraq aksiya iştirakçılarını baş verənlər barədə məlumatlandırdı: “Polislər jurnalistləri qəfəsə salmaq istəyirlər. Biz bunu media mənsublarının peşə fəaliyyətinə mane olmaq kimi qiymətləndiririk. Mitinqin təşkilatçılarından biri olaraq bəyan edirəm ki, biz jurnalistlərin meydanda sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirməyin tərəfdarıyıq. Təhlükəsizlik adı altında jurnalistləri qəfəsə salmaq söz azadlığını boğmaq deməkdir”.
Bu etirazlardan sonra polislər dəmir barmaqlıqları tribunanın qarşısından götürməyə məcbur oldular. Qeyd edək ki, bütün bunlar baş verən zaman liderlər hələ meydana gəlməmişdi. Onların gəlişindən sonra dövlət himninin səsləndirilməsilə mitinq açıq elan olundu.
“Bayraq bayramında meydan bu millətin gerçək övladlarının oldu”
Aksiyanın aparıcısı AXCP gənclər komitəsinin sədri Ilham Hüseyn çıxış üçün ilk sözü AXCP sədri Əli Kərimliyə verdi.
Çıxışına aksiya iştirakçılarını Bayraq Günü münasibətilə təbrik etməklə başlayan Ə.Kərimli bildirdi ki, Milli Şuranın budəfəki aksiyası tarixi hadisədir: “Bayraq Günündə Azərbaycanın fədakar övladlarını, bu bayrağı başının üzərində dalğalandırıb, onu yenidən dövlət bayrağı etmiş mərd, ləyaqətli insanları ürəkdən salamlayıram. Bayraq bayramınız mübarək olsun. Bir neçə saatlıq da olsa bu gün bu meydanda tarixi ədalət bərqərar olunub. Bu milli bayrağımızın yenidən Azərbaycanın dövlət bayrağı olması üçün olduqca böyük məhrumiyyətlər yaşayıblar. Bu gün o bayrağın altında korrupsiya, oğurluqla məşğul olub xalqa divan tutanlar, son günə qədər müqavimət göstəriblər ki, o bayraq bizim milli bayrağımız olmasın. Indi Allah ağıllarını aldı bir anlıq səhv edib, guya bizim mitinqimizə mane olmaqdan ötrü mitinqimizi noyabrın 9-na keçirdilər. Mütləq ədalət belə bərqərar olundu. Bayraq bayramında meydanlar yenidən bizim, bu millətin gerçək övladlarının oldu”.
İndi ölkədə şər meydan sulayır
Hazırda keçirilən mitinqlərin tarixi əhəmiyyət daşıdığını vurğulayan Əli Kərimli dedi ki, Azərbaycan hakimiyyətinin repressiv siyasətinə baxmayaraq xalq zülmə baş əymək fikrində deyil: “Əziz həmvətənlərim bəlkə də sizin də çoxunuz onun fərqində deyil ki, bu gün sizin bu meydana gəlib bu mitinqi keçirməyiniz nə qədər böyük tarixi hadisədir.ÿBizim mitinqlər tarixi əhəmiyyət daşıyır.ÿBizim keçirdiyimiz bu mitinqlər demokratik, hətta yarımdemokratik ölkələrdə keçirilən mitinqlərlə müqayisə oluna bilməz. Hətta bizim əvvəlki zamanlarda bizim özümüzün keçirdiyi mitinqlərlə müqayisə oluna bilməz. Indi ölkədə şər meydan sulayır.ÿAzərbaycanın 100 nəfərə yaxın insanı həbsdədir. Bu gün Azərbaycandakı siyasi məhbusların sayı əhalisi 150 milyon olan Rusiya və Belarusdan iki dəfə artıqdır. Bu gün Azərbaycanda bütün Orta Asiya respublikalarından artıq siyasi məhbus var. Belə rejimlərin olduğu ölkələrin hamısında artıq cəmiyyət susdurulub.ÿYalnız Azərbaycanda reprsssiyalar tüğyan etsə də, yüzlərlə insan həbs olunsa da, hər bir ləyaqətli insanı bu həbslər gözləsə də buna baxmayaraq xalq meydandadır, şərə etiraz edir.ÿBu bir fenomendir. Mən sizin hamınıza buna görə təşəkkür edirəm”.
“Azərbaycanın mütərəqqi ziyalıları meydandadır”
Əli Kərimli bildirdi ki, bütün təzyiqlərə rəğmən, bu qədər həbslərə, müxalifətə qarşı aparılan şər-böhtan kampaniyalarına baxmayaraq bu ölkədə yenə də alternativlər, öz sözünü deyən təşkilatlar var: “Xalq Cəbhəsi, Milli Şura, Azərbaycanın mütərəqi ziyalıları, vətəndaş cəmiyyəti meydandadır. Bizim hamımızın ayaqda olmasının, məhbəsdəki dostlarımızın özünü qürurlu aparmasının səbəbi sizlərsiz. Əgər siz sadə azərbaycanlılar bu ölkənin dəyişməsinə inamınızı itirsəydiniz, ruhdan düşsəydiniz, o zaman Azərbaycanın öndə gedən oğulları, qızları özlərini arxasız bilib, ruhdan düşərdilər. Ona görə mən deyirəm Azərbaycanda ən qəhrəman insanlar bu milləti öz kürəyində gələcəyə daşıyan insanlar sizlərsiz. Mənim vətəndaşlarım, Azərbaycanın bir çox bölgəsindən bura çətinliklə, iş yerini riskə atıb bura gələn insanlar, gənclərimiz var. Onlar hər gün ciddi şəkildə təqib olunurlar. Amma buna baxmayaraq o insanlar hesab edirlər ki, susmağa haqqımız yoxdur. Darda olan dostlarımızı tək buraxmağa haqqımız yoxdur. Mən bir daha vurğulayıram ki, Azərbaycanda ictimai strukturların ayaqda qalmasının səbəbkarı sizsiniz”.
Əli Kərimli qeyd etdi ki, meydana toplaşmaqla insan hüquqlarının keşiyində olduğu, haqqı yazıb, danışdığı üçün məhbus edilmiş ləyaqətli insanlarımıza sahib çıxırıq: “Bizim mitinqimizin əsas amalı da ondan ibarətdir ki, hökumətinizin şərləyib cinayətkar deyib, həbsə atdığı o insanlara biz buradan dəstəyimizi ifadə edirik, onların qədrini bilirik, onları azadlıqda görmək istəyirik. Biz onlarla həmrəyik”.
“Özünüzü ifşa edəcəksiniz”
Çıxışına davam edən Əli Kərimli bildirdi ki, Milli Şuranın aksiyasının müəyyən mesajları var. Həmin mesajlardan birincisi odur ki, hakimiyyətin şərlə, quraşdırma işlərlə həbs etdiyin insanları cəmiyyət cinayətkar hesab etmir: “Biz Azərbaycanın həmin ləyaqətli insanlarını bağrımıza basır, onlara sahib çıxırıq. Ikinci mesajımız ondan ibarətdir ki, siz bu repressiyaları həyata keçirəndə umurdunuz ki, cəmiyyəti susduracaqsınız. Bu millətin dilinə qıfıl vuracaqsınız. Amma biz buradan bəyan edirik ki, baxmayaraq ki, siz çox adam həbs etmisiniz, bütün dünyanı özünüzə qarşı qoymusunuz Azərbaycan cəmiyyətini susdura bilməmisiniz. Azərbaycan cəmiyyətinin müxalifəti də, cəmiyyəti də yerindədir. Azərbaycan xalqı susmayacaq. Pislik özünüzə qalacaq. Özünüzü ifşa edəcəksiniz. Siz Azərbaycandan Şimali Koreya düzəldə bilməyəcəksiniz. Burada insanların verdiyi mesac ondan ibarətdir ki, bu dövləti qurmuş insanlar, bu dövlətə sahib çıxacaqlar. Sizin məqsədləriniz həyata keçməyəcək”.
Əli Kərimli əlavə etdi ki, hazırda yaşanan tarixi günlə zamanı gələndə fəxr ediləcək. Çünki aparılan mübarizə şərəflidir: “Azərbaycanda demokratiya bərqərar olunduqdan sonra vətəndaşlarımız aparılan mübarizə ilə fəxr edəcəklər. Bizim övladlarımız gələcəkdə soruşacaqlar ki, Azərbaycanda ağır illər olan zaman, ey ata, ey ana, hardaydınız? Insan hüquqları uğrunda mübarizə aparan Leyla Yunusa ingəncə verirdilər, zyialı etalonu sayılan Intiqam Əliyevi hər gün öldürürdülər. Azərbaycanın mərd mübariz oğurllarının Qurban Məmmədovun, Ilqar Məmmədovun, Seymur Həzinin, Tofiq Yaqublunun, Anar Məmm ədlinin, Bəşir Süleymanlının, Yadigar Sadıqlının, Pərviz Həşimlinin, NIDA-çı parlaq gənclərin Əbdülün, Ömərin, Muradın ömründən kəsirdilər onları çürüdürdülər. Azərbaycanın ləyaqətli dindarlarının iki gündən bir karsa salırdılar. O zaman siz haradaydınız? Bu sual hər kəsə veriləcək. O zaman bu meydanda olanlar fəxrlə deyəcəklər. O zaman ağır illər idi. Insanlar qorxudulmuşdu. O zaman o ölkədə ləyaqətlə yaşamaq çətin idi. Amma sənin atan, anan, baban, nənən həmin bir neçə min adamın arasında idi ki, biz özümüzdə güc taparaq meydanlara toplaşdıq. Bəyan etdik ki, bu meydanda diktatura keçməz. Biz dostlarımızı darda qoymacağıq. Biz onları azad edənə qədər meydanlarda varıq”.
Azərbaycan xalqının ölkədə demokratiyanın bərqərar olunmasının ölkəni seçilmiş insanların idarə etməsini istədyini deyən Əli Kərimli bildirdi ki, nəhayət bu ölkədə oğrular, korrupsionerlər, tufeylilər millətə dil uzatmasınlar: “Mən buradan sizə deyirəm. Həmin inamı qətiyyən itirməyin. Bu gün bu qədər insan səsini azadlıq üçün ucaldırsa, siz bu prosesin sadəcə iştirakçısı yox, təşkilatçısı rolunu üzərinizə götürsəniz o zaman mən sizə deyrəm ki, dünyanın çərxi Azərbaycanda da irəli gedəcək. Bu diktatura cəhdləri bir qara gün kimi tariximizdə qalacaq. Sabahlarımız aydındır. Hələ birimizin demokratik Azərbaycanda çoxlu uğurlarımız olacaq. Bunun üçün hamımız mübarizənin sıra nəfəri olaraq mübarizəyə davam etməliyik”.
Hakimiyyətin xalqın iradəsilə formalaşdırılmasına nail olmalıyıq
Daha sonra çıxış edən tanınmış vəkil Namizəd Səfərov bildirdi ki, siyasi məhbuslar azad olunmayana qədər ölkənin demokratik qüvvələri susmayacaq. Namizəd Səfər dedi ki, siyasi məhbuslar Azərbaycanda hüququn bərqərar olunmasını tələb etdiklərinə görə hədəfə gəliblər: “Bu baxımdan onların azadlığa buraxılması üçün sona qədər mübarizə aparmalıyıq.
Azərbaycanın Konstitusiyasını müvafiq olaraq hakimiyyət bölgüsü var. Lakin nə qədər ki, bu bölgü kağız üzərində qalacaq siyasi məhbuslarımız azad olunmayacaq. Ona görə də biz azad seçki tələb etməli, hakimiyyətin xalqın iradəsilə formalaşdırılmasına nail olmalıyıq. Bu məqsəd uğrunda davamlı mübarizə aparmalıyıq”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal çıxışında siyasi məhbuslara qarşı irəli sürülən əsassız ittihamlara toxundu: “Bəzi siyasi məhbusları vergidən yayınmaqda ittiham edirlər. Bəs ölkədən çıxarılan 48 milyardın vergi borcunu kim ödəyəcək? Bəs inhisarçılıq nəticəsində dövlət büdcəsinə dəyən 100 milyonlarla ziyanı kim ödəyəcək? Siyasi məhbuslardan bəzi isə narkotik ittihamı ilə həbs olunub. Bəs Azərbaycandan Gürcüstana keçirilən 3 ton heroindən niyə danışmırlar?
Çıxış etməmişdən əvvəl burda bir neçə şəhid ailəsi məndən xahiş etdi ki, onların da problemlərini diqqətə çatdırım. Onların sözlərinə görə, övladlarının şəhid olmasına görə dövlət 11 min manat sığorta ödəməlidir. Amma 1994-cü ildən bu yana həmin pulu ala bilmirlər. Bununla bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə də pulun ödənilməsi barədə qərar çıxarıb. Lakin yenə də nəticəsi yoxdur”.
Daha sonra söz “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevə verildi. Rahim Hacıyev bildirdi ki, indiki dövrdə hər bir vətəndaş üçün vicdanlı insan olmaq böyük əhəmiyyət kəsb edən məsələdir. “Azərbaycanda mövcud olan problemlər vətəndaşları pis vəziyyətə salıb. Ölkədə mövcud olan problemləri aradan qaldırmaq üçün hər birimizdən böyük qətiyyət və iradə ilə mübarizə aparmaq tələb olunur”,- deyə Rahim Hacıyev əlavə edib.
Çıxış edən AXCP Rəyasət Heyətinin üzvü, tanınmış iqtisadçı Nemət Əliyev isə ölkənin sosial-iqtisadi həyatına diqqət çəkdi. Nemət Əliyev bildirdi ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət böhran səviyyəsindədir. Insanlar aclıq və səfalət içindidərlər. Yalnız bir qrup varlanıb ki, o da hakimiyyətdə təmsil olunanlardır.
Dünyanın heç bir ölkəsində 100-dən artıq siyasi məhbus yoxdur
Sonda çıxış üçün söz Milli Şuranın sədri Cəmil Həsənliyə verildi. Cəmil Həsənlinin çıxışını təqdim edirik: “Ey millətimizin ruhuna hopmuş 3 rəngli bayrağın kölgəsinə sığınan millətin zərrələri! Ey ayağının altında vətən torpağı, başının üstündə vətən səması, ürəyində vətən məhəbbəti gəzdirən sizlər, bu meydana xoş gəlmisiniz! Qurucu babalarımız yoxdan bir bayraq ucaltdılar, milləti onun ətrafına topladılar və bugün də o bayraq sizin başınızın üzərində ucalır. Azərbaycan gəncliyi o bayrağı yenə də uca tutub, millətimiz yenə də o bayrağın kölgəsinə sığınıb. Bayraq, millətin ruhuna hopanda simvola çevrilir. Amma bayraq bunu özündə ehtiva etməyəndə, sadəcə bir bez parçasından başqa bir şey deyildir. Necə ki, 8 guşəli aypara bu bayrağa sığınmışdı, millətimiz də azadlıq uğrunda, demokratiya uğrunda, insan haqları uğrunda mübarizədə, bu bayrağı başının üstündə tutaraq, irəliyə addımlayacaq. Bu bayraq demokratiya bayrağıdır, bu bayraq azadlıq bayrağıdır, bu bayrağ milli yolu özündə ehtiva edən bayrağdır.
Əgər bu bayrağın yarandığı dövrə diqqət yetirsək görərik ki, xalqımızın milli-mənəvi ifadəsini ortaya qoyan Əhməd Cavad, Cəfər Cabbarlı, Müzhib və digər mütəfəkkirlərin bu bayraq haqqında necə ürəkdən gələn gözəl sözlər yazmışlar. Onlar deyirdilər ki, nəinki bu bayrağı öpmək, bu bayrağın kölgəsi düşən torpağı da öpmək fəxarətdir.
Ey millətin zərrələri, o gün gəlsin ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunsun, ruhumuza hopmuş bu 3 rəngli bayraq, vətənimizin bütün guşələrində ucalsın.
Ölkənin şərəf, vicdan, ləyaqət yükünü daşımaq, Azərbaycan gəncliyinin üzərinə düşüb. Eşq olsun Azərbaycan gəncliyinə!
Bilirsiniz ki, biz Milli Şura olaraq bu meydana siyasi məhbuslara dəstək olmaq üçün toplaşmışıq. Siyasi məhbusların sayı 100-dən çoxdur.
Dünyanın heç bir ölkəsində, monarxiyalarda, krallıqlarda, Afrikanın cəngəlliklərində belə, bizim ölkədəki kimi 100-dən artıq siyasi məhbus yoxdur. Biz demokratik bir ölkə qurmuş babaların varisləri olaraq yol verməməliyik ki, ölkəmizdə bu qədər siyasi məhbus olsun. Hər birimizin ürəyində onların portreti, abidəsi, ölməz obrazı vardır.
Bunlar son olaraq Xalid Qarayevi həbs etdilər və onu söyüş söyməkdə ittiham etdilər. Bizim ölkəmizdə söyüşlər artıq televiziya ekranlarından səslənir. Xalid Qarayev o qədər tərbiyəli adamdır ki, ayağını qoyduğu bu torpaqda, heç vaxt dilinə söyüş gətirməz. Xalid Qarayevi söyüş söyməkdə ittiham etmək, ən böyük ədəbsizlikdir.
Bunlar bütün ölkəni hasarlamaqla məşğuldular
Bu siyasi məhbusların günahı odur ki, öz haqlarını tələb edirlər, demokratiya istəyirlər, ədalətsizliyə etiraz edirlər. Bu insanların günahı azad düşünmək və azad düşüncəli insanları müdafiə etməkdir. Ar olsun belə insanları zindan küncünə məhkum edən hakimiyyətə!
Hörmətli mitinq iştirakçıları! Bu gün hakimiyyət bütün hoqqabazlıqlardan çıxır. Gətirib, jurnalistlər üçün burda “reşotka” düzəldiblər. Öz zoopark təfəkkürləri ilə cəmiyyəti bütövlükdə “reşotka”ya salmaq istəyirlər. Azərbaycan xalqı böyük ehtiyaclar içində yaşadığı halda onun sərvətlərini mənasızcasına hasarlara xərcləyirlər. Bunlar bütün ölkəni hasarlamaqla məşğuldular. Hansıki dünyada divarlar, dəmir pərdələr sökülür və bu uçurulan divarların yubileyləri qeyd olunur. Bəs, bunlar nə vaxt qəflət yuxusundan oyanacaqlar? Nə vaxt çağdaş dünyanın tələbləri ilə ayaqlaşacaqlar? Azərbaycanın dövlət başçısı Ilham Əliyev hər gün televiziya ekranlarından bəyan edir ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Mən başa düşmürəm, ərazisi 20 il işğal altında olan bir dövlətin güc meyarı nədən ibarətdir?
Təhsili yox, səhiyyəsi yox, torpağı işğal altında, əmək haqları dilənçi payı, iş yeri yox. Bu ölkənin gücün nədə görünür?
Bəlkə bu gücü, xarici ölkələrdə yerləşdirdikləri maliyyə vəsaitlərində görürlər?
Diqqət yetirin, mən tələbə olarkən, bəyənmədiyimiz sovet hökumətinin verdiyi tələbə təqaüdü ilə Moskvaya gedə bilərdim. Bu gün hansı tələbə aldığı təqaüdlə öz rayonuna gedə bilir? Hansı pensiyaçı aldığı pensiya ilə, aptekdə ona yazılan dərmanları ala bilər?
Bunlar bizim ölkəmizi elə vəziyyətə salıblar ki, burnu qanayandan, barmağı qanayana qədər, qonşu Irana pənah aparırlar. Azərbaycandan Irana o qədər adam müalicəyə gedir ki, Iranın sərhəd şəhərlərində bütün xəstəxanalarda türk dili işlədilir.
Azərbaycan tarixən kənd təsərrüfatı məhsullarının istehsalı ilə nəinki öz ölkəsini, qonşu ölkələri də təmin edib. Bu gün isə hakimiyyətin yeritdiyi siyasət nəticəsində, kənd təsərrüfatı zərərli sahəyə çevrilib. Ona görə ki, kəndçinin əməyinə haram qatıblar. Azərbaycan kəndçisini müflis edirlər, məzlumlaşdırırlar, çörəyə möhtac edirlər. Vətəndaşı, təqaüdə sığınan yazıq, fağır vətəndaşa çevirirlər.
Hakimiyyətin bu 20 il ərzində mənimsədiyi, yalnız alqı-satqıdır
Zülm olan yerdə, dirəniş olmalıdır. Eşq olsun sizlərə ki, bu dirənişi təşkil edirsiniz. Minlərlə müəllimin, həkimin, mədəniyyət işçisinin ürəyindən qara qanlar axır. Insanlar qazandığı pulu evinə apara bilmir.
Bunlar xarici ölkələrdə məktəblər, kilsələr, muzeylər təmir edirlər. Bir anlıq çıxıb Azərbaycanın rayonlarına baxsınlar və görsünlər ki, insanlar hansı acınacaqlı vəziyyətdə yaşayırlar.
Əmək haqlarının qaldırılmasından söhbət düşəndə, inflyasiya arqumentini gətirirlər. Inflyasiyanı saxlamaq üçün, milləti ac saxlayanlara ar olsun!
Dəyərli dostlar, 1 il bundan öncə Azərbaycanda seçki keçirildi və vətəndaşın seçki haqqı mənimsənildi. Beynəlxalq aləm bu seçkini 58 faiz saxta qiymətləndirdi. Indi, bələdiyyə seçkiləri gəlir. Kimin yadına düşür ki, Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
Bələdiyyələr bu gün elə bir vəziyyətə salınıb ki, hakimiyyət nümayəndələri də etiraf edirlər ki, bələdiyyələr torpaq satmaqdan başqa, heç nəyə yarmır.
Ümumiyyətlə, hakimiyyətin bu 20 il ərzində mənimsədiyi, yalnız alqı-satqıdır. Gələn il parlament seçkiləri gəlir. Seç ki, islahatları keçirtmək lazımdır. Vətəndaşın səsinə hörmət edən, etimadlı bir hakimiyyət formalaşmalıdı.
Eşq olsun, bu ölkənin ləyaqətli insanlarına, eşq olsun bu meydanda öz haqqını tələb edən sizlərə!”
Sonda mitinqin qətnaməsi oxundu.