Əliyevlər sanksiya təhlükəsi altında; Vaşinqtonda mühüm dinləmə keçirildi; işə Soros Fondu da qarışıb
“Siyasi məhbusların hamısı azad edilənə qədər Azərbaycan məmurlarına viza qadağası qoymaq lazımdır”
Oktyabrın 27-də Vaşinqtonda “Freedom House” təşkilatının və Acıq Cəmiyyət Fondunun (Soros) təşkilatçılığı ilə “Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları” mövzusunda dinləmə keçirilib.
Müzakirələrdə Avropa Sabitlik Təşəbbüsü Mərkəzi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID-in təmsilçiləri də iştirak ediblər.
Məruzəçilər son zamanlar Azərbaycan hökumətinin QHT-lər, fəallar, dissidentlər və vətəndaş cəmiyyətlərinə qarşı artan təzyiqlərindən narahatlıqlarını ifadə ediblər.
Bildirilib ki, Azərbaycan hökuməti kürü və digər bahalı hədiyyələrlə Avropa Şurasının dəstəyini satın alır, demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurur. Üzdə Qərbə inteqrasiya etdiyini göstərən Azərbaycan hökuməti son 6 ayda QHT-lər və digər təşkilatlara təzyiqlər göstərir. Bir sıra beynəlxalq qurumlar bununla bağlı narahatlığını ifadə etsə də, rəsmi Bakı tənqidlərə əhəmiyyət vermir.
Məruzəçilər deyiblər ki, AŞ PA üzvlərinin Azərbaycanda siyasi məhbusların mövcud olmadığına səs verməsi rəsmi Bakı üçün yaşıl işıq oldu. Çıxışlarda vurğulanıb ki, siyasi məhbuslar məsələsi ən yüksək səviyyədə gündəmə gətirilməli, real sanksiyalar, o cümlədən viza məhdudiyyətləri ilə Azərbaycan hakimiyyətinə təzyiq olmalıdır.
Çıxışlarda o da deyilib ki, Azərbaycanın dünyəvi, enerji təhlükəsizliyində rol oynayan demokratik ölkə imici yaratmaq istəyi uğursuzluğa düçar olub. Belə ki, Azərbaycan Avropanın enerji tələbatının yalnız 2-4 faizini təmin edir.
Müzakirələr zamanı Leyla Yunus və Rəsul Cəfərovun siyasi məhbusların siyahısını hazırladıqları, Saxarov kimi risk altına girdikləri deyilib.
Tədbir iştirakçıları Azərbaycanla əsasən üç istiqamətdə – demokratik inkişaf, təhlükəsizliklə bağlı əməkdaşlıq və enerji diversifikasiyası sahələrində iş aparılmasının mühümlüyünü önə çəkiblər.
Qeyd edilib ki, bir sıra sahələrdə ABŞ və Azərbaycan arasında nailiyyətlərə baxmayaraq, insan haqları, insan qaçaqmalçılığı və əmək qanunları kimi mühüm məqamlarda görülməli çox iş var.
Tədbir iştirakçıları Azərbaycanın əhəmiyyətini vurğulasalar da, əsas prinsiplərdən imtina edilməyəcəyini qeyd ediblər. Azərbaycanda sanksiyalar tətbiq edilən Belarus və Rusiyadan iki dəfə çox siyasi məhbus olduğunu deyən məruzəçilər onların dərhal azad edilməsinə yollar tapılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə son zamanlar bir neçə məhbusun əfvi alqışlansa da, məhbusların açıq şəkildə alçaldılması və onların məhbəslərdə saxlanma şəraitlərinin ağırlığı tənqid edilib.
Məruzəçilər Azərbaycanda QHT-lərin fəaliyyətinə imkan verilmədiyini, hökuməti tənqid edən hər kəsin həbs və ya şantaj edildiyini deyiblər. Buna nümunə kimi Xədicə İsmaylın özəl həyatından video yayımlanması və onun hədələnməsi göstərilib.
Tədbir iştirakçıları – amerikalı məmurlar, insan hüquqları fəalları bu fikrə gəliblər ki, hakimiyyətin hüquq müdafiəçilərinə və QHT-lərə təzyiqlərinin qarşısını almaq üçün əlavə səylər olmalıdır.
Avropada Sabitlik Təşəbbüslərinin təsisçisi, Berlindən olan Cerald Knaus deyib ki, Azərbaycanda insan hüquqlarının kobud pozulmasını sadalamaq və hakimiyyəti utandırmaq metodu kifayət qədər yetərli deyil. “Azərbaycana qarşı Maqnitski qanunu kimi sanksiya alətini nəzərdən keçirməyin vaxtı çatıb”, – deyə Knaus vurğulayıb.
O bildirib ki, Qərb strateji məsələdə vahid mövqedə olmalıdır: Azərbaycan hakimiyyətinin Strasburq, London və digər Avropa paytaxtlarındakı tərəfdarları utandırılmalıdır.
“İnsan hüquqlarını müdafiə edən Leyla Yunus, Rəsul Cəfərov kimi hüquq müdafiəçiləri özləri repressiya qurbanına çevrilib və həbs olunublar. Bu, ölkədə 100 siyasi məhbusun tam siyahısı dərc olunandan dərhal sonra baş verib.
Bütün bunlar Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etdiyi vaxtda baş verir və ölkə demək olar ki, hər həftə öz sədrliyindən sui-istifadə edir.
100 nəfər siyasi məhbusun hamısı azad edilənə qədər insan hüquqlarının pozulmasında təqsiri olan Azərbaycan məmurlarına vizaların verilməsinə qadağa qoymaq lazımdır”, – deyə Knaus təklif edib.
Digər çıxışçılar da razılaşıblar ki, Qərb Azərbaycanın geosiyasi durumu səbəbindən özünün insan hüquqları prinsiplərini təhlükə altına almamalıdır.
Fuad Qəhrəmanlı: “Bu müzakirələr administrasiyanın siyasətinin müəyyən olunmasına təsir göstərir”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirdi ki, Amerikanın xarici siyasətində həmişə QHT-lərin təsiredici rolu olub. Bəzi hallarda administarsiyaya lazım olan mesajların məhz QHT-lər vasitəsilə dilə gətirildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Amerika siyasətində QHT-lər qeyri-rəsmi təsir mexanizmi kimi fəaliyyət göstəriblər: “Bu baxımdan keçirilən müzakirə kifayət qədər əhəmiyyətlidir. Bu müzakirələr administrasiyanın siyasətinin müəyyən olunmasına təsir göstərir. Amerika siyasəti sadəcə olaraq kabinetlərdə müəyyən olunmur. Amerikanın siyasəti müəyyən olunarkən müxtəlif araşdırma mərkəzlərində müzakirələr aparılır. Bu müzakirələrdə səslənən fikirlər, mövqelər isə diqqətdə saxlanılır. Bu baxımdan müzakirələr Obama administrasiyasının Azərbaycanla münasibətlərinin konturlarını özündə ifadə edir. Ona görə müzakirələrdə səslənən fikirlər Azərbaycana qarşı daha konkret mövqenin ifadə olunmasına təsir göstərəcək. Bu o deməkdir ki, Amerikanın Azərbaycanla bağlı siyasətində son zamanlar ifadə olunan narazılıqlar artıq yeni bir yanaşma tərzinə keçir. Bu yanaşma tərzi də birdən-birə reallaşmır. Bu, müxtəlif institutlar arasında müzakirələrdən sonra ifadə olunur. Hazırda müzakirə mərhələsidir”.
F.Qəhrəmanlının fikrincə, müzakirələrdə Azərbaycandakı siyasi məhbusların sayının Rusiya və Belarusdan çox olmasının, Azərbaycan hakimiyyətinin korrupsiya yolu ilə özünə imic qazanmasının vurğulanması o deməkdir ki, ölkəmizdəki vəziyyət dünya səviyyəsində aydın başa düşülür. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin “kürü diplomatiyası” vasitəsilə dünyanı aldatmaq imkanları aradan qalxıb: “Dünya hazırda onu götür-qoy edir ki, siyasi rəqiblərinə qarşı repressiya siyasəti yürüdən, hər hansı demokratik normanı tanımayan Azərbaycandakı avtoritar rejimə münasibətdə hansı davranışlar seçilməlidir. Bu cür müzakirələr isə Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur. Azərbaycan toplumu uzun müddət idi ki, hakimiyyətin yürütdüyü siyasətə qarşı adekvat beynəlxalq reaksiyanın göstərilməsini istəyirdi. Adekvat reaksiya artıq formalaşıb. Bu münasibət Azərbaycan hakimiyyətini beynəlxalq təcridə, bunun ardınca da beynəlxalq təzyiqlərə məruz qalmasına gətirib çıxaracaq. Indiyə qədər bu diplomatik təzyiqlər idi. Amma artıq sanksiyalar məsələsi gündəmə gətirilib. Bununla da bağlı beynəlxalq səviyyədə yekdil rəy formalaşıb. Bir müddət sonra sanksiyalar qaçılmaz olacaq”.
Azərbaycana qarşı hazırkı dönəmdə “Maqnitski qanunu”nun tətbiqini real sayan F.Qəhrəmanlı vurğuladı ki, ölkəyə qarşı ümumi sanksiyanın tətbiqi bir qədər gələcəyin işidir. Amma “Maqnitski qanunu” insan haqlarının pozulmasında xüsusi rol oynayan məmurlara qarşı hazırkı dönəmdə tətbiq edilə bilər: “Belə bir addım hakimiyyətdəki məmurlara qarşı effekt verə bilər. Çünki onlar hakimiyyətdə olduqları dönəmdə korrupsiya yoluyla topladıqları vəsaitlərin böyük bir hissəsini Qərb banklarına yerləşdiriblər. Əgər ”Maqnitski qanunu”nun tətbiqindən sonra real nəticələr çıxarılmazsa, Azərbaycan hakimiyyətinə istiqamətlənən başqa addımlar da atıla bilər”.
Müzakirələrdə Avropanın enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın oynadığı rola toxunulmasına gəlincə isə, F.Qəhrəmanlı vurğuladı ki, həqiqətən də Azərbaycanın bu məsələdə rolu şişirdilib: “Nəyə görə bu rol şişirdilir? Azərbaycan hakimiyyəti uzun illər ona çalışıb ki, əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə onları təmsil edən dövlətlərin siyasətinə təsir etsin. Və nəticədə Azərbaycana münasibətdə loyal siyasət sərgilənsin. Yəni Azərbaycan hakimiyyəti enerji siyasətinə bir iqtisadi məqam kimi yanaşmayıb, eyni zamanda iqtidarı qorumaq üçün ondan vasitə kimi yararlanıb”.
Xəyal