«Haqqı» çatmayan yeni tikililər “qanunsuz» adıyla dağıdılır
Azərbaycan vətəndaşı taleyin ümidinə buraxılıb. Onun dövləti yoxdur, girov düşdüyü amansız zor aparatı var. Onlar öz ölkəsində heç nəyə, heç bir hüquqa sahib deyil. Seçib-seçilmək, təminatlı təhsil, səhiyyə, hayatını zövqünə, istəklərinə uyğun qurmaq kimi ali hüquqlar bir yana, hətta ev tikmək, əlində olanı qorumaq huququndan da məhrum edilib bu məmləkətin gerçək sahibləri.
Bir sözlə, onların ölkəsində onlara məxsus heç nə yoxdur, heç bir hüquqları tanınmır. Əvəzində isə, Dubaya əxlaq daşımaq, Rusiyada qul işləmək, Irana müalicəyə getmək, doğulmadan həyatla vidalaşmaq, öz evinə qumbara atmaq, ən uca körpünün zirvəsindən intiharını reallaşdırmaq azadlığı və daha nələr verilməyib ki, bu xalqa…
20 illik sistemin eybəcərliklərini saymaqla bitən deyil. Az qala, hər kəsin üzərində yaramaz bir sınaq reallaşdırılır. Yaxud Azərbaycan insanı çıxılmazlıqdan hər ötən gün bəşər övladının ağlına gəlməyən hansısa dəhşətə imza atır. Amma ədalət naminə, Azərbaycandakı rejim həyatında dəyişiklik etmək istəyən hər kəsin yanında olmağı da bacarır. Daha doğrusu, yanında deyil, başının üzərində. Məsələn, iki gün öncə Binəqədi Rayon Icra Hakimiyyəti bu işi daha yaxşı bacardığını praktik nümunələrlə sübuta yetirib.
Gördüyünüz bu fotoda, açıq görünür ki, bina tamamlanmaq mərhələsində dağıdılıb. Həm də tam deyil, qismən. Demək, binanın tamamlanması üçün tələb olunan “haqq” tam ödənilməyib. Ona görə də, tikili tam yox, qismən dağıdılıb. Yəni alınan “haqq”a uyğun davranılıb. Biz əvvəlcə bunu ehtimal etsək də, sakinlər bunun ehtimal yox, həqiqət olduğunu bildirdilər. Sakinlərdən biri bildirir ki, Binəqədidə heç kimə güzəşt yoxdur. “Tələb olunan ”haqq” qismən ödənilibsə və sən verdiyin “haqq”dan artığını etməyə cəhd edirsənsə, səni belə cazalandıracaqları qaçılmazdır. Əgər heç bir məbləğ ödənilməyibsə, o zaman daşı-daş üstə qoya bilməzsən”. Ərazidə yaşayan sakinlər onu da bildirir ki, Binəqədi qəsəbəsində bir qat ev üçün 5-7 min manat, ikinci qat üçün bu məbləği azı ikiyə vurmaq tələb olunur. Bəli, Binəqədi Rayon Icra Hakimiyyəti haqlıdır, vətəndaşı nəzarətsiz buraxsan, özünə ev də tikər, hələ bir evin ətrafına hasar da çəkər.
Gördüyünüz növbəti evin sahibi də tələb olunan “haqq”ı çatdıra bilmədiyinə görə Binəqədi Rayon Icra Hakimiyyətinin qəzəbinə tuş gəlib. Heç bir məhkəmə qərarı olmadan, tamamlanmaq üzrə olan bu ev də tamamilə yararsız hala salınıb. Tikili sahibini tapa bilməsək də, digər sakinlər evlərin dağıdılması səbəblərinə aydınlıq gətirdilər. Məsələn, sakinlərdən biri deyir ki, Xaləddin Isgəndərov Binəqədiyə icra başçısı təyin olunana kimi bu ərazilərdə qatından asılı olmayaraq, tikilən evlər üçün cəmi bir neçə yüz manat tələb olunurdu. Həmsöhbətimiz qiymət artımının, dağıntıların artmasının arxasında şəxsən Binəqədinin icra hakiminin iradəsinin durduğunu bildirdi. Başqa bir sakin isə, tikililərin dağıdılması zamanı icra nümayəndələrinin və polisin vətəndaşlara qarşı kobud rəftarından gileyləndi. “Ahıl bilmirlər, uşaq saymırlar, insanlara qarşı açıq vəhşilik olunur, amansız davranılır. Bəs hanı bu ölkənin rəhbərliyi? On minlərlə insanı belə səriştəsiz, amansız, haqdan və ədalətdən uzaq insanlara tapşıranlar nə düşünür bu haqda?”. Bir gənc isə Binəqədi qəsəbəsində baş verən son olayları Ilham Əliyevin bir il ərzində qəsəbəyə ikinci dəfə reallaşan səfəri ilə əlaqələndirir. Vətəndaş fikrini onunla izah edir ki, Binəqədi Rayon Icra hakimiyyəti prezidentin səfərləri zamanı sərf olunan külli miqdarda pulu yeni inşa olunan tikintilərdən və sahibkarlardan yığılan pullarla kompensasiya etmək istəyir. “Onlar insanlarla xüsusi amansızlıqla davaranır ki, istənilən pulu verməkdən başqa yol qalmadığını özləri üçün qətiləşdirsinlər. Siz Binəqədi ərazisini gəzsəz, yüzlərlə yeni tikilən evin dağıdıldığının, bu zaman onlarla insanın döyülüb xəsarət aldığının şahidi olacaqsız”. Yeri gəlmişkən, bu şəkildə də dövlətin gücündən səmərəli istifadə olunduğu öz əksini tapıb.
Bu şəkildə isə açıq görünür ki, ərazi qazlaşdırılıb, müasir formada elektrik xətləri çəkilib və hətta sakinlər rabitə xətlərilə də təmin olunub. Kiçik bir ərazi istisna olmaqla, ərazidə tikinti üçün boş yer qalmadığı da görünür.
Amma görünən bu boş ərazidə tikinti aparmaq yasaq olunub. Təbii ki, “haqq”ı ödənilmədən. Düzdür, fotodan görünür ki, kimsə bu ərazidə tikintiyə cəhd edib, amma onun tikmək istədiyi evin özülünü beləcə darmadağın ediblər. Özülün dağıdılması isə, tikinti üçün heç bir məbləğin ödənilməməsinin göstəricisi sayıla bilər. Hər halda sakinlər belə iddia edir.
Dörd tərəfdən evlərlə əhatə olunan bu boş sahədə də tikinti işlərinin aparılması qadağan edilib. Hətta ərazinin dəmirdən hasar çəkilməsinə də imkan verilməyib. Təbii ki, bu zolaqdan nə yüksək gərginlikli elektrik, nə su, nə neft, nə də tikinti aparılmasını mümkünsüz edən digər kommunukasiya xətləri keçir. Heç dövlət ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan ərazi də deyil. Göründüyü qədər, dəniz, meşə kənarı da deyil. Demək, yenə də problemin kökündə məmur ehtiyaclarının qarşılanmaması dayanır. “Haqqını ver, evini tik” prinsipi Binəqədinin boş qalan hər qarışı üçün əsas prinsipdir.
Xarabalığı xatırladan bu görüntü də hər hansı təbii fələkətin nəticəsi olaraq meydana çıxmayıb. Daxmanı xatırladan tikilinin, hasarların dağıdılması da “haqq davası”nın məntiqi nəticəsidir.
Bəli, bütün sahələrdə təminatsız buraxılan bu insanların istəyi çox sadədir: Sadəcə, evləri olmasını istəyirlər. Ölkəni idarə edənlərdən, şəxsən Ilham Əliyevin Binəqədiyə başçı təyin etdiyi Xaləddin Isgəndərovdan da bir təmənnaları yoxdur. Onlar heç siyasətlə də maraqlanmır. Əlində qələm offşorlardan, Dubaydan, seçki saxtakarlığından yazanlar da deyil bu adamlar. FB-də hakimiyyət əleyhinə statuslar yazan insanlar da deyillər. O zaman niyə bu adamların fəryadını eşitmirsiz? Nə prinsipiniz var, köməksiz, hüquqsuz insanlarla? Axı torpağı satan da, “haqq” alan da, ev sökən də sizin məmurlardır, hər şeyi sizin üçün etdiklərini deyirlər.
azadliq.info