İlham Əliyevə ünvanladığı müraciətə görə döyüldüyünü bildirən Nadir Ağayevin ölkə başçısına yazdıqları «Azadlıq»da
Sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Nadir Ağayevə “beşbarmaqla” zərbələr endirib. Dissident “Azadlıq”a bildirib ki, döyülməsi ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətlə bağlıdır. Nadir Ağayev geniş müraciəti broşür şəklində çap etdirib.
Həmin broşürü əldə etmişik. Nadir Ağayev Ilham Əliyevə müracətində mərhum dövlət başçısı Heydər Əliyevi ittiham edir. Dissidentin sözlərinə görə, onun işdən çıxarılaraq həbs olunması və başına gələn müsibətlərdə məhz Heydər Əliyev günahkardır.
Nadir Ağayevin müraciətindən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq.
Sakinlərlə görüşdə təxribat
“Həmin dövrdə başıma gələn hadisələrlə əlaqədar ”Millət” qəzetində iki dəfə material dərc olunmuşdur. Birincisi 05.02.1994-cü ildə “YAP Siyasi Şurasının üzvü aclıq edir” başlığı altında, ikincisi isə 12.02.1994-cü ildə “Keçmiş dissidentin bugünkü problemləri” başlığı altında. Bunların da Heydər Əliyevə heç bir təsiri olmadı.
Bir tərəfdən Heydər Əliyevin məni qəbul etməməsi, o biri tərəfdən isə Bəylər Əyyubovun himayədarlığı və bilavasitə rəhbərliyi ilə bir qrup ermənistanlı kürdün Binəqədi rayon Icra Hakimiyyətinin başçısı Şirməmməd Xanməmmədovla birləşib məni tutduğum vəzifəmdən uzaqlaşdırmaq üçün təzyiq və təqiblərinin sonsuz olmasına görə, onları ifşa etmək məqsədilə qərara gəldim ki, 18 fevral 1994-cü ildə “Binəqədineft”in mədəniyyət sarayında rayon ictimaiyyəti ilə görüş keçirim. Bunun üçün “Binəqədineft”in rəisi rəhmətlik Yaşar Əliyevdən rəsmi icazə aldım. Sonra yığıncağın keçiriləcəyi barədə “Səhər” və “Yeni Azərbaycan” qəzetində elan verdim. Yığıncaqda mən gözlədiyimdən də çox, 500 nəfərdən artıq adam, o cümlədən YAP Siyasi Şurasının üzvləri Səfyar Musayev, Hacıbala Abutalıbov, Əsədulla Qurbanov, Şahlar Əsgərov, Kərim Kərimov, Ağabəy Əsgərov, YAP Nəzarət Təftiş Komissiyasının sədri Rizvan Vahabov və digər YAP aktivləri iştirak edirdilər.
Qabaqcadan hazırlanmış ssenari əsasında bir qrup ermənistanlı kürd cürbəcür xuliqanlıq əməllərinə əl atıb, yığıncağın normal keçməsinə mane oldular. Onların bu əməllərinə baxmayaraq ara vermədən çıxışımı davam etdirməyə və verilən suallara maksimum cavab verməyə nail oldum. Yüğıncaq iki saat davam etdi və əvvəldən axıra kimi videokasetə çəkildi. Bəylər Əyyubovun himayədarlığı və bilavasitə rəhbərliyi altında şəxsiyyətləri Azərbaycan xalqına məlum olmayan bir qrup ermənistanlı kürdün xuliqanlıq və özbaşınalıq əməllərinə Heydər Əliyevin şəxsən özünün baxması üçün, videokasetin surətini dövlət müşaviri Arif Rəhimzadəyə verdim. Ümidvaram ki, vaxt gələcək bu videokaset respublikanın telekanallarında da nümayuiş etdiriləcəkdir”.
Səfiyar Musayev Arif Rəhimzadəyə nə deyib?
Nadir Ağayev deyir ki, yığıncaqdan bir gün sonra işə gələrkən icra hakimiyyətinin qarşısında dayanmış silahlı dəstə onu binaya buraxmayıb. Dissidentin sözlərinə görə, həmin silahlı dəstə Şirməmməd Xanməmmədovun olub: “Mənə dedilər ki, Şirməmməd Xanməmmədov səni işdən azad edib.
Iki saatdan sonra mənə xəbər çatdı ki, 18 fevral 1994-cü ildə axşam saat 23 radələrində üç nəfər – Cahangir Hüseynov (rayon sosial-təminat şöbəsinin müdiri), Məmməd Bayramov (rayon təhsil şöbəsinin müdiri) və Isgəndər Isgəndərov (276 saylı orta məktəbin tarix müəllimi) mənim kabinetimin qapısını sındırıblar. Cahangir Hüseynov mənim kürsümdə oturub. Sonra başçı Şirməmməd Xanməmmədov da ora gəlib. Mənim üzərimdə çaldıqları “böyük qələbəni” qeyd etmək üçün “Zümrüd” restoranına telefon edib, yeyib-içmək gətizdirib, elə oradaca ziyafət təşkil ediblər.
Dövlət müşaviri Arif Rəhimzadəyə telefon edib, yaranmış vəziyyət barədə ona məlumat verdim. O dedi: “Şirməmməd Xanməmmədov banditin biridir. Mən ona bir söz deyən deyiləm. Bir qədər döz, 2-3 günə prezident onun tutduğu vəzifədən azad olunması barədə fərman verəcək. Sonra gedib oturarsan öz yerində”. Lakin heç də Arif Rəhimzadə deyən kimi deyil, tamamilə əksinə oldu. Yəni, iki gündən sonra, 21 fevral 1994-cü ildə mənim vəzifədən azad olunmağım, Heydər Əliyevin cangüdənlərinin başçısı Bəylər Əyyubovla anlaşan Cahangir Hüseynovun isə mənim yerimə təyin olunması barədə əmr verildi.
Bir neçə gün sonra axşam professor Səfiyar Musayev mənə telefon edib, dedi ki, dövlət müşaviri Arif Rəhimzadə ilə danışıb. Bildirdi ki, sabah saat 15-də Prezident Aparatının qarşısında ol, bir yerdə onun yanına gedəcəyik. Səfiyar Musayev Arif Rəhimzadəyə dedi: “Arif! Nadir sizin üçün başqa adamlardan deyil. Sabah bir zibil törədər, hamınız başınızı tutarsınız. Sonra gec olar. Buna qarşı olan ədalətsizlikləri prezidentə çatdır. O bir tədbir görsün. Bu adam respublikada normal işləyib, yaşamalıdır”.
Arif Rəhimzadə çox o yan, bu yandan danışdı, sonda mətləbə keçib dedi ki, mən prezidentə heç cürə çatdıra bilməyəcəyəm. Ona görə ki, ortada Bəylər Əyyubov var. Səfiyar müəllim Arif Rəhimzadənin bu cavabından narazı qaldı, hətta incidi də. Mən isə Səfiyar müəllimə dedim ki, Arif Rəhimzadənin düz sözündən narazı qalıb inciməyə ehtiyac yoxdur. Açıq və təmiz danışığına görə mən Arif Rəhimzadfəyə minnətdaram. Sonra Arif Rəhimzadəyə dedim ki, sizdən bir xahişim var. Bəylər Əyyubovun adını çəkmədən prezidentə deyin, mən sizdən xahiş etmişəm ki, ona deyəsiniz vacib bir məsələ barədə imkan tapıb məni qəbul etsin. O dedi bunu edərəm”.
Nadir Ağayev yazır ki, 6 mart 1994-cü il tarixində Arif Rəhimzadə ona zəng edib: “Mənə dedi ki, bu gün prezident Çinə getdi. Yola düşməmişdən öncə öz fondundan 160 min manat məbləğində sənə yardım verilməsi barədə sərəncam imzaladı”. Dedim mən prezidentdən yardım istəməmişəm. Məni qəbul etməsini xahiş etmişəm. Arif Rəhimzadə dedi ki, sən hələlik müvəqqəti dolanmaq üçün gəl yardımı al. Prezident Çin səfərindən qayıdandan sonra imkan tapıb, səni qəbul edəcək.
Sərəncamla tanış olub, üzünü köçürüb, pulu aldım”.
ardı var