Nadir Ağayevin İlham Əliyevə yazdıqları “Azadlıq”da; o, məhz bu müraciətə görə döyüldüyünü demişdi
“Polis idarəsindən evimə cəmi bir dəfə gəliblər. Sonra mənə zəng etdilər, məhkəmə ekspertizasına getdim. Həkim başıma dəmir alətlə, beşbarmaqla zərbə vurulduğunu dedi”. Bu sözləri “Mediaforum”a tanınmış dissident Nadir Ağayev deyib. Nadir Ağayev sentyabrın 24-də evinin yaxınlığında naməlum şəxslər tərəfindən qəddarlıqla döyülüb. Dissidentə “beşbarmaq”la zərbələr endirilib.
Nadir Ağayev deyir ki, bu günə qədər heç kəs şübhəli şəxs qismində saxlanmayıb: “Hadisə ilə bağlı polislər qonşulardan da ifadə alıb. Qonşular deyib ki, hadisədən bir neçə gün əvvəl dəfələrlə həyətdə görünən qəribə şəxsləri üzdən tanıyırlar. Polisin son sözü bu olub ki, istintaq aparılır, cinayətkarı tapacağıq. Səhhətim yavaş-yavaş düzəlir. Əvvəl nə sağa, nə sola dönə bilirdim. Ancaq üzüyuxarı vəziyyətdə yatırdım. Indi ağrılar keçib”.
Nadir Ağayev hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmədiyini deyib: “Bunu mənə nə təklif ediblər, nə də özüm istəmişəm. Sovet dövründə 24 dəfə məhkəmə qarşısına çıxmışam, bir dəfə də vəkilim olmayıb. Başım çox bəlalar çəkib, bu sahədə təcrübəm çoxdur. Özüm öz vəkiliməm. Amma lazım olsa, vəkil də tutaram. Istintaqın gedişi ilə maraqlanmıram. Hesab edirəm tezdir, belə işlərdə günahkarı 3-5 günə tapmırlar axı. Yalnız təsadüfən belə tezliklə müsbət nəticə ola bilər. Iki həftə keçsin, cavab olmasa, müstəntiqə zəng edəcəm.
Başıma gələnlərə görə iki nəfərdən şübhələnirəm, sifarişçi onlardır. Indi həmin şəxslər yüksək səviyyəli adamlardır, istintaq sirridir deyə adlarını açıqlamıram. Killer gicgahımda məhz ölüm nöqtəsinə vurub. Belə şeyləri çox görmüşəm. Qapalı yerlərdə saxlananda gözümün qarşısında onlarla belə ölüm hadisəsi baş verib. Məni həmişə Allah saxlayıb, indi də Allah saxladı. Heç kəslə düşmənçiliyim yoxdur. Taleyimə belə yazılıb, nə edə bilərəm…”
Nadir Ağayev “Azadlıq”a bildirmişdi ki, onun ölkə başçısı Ilham Əliyevə etdiyi müraciətə görə döyüblər. Dissident geniş həcmli müraciəti broşür şəklində çap edib.
“Azadlıq” həmin müraciətin maraqlı hissələrini təqdim edir.
(əvvəli bu hissənin sonunda)
“Səfər Şamilova başa saldım ki, bu vəzifədə işləmək istəmirəm. Indi respublikada aləm qarışıb bir-birinə. Icra hakimiyyətində işləmək mənim işim deyil. Mənə sakit bir iş lazımdır ki, başımı aşağı salıb ailəmi dolandırım. Dedim bu cəmiyyətdə bişmiş adamsan, bəlkə sən gedəsən bu vəzifəyə? O razılıq verdi. Onun sənədlərini hazırlayıb, Rizvan Vahabovla görüşdüm. Dedim icra hakimiyyətində işləmək mənlik deyil. Səfər Şamilovu sən də tanıyırsan, Heydər Əliyev də. Icra hakimiyyəti onun yeridir. Heydər Əliyevə mənim adımdan çatdır ki, Səfər Şamilova bu vəzifəyə təyin etsin. Mənə isə mümkün olarsa dolanmaq üçün sakit bir iş versin. O vaxt Heydər Əliyev əminiz Cəlal Əliyevin evində yaşayırdı. Bir həftədən sonra Rizvan Vahabov dedi ki, sənin xahişini Heydər Əliyevə çatdırdım. O da Cəlal Əliyev də dedi ki, bu vəzifəyə sən özün getməlisən”.
Heydər Əliyevlə Nadir Ağayevin Gülüstan sarayında görüşü
Nadir Ağayev yazır ki, Heydər Əliyev onun Binəqədi Icra Hakimiyyətində birinci müavin işləməsində təkid etsə də, Bakı Şəhər Icra Hakimiyyətinin o vaxtki başçısı Rəfael Allahverdiyev sərəncam vermirdi: “Nəhayət prezident seçkisi oldu. Atanız prezident seçildi. Respublika sarayında andiçmə mərasimindən sonra ”Gülüstan” sarayında keçiriləcək ziyafətə getdik. Ziyafət zalına daxil olanda mənə dedilər ki, Murtuz Ələsgərov səni axtarır. Murtuz Ələsgərovu gördüm, o məni bir otağa gətirdi. Masanın üstündə böyük bir gül buketi var idi. Murtuz Ələsgərov dedi ki, biz qərara gəlmişik ki, YAP-ın adından Heydər Əliyevi müstəqil Azərbaycanın prezienti seçilməsi münasibətilə sən təbrik edəsən. Bunun həm də siyasi mənası var: keçmiş dissident indi Heydər Əliyevi təbrik edir. Ziyafət zalına daxil olduq. Heydər Əliyevə yaxın masada oturduq. Məclisin qızğın yerində Fərəməz Maqsudov dedi ki, mən ssenaridən kənara çıxmaq istəmirdim, amma Ziya Bünaydov söz istəyir, ondan keçə bilmirəm. Növbəti çıxış onundur, hazırlaşsın. Bu vaxt bir nəfər Murtuz Ələsgərova dedi ki, Ziya Bünyadova söz verildiyi üçün ssenari pozulmasın deyə sizin çıxış təxirə salındı. Sizdə olan təbrik qovluğunu verin Nadir Ağayevə. Mənə dedi ki, gül buketini və təbrik qovluğunu götür, Ziya Bünyadovla birgə Heydər Əliyevi təbrik etməlisiniz. Ziya Bünyadovdan sonra mən də gül buketini və təbrik qovluğunu atanız Heydər Əliyevə verib onu təbrik etdim. Atanız isə mənim əlimi tutub buraxmadı. Soruşdu ki, işləyirsən? Dedim xeyr. Dedi necə yəni xeyr. Axı mən Rəfael Allahverdiyevə tapşırmışam. Dedim siz tapşırmısınız, mən də sənədlərimi vermişəm. Sərəncam və ya əmr olmamış necə işləyə bilərəm? O dedi ki, Rəfael Allahverdiyev kimdir ki, mənim göstərişimə əməl etməsin”.
Səfiyar Musayev dissidentlə görüşündə nə deyib?
Dissidentin sözlərinə görə, bu hadisədən iki həftə ötsə də, Rəfael Allahverdiyev sərəncam verməyib: “Nəhayət 23 oktyabr 1993-cü ildə Heydər Əliyev mən də daxil olmaqla 30 nəfəri yanına çağırdı. Axşam saat 9-dan gecə 2-yə kimi yanında olduq. Çıxış üçün özü hamıya bir-bir söz verirdi. Mən çıxış etdikdən sonra yenə soruşdu ki, işləyirsən. Dedim ki, xeyr. Bu vaxt o Rəfael Allahverdiyevə dedi ki, sən kimsən ki, mənim göstərişimə əməl etmirsən. Təcili olaraq sərəncam ver.
3 gün sonra məni Bakı Şəhər Icra Hakimiyyətinə çağırdılar. Gördüm ki, artıq sərəncam hazırdır.
Iki saat idi ki, Binəqədi Icra Hakimiyyətində birinci müavin vəzifəsinə təyin olunmuşdum, Səfiyar Musayev yanıma gəldi. Işə başlamağım münasibətilə məni təbrik etdi. Sora isə dedi ki, Nadir müəllim sənə görə ürəyim yanır. Səni burada işləməyə qoymayacaqlar. Bu yer satılıb. Bazar günü mənə xəbər çatdı ki, prezidenti mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov birinci müavin olmaq üçün rayonun sosial təminat şöbəsinin müdiri Cahangir Hüseynovla, başçı olmaq üçün isə Şirmməməd Xanməmmədovla anlaşıb. Ona görə də gəldim ki, səni xəbərdar edim. Ehtiyatlı ol. Heç bir təxribata uyma. Indi Cahangir Hüseynov bu kürsüdə oturmaq üçün çalışacaq ki, buradan gedəsən. Burada hər şey ola bilər. Bir qədər səbrli ol. Çox güman ki, prezidentin məsələdən xəbəri yoxdur. Məsələ prezidentə çatar hər şeyi yoluna qoyar.
Bu vaxt elə bil başıma qaynar su tökdülər. Dedim Səfiyar müəllim, mən kimdən xahiş etmişdim ki, məni bu vəzifəyə təyin etsinlər? Sizin yanınızda prezident özü Rəfael Allahverdiyevə göstəriş verdi”.
Nadir Ağayev deyir ki, bir neçə gün sonra YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət Ismayılov ona zəng edib: “Soruşdu ki, Nadir müəllim işdən çıxmaq istəyirsən? Cavab verdim ki, 23 illik işsizlikdən sonra hələ altımı qızdırmamışam, hara gedirəm. Sonra yaxın günlərdə bir adamın mənim yerimə gəlməyə hazırlaşdığını dedi. O adamın kim olduğunu soruşdum…”
***
30/09/2014
Xəbər verildiyi kimi sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Nadir Ağayevə “beşbarmaqla” zərbələr endirib. Dissident “Azadlıq”a bildirib ki, döyülməsi ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətlə bağlıdır. Nadir Ağayev geniş müraciəti broşür şəklində çap etdirib.
Həmin broşürü əldə etmişik. Nadir Ağayev Ilham Əliyevə müracətində mərhum dövlət başçısı Heydər Əliyevi ittiham edir. Dissidentin sözlərinə görə, onun işdən çıxarılaraq həbs olunması və başına gələn müsibətlərdə məhz Heydər Əliyev günahkardır.
Nadir Ağayev müraciətindən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq.
DTK-nın ilk xəbərdarlığı
“Mən ixtisasca memaram. Sovet dövründə ”Azərdövlətkəndtikintilayihə” institutunda layihə üzrə baş mühəndis vəzifəsində işləyirdim. 1964-cü ildən siyasətlə məşğul olmağa başlamışam. 1966-cı il oktyabr ayında Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları bir də siyasətlə məşğul olmayacağım barədə məndən iltizam alıblar və xəbərdarlıq ediblər ki, siyasətlə məşğul olaramsa, məni ömürlük cəmiyyətdən təcrid edəcəklər. O vaxtdan mənim adım atanız Heydər Əliyevin qara siyahısına düşüb.
DTK-nın əməkdaşlarının mənimlə söhbətindən sonra iş yerimdə vəzifəmi kiçildib qrup rəhbəri vəzifəsinə keçirdilər. Dedilər ki, sovet quruluşuna və Kommunist Partiyasına qarşı əks fikirli adamdan rəhbər işçi olmaz. Bütün işlərimi əlimdən aldılar. Institutun direktoru və partkomu mənə qarşı elə təbliğat apardılar ki, hər gün bir yerdə oturub-durduğum yoldaşlar mənimlə nəinki əllə görüşmür, hətta qorxularından gözücü belə salamaşmağa ehtiyat edirdilər. Heç kimlə söhbət edə bilmirdim. Artıq hiss edirdim ki, cəmiyyətdən təcrid olunmaq məsələm gündəmdədir. Bu vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun adına ərizə yazıb bildirdim ki, əməllərimdə şəxsi maraq güdməmişəm. Nə yazmışamsa, nə demişəmsə hamısı vətənimizin və xalqımızın mənafeyi naminə olub. Eyni zamanda da Konstitusiya çərçivəsindən kənara çıxmamışam. Xahiş etdim ki, respublikanın rəhbəri kimi məsələyə öz münasibətini bildirsin. Bir müddət sonra Azərbaycan Kommunist Partiyasından bir nəfər işlədiym instituta gəlib mənimlə söhbət etdi. O bildirdi ki, sənin ərizən barədə Vəli Axundova məruzə olunub. Məni göndəriblər ki, səninlə ətraflı söhbət edib bu məsələnin hardan başladığını və bu mərhələyə necə gəlib çıxdığını öyrənim”.
Dissidentin ailəsini necə dağıdıblar?
Nadir Ağayevin sözlərinə görə, bir müddətdən sonra Vəli Axundovun göstərişilə o köhnə vəzifəsinə bərpa olunub. Lakin Heydər Əliyev Mərkəzi Komitənin rəhbəri təyin olunandan sonra yenidən təqib və təzyiqlərlə üzləşib: “1969-cu ildə Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi oldu. 1970-ci illərin sonlarında mənə qarşı təqib və təzyiqlər başladı. 1971-ci ilin mayın 17-də işdən azad edildim. Mayın 18-də isə qondarma ittihamlarla barəmdə beş cinayət işi başlandı. Eyni zamanda mənə qarşı bir mülki iddia qaldırıldı”.
Beləliklə dissident saxta ittihamlarla ömrünün 18 ilini müxtəlif həbsxanalarda, ruhi xəstəxanalarda keçirməli olub: “Bununla yanaşı 1 il də Sibirin Tayqasında qaçqın həyatı sürmüşəm. Keçmiş SSRI-nin elə bir işgəncə metodu olmayıb kimi mənim üzərimdə sınaqdan keçirilməsin. Gözümün qabağında onlarla adam ölüb, məni Allah saxlayıb. Sözün əsl mənasında cəhənnəmi görüb gəlmişəm. Fiziki sağlamlığımı itirmişəm. Bu azmış kimi həyat yoldaşımı DTK-nın ideologiya şöbəsinin rəisi polkovnik Firudin Bığrovun yanına aparırlar. O arvadıma deyib ki, ərin sovet quruluşuna və Kommunst Partiyasına qarşı çıxıb. Ona görə də ömürlük həbsxanalarda qalacaq, azadlıq görməyəcək. Sən müəlliməsən, özün də, uşaqların da ləkəli olacaq. Bu yolla ailəmi dağıtdılar”.
Heydər Əliyevdən etiraf
Nadir Ağayevin siyasi fəaliyyətinə görə həbs olunduğunu Ali Məhkəmənin onun barəsində çıxarılan hökmün ittihamnamə hissəsində təsdiq olunur: “Hökmün ittihamnamə hissəsi belədir: ”Işin içərisində olan Ağayev tərəfindən icra olunmuş çoxsaylı sənədlərdən belə görünür ki, onun ideyası heç bir əsasla təkzib edilməyən böhtandan, şəxsi demoqoqluqdan, özünü oxuyub işləmiş olduğu cəmiyyətdən ayrı salaraq qəsdən sovet həqiqətlərini inadla ləkələməkdən ibarətdir. Bu sənədlərlə Ağayev təsdiq edir ki, Sovet Ittifaqı həbsxanalar ölkəsidir; Sovet Azərbaycanı Rusiyanın müstəmləkəsidir, harada ki, həqiqi demokratiya yoxdur, özbaşınalıq və qanunsuzluq hökm sürür; SSRI-də kiçik millətlərin məhvolma prosesi və onların ruslaşdırılması siyasəti gedir; məhkəmə, prokurorluq, milis orqanları və dövlət təhlükəsizlik komitəsi haqq və ədaləti boğmaq üçün bir silah kimi istifadə edilir”.
Atanız Heydər Əliyev 1993-cü ildə Milli Məclisin iclasında özü də etiraf edib: “Keçmiş sovet quruluşu dövründə, mənim respublikaya rəhbərlik etdiyim vaxtda Azərbaycandan yeganə bir siyasi məhbus, dissident olmuşdur ki, o da Nadir Ağayevdir. Bir qrup adamlar isə özlərinə xal yığmaq üçün özlərini siyasi məhbus adlandırırlar”.
1988-1989-cu illərdə beynəlxalq hüquq cəmiyyətləri ilə razılaşdırılaraq ABŞ Dövlət Departamentində rəsmi qeydiyyata alınan siyasi baxışlarına görə psixiatrik terrora məruz qalmış 47 sovet dissidentindlən biriyəm. ABŞ Dövlət Departamentinin köməkliyi ilə Ali Məhkəmənin Rəyasət Heyətinn 10 mart 1992-c il tarixli qərarı ilə əməllərimdə cinayət tərkibi olmadığına görə tam bəraət almışam.
1988-ci ilin noyabr ayının 26-da azadlığa çıxmışam”.
Dissidentlə Heydər Əliyevin 5 günlük söhbəti
Nadir Ağayev azadlığa çıxandan sonra başına gələnlərə görə mərhum Heydər Əliyevi günahkar bildiyi üçün onu tənqid etməyə başlayıb: “Bakıda və Moskvada atanızı ifşa edirdim. Lakin 1992-ci ilin əvvəlindən başlayaraq atanıza yaxın çoxlu sayda adamlar məndən xahiş edirdilər ki, Heydər Əliyevə qarşı çıxmayıb. Deyirdilər ki, indi o keçmiş əməllərindən peşmandır. Onun məqsədi keçmiş günahlarını yumaq üçün təkrarən hakimiyyətə gəlib xalqı yaranmış bəladan qurtarmaqdır. Həmçinin deyirdilər ki, o mənimlə görüşmək istəyir. Deyirdilər ki, gəl səni Heydər Əlyevlə görüşmək üçün göndərək Naxçıvana. Mən razılıq vermirdim. Nəhayət, professor Murtuz Ələsgərov (keçmiş spiker) mənimlə ətraflı söhbət etdi. Bildirdi ki, Heydər Əliyevin məqsədi keçmiş günahlarımı yumaq üçün xalqı birləşdirib vətəni yaranmış bəladan qurtarmaqdır. Sən ona qarşı çıxma. Sabah xalq buna görə səni qınayacaq. Deyəcəklər ki, öz şəxsi marağına görə istəmir ki, ağsaqqal təkrarən hakimiyyətə gəlib xalqı qurtarsın. Razılıq ver, səni göndərək Naxçıvana Heydər Əliyevlə söhbət edəsən. O səninlə görüşüb söhbət etmək istəyir. Mən də atanız Heydər Əliyevin ağsaqqal yaşına inanıb ”Əlincə” Xeyriyyə Cəmiyyətinin vasitəsilə Naxçıvana göndərildim və 5 gün Heydər Əliyevin yanında qaldım. Çoxlu söhbətimiz oldu. Son sözü bu oldu ki, savadsız, səriştəsiz adamlar gəliblər hakimiyyətə idarəçilik bacarmırlar, vətənin torpaqları işğal olunur, millət məhv edilir. Mən təkrarən hakimiyyətə gəlsəm bu xalqı bəladan qurtararam. Bu işdə sən mənə köməklik etməlisən. Mən də bildirdim ki, təki siz hakimiyyətə gəlib bu xalqı bəladan qurtatın, mən də 18 il cavanlığımı bağışlayaram sizə”.
Heydər Əliyev Nadir Ağayevə vəzifə təklif edir
Nadir Ağayev bildirir ki, bundan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına start verilib və o, təşkilatın qurulmasında fəal iştirak edib:”Mənim də adım partiyanın təsisçiləri və ilk Siyasi Şura üzvlərinin siyahısına salındı. 9 dekabr 1992-ci ildə rəhmətlik Ziya Bünyadovun sədrliyi ilə Milli Elmlər Akademiyasında ziyalıların böyük yığıncağı keçirildi. 25 nəfərdən ibarət “Heydər Əliyevin Müdafiə Komitəsi” yaradıldı. Müdafiə Komitəsinin sədri professor Zahid Qaralov müavini isə mən seçildim.
Mən atanız Heydər Əliyevin ağsaqqal yaşına inanıb onun təkrarən hakimiyyətə gəlməsi üçün ən çox fəalliyyət göstərənlərdən oldum və buna görə çoxlu təhqirlərə məruz qaldım.
1993-cü ildə atanız prezident vəzifəsini icra edərkən isə bir gün axşam 12-dən sonra Rizvan Vahabov (sonradan o yanacaq komitəsinin sədri oldu) evimə gəlib dedi ki, məni Heydər Əliyev göndərib. Bildirdi ki, o səni Binəqədi Rayon Icra Hakimiyyəti başçısının birinci müavini təyin edir. Bu barədə Rəfael Allahverdiyevə də göstəriş verib. Sənədlərini Bakı Şəhər Icra Hakimiyyətinə ver. O vaxt Binəqədi rayon Icra Hakimiyyətini Sürət Hüseynov silahlı dəstə ilə ələ keçirmişdi. Şirməmməd Xanməmmədov adlı bir şəxs başçı vəzifəsini icra edirdi. Özüm Binəqədi rayonunda yaşadığımdan və Şirməmməd Xanməmmədov barədə geniş məlumata malik olduğumudan dövlət müşaviri Arif Rəhimzadəyə və Rəfael Allahverdiyevə dedim ki, əgər prezident onun başçı olması üçün fərman verəcəksə, mən sənədlərimi verən deyiləm. Hər ikisi dedi ki, tam arxayın ola bilərsən onun başçı olması barədə fərman verilməyəcək. Bundan sonra mən sənədlərimi verdim. Amma orada işləmək ürəyimdən deyildi. Bu ərəfədə Naxçıvanın Şərur rayonundan olan Bakı Şəhər Tikinti Idarəsinin Təchizat Trestinin müdiri dostum Səfər Şamilov yanıma gəldi…”
(Ardı növbəti sayımızda)