Milli Şura növbəti sessiyasını keçirdi; quruma yeni üzvlər qəbul olundu FOTO VİDEO
Dünən Milli Şuranın növbəti sessiyası keçirildi. Sessiyanın gündəliyində iki məsələ vardı – quruma üzv olmaq istəyənlərin müraciətlərinə baxılması və ölkədə hazırkı ictimai-siyasi durum.
Milli Şuranın 9 üzvü siyasi məhbusdur
Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək qurumun tərkibi barədə məlumat verdi. Bildirdi ki, Milli Şuranın hazırda 75 nəfər üzvü var, amma onlardan xaricdə və həbsdə olanlar var: “Çox təəssüf ki, Milli Şuranın ötən sessiyasından bu günə qədər keçən müddətdə hər ikisində də artım olub – həm həbs olunan, həm də xaricə getmək məcburiyyətində qalan üzvlərimizin sayında. Son repressiya dalğasında daha iki üzvümüz – Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Leyla Yunus və Seymur Həzi həbs olundu. Bununla da Milli Şura üzvü olan siyasi məhbusların sayı 9-a çatıb”.
Yeni üzvlər
Cəmil Həsənli sessiya iştirakçıların diqqətinə çatdırdı ki, tədbirdə Milli Şuranın 38 nəfər üzvü iştirak edir. Kvorum 31 nəfər olduğu üçün bu, sessiyanın keçirilməsinə mane olmadı.
Milli Şuraya üzv olmaq istəyənlərlə bağlı məsələ ayrı-ayrılıqda səsə qoyuldu. 8 nəfərin – hüquq müdafiəçisi Məlahət Nəsibova, iqtisadçı ekspert Vahid Məhərrəmov, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahid, Azərbaycan ordusunun keçmiş zabiti, mühacirətdə olan polkovnik İsa Sadıqov, tanınmış vəkil Fəxrəddin Mehdiyev, iqtisadçı Məhəmməd Talıblı, Ukraynada diaspor fəalı Yalçın Qəhrəmanlı və yazıçı-tərcüməçi Araz Gündüzün müraciətinə müsbət cavab verildi və onlar Milli Şura üzvü seçildilər.
Azərbaycanda avtoritarizmdən diktaturaya keçid
Cəmil Həsənli daha çonra ölkədə hazırkı ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşdü. Milli Şura sədri 2013-cü ilin prezident seçkiləri dövründə irəli sürülən bir tezisi yada saldı: “Bu tezis ondan ibarət idi ki, əgər hakimiyyət seçkiləri saxtalaşdırmağa nail olsa, ölkədə repressiyalar gücləndiriləcək, diktatura rejimi bərqərar ediləcək. O vaxt deyirdik ki, avtoritarizmdən diktaturaya keçid mərhələsini yaşayırıq. Ya Azərbaycan cəmiyyəti bütövlükdə öz taleyini müəyyən edib bunun qarşısını almalıdır, ya da diktaturaya keçid baş tutacaq. Təəssüf ki, ikincisi baş verdi.
Bu gün Azərbaycanda mənimsənilmiş hakimiyyət var. Kütləvi həbslər, insan haqlarına bu cür sayğısızlıq, vətəndaş cəmiyyətinə qarşı hücumlar, ölkənin korrupsiya bataqlığına çevrilməsi, xalqın sərvətinin talan edilməsi, vətəndaşların siyasi azadlıqlarla yanaşı, dolanışıq haqqından da məhrum edilməsi, ləyaqətli həyat haqqının insanların əlindən alınması və s. hallar Azərbaycanda hakimiyyətin mənimsənilməsindən irəli gəlir”.
Azərbaycan hökuməti Putindən nümunə götürür
Dünyada çox ciddi proseslər baş verdiyini deyən Cəmil Həsənli Ukrayna hadisələrinə də toxundu: “Dünyada cərayan edən hadisələr fonunda Azərbaycan hakimiyyəti öz meylini şimal qonşumuza salıb. Öz davranışına, öz vətəndaşına zülm etmək metodlarına görə Putinin elə də yaxşı olmayan nümunələri bizim ölkəmizdə təkrarlanır. Ancaq bu gün Rusiyanın vəziyyəti göz önündədir. Əminliklə demək olar ki, sabahdan (bu gündən-red.) Rusiyanın vəziyyəti daha da pisləşəcək. Çünki Qərbin Rusiya bankları ilə bağlı müəyyən etdiyi sanksiyalar sabahdan qüvvəyə minir”.
Azərbaycanın təhsil və səhiyyəsi bərbad durumdadır
“Azərbaycan güclü dövlətdir və güclü ordusu var” – İlham Əliyevin demək olar ki, hər çıxışında təkrarladığı bu fikri yada salan Cəmil Həsənli bildirdi ki, bu cür fikirləri yalnız ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin edən, işğal altındakı ərazilərin azad edən iqtidar nümayəndəsi deyə bilər: “İyirmi ildə iyirmi kvadrat metr torpaq azad edə bilməyən bir hökumətin, rəhbərin bu cür danışmağa mənəvi haqqı yoxdur”.
Milli Şura sədri təhsil və səhiyyənin bərbad vəziyyətinə də toxundu: “Yüz minlərlə müəllim ordusunun aldığı əməkhaqqı cəmi 120 manatdır. Əgər bu pula məktəbə dərs deməyə gedirlərsə, onlara təşəkkür etmək lazımdır. Səhiyyəyə gəlincə, Azərbaycan vətəndaşlarının müayinə və müalicə üçün Ermənistan istisna olmaqla, müraciət etmədiyi qonşu ölkə qalmayıb. Bu gün İranın, Gürcüstanın, Rusiyanın, Türkiyənin tibb müəssisələrində pasiyentlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Təəssüf ki, burnu qanayandan tutmuş, əməliyyata ehtiyacı olana qədər hər kəs xaricə üz tutur. Ölkənin tibb potensialına olan etimad tamamilə itib, bizim təhsil və tibb sahəmiz tamamilə iflas vəziyyətindədir”.
“Ramiz Mehdiyevə təşəkkür düşür, mənzərəni aydın göstərdiyi üçün…”
Cəmil Həsənli çıxışında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir qrup KİV rəhbərilə görüşündə səslənən fikirlərə də toxundu: “İlk dəfə hakimiyyət etiraf etdi ki, onun nəzarətində 300-ə yaxın qəzet, sayt, informasiya agentlikləri və digər informasiya vasitələri fəaliyyət göstərir. Yenə də hakimiyyət ilk dəfə etiraf etdi ki, bu 300 media qurumu bir işə yaramır. Məlum oldu ki, ölkədə ictimai rəyə “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Turan” informasiya agentliyi, “contact” saytı və bundan başqa cəmi 2-3 sayt təsir göstərir. Yəni, bu qəzet, radio və informasiya agentliyinin ictimai fikrə təsiri hakimiyyətin nəzarəti altında olan o 300 mətbuat orqanından daha effektlidir. Bunun sirri nədədir? Sirri həqiqəti yazmaqdadır. Sirri qələmin müqəddəs vəzifəsini millətə xidmətə tabe etməkdədir. Məsələn, YAP fəxrlə deyir ki, 600 min üzvü var. Əgər 600 min üzvü olan bir partiyanın orqanını gün ərzində 6 nəfər oxuyursa, hesab edirəm ki, bu, həm YAP-ın cəmiyyətdəki, həm də təşkilat olaraq daxilindəki göstəricilərinin mühüm nəticəsidir. Mehdiyevin keçirdiyi müşavirə ilə bağlı ona təşəkkür etmək istəyirəm. Çünki mənzərini ortaya qoydu. Göstərdi ki, müxalifət kimdir, iqtidar kim. Kimlərə kabinetdə, telefonla sifarişlər verildiyini də əyani şəkildə hamıya göstərdi”.
“Ukraynadan sonra növbə Azərbaycanındır”
Milli Şura üzvü İbrahim İbrahimli dünyada baş verən proseslər fonunda Azərbaycandakı vəziyyəti təhlil etdi. Bildirdi ki, HATO-nun sonuncu sammitindən sonra dünyada gedən proseslər keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub: “İstər dünyada, istər regionda, istərsə də Azərbaycanda gedən proseslərdə yeni tendensiyalar, yeni meyllər hiss olunur. Ukraynadakı proseslər bitəndən sonra geosiyasi mübarizə artıq Azərbaycanı episentrə çevirəcək. Ukraynada hadisələr gec-tez bitəcək. Fikrimcə, bu ilin sonuna qədər Ukraynadakı gərginlik aradan qalxacaq, ölkənin ərazi bütövlüyü təmin olunacaq. Rusiya Müdafiə Hazirliyinin əsas simalarından biri çıxışında qeyd etdi ki, Ukrayna ordusu əvvəlki ordu deyil, çox qısa müddətdə döyüş qabiliyyətinə yiyələnib, bü ölkə Poroşenkonun rəhbərliyi altında ciddi şəkildə toparlanıb. Hesab edirəm ki, yanvar ayından Ukraynada ciddi siyasi islahatlar başlanacaq və növbə nəhayət, bizə çatacaq”.
“Hökumət bilir ki, cəmiyyətin əksəriyyəti ondan narazıdır”
AXCP sədri Əli Kərimli çıxışına Milli Şuraya yeni üzv olanları təbrik etməklə başladı: “Hazırda ölkəmizdə kifayət qədər gərgin dövr yaşanır. Hər kəs bilir ki, Azərbaycandakı avtoritar rejim bütün hədləri aşıb, bütün qırmızı cizgiləri keçib. Real müxalifəti sıradan çıxarmaq üçün hər cür vasitələrdən istifadə edir. Bütün dünya bunu görür. Sual yaranır: niyə görə? Axı Azərbaycandakı hakimiyyət prinsip etibarilə bu son irimiqyaslı repressiyaları həyata keçirmədən də geniş mənada ölkədəki situasiyaya nəzarət edə bilirdi. Ötən il seçkiləri məntəqələrin ən azı 58 faizində saxtalaşdırdı. Mitinqlərin, nümayişlərin qarşısını alır. Korrupsiya ilə istədikləri kimi sərbəst, müstəqil şəkildə məşğul ola bilirlər. Bəs o zaman bu qorxu, bu təlaş nədən irəli gəlir?
Azərbaycan hökuməti heç də bizdən az məlumatlı deyil. Bilir ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti bu hökumətdən narazıdır. Bu gün ölkədəki sərt rejim imkan vermir ki, bu narazılıq açıq ifadə olunsun. Bu gün hansısa faktor Azərbaycan cəmiyyətinə o fikri aşılaya bilsə ki, dəyişiklik etmək mümkündür, o zaman cəmiyyətin böyük əksəriyyəti dəyişiklik edə bilər. Hökumət də bunu yaxşı bilir”.
Əli Kərimli qeyd etdi ki, hökumət yürütdüyü anti-demokratik və oğru siyasəti nəticəsində beynəlxalq aləmlə münasibətlərini gərginləşdirdi: “Beynəlxalq aləmdə bunları səmimi qəlbdən istəyən yoxdur. Bunları dəstəkləyənlərin özləri təcrid vəziyyətindədir. Əlbəttə ki, bunlar da bundan qorxu keçirirlər”.
Azərbaycan hökuməti nədən qorxur?
AXCP sədri də Ramiz Mehdiyevin KİV rəhbərlərilə keçirdiyi görüşə toxundu: “Başa düşürlər ki, ictimai rəyə nəzarət edə bilmirlər. Sıxışdırılmış, təqib olunan, həbs olunan, maddi resurslardan məhrum edilən müxalifət isə, xüsusilə Milli Şuranın timsalında ictimai rəyi doğru bildiyi istiqamətə yönəldə bilir. Bu, bizim ən böyük gücümüz, hökumətin ən böyük narahatlığıdır. Hökumət ondan narahatdır ki, Azərbaycanda belə potensialı olan bir müxalifət var. Narazı xalq var, narazı beynəlxalq aləm var və hər zaman bir dəyişiklik küləyi Azərbaycan xalqına bu mesajı çatdıra bilər ki, artıq vaxtdır, hamılıqla ayağa qalxmağın zamanıdır, çoxdan arzuladığınız dəyişikliyi həyata keçirə bilərsiz. Deməli, hökumət bunun qorxusunu yaşadığından çalışır ki, onun qarşısını alsın. Rusiyanın Ukraynada elədiklərilə Azərbaycan hökumətinin bizə elədikləri çox oxşardır. Rusiyanın Ukraynadakı aqressiyası nədən ötrüdür? Əlbəttə ki, Rusiyanın özündə dəyişikliklərin qarşısını almaqdan ötrü və bunu hamı başa düşür. İndi oradakı hökumət öz dövlətini qorumaqdan ötrü müharibəyə başlayıb. Milyonları, hətta milyardları itirməyi göz özünə alıb. Niyə? Kürsünü saxlamaqdan ötrü. Baxın, bunun kiçik variantını Azərbaycan hökuməti real müxalifətə, vətəndaş cəmiyyətinə, müstəqil insanlara qarşı həyata keçirir”.
Hökumətin zövqünə uyğun müxalifət, QHT-lər və media
Gələn il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini yada salan Əli Kərimlinin sözlərinə görə, bu üzdən dünyanın diqqəti ölkəmizə yönələcək: “Seçki ilidir və bu, Azərbaycanda dəyişikliklər etmək üçün böyük fürsətdir. Azərbaycan hökuməti də hər şeyi edir ki, o məsələlər yaddan çıxsın. Biz daim həbs olunan siyasi məhbusları necə müdafiə edəcəyimiz barədə düşünək. Repressiyların arxasında duran məqsədlərdən biri də budur. Azərbaycan hökuməti istəyir ki, siyasi sistemi öz istədiyi kimi dizayn etsin. Bunu gizlətmirlər. Onlara işləyən mətbuat orqanları da bunu açıq şəkildə yazırlar. Özlərinin zövqündə müxalifətləri olsun, icazə verəndə hər hansı əhəmiyyətsiz məsələdə onları tənqid edib müxalifətçi görüntüsü yaratsınlar, ancaq daha ciddi məsələlərdə hökumətin sözünü desinlər. İstəyirlər ki, real hüquq müdafiəçilərini sıradan çıxarıb, özlərinin bəslədikləri, maliyyələşdirdikləri və idarə etdiklər QHT-ləri vətəndaş cəmiyyətinin təmsilçiləri kimi təqdim etsinlər. İstəyirlər ki, Azərbaycanın mətbuatının son qalalarını susdursunlar, sonra özlərinin tezis verib idarə etdikləri bəzi KİV-ləri müstəqil kimi qələmə versinlər. Beləliklə, Azərbaycan cəmiyyətini tam idarə olunan vəziyyətə gətirib çıxarsınlar. Məqsədləri bundan ibarətdir”.
“Biz bu dalğanı aşacağıq”
AXCP sədri çıxşında onu da qeyd etdi ki, Azərbaycan hökuməti ölkədəki prosesləri kulminasiya nöqtəsinə çatdırır və nəticəsini də çox ağır şəkildə bumeranq effekti ilə hiss edəcək: “Azərbaycan hökumətinə olduqca nüfuzlu siyasətçilər “sanksiyaların vaxtıdır” mesajını verirlər. Azərbaycan hökuməti bu gün Avropanın bir neçə ölkəsinin xarici işlər nazirilə ciddi konflikt vəziyyətindədir. Bu siyasətin heç bir perspektivi yoxdur. Milli Şuramız, Azərbaycanın real müxalifəti sınağa çəkilir. Mən isə xalqımıza inanıram. Optimist olmağımın arxasında duran əsas qüvvə xalqımıza olan inamdır. Biz bu dalğanı aşacağıq. Azərbaycan xalqı bu mübariz insanları arxasız qoymayacaq. Çox yaxşı haldır ki, Milli Şurada bu qədər ləyaqətli insan bir yerdədir, çiyin-çiyinədir. Arzu edirəm ki, bu birliyi qoruyub saxlayaq”.
Vicdan məhbuslarına minnətdarlıq
Əli Kərimli həbsdə olan vicdan məhbuslarına da təşəkkürünü bildirdi: “Onların rəşadətini çox yüksək qiymətləndiririk, onlara “Var olun!” deyirik. Çünki hər necə olsa, biz nisbi azadlıqdayıq. Bizim burada cəsarət nümayiş etdirməyimizlə, girovluqda olan adamın cəsarət nümayiş etdirməsi bir deyil. Əminəm ki, biz öz əzmimizlə sonda yenə də qalib olacağıq”.
Ramin DEKO