Üç nəfər dünyasını dəyişdi; səkkiz nəfər dağıntılar altından sağ çıxarıldı
Xırdalanda partlayış olub. Hadisə sentyabrın 8-də Xırdalan şəhəri, 26-cı məhəllədə – məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verib. Partlayışdan binanın bir blokunun 3 mərtəbəsi çöküb və nəticədə üç nəfər dünyasını dəyişib. Onlardan ikisinin cəsədi dağıntılar altından çıxarılıb. Bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, dağıntılar altından meyiti çıxarılanlardan biri Ifayət Abdullayevadır. Onun 4 yaşlı qızı Aytacın həyatını isə xilas etmək mümkün olub. Ifayət Abdullayevanın qardaşı Məharət Abbasov da dünyasını dəyişib.
Xilasedicilər 8 nəfəri sağ çıxara bilib. Bunlar – 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü Ismayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü Ismayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü Ismayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü Ismayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü Ismayılov Yunis Vidadi oğlu və 9 yaşlı Ayxandır.
Partlayış baş verən binanın qalan hissələrinin uçmaması üçün tədbirlərin görülməsinə başlanıb. Binanın möhkəmləndirilməsi üçün işlər aparılıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerinə gəlib.
Onu da qeyd edək ki, dünən hadisə yerinə toplaşan şəxslərlə polis və xilasedicilər arasında qarşıdurma yaşanıb. Dağıntılar altında qalan şəxslərin yaxınları xilasetmə işlərinin ləng aparıldığını deyərək, işin sürətləndirilməsini tələb ediblər. Əks təqdirdə xilasetmə işlərinə özlərinin də qoşulmalarına imkan verilməsini tələb ediblər.
Onların bu istəyi cavabsız qaldığından məcburi köçkünlərin yaxınları dağıntı baş verən əraziyə girməyə cəhd ediblər. Nəticədə polislə qarşıdurma yaranıb.
Bütün bunlara baxmayaraq, polis və xilasetmə xidmətinin əməkdaşlarından başqa heç kim partlayış baş verən binanın yaxınlığına buraxılmayıb.
Səhiyyə Nazirliyi Xırdalanda baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər – ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan biri artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.