Lado Çipaşvili: «Ən böyük səhv hakimiyyətin vətəndaşların daxili işinə qarışması idi»
Gürcüstanda Mixail Saakaşvilinin prezidentliyi dövründə ciddi islahatlara imza atıldı. Korrupsiya böyük mənada, aradan qaldırıldı, vətəndaşlar tibbi sığortayla təmin edildi. Dövlət xəstəxanalarının sayı azadıldı, əvəzində özəl klinikaların inkişafı üçün proqramlar hazırlandı. Klinikalara lisenziyalar Azərbaycandakı kimi 5 illik deyil, ömürlük verildi.
Bundan başqa, Gürcüstanda tibb sektoru vergi vermir. Yalnız bu sahədə çalışanlar sosial müdafiə ödənişləri verir. Məhz bu amillər qonşu ölkədə səhiyyənin inkişafına yardımçı oldu. Xüsusən, tibbi sığortanın tətbiqi ilə gürcülər tibb sahəsində böyük nailiyyətlərə imza atdılar. Saakaşvilinin hakimiyyəti dövründə 3 il yarım səhiyyə naziri olan Lado Çipaşvilinin bu inkişafda əməyi az deyil.
34 yaşında Tiflisin 1 saylı şəhər Cərrahiyyə Klinikasının direktoru olan Çipaşvili 1999-cu ildə siyasətə gəlib və həmin il də mojaritar qaydada parlamentə üzv seçilib. 2003-cü ildə Milli Hərəkatın üzvü kimi hakimiyyətə gələndə səhiyyə naziri təyin olunub. 3 il yarım həmin vəzifədə işləyəndən sonra Çexiyaya ölkəsinin fövqəladə və səlahiyyətli səfiri göndərilib. Bir il səfir işləyən Lado Çipaşvili yenidən öz peşəsinə qayıdıb. Hazırda “Lancet” Tibb Mərkəzinin beynəlxalq əlaqələr üzrə müavinidir.
Gürcüstana səfərimiz zamanı keçmiş nazirlə də söhbətləşmək imkanımız oldu:
“Nazir vəzifəsində işə başlayan kimi 3 məsələyə xüsusi önəm verdim”
– Belə fikir var ki, Gürcüstan səhiyyəsində islahatlar Saakaşvili hakimiyyətə gələndən sonra başlayıb. Konkret hansı qərarlarla səhiyyə sistemində korrupsiyaya ağır zərbə vura bildiniz?
– Əslində, Gürcüstan səhiyyəsində islahatlar 1995-96-cı illərdə başlayıb. Söhbət, Şevardnadzenin hakimiyyəti illərindən gedir. O zaman səhiyyə nadir sahələrdən idi ki, islahatlar sistemsiz və ağır olsa da, gedirdi. Ilk addım səhiyyənin dövlətdən ayrılması oldu. Ancaq bu, özəlləşmə olmasa da, ayrı-ayrı səhmdar cəmiyyətlər adı altında tibb müəssisələri yaradıldı. 1995-ci ilə qədər isə Gürcüstan səhiyyə sistemi sovet dövrünün qaydaları ilə idarə olunurdu. Xəstəxanalar və poliklinikalar dövlət büdcəsi hesabına saxlanılırdı. Necə ki, Azərbaycanda bu vəziyyətdir. Bir sıra xəstəxanalar Səhmdar Cəmiyyətə çevriləndən sonra 1998-99-cu illərdə səhiyyə büdcə maliyyələşməsindən proqram maliyyələşməsinə keçdi. Bu, səhiyyə sistemində çox ciddi siqnal idi. Həmin illərdə ən böyük problem pul çatışmazlığı idi, vəziyyət fəlakət həddindəydi. Çünki ölkədə yuxarıdan idarə olunan korrupsiya mövcud idi. Təsəvvür edin ki, evlərdə işıq, qaz yox idi, o cümlədən xəstəxanalarda bu problem yaşanırdı. Bir sözlə, maliyyə sistemi çox pis vəziyyətdəydi. Ona görə də səhiyyəmiz pulsuz idi.
Gələk, mənim nazir olduğum dövrə. Işə başlayan kimi 3 məsələyə xüsusi önəm verdim: səhiyyənin infrastrukturu, tibb və nəhayət, pasiyent və personalın durumuna önəmli vaxt ayrıldı. Səhiyyəmizin infrastrukturu tamamilə dağılmışdı, ölkədə müasir tipli xəstəxana, klinika yox idi. Tibb mərkəzləri bütün mənalarda talan edilmişdi. Həkimlər nəinki aylarla, hətta illərlə əməkhaqqı almırdı. Mən nazir olanda eşitdim ki, həkimlər 26 aydır maaş üzü görmürlər. Pasiyentləri xəstəxanaya qəbul edəndə onlara dərman, hətta yod, bint aldırırdılar. Generatorun işləməsi üçün yanacağı xəstələr gətirirdi, hər xəstəyə 20 litr yanacaq düşürdü. Çünki işıqlar tez-tez sönürdü. Təsəvvür edirsinizmi, bu, dəhşətli bir şey idi. Görürsünüz, mən səhiyyə sistemini hansı vəziyyətdə qəbul etmişəm?!
“Gürcüstanda kimin korrupsiyayla məşğul olduğunu hamı bilirdi”
– Bəs 3 il yarım sonra vəzifədən ayrılanda səhiyyəni hansı vəziyyətdə təhvil verdiniz?
– O zaman artıq ölkədə Avropa standartlarına cavab verən xəstəxanalar fəaliyyət göstərirdi. Xəstəxanaların bir hissəsi dövlətin, bir hissəsi isə investorların hesabına tikilmişdi. Tiflisdə, Kutaisidə, Zuqdiddə müasir, müxtəlif profilli xəstəxanalar inşa olundu, postumu təhvil verəndə bir çoxları da tikilirdi. Bundan əlavə, mənim dövrümdə xəstəxanalarda “qara mühasibatlığı” sıradan çıxardıq.
– Bunu necə etdiniz?
– Təşəbbüsü yerlərə verdik, mərkəzləşmə sistemindən qaçmağa imkan yaratdıq. Xəstəxanaların bütün baş həkimləri qanuni, “qara mühasibatlıq” olmadan işləməyə maraq göstərdilər.
– Bəs korrupsiyaya bulaşmış baş həkimlər buna mane olmurdular?
– Onları kənarlaşdırdıq. Düzdür, ağır olsa da, buna getdik. Bilirsiniz, Gürcüstan kiçik ölkədir, kimin korrupsiya ilə məşğul olduğunu hamı bilirdi.
“Polis sistemindəki islahatlar səhiyyəyə də kömək etdi”
– Həmin adamlar məhkəməyə üz tutmadılar?
– Çox cüzi hissəsi məhkəmələrdə iddia qaldırdı və bizə çamur atdılar. Ancaq məsələ ondadır ki, ölkə üçün böyük iş görəndə, gərək, buna görə heç kimin sənə “sağ ol” deməyəcəyini əvvəlcədən biləsən. Biz çamur atanlara fikir vermədik. Əsas köməyimiz o oldu ki, islahatlar və qanunların işləməsi ölkənin bütün nazirliklərində paralel şəkildə aparılırdı. Əgər səhiyyəni təcrid edib islahat aparsaydıq, çətin ki, nəyəsə nail olardıq. Şəxsən mənə nazir kimi polis sistemindəki islahatlar kömək etdi. Biz Dövlət Yol Polisini buraxıb, əvəzində patrul yaratdıq, nəticədə bu sahədə indi rüşvət yoxdur. O cümlədən, təhsil sistemində islahatlar keçirildi. Ayrı-ayrı ali məktəblərdə imtahanları ləğv edib bir imtahana keçdik. Bununla da ali məktəblərin qəbul şöbələrindəki korrupsiya “zəncirini” qırdıq. Düzdür, ağır səhvlərimiz oldu və buna görə də seçkilərdə uduzduq.
– Ən böyük səhv nədən ibarət idi?
– Ən böyük səhv hakimiyyətin vətəndaşların daxili işinə qarışması idi. Bəli, hakimiyyətdəkilər rüşvət almırdılar, ancaq biznesmenlərdən doğru olmayan yollarla pul alırdılar. Düzdür, həmin pullar məmurların cibinə getmirdi, amma yenə də doğru addım deyildi. Bu isə narazılıq yaradırdı və nəticədə keçmiş məmurların bəziləri həbsdə, bəziləri isə ölkədən kənardadır.
“Azərbaycanlılar bu klinikada özlərini evlərindəki kimi hiss edirlər”
– Siz nazir kimi işə başlayanda atdığınız 3 addımı sadaladınız. Bunlar yerinə yetiriləndən sonra daha hansı qərarlar qəbul etdiniz ki, proses dərinləşdi?
– Mən pasiyentlərlə bağlı bir məqama toxunacam. 2003-cü ilə qədər Gürcüstan vətəndaşları sağlamlıqlarını qorumaq üçün maşınını, evini satırdısa, mən nazir təyin olunandan sonra bütünlüklə tibbi sığortaya keçdik. Hər 3 nəfərdən biri tibbi sığorta aldı ki, dövlətin hesabına müalicə oluna bilsin. Iş yeri olanlara isə 60-70 faiz güzəşt nəzərdə tutuldu. Yəni, onlardan fərqli olaraq, təqaüdçülər, yoxsul şəraitdə yaşayanlar dövlətin hesabına pulsuz müalicə almağa başladı. Baxın, tibbi sığorta hesabına hər gün 25-30 cərrahiyyə əməliyyatı keçirilir. Indiki hökumət bütün əhalini tibbi sığortaya cəlb etmək istəyir. Ümumiyyətlə, son 15-20 ildə Gürcüstanda müasir tibb sistemi inkişaf etməyə başladı, bu da köhnə sistemin dağılması hesabına baş verdi. Mövcud müsbət durumun birinci səbəbi səhiyyəmizdə bürokratiyanın çox az olmasıdır. Məsələ ondadır ki, özəl təşəbbüslər olanda pul havaya sovrulmur. Bu gün Gürcüstandakı xəstəxanaların 95 faizi özəldir. Ona görə də Gürcüstan səhiyyəsi post-sovet məkanında ən inkişaf etmiş səhiyyə sayıla bilər.
– Bəs nazir, daha sonra səfir işləyən cənab Çipaşvilini “Lancet”ə hansı amillər gətirdi?
– Mən həm nazir, həm də səfir işləyərkən özümü tam rahat hiss etmirdim. Yalnız səhiyyə sistemində çalışanda özümü rahat hiss edirəm. Ona görə də 2009-cu ildən özəl tibb müəssisələrində işləməyə başladım. Məqsədim sahibkarlara müasir tibb mərkəzlərinin yaradılmasında kömək etməkdir. Professor Fərman Ceyranlının qurduğu “Lancet”i müasir tibb avadanlıqları ilə təchiz etmişik. Burada xəstələrin müalicə alması üçün bütün şərtlər var. Gürcüstanın heç bir yerində 22 profilli müalicə sahəsi və yeni tibb texnologiyalarının poliqonu olan klinika yoxdur. Qiymətlər isə sərfəlidir. Bu, unikal mərkəz dövlətə də sərf edir. Fərman Ceyranlı belə bir klinika açmaqla yalnız Gürcüstan səhiyyəsi üçün yox, azərbaycanlılara da böyük qayğı göstərdi. Azərbaycanlılar burada özlərini evlərindəki kimi hiss edirlər.
Ramin DEKO