Evlərə verilən kompensasiya şəxsə görə dəyişir?
“Ağ şəhər” layihəsi “Qara şəhər” sakinlərinin həyatını yaşadıqları şəhərin rənginə boyayıb. Onlar yerli idarəetmə orqanlarının yaratdıqları bürokratik əngəllərdən şikayətlənirlər. “Qara şəhər”də məskunlaşmış ailələr Xətai Rayon Icra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əkbərovdan narazılıq edirlər. Icra hakimiyyətinin rəsmisi mənzil başına düşən kvadrat metrə görə onlara təklif edilən kompensasiyadan qane olmayan sakinlərə qarşı mübarizə metodu seçib.
Sakinlər Qaynar.info-ya bildiriblər ki, o, istədiyi vaxt 37-ci polis bölməsinin əməkdaşları ilə mənzillərə daxil olaraq onlara müxtəlif yollarla təzyiqlər edir. Hətta sakinlər evdə ola-ola onların mülkiyyətinə qaz, işıq, suyun verilməsi məhdudlaşdırılır. Bu isə vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Tikinti adı ilə əhalinin istifadə etdiyi yollar müxtəlif ağır texnikalar vasitəsilə dağıdılır. Bir vaxtlar əhalinin istifadə etdiyi asfalt yollar indi tozlu-torpaqlı yollarla əvəzlənib. Vəziyyət o həddə çatıb ki, hətta 5-10 manata görə dərə-təpə gözə almayan aztəminatlı taksi sürücüləri belə, “Qara şəhər”ə gəlməyə tərəddüd edirlər və ya o istiqamətə daha çox pul “oxuyurlar”.
Sakinlərə nə qədər pul ödənilir?
Nizaməddin Əkbərov 90 kvadrat metr yaşayış sahəsi 10 kvadrat metr qeyri-yaşayış sahəsi olan vətəndaşa yarıbayarı pul ödəyib. Nizaməddin Əkbərov bunu vətəndaşın onunla kobud rəftarı ilə əlaqələndirib. Həmçinin, 80 kvadrat metr yaşayış sahəsi olan “Qara şəhər” sakini hər kvadrat metrə görə minimum 1000 manat tələb etsə də, Əkbərov ona cəmi 64 min manat ödəyib. Vətəndaş bildirir ki, bu qanunun kobud şəkildə pozulması və prezidentin tapşırığına əməl etməməkdir.
Prezidentin tapşırığına əməl olunmur…
Qeyd edək ki, 2012-ci ilin aprelin 16-da prezident Ilham Əliyev Nazirlər Kabinetində keçirdiyi müşavirədə Azərbaycanda verilən kompensasiyanın ən yüksək səviyyədə olduğunu xatırladıb və məmurlara tapşırıq verib ki, əhali bütün hallarda narazı qalmamalıdır. Bundan sonra kvadrat metrə görə 1500 manat ödənilməsi nəzərdə tutulub. Amma məmurlar əksər hallarda prezidentin tapşırığına əməl etmirlər. Vətəndaşlar isə hesab edirlər ki, ən doğru yol problemlə bağlı prezidentə müraciət etməkdir. Onlar inanırlar ki, müraciətləri nəticə verəcək və yerli məmurların özbaşınalığına son qoyulacaq.ÿ
Ekspertlər də etiraz edir: “Bu, tamamilə qanunsuzdur”
Hüquq müdafiəçisi Iradə Cavadova bildirir ki, prezident Ilham Əliyevin qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı sərəncamı var: “Bundan sonra Bakı və Abşeronun bəzi yaşayış sahələrində yerli icra strukturları sərəncamın yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görməyə başladılar. Amma təəssüf ki, bəzi yerlərdə məmurlar bundan sırf öz məqsədləri üçün istifadə etdilər. Bəzi Icra Hakimiyyətinin nümayəndələri evlərin qanunsuz olduğunu əsas gətirərək, yaşayış sahələrinin sökülməli olduğunu bildiriblər. Bu, tamamilə qanunsuzdur.ÿ
Sərəncamda qeyd olunurdu ki, 2012-ci ilə kimi tikilən evlər sənədləşdirilməlidir. Amma məmurlar 20-30 il bir evdə yaşayan vətəndaşlara təzyiq edirdi ki, bu qanunsuz tikilidir və sökülməlidir. Yasamalda “Sovetski” deyilən yerə evlərin çoxunun sənədi yoxdur. Amma dövlət hər kvadrat metrə 1500 manat təklif etdi. Düzdür, sakinlər bu qiymətə narazılıq etdi, amma orda evlərin sənədinin olub-olmaması haqda məsələ müzakirə mövzusu deyildi. Amma “Qara şəhər”də durum bir az fərqlidir. Bu məsələ ilə bağlı həmin ərazidə sahibkarlıqla məşğul olan bir vətəndaş bizə müraciət etmişdi. Onun obyektinin bir hissəsinin sökülməsinə görə ona kompensasiya təklif olunmuşdu. Onun obytektinin bir hssəsinə 1000 manat, digər hissəsinə isə 1500 manat təklif olunmuşdu. Bu rəqəmlərin hansı əsasla götürüldüyü isə müəmmalı olaraq qaldı. Bunlar da hamısı tamamilə qanunsuzdur. Əslində, sökülən yerə bildiriş gönədrilməlidir və vətəndaşın razılığı əsasında o məskunlaşdığı ərazidən çıxa bilər. Xətai Rayon Icra Hakimiyyətinin hansı mövqedən çıxış etməsi bizə məlum deyil”.ÿ
Plana düşən 850 evin taleyi…
Xatırladaq ki, 2011-ci ildə təməlqoyma mərasimi olan “Ağ şəhər” layihəsi Xətai rayonunda 221 hektarlıq ərazini əhatə edir. “Qara şəhər” kimi tanınan yaşayış massivi “Ağ şəhər” statusu aldıqdan sonra ərazini əhatə edən 850 evin plana düşməsi planlaşdırılıb.ÿ
Dəyəri milyonlarla manat ölçülən yeni layihədə 10 yaşayış kompleksinin və sosial obyektlərin tikintisi nəzərdə tutulur. “Ağ şəhər” layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya), “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib.