“Əliyev rejimi zənn edir ki, həbsxanaları azad fikirli və mübariz gənclərlə doldurmaqla özünə qarşı təhlükəni aradan qaldırır”
“Bilin ki, verdiyiniz hər bir sifarişli qərara görə gələcəkdə cəza alacaqsınız”
«İnsan üçün ən önəmli olan onun vicdan məhkəməsidir. Mən vicdanım qarşısında təmizəm»
Əli Kərimli: «Hakim hökm oxuyana qədər Ömər Məmmədov imkan tapıb hakimə və bütövlükdə rejimə hökm oxumuşdu»
“Facebook”da hökumətin əleyhinə tənqidi fikirlərinə görə həbs olunan daha bir gənc fəalın məhkəməsi yekunlaşdı. Söhbət “facebook”dakı “AzTV-dən seçmələr” səhifəsi, eləcə də “Heydər Əliyev adına Səhifə”nin admini olmuş 19 yaşlı Ömər Məmmədovdan gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Ömər 5 il azadlıqdan məhrum edildi. Amma hökmdən əvvəl Ömər Məmmədov son sözünü dedi.
Dünən məhkəmədə prosesi izləyənlər arasında Ömərin yaxınları, dostları ilə yanaşı, AXCP sədri Əli Kərimli və partiya rahbərliyinə daxil olan digər şəxslər, həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də iştirak edirdi.
Ömər Məmmədov son sözündə hakimiyyətə, o cümlədən onun barəsində hökm çıxaran hakimlərə meydan oxudu. O, eyni zamanda, günahsız olduğunu, “facebook”da hökuməti tənqid etdiyinə görə siyasi sifariş əsasında həbs edildiyini bir daha vurğuladı:
Rəqəmlər hakimiyyəti qıcıqlandırmışdı…
“lk olaraq onu söyləmək istəyirəm ki, mənə qarşı yönələn heç bir ittihamı qəbul etmirəm və özünü təqsirli saymıram. Qısaca həbs olunma səbəbim haqqında danışmaq istəyirəm. ”Facebook”da idarəçisi olduğum “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələri hakimiyyəti kəskin formada tənqid edən səhifələr idi. Qısa bir zamanda “facebook”da məhşurlaşan həmin səhifənin paylaşımlarını təqribən 30 mindən 60 minə qədər istifadəçi görə bilirdi. Mən həbs olunmamışdan 3 gün öncə “facebook”un mənə verdiyi rəsmi məlumata görə, 1 ay ərzində “AzTV-dən seçmələr” səhifəsi 500 min “facebook” istifadəçisini məlumatlandırırdı. Görünür, bu rəqəm də hakimiyyəti qıcıqlandırıb.
Əslində, həbsim 2013-cü il noyabr ayının 22-də olmalı idi. Həmin gün təhsilimlə bağlı xaricdə olduğumdan məni deyil, atamı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparıblar. Elə oradan da mənimlə telefon əlaqəsi yaradan məlum idarənin yüksək rütbəli məmuruna “Atamı rahat buraxın, yanvarın 20-si Bakıya gələcəm” dedim. Söz verdiyim kimi, 2014-cü il yanvar ayının 20-də Bakıya geri qayıtdım. Bir gün sonra – 21 yanvar səhər saat 8-də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin işçiləri yaşadığım evə gələrək məni idarəyə apardılar. Sizcə qəribə deyilmi?! Cəmi 14 saat idi ki, Bakıdaydım…
Komediya ssenarisi hazırlayanda məntiqli və kreativ olun!
Bəli, mən həbs olunacağımı bilə-bilə ölkəyə geri dönmüşəm. Bu seçimimə görə də qətiyyən peşman deyiləm. Saxlanıldığım zaman Baş Narkotiklərə Qarşı Mübarizə Idarəsinin əməliyyat qrupuna rəhbərlik etmiş Xəyal Nəsibov məhkəmədə ifadə verərkən guya, mənim artıq 10 gün idi Bakıda narkotik vasitələrin satışıyla məşğul olduğum haqda məlumat aldıqlarını, sonradan həmin ünvanda axtarış aparılarkən məlumatın təsdiqləndiyini dedi. Vəkilim Xalid Bağırovun məhkəməyə təqdim etdiyi sübutlarda da mənim Bakıya həbs olunmamışdan 3 gün əvvəl gəldiyim öz təsdiqini tapır. Həmçinin Xəyal Nəsibovun ifadəsi zamanı qeyd etdiyi ünvan – Sülh küçəsi ev 1B ünvanında artıq uzun müddətdir ki, yaşamıram. Buradan bu qondarma cinayət işi üzərində baş sındıran hüquq-mühafizə orqanları əməkdaşlarına da öz salamlarımı göndərirəm. Onlara gələn dəfə belə bir komediya ssenarisi hazırlayanda daha diqqətli, daha məntiqli və daha kreativ olmağı məsləhət görürəm.
Hakimlərə “hörmətli” deməyə də dilim gəlmir
İndi isə məhkəmənin gedişatı barədə. Bəri başdan söyləyim ki, hər dəfə saxlanıldığım istintaq təcridxanasından məhkəməyə gətirilərkən içimdə heç bir inam və ya ümid hissi olmur. Burada hər hansısa bir ədalətli qərarın çıxarılacağını gözləmirəm. Sadəcə, bura dostlarımı və valideynlərimi görmək üçün gəlirəm. Bir növ bura mənim üçün artıq görüş yerinə çevrilib. Hüququn aliliyinin qorunmadığı bir məmləkətin məhkəməsindən ədalət gözləmək axmaqlıqdan başqa bir şey deyil. Lakin sizlərin – dilim hörmətli də deməyə gəlmir – hakimlər, diqqətinizə Azərbaycan Respublikası Cinayət Maddəsinin 295-ci maddəsindən bir nüansı çatdırmaq istərdim. Bilə-bilə ədalətsiz hökm və qərar çıxarmaya görə 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu maddəni bilə-bilə sizə xatırlatdım ki, verdiyiniz hər bir sifarişli qərara görə gələcəkdə cəza alacağınızı biləsiz. Nə siz, nə də sizin öndə gedənləriniz bundan qurtula bilməyəcək. Bunu tarix də sübut edir.
Əliyev rejimi zənn edir ki…
Məşhur inqilabçı, kommunizmin ilk nəzəriyyəçilərindən biri olan Qrakx Baböf öz sevgilisinə məktubunda Fransa inqilabı zamanı Parisdə baş verənləri belə təsvir edirdi: “Mən şahidi oldum ki, kütlə necə Fullonun başını küçələrdə gəzdirirdi. Sonra oraya kürəkəni də gətirdilər. Baraban gurultusu altında hamı onu ələ salır, alçaldırdı. Kütlənin bu sevinci necə də mənim ürəyimi sıxırdı! Mən həm razı, həm də narazı idim… Hakimiyyət nə əkmişdisə, onu da biçirdi. Sonrası daha da pis olacaq. Bu, hələ başlanğıcdır…”
Əmin olun ki, bu gedişatla sizləri də eyni aqibət gözləyir.
Qeyd etmək istədiyim başqa bir nüans da var. Əliyev rejimi zənn edir ki, həbsxanaları onlar kimi düşünməyən, azad fikirli və mübariz gənclərlə doldurmaqla özünə qarşı təhlükəni aradan qaldırır. Amma özləri istəmədən həmin həbsxanaya doldurduqları gənclərdən qəhrəman düzəltmiş olurlar. Bu isə bir növ, az da olsa, prosesə öz müsbət təsirini göstərmiş olur. Biz, 140-a yaxın siyasi məhbusu olan bir ölkənin vətəndaşlarıyıq. Avropada olan siyasi məhbusların yarısı elə Azərbaycanın payına düşür. Bu rəqəm hazırkı hakimiyyətin cinayətkar olmasının əyani sübutudur.
Biz həbsə düçar olmamışıq, girov götürülmüşük
Biz – NIDA-çılar, həmçinin digər siyasi məhbuslar, Ilqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Əbdül Əbilov, Rəşad Ramazanov, Anar Məmmədli, Bəşir Süleymanlı, Orxan Eyyubzadə, Pərviz Həşimli, Qurban Məmmədov, Tale Bağırzadə və digərləri bu hakimiyyət tərəfindən həbsə düçar olmamışıq, rəsmən girov götürülmüşük.
Sonda mənə girovluqda olduğum müddətdə dəstək olan üzvü olduğum “NIDA” Vətəndaş Hərəkatına və VHP-yə, media nümayəndələrinə, siyasi partiyaların funksionerlərinə, ictimai fəallara, xüsusilə də valideynlərimə və fədakarlıqla təmənnasız olaraq məni müdafiə edən Xalid Bağırova, Əlayif Həsənova öz təşəkkürümü bildirirəm.
Insan üçün onun vicdan məhkəməsi ən önəmli olanıdır. Orada nə üzəduran şahid var, nə qondarma cinayət işi, nə də ki, sizlər kimi saxta hakimlər. Mən vicdanım qarşısında təmizəm və bu mənə yetir”.
Əmr qulu…
Ömər Məmmədov çıxışını tamamlayandan sonra hakim Eldar Mikayılovla onun arasında belə bir dialoq oldu:
– Xahişin nədir?
– Heç bir xahişim yoxdur. Sizə nə əmr verilibsə, onu da eləyin.
“Mən oğlumla fəxr edirəm!”
Bundan sonra hakimlər hökm vermək üçün müşavirəyə getdilər. Onsuz da məhkəmə zalında dəmir qəfəsin içində saxlanılan Ömər Məmmədovun əllərini də qandalladılar. Bu da Ömərin anasının etirazına səbəb oldu: “Utanmırsız? Ayıb deyilmi, günahsız bir adamın anasının gözləri qarşısında onun əllərini qandallayırsız? Onsuz da bu adam qəfəsdədir, oradan qaça bilməyəcək ki…
Mən oğlumla fəxr edirəm! O, sağlam insanlardan nümunə götürərək bu cür yetişib.
Eybi yox, dözmüşük, yenə dözəcəyik. Axı biz dözümlü xalqıq… Dözəcəyik, amma axırda mütləq nəsə olacaq!”.
***
Təxminən 15 dəqiqədən sonra hakimlər müşavirədən qayıtdılar. Maraqlıdır ki, elan olunması təxminən bir saat çəkən hökmü hakimlər 15 dəqiqəyə necə hazırlamışdılar?!
Hökmə əsasən, Ömər Məmmədov 5 il azadlıqdan məhrum edildi.
“Əliyevin repressiya maşını xalqı məğlubiyyətlə barışdıra bilməyib”
AXCP sədri Əli Kərimli məhkəmədən sonra video-açıqlamasında hökmə münasibət bildirib, eyni zamanda Facebook səhifəsində də bu haqda fikirlərini bölüşüb. AXCP sədri yazıb:
“Gənc siyasi fəal Ömər Məmmədovun məhkəməsinə getmişdim. Artıq bilirsiniz ki, məhkəmə sifarişə uyğun olaraq, Ömər bəyi 5 il müddətinə azadlıqdan məhrum etdi. Hökmün ağırlığına rəğmən, xeyli təsəllimiz də var:
1. Ilham Əliyevin repressiya maşını xalqımızı hələ də məğlubiyyətlə barışdıra bilməyib. Yeni-yeni gənclər mübarizə meydanına axışır.
2. Rejimin məhkəmələrinə və onların hökmlərinə heç bir hörmət, etimad yoxdur. Məhkəmənin sifarişlə cinayətkar elan etdiyi gənci insanlar qəhrəman kimi alqışlayır.
3. Azərbaycandakı siyasi məhbus problemini hökumət o qədər şişirtdi ki, indi o, yenidən beynəlxalq problemə çevrilib. Ölkəmizin problemlərinə, xüsusilə siyasi məhbus məsələsinə beynəlxalq diqqət 2012-ci il “Eurovision” yarışması zamanı olduğu qədər artıb. Inanıram ki, rejim bu təzyiqlərin qarşısında geri çəkilməli olacaq.
4. Hakim hökm oxuyana qədər Ömər bəy imkan tapıb (son sözündə) hakimə və bütövlükdə rejimə artıq hökm oxumuşdu”.
Aytən Məmmədova