Yaxud göyərti satandan Ben Laden düzəltməklə avtoritarizmi möhkəmləndirmək cəhdi
Orxan Zeynalovun azərbaycanlı olub-olmadığını hələlik bir kənara ataq. Deyək ki, o, bir azərbaycanlı yox, məsələn, tacikdir, özbəkdir, çeçendir, rusdur və sairə. Adam cinayətdə ittiham olunur. Qəsdən adam öldürməkdə. Maddə 105.1. Cinayətdə şübhəli bilinən Orxan Zeynalova qarşı bu maddə irəli sürülə bilər. Bu maddənin başqa, daha qəliz bəndləri üzrə ittiham irəli sürülə bilməz. 105.1-lə isə ona 6 ildən 15 ilə qədər cəza təyin edilə bilər. Maksimum.
Rusiya bu cinayət kateqoriyası üzrə dünyada birinci yeri tutur. Burada hər il 15-30 min nəfər həmin bu 105-ci maddənin təsiri altına düşür. Bu o deməkdir ki, Rusiyada ildə, orta hesabla 20 min adam öldürülür. Son 10 ilin ən böyük rəqəmi 2005-ci ildə alınıb – 30 min nəfərdən artıq (ikinci yerdə Kolumbiyadır). Buraya bir xırda detalı da əlavə etmək istərdik. Rusiyada ildə 100 min nəfərə qədər insan narkotikadan həlak olur! Bu da Rusiyanın rəsmi statistik bazasından alınan rəqəmdir və bütün Rusiyanın Patriarxı Kirill bu rəqəmlə həyəcan təbili çalır. Başqa bir təfərrüat: ildə, orta hesabla 15 min nəfər ağır bədən xəsarəti üzündən, 12-13 min nəfər yol-nəqliyyat hadisəsində, 10-12 min nəfər yanğın olaylarında həlak olur. Ildə 20 min nəfərə qədər naməlum meyit aşkar olunur.
Qətllərin adiləşdiyi Rusiyada bir qətl niyə rezonans doğurdu?
Əlbəttə, biz demək istəmirik ki, Rusiyada adam ölümü adi şey olduğuna görə kiminsə öldürülməsinə də adi hal kimi yanaşmaq lazımdır. Əksinə, məhz Rusiya elə ölkələrdəndir ki, orada hər bir insanın ölümünə və ya öldürülməsinə çox həssas yanaşmaq lazımdır. Çünki Rusiya kriminal ölkədir və hər bir ölüm hadisəsi ictimai münasibətlərin fövqəladə gərginliyi faktı kimi qeydə alınmalı, uyğun tədbirlər görülməlidir.
Amma bir mühüm faktor nəzərə alınmaqla ki, cinayətkarlıq və insan ölümü ilə yekunlaşan cinayət faktları sadəcə Rusiyaya axışan emiqrantlarla bağlıdır, yoxsa yerli əhali ilə emiqrantlar arasında düzgün olmayan münasibətlərin dövlət aparatı tərəfindən himayə olunması ilə. Bəli, məhz bu şəkildə ki, emiqrantlarla yerli əhalinin düzgün olmayan münasibətləri dövlət tərəfindən himayə olunur.
Imperiya iddiaları ilə çıxış edən Moskva eyni zamanda ölkə daxilində müxtəlif millətlərin nümayəndələrinə qarşı əməlli-başlı kampaniyalar aparır. Rusiayada, hətta Rusiya vətəndaşı olan qeyri-rusların yaşaması dəhşətli dərəcədə mürəkkəbləşib. Çünki neofaşistlər zahirən rusa bənzəməyənlərə hücum edərkən onlardan pasport tələb etmirlər. Dövlət isə özünün təbliğat resurslarından heç zaman etnik münasibətlərin tənzimlənməsi üçün istifadə etməyib, əksinə bu vasitələr həmin münasibətlərin gərginləşdirilməsi üçün istifadə edilməkdədir. Məsələn, xırda bir fakt. Iqor Kolıtsev adlı bir rus detektiv yazarı var. Rus skinhedlərinin ideoloji atalarından sayıla bilər. Onun nasist ruhlu, qafqazlılara və bütün qeyri ruslara qarşı guya detektiv, əslində isə neonasist ruhlu povestləri rus gəncliyinin əhval-ruhiyyəsini tənzimləyir. Normal ölkələrdə bu tip əsərləri söz azadlığına heç bir dəxli olmayan fikirlər kimi yasaqlayardılar, çünki etnik nifrəti qızışdırmaqdan başqa heç bir qayəsi yoxdur. Amma Rusiyada bu, hamının işinə gəlir. Hətta dövlətin də. Çünki mafiozlaşmış dövlət strukturları öz əməllərini ört-basdır etmək üçün bütöv bir nəsli faşizm ideologiyasına yoluxdurmalı, millətin gələcəyi üçün ən böyük təhlükənin ölkənin maddi resurslarının talan edilməsindən deyil, qeyri-rusların “Matuşka Rusiya”ya axınından qaynaqlandığını elan edilməlidir. Və əhali də bu informasiya-təbliğat basqısına yetərincə həssaslıqla yanaşır.
Fakt. 2013-cü ilin may-iyun aylarında Ümumrusiya Ictimai Rəyi Öyrənmə Mərkəzinin ölkə əhalinin keçirdiyi sorğunin nəticələrinə baxaq.
Rusların 35 faizi belə hesab edir ki, Rusiaya üçün ən böyük təhlükə miqrant axınıdır. 33 faiz belə hesab edir ki, təhsilin, mədəniyyətin, elmin səviyyəsinin aşağı düşməsi ən mühüm təhlükədir. 28 faiz ehtimal edilən ekoloji fəlakətləri dövlətçilik üçün təhlükə sayır. Yalnız 25 faiz ölkənin neft və qaz ehtiyatlarının tükənməsini (sual “talan edilməsi” yox, “tükənməsi” şəklində qoyulub), 23 faiz doğum faizinin sürətlə enməsini, 22 faiz həyat səviyyəsinin aşağılığını və… nəhayət 6 faiz neonasizmi dövlətçilik üçün təhlükə sayır.
Neyləmək olar, bu rusların həyata yanaşma tərzidir və biz onlar üçün təhlükə prioritetlərini sıralamalı deyilik, çünki öz prioritetlərimiz sıralanmamış qalıb.
Qayıdaq, Orxan Zeynalov məsələsinə. Əlbəttə, sıradan bir cinayətdə ittiham edilən göyərti satana bu qədər “aristokratik ilgi” Rusiyanın dövlət siyasətinin mahiyyətindən doğur. Ax, bu yaramaz miqrantlar bizim ölkəmizin əsaslarını dağıdırlar! Biz onlara göstərərik. Və hətta Daxili Işlər naziri hansısa “xüsusi” əməliyyat nəticəsində tutulmuş bu terminatorun gözlərinin içinə baxıb dövlətin onun üzərinə qoyduğu yetkinin ləzzətini çıxarmaq ehtirasını yaşayır.
Bu ləzzət çox sadə səbəbdən ifadə olunur. Orada bu qətl hadisəsi böyük rezonans doğurub. Rezonansın yaranma səbəbi aydındır.
“Lənətlənmiş” “Pakrovbaza”
Bu ərazidə Moskvanın, bəlkə də, bütün Rusiyanın ən iri meyvə-tərəvəz bazalarından biri sayılan “Pokrovbaza” yerləşir. Bu baza azərbaycanlıların, daha konkret şəmkirlilərin nəzarətindədir. Əslində bu “Pokrovbaza” Moskvanın bir çox bu qəbildən olan ticarət mərkəzləri kimi sanki “lənətlənmiş” yerdir. Bu obyektin üzərində o qədər qanlar tökülüb ki, gəl görəsən. Həm kriminal avtoritetlərin çəkişməsi, həm zaman-zaman polisin, OMON-un xüsusi reydləri Rusiyanın bazarlarını miqrantların həyatı üçün çoxdan risqli zonalara çevirib. Bu bazar isə miqrantların xüsusilə iri kütlə ilə çalışdığı yerlərdən biri idi (Bir müddət bundan əvvələ qədər ən nəhəng miqrant mərkəzi “AST Telmana” məxsus olan “Çerkizov” bazarı sayılırdı). Deməli, rus neofaşistlərinin də xüsusi diqqət mərkəzlərindən biri olan yer hesab edilməli idi. Rus neofaşistlərini maliyyələşdirən xüsusi mərkəzlər var. Amma bu cür bazarlar da onların özəl “reyd” yerlərindən sayılırdı. Burada insanlara hədə-qorxu gələrək onlardan nəsə qoparmaq həmişə mümkündür.
Əlbəttə, hələ aydın deyil ki, son hadisə zamanı öldürülən Yeqor Şerbakov bir sosial varlıq olaraq hansı zümrəyə aid olub və onu Orxan Zeynalovun bıçağına tuş gətirən motiv nədən ibarət olub. Amma bir mühüm məsələ var. Rusiya kriminalın tüğyan etdiyi ölkə, Moskva da ən iri kriminal dünya şəhərlərindən biri olduğu üçün burada miqrantların kriminalla təması olmadan mövcudluğu mümkün deyil.
Illərdir ki, Azərbaycanın az qala, ən ucqar kəndlərində də “Rusiya qəbristanlıqları” və ya “Urusyet qəbirləri” artmaqda davam edir. 1993-cü ildən sonra Rusiyada öldürülən azərbaycanlıların sayı Qarabağ müharibəsində həlak olanların sayından az deyil. Orada “cəngəllik qanunları” hökm sürür və bu qanunların altına girmədən nə yaşamaq mümkündür, nə də pul qazanmaq. Doğrudur, pul çəkişmələri həm də, icma daxili münaqişələr kimi xarakterizə olunur. Azərbaycanlılar bir-birini öldürür. Amma axı, cəngəllik qanunlarıdır. Bu qanunlar həm icmanın, həm də bütün icma üzvlərinin simasını və mövcudluq uğrunda müharibəsinin şərtlərini müəyyən edir.
Amma axı, Şerbakov? O kimdir ?
Bu adamın kimliyini dəqiqləşdirmədən Orxan Zeynalovu ittiham etmək mümkün deyil. Doğrudur, Rusiyanın bəzi xəbər portalları Yeqor Şerbakovun sevgilisinin sosial şəbəkələrdə paylaşdığı ürək dağlayan sözləri ilə “bəzəniblər” amma bu, hələ o demək deyil ki, Yeqor Şerbakov Hörmüzün, Orxan Zeynalov isə Əhrimənin şəxsi təmsilçiləridir. Sadəcə olaraq, dəqiqləşdirmək lazımdır ki, bu hadisə hansı şəraitdə baş verib. Orxan Zeynalov həmin gecə bir rusu öldürmək üçün yaşadığı mənzildən çıxmayıb. Moskva gecələrində hansısa kefli və ya yarımkefli bir rus gəncin bir qeyri-rusa ilişməsi adi hal deyil. Təbii, biz Şerbakovun haqqında da qabaqcadan götürülmüş münasibət bildirmirik. Bütün bunları istintaq araşdırmalıdır. Amma istintaqın gedişində Azərbaycan hökumətinin maraqları da nəzərə alınmalıdır.
Rusiya polisi Orxan Zeynalovu necə tapıb?
Əlbəttə, Orxan Zeynalov Azərbaycan xalqının və ya dövlətinin prioritetlərindən deyil. Bizim bəzi ziyalılarımız hətta onun “ölüm hökmünə layiq olduğu” barədə simasız bəyanatlar versələr də, Orxan Zeynalovun özü deyil, hadisəsi azərbaycanlılar üçün mühümdür. Bir neçə səbəbə görə.
Ilk növbədə ona görə ki, Rusiyadakı və başqa ölkələrdəki azərbaycanlılar Azərbaycan dövləti tərəfindən himayə olunmurlar. Azərbaycan hökuməti xaricdə yaşayan azərbaycanlıların statistikasını bircə parametr üzrə aparır ki, adam heydərçidir, ya deyil. Amma hətta heydərçi sayılanlar da problemsiz lazım olur.
Bu başsızlıq onunla nəticələnib ki, Rusiyadakı azərbaycanlıların mühüm faizi Rusiya təhlükəsizlik orqanlarının və polisinin agentura şəbəkəsinə daxil edilib. Doğrudur, onların arasında ikiqat agent olanlar da var. Yəni, Azərbaycan təhlükəsizlik orqanları Rysiya agentlərinin bəzilərini deşifrə edib ikiqat əməkdaşlığa cəlb edə biliblər, amma bu yüzdə beş faiz olar, ya olmaz.
Bu baxımdan, Orxan Zeynalovla bağlı da maraq doğuracaq bir xəbər var. Bu təsdiq olunmayan xəbərdə bildirilir ki, Orxan Zeynalovu Rusiya polisinə ÜAK (Ümumrusuya Azərbaycan Konqresi) fəallarından sayılan bir azərbaycanlı təslim edib və bu əməliyyatda Orxan Zeynalovun yaxın qohumlarından biri də iştirak edib. Bu xəbəri nə təkzib etmək, nə də təsdiq etmək mümkündür. Amma nəzərə almamaq mümkün deyil.
Diqqətə çəkmək istədiyimiz məqam bundan ibarətdir ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar Azərbaycan hökumətini ya heç maraqlandırmır, ya da kampaniyadan kampaniyaya maraqlandırır. Prezident Administrasiyasının məsul məmurlarından biri Əli Həsənov (o, dövlət aparatının ideoloqlarından sayılır) bir zamanlar bəyan etmişdi ki, kim istəyir getsin, bizə burada qalanlar bəs edir. Bu, Əliyevçi hökumətin “dövlətçilik” nəzəriyyəsidir. Bu həbsxananın divarlarından aşıb gedənlər cəhənnəm olsunlar, bizə içəridəki məhbuslar kifayətdir.
Rusiyada Orxan Zeynalov fenomeni orada onsuz da cəhənnəm həyatı yaşayan azərbaycanlıların həyatını daha da mürəkkəbləşdirə bilər. Buna görə də Azərbaycan hökuməti adam kimi bir hökumət olsa, ona normal bir vəkilin tutulmasını, hadisənin təfərrüatlarının öyrənilib elə həmin Rusiya icmasına təqdim edilməsinə can atılmalıdır. Axı Rusiyadakı azərbaycanlılar, ən azından bizim inzibati canavarların özləri üçün də yem yeridir.
Boş sözdür ki, guya Rusiyadakı azərbaycanlıların hesabına ölkə əhalisinin hansısa ciddi faizi dolanışığını təmin edir. Rusiyadakı azərbaycanlıların qazandığı pulların 70 faizindən çoxu Əliyev hökumətinin məmurlarının cibinə axır. Onlar burada polisi rüşvətlə yemləyirlər, oliqarxların tikdiyi binalardan ev alırlar, bunların restoranlarına hesab ödəyirlər, icra başçılarına və bələdiyyələrə rüşvət verib ev tikmək üçün torpaq sahəsi alırlar, həmin evləri tikmək üçün inşaat materiallarını da həmin bu oliqarxlardan alırlar, sonra da həmin evlərdə yaşaya bilmədən, oralarda Rusiyalarda öldürülürlər, həbsxanalara salınırlar, itkin düşürlər…
Analitik informasiya şöbəsi