12 mərtəbəli yaşayış binası sərhədçilərdən müvəqqəti alındı
Bakıdakı «Miracle» ilə Antalyadakı «Miracle» arasındakı fərq
Bakıda keçiriləcək nüfuzlu “Eurovision-2012″ musiqi yarışması hökumətin illərdir dediyi ”analoqsuz inkişaf”ın sadəcə söz olduğunu üzə çıxarıb. Artıq hamıya məlumdur ki, Bakı musiqi yarışmasını seyrə gələn qonaqları qarşılamağa hazır deyil. Belə ki, paytaxtda hotel çatışmazlığı var. Məlumatlara görə, Bakı hotelləri 11 minə yaxın insanı qarşılamağa yetmir. Hakimiyyət nüfuzlu yarışmada gülüş obyektinə çevrilməmək üçün bir sıra tədbirlərə əl atıb. Burada daha bir maraqlı məqam ondan ibarətdir ki, çoxsaylı turistin Bakıya gələcəyindən və ən azı bir həftə burada qonaq qalacağından istifadə edib məmurlar yaxşıca pul qazanmaq eşqinə düşüb.
DSX “Eurovision”dan sonra evlərin sərhədçilərə qaytarılacağını deyir
Keşlədəki “Miracle”
“Azadlıq”a daxil olan məlumatlara görə, artıq paytaxtda bir neçə yaşayış binası var ki, onlar “hotel”ə çevrilib.
Bu proses sürətlə davam etdirilir. Şəhərin mərkəzində bir neçə bina var ki, oranın sakinləri evlərindən çıxarılaraq təmir etdirilir, yalnız yarışma bitdikdən sonra sakinlər evinə qayıda bilər.
Bir qrup sərhədçi zabitin mənzil sevinci də “Eurovision-2012″-nin güdazına gedib. Söhbət sərhədçi zabitlər üçün inşa olunan yaşayış binasından gedir. Bir müddət əvvəl paytaxtın Nərimanov rayonu ərazisində, ”Keşlə” bazarının yaxınlığında mənzil ehtiyacı olan sərhədçilər üçün yaşayış binası tikilib. Hətta həmin binalardan kimlərə mənzil veriləcəyi də dəqiqləşibmiş. Ancaq sonradan situasiya birdən-birə dəyişib. Oranın hotel binası kimi fəaliyyət göstərəcəyi məlum olub. Hazırda həmin binada türk əsilli iş adamının rəhbərliyi altında yaşayış binasının hotelə çevrilməsi və lüks şəkildə təmiri üçün gərgin iş getdiyi söylənilir.
Antalyadakı “Miracle”
“Azadlıq”a məlumat verən qaynaq deyir ki, müsabiqə zamanı gələcək çoxminlik turist ordusunun bir hissəsini ora cəlb etməklə xərclərin əhəmiyyətli hissəsini çıxarmaq mümkündür.
Dövlət Sərhət Xidməti bir neçə gün öncə musiq yarışması üçün xarici qonaqların istifadəsinə veriləcəyi barədə yayılan məlumatların doğru olduğunu təsdiqləyib: “Müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir hotellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq”.
“Keşlə”nin “Miracle” oteli
Ötən gün sözügedən ünvana baş çəkib hotelin hazır olub-olmadığını öyrənməyə çalışdıq.
12 mərtəbəli yaşayış binasının qarşısında “Miracle” hotel sözü yazılmış plakat vurulub. Həyətdə qızğın iş gedir. Mini stadion inşa edilir, demək olar, hər bir mənzilin eyvanından ustalar gözə dəyir. Kimi işıq naqillərini çəkir, kimi suvaq işlərini yerinə yetirir, kimi də başqa problemlərin həllini həyata keçirməyə çalışır.
Ünvana diqqət edin, “Keşlə” bazarının yaxınlığında “Miracle” hotel. Heç bir biznesmen bazar yanında, xüsusən “Keşlə”nin yaxınlığında hotel tikməz. Bura hotel, qonaqları qarşılamaq üçün ən əlverişsiz məkandı, ərazidə səs-küy, toz-tozanaq, vur-çatlasın baş alıb gedir. Hökumət nümayəndələri dəfələrlə “Eurovision-2012″-nin Azərbaycan üçün gözəl bir şans, ölkəmizi bütün dünyaya tanıtdırmaq üçün fürsət olduğunu deyiblər. Görəsən ”Keşlə” bazarının yanında tikilən “hotel”ləmi dünyaya təbliğ oluncağıq? Ikincisi, sərhədçilərə çatacaq mənzilləri hotel adıyla avropalıya sırımaq nə qədər doğrudur? Avropalı mənzillə hoteli ayıra biləcək səviyyədə deyilmi? Onu da bildirək ki, sözügedən ünvanla üzbəüz Daxili Qoşunların hərbi hissəsi yerləşir. 12 mərtəbəli “hotel”dən hərbi hissəni çox aydın şəkildə seyr etmək mümkündü. Indi “hotel”ə görə hərbi hissənin qarşısındakı kol-koslar da təmizlənir, yolların kənarlarına bardür düzülür.
Daha bir maraqlı fakt isə “Miracle”nin adıyla bağlıdır. Türkiyənin Antalya şəhərində “Miracle” adlı hotel var. Dörd ulduzlu olan bu hotelin görünüşü adamı valeh edir. Antalyada salınan bu hotel nə sərhədçilərin mənzilləri əllərindən alınaraq “hotel” vəziyyətinə gətirilib, nə də Türkiyədə keçirilən “Eurovision-2004″ə görə tikilib. Bu elə əvvəldən hotel olub, elə dörd ulduzlu…
Ramin DEKO