TRT Azərbaycanda siyasi azadlıqların olmadığını vurğuladı
Dünyanın aparıcı media quruluşlarıyla yanaşı Türkiyə mətbuatı da İctimai Palatanın 22 aprel aksiyasına xüsusi diqqət ayırıb. Türkiyədə nəşr olunan qəzet və xəbər agentlikləri aksiyayla bağlı məlumatlar yayımlayıb. Bunlardan başqa ölkənin nüfuzlu “STAR”, “NTV” və “TRT” kanalları da 22 aprel mitinqindən reportajlar verib. Həmin reportajlarda etiraz aksiyasına qatılanların tələbləri, onların səsləndirdiyi şüarlar xüsusi vurğulanıb.
Əroğan hakimiyyətinə yaxın çevrələrin nəzarətindəki “STAR” kanalı İctimai Platanın mitinqiylə bağlı reportajı “Azərbaycan müxalifəti küçələrə çıxdı” başlığıyla təqdim edib: “Azərbaycanda müxalifət küçələrə çıxdı. Siyasi azadlıq, siyasi məhbusların azad olunmasını və demokratik islahatlar tələb edən minlərlə etirazçı bir araya gəldi”.
Nüfuzlu “NTV” kanalı mitinqi son illərin ən kütləvi aksiyası adlandırıb: “Azərbaycan müxalifəti küçələrə axışdı. Minlərlə insan demokratiya istəyi ilə Bakı ətrafındakı meydana toplaşdı. Müxalifət son illərin ən kütləvi etiraz aksiyasını keçirdi. Etirazçılar Azərbaycan və müxalifət partiyalarının bayraqlarını qaldıraraq ölkədə dmeokratik islahatların keçirilməsini tələb etdi. Azərbaycan gələn ay “Eurovision” musiqi yarışmasına ev sahibliyi edəcək. Bu səbəbdən dünyanın aparıcı insan haqları təşkilatlarının diqqəti Azərbaycana yönələcək. Ekspertlər bu səbəblə hakimiyyətin müxalif etirazlara müvəqqəti icazə verdiyini söyləyir. Ancaq Azərbayca müxalifəti aksiyaların davamlı olacağını bildirir”.
Özəl televiziya kanalları ilə yanaşı Türkiyə dövlət kanalı “TRT” də 22 aprel mitinqinə diqqət ayırıb. Kanalın xəbərlər proqramında İctimai Palatanın mitinqindən reportaj “Azərbaycan hakimiyyət əleyhinə etirazlara səhnə oldu” sözləriylə təqdim edilib. “TRT” minlərlə müxalifin siyasi azadlıqlar tələbi ilə küçələrə axışdığını bildirib: “Azərbaycanda minlərlə müxalifətçi siyasi azadlıqlar, siyasi məhbusların azad olunması və demokratik islahatların keçirililməsi istəyi ilə meydana axışdı. Aksiya Azərbaycan müxalifətinin birləşdiyi İctimai Palata tərəfindən təşkil olunub. Mitinqə Azərbaycan müxalifətinin iki ən güclü partiyası AXCP və Müsavat partiyalarının sədrləri Əli Kərimli ilə İsa Qəmbər də qatılıb. Azərbaycanda siyasi azadlıqlar və media üzərində ciddi nəzarət olmasına baxmayaraq müxalifətin mitinqinə etiraz bildirilmədi”.
Siyasət şöbəsi