Ağıla yox, zora söykənən hakimiyyət vəhşi davranışı ilə özünü yenə biabır etdi
ARDNŞ dünən yenə də Sulutəpədə qanunsuz hesab etdiyi evlərin söküntüsü ilə məşğul olub. Söküntü polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının müşayiəti ilə xüsusi texnika vasitəsi ilə aparılıb.
Zorakılıq və yolbağlama aksiyası
Söküntüyə müqavimət göstərən sakinlər amansızcasına döyülüb, onlardan huşunu itirənlər, yaralananlar var. Söküntünü işıqlandırmaq istəyən jurnalistlər, xüsusən Idrak Abbasov və “Yeni Müsavat”ın reportyoru Günay Musayeva ARDNŞ mühafizəçilərinin fiziki təzyiq və təhqirlərinə ürcah olub.
“Azadlıq” radiosunun xəbərinə görə, əli dəyənəkli adamlar ərazidən uzaqlaşsalar da, qəsəbədə ara sakitləşməyib. Sakinlər küçələrə çıxıb etirazlarını bildirməkdə davam ediblər. Onlar söküntüyə son qoyulması tələbi ilə Yuxarı Sulutəpənin yaxınlığındakı yolu kəsiblər. Polisin müdaxiləsi ilə yol açılıb.
Abbasov qardaşlarının hər ikisi xəsarət alıb
Idrak Abbasova yetirilən xəsarətlər onun səhhətində ciddi fəsadlar törədib və jurnalist ağır vəziyyətdə xəstəxanaya aparılıb. Jurnalist Idrak Abbasova Dövlət Neft Şirkətinin Təhlükəsizlik Idarəsinin əməkdaşları hücum çəkərkən onun qardaşı Ədalət Abbasov da ciddi bədən xəsarəti alıb. Təhlükəsizlik Idarəsinin əməkdaşları qardaşını hücumdan xilas etməyə çalışan Ədalət Abbasovun qabırğasını sındırıb. O, Bakı Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Idrak Abbasovun digər qardaşı Roman Abbasov “Turan”a bildirib: “ARDNŞ-in Təhlükəsizlik Idarəsinin əməkdaşları Idrakı evimizin 500-600 metrliyində döyüb. Idrak xüsusi qaydaya uyğun hazırlanmış jurnalist geyimində çəkiliş apararkən ona hücum ediblər. Hadisə yerində çoxsaylı polislər olub. Polislər jurnalistin xilası üçün cəhd etməyib. Bizə xəbəri qonşular çatdırdı. Qardaşımızı xilasa qaçdıq. Bu vaxt Təhlükəsizlik Idarəsinin əməkdaşları bizə də hücum çəkdilər. Mənə və qardaşım Ədalətə çoxsaylı təpik və yumruq zərbələri endirdilər. Biz yalnız qardaşımız Idrakı ölümdən xilas etməyə çalışdıq”.
Insanları vəhşicəsinə döyürdülər
Baş verən hadisəni “Mediaforum” saytına Günay Musayeva belə danışıb: “Hadisə yerinə ilk çatan mən oldum. Mən gələndə artıq bir qadının evini buldozer vasitəsilə sökürdülər. Bunu çəkmək istəyəndə polislər və Neft Şirkətinin əməkdaşları mənə yaxınlaşaraq əllərini fotoaparatın qarşısına tutdular və jurnalist vəsiqəmi tələb etdilər. Mən həm şəxsiyyət vəsiqəmi, həm də jurnalist vəsiqəmi onlara təqdim etdim. Şəxsiyyət vəsiqəmi qaytarsalar da, jurnalist vəsiqəm onlarda qaldı. Polislər və Neft Şirkətinin işçiləri Idrak bəylə mənə mane olsalar da biz onların vəhşicəsinə döydükləri insanları lentə almağa çalışırdıq. Bu zaman mülki geyimli şəxs mənim ağzıma yumruq vuraraq fotoaparatımı əlimdən aldı”.
Saçımı yoldular, belimdən təpik vurdular
Onun sözlərinə görə, polis və ARDNŞ işçiləri insanları dəyənəklə döyüblər: “Idrak məndən bir az aralıda idi. O, kənardan şəkil çəkirdi. Mən bir də baxdım ki, polislər və ARDNŞ işçiləri onu arxası üstə yıxaraq həm dəyənəklə vurur, həm də təpikləyirlər. Onun qarın nahiyyəsinə çıxaraq təhqir edirdilər”. Jurnalist deyir ki, o, I.Abbasovun döyüldüyü məqamı çəkmək məqsədilə ona yaxınlaşmaq istəyəndə bir nəfər arxadan onun saçından tutaraq dartıb: “Arxadan belimə də vurdular. Mən onlardan xahiş etdim ki, qoymayın döysünlər, icazə verin kömək edim. Amma heç kimə və heç nəyə məhəl qoymadan onu döydülər. Hətta köməyə gələn Idrakın iki qardaşı da döyüldü. Sonra da onları orada qoyub, çıxıb getdilər”.
Idrak huşunu itirmişdi
Jurnalistin sözlərinə görə, oradan Idrakı xəstəxanaya aparıblar: “Əvvəlcə Xocahəsən təcili tibbi yardım stansiyasına apardıq. Oradan da 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) apardılar. Hazırda onun vəziyyəti ağırdır. Rentgendən çıxandan sonra mən xəstəxananın dəhlizində Idraka yaxınlaşdım, o, ancaq su istədi, danışa bilmirdi. Dedi ki, gözümün qarşısında pərdə var, onu çəkin. Sonra huşsuz vəziyyətdə qaldı. Yəni vəziyyəti çox pis idi”.
Ciddi zədələr var
“Idrak Abbasovun başı əzilib, gözünün biri tam bağlanıb”. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynov “mediaforuma.az”a belə deyib. Emin Hüseynov Idrak Abbasovun vəziyyətinin orta-ağır qiymətləndirildiyini vurğulayıb: “Başına tikiş vurulub. Sol gözü ciddi zədələnib. Hazırda 1 saylı Klinik Tibb Mərkəzindədir. Idrakı müdafiə edən qardaşı Ədalət Abbasovu da döyüblər. O da ciddi zədələr alıb və Klinik Tibb Mərkəzindədir. Idrak Abbasovun əlindən alınmış kamerasını hələ qaytarmayıblar. Jurnalist özünə gələndə öncə Daxil Işlər Nazirliyinə və başqa müvafiq orqanlara müraciət edəcək”.
Cinayət işi açılacaq…
Modern.az saytı jurnalistlərin fiziki zorakılığa məruz qalması faktına ARDNŞ-dən rəsmi münasibət öyrənməyə çalışıb.
Dövlət Neft Şirkətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, jurnalistləri döyən şəxslər artıq polis bölməsindədir: “Artıq həmin şəxslər polis bölməsində izahat verirlər. Məsələni Neft Şirkəti və polis araşdırır. Həmin şəxslərə qarşı cinayət işi açılacaq. Bununla bağlı informasiya yaxın günlərdə mətbuata veriləcək”.
ATƏT-in xüsusi nümayəndəsi Azərbaycanda jurnalistlərə basqından şoka düşüb
Beynəlxalq və yerli ictimai-siyasi dairələri də bu olay hiddətləndirib. ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Myatoviç Azərbaycanda reportyor Idrak Abbasova və bir sıra başqa jurnalistlərə basqından şoka düşdüyünü bildirib: “Bu şoka salan xəbər Azərbaycanda jurnalistlərin zorakılıq və dözümsüzlük şəraitində fəaliyyət göstərmələrinə şahidlik edir. Hakimiyyət jurnalistlərə basqın edən şəxsləri aşkarlamağa və ciddi cəzalandırmağa borcludur. Nəhayət ki, Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərə qarşı bütün növ zorakılıqlara son qoymaq üçün real addımlar atmalıdır”(“Turan”).
Bu hadisə sistemli dövlət siyasətinin nəticəsidir
AXCP dünən yayılan bəyanatında dövlətin səlahiyyət verdiyi şəxslərin jurnalistlərə qarşı vəhşi davranışını təsadüfü hal saymadığını bildirir, bunu avtoritar rejimin tənqidçi medianı susdurma planının tərkib hissəsi kimi dəyərləndirir.
Söz və mətbuat azadlığının təminatı ilə bağlı üzərinə öhdəliklər götürən Azərbaycan hakimiyyətinin jurnalistlərə qarşı zorakılıqla davranmasını şiddətlə pisləyən AXCP bu siyasətdə əsaslı dəyişiklik etməyi ölkə rəhbərliyindən tələb edir: “Hüquq-mühafizə orqanları Idrak Abbasov və Günay Musayevaya qarşı zorakılığın dövlət siyasətinin tərkib hissəsi olmadığını sübut etmək istəyirsə, təcili tədbirlər görərək zorakılıq edənləri, onları təlimatlandıranları cəzalandırmalıdır”.
Zorakılığı hər kəs pisləyir
Siyasi Azadlıqları Müdafiə Alyansı(SAMA) isə ARDNŞ əməkdaşlarının jurnalistlərə qarşı törətdikləri hərəkətləri və vətəndaşların, o cümlədən də peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin təhlükəsizliyini qorumalı olan polis əməkdaşlarının öz vəzifələrini yerinə yetirməməsini qəti şəkildə pisləyib. Baş verən bu hadisəni məmur özbaşınalığı və ifadə azadlığının pozulması kimi qiymətləndirib.
SAMA ölkə rəhbərini, baş prokuroru və daxili işlər nazirini jurnalistlərə qarşı bu zorakılığı törədən ARDNŞ-nin əməkdaşlarının və öz vəzifələrini yerinə yetirməyən polislərin dərhal məsuliyyətə cəlb edilməsi haqda müvafiq tapşırıqlar verməyə çağırıb.
Media Hüququ Institutu da hadisəni kəskin pisləyib: “Jurnalistlərə qarşı törədilən belə hərəkətlər xalqın bilmək və düzgün seçim etmək haqqına, ən mühüm demokratik dəyərlərdən biri olan, tərəqqinin və yüksəlişin əsasında duran məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi qorxular yaradır. Media Hüququ Institutu hökuməti basqı olaylarını ciddi və operativ araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli təcili ölçülər götürməyə çağırır”.
“Sərhədsiz reportyorlar” Ilham Əliyevin çıxışını jurnalistin döyülməsi ilə uzlaşdırır
Təşkilat Idrak Abbasova qarşı törədilmiş zorakılığı pisləyib. “Bu amansız hücum bizi sarsıtdı. Hakimiyyət aylardır bu jurnalistin və ailəsinin daim təqib olunması faktlarını araşdırsaydı, bu faciə baş verməyə də bilərdi”, – deyə bəyanatda qeyd edilir.
Bəyanatda deyilir ki, hakimiyyət bu hücumun təqsirkarlarını müəyyən etməli və cəzalandırmalıdır. Baş verənlər həmçinin hakimiyyətin paytaxtda və onun ətrafında əmlak hüquqları probleminin həlli məsələsində məsuliyyətsizliyini göstərir.
“Idrak Abbasov və ailəsi bir neçə aydır təqiblərə məruz qalır. ”Senzura indeksi” ifadə azadlığını müdafiə təşkilatı bu yaxınlarda onu Sulutəpə qəsəbəsindəki hadisələrin işıqlandırılmasında aylardır göstərdiyi mətanətə görə mükafatlandırıb.
Idrak Abbasova qarşı hücum prezident Ilham Əliyevin beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidlərini pisləməsindən bir gün sonra baş verib.
“Bizdə demokratiya, söz azadlığı, vicdan azadlığı və sərbəst toplaşmaq azadlığı var”, deyə o, bu ölkədə sistematik insan hüquqları pozuntuları ilə əlaqədar çoxalan tənqidlərə cavab verib.
“2012-ci ilin mayında ”Eurovision” müsabiqəsinin Bakıda keçirilməsi hər kəsin diqqətini bu ölkədə insan hüquqları müdafiəçilərinin və müstəqil jurnalistlərin ağır vəziyyətinə çəkməlidir”, – deyə “Sərhədsiz reportyorlar”ın bəyanatında vurğulanır (“Turan”).
Natiq Güləhmədoğlu