Rövnəq Abdullayevin qoçu dəstələri əhaliyə divan tutdu
Sakinlər mülklərini qorumaq üçün SOCAR-ın mühafizə xidmətinin əməkdaşlarına müqavimət göstərdi; yolu bağladı
ARDNŞ birinci gün yenə basqın edəcəyini elan etdi
ARDNŞ mühafizə xidmətinin əməkdaşları ötən gün növbəti dəfə Sulutəpə qəsəbəsinə basqın etdilər. Səbəbini isə qanunsuz tikilən evlərin olması ilə əsaslandırırlar. Ancaq Neft Şirkətinin qoluzorluları təkcə evləri sökmür, etiraz edənləri, qarşılarına çıxan hər kəsi təhqir edib döyürlər. Öz mülklərini qorumaq üçün ayağa qalxan qəsəbə sakinləri ilə şirkətin mühafizə xidmətinin əməkdaşları arasında qarşıdurma baş verdi.
“Pul verəndə yaxşı adam oluruq, söküləndə pis?”
Sakinlər etiraz əlaməti olaraq “Sahil” şadlıq sarayının qarşısında toplaşaraq yolu bağladılar. Onlar döyülən, evləri sökülən zaman polisin heç bir işə qarışmaması, ancaq yolu bağlayarkən müdaxilə etməsi sakinlərin haqlı narazılığına səbəb oldu. Sakinlər deyirlər ki, polislər Rövnəq Abdullayevin qoçu dəstəsinin tərəfindədir: “Bizi müdafiə etmirlər. Döyülən, söyülən, evi uçurulan biz, müdafiə olunan isə qarşı tərəfdir. Bu qədər haqsızlıq olmaz. Ümidimiz yalnız Allahadır. Niyə bizə zülm edirlər? Günahımız nədir? Axı burada hamı icazəylə – icraya, bələdiyyəyə pul ödəməklə ev tikib. Hər ev üçün ən azı 2000 manat alıblar”.
“Mənim evimi sökmürlər, qonşumun mənzilinə hücum olub. Ancaq sabah mənim də evimə hücum edəcəklər. Əgər bura Neft Şirkətinin ərazisidirsə, niyə bizim pulumuzu alıb, ev tikməyə icazə verirdilər? Pul verirsən, torpaq alırsan, evi tikib bitirən kimi gəlib sökürlər. Hamı gəlir pul istəyir. Bir nəfər deyil, ev tikəndə beş-on dəfə gəlirlər. Hər dəfə gələndə də 4-5 nəfər gəlir ki, hamısını razı salmalısan. Yaxşı, biz bununla razılaşırıq, niyə onda onlar bizimlə razılaşmırlar. Evi tikəndə, torpağı alanda qoyma. Pul verəndə yaxşı adam oluruq, söküləndə pis? Bu harada yazılıb? Kim bizə cavab verəcək? Pullarımızı, çəkdiyimiz zəhmətin xərcini ödəsinlər çıxıb gedək”, – deyir Laçından məcburi köçkün olan Rafiq Əhmədov.
Xəzər TV-nin pul dərdi
Sakinlər deyirlər ki, hər gün axşam, ya da səhər saatlarında ağ rəngli “Niva” markalı avtomobillə Neft Şirkətinin adamları mülki geyimdə qəsəbədə var-gəl edirlər. Özləri üçün siyahı tərtib etdikdən sonra evlərə basqın olur və dağıntı başlayır: “Dərdimizi deyə biləcək bir ünvan tapa bilmirik. Kim Neft Şirkətinin haqqını ödəyir, onun evi toxunulmazdı, kim ödəmirsə, vay gününə. Bizim də Neft Şirkətinə ödəməyə pulumuz yoxdur. Çünki onların tələb etdiyi məbləğ həddən artıqdır. Əgər bizdən təkcə Neft Şirkəti pul istəsə ödəyə bilərik. Ancaq təkcə onlar deyil axı. Icra, bələdiyyə, sahə müvəkkili, vergi – o qədər idarədən gələn var ki, pulumuz ancaq onlara çatır. Kimin bir az imkanı var, ev tikir, imkanı olmayan da bankdan kredit götürüb birtəhər işini qurur”.
Toqquşma zamanı bir neçə xəsarət alan olsa da, Təcili Tibbi Yardım Stansiyasının maşınları hadisə yerinə gec gəldilər. Gələndən sonra bir-iki tibbi yardım göstərib başqa yerə tələsdiklərini bildirib getmək istədikdə sakinlər narazılıq edərək maşının qarşısını kəsdi.
Qəsəbə sakinləri telekanalların onların problemlərinə biganə qalmalarından da şikayətləndi: “Telekanallara müraciət edirik, gəlib çəkmirlər. ANS, Xəzər, ITV yoxa çıxıb. ANS başqa vaxt deyir ki, biz əzilənin tərəfindəyik. Indi nə oldu, biz əzilən deyilik? Ictimai bizə xidmət etməkdən məmurların qulluğunda durur. Xəzər telekanalının bir əməkdaşına pul verdik ki, gəlib bizi çəksinlər. Gəlib çəkdilər, ancaq efirə vermədilər”.
Sakinlər telekanallarla bağlı danışarkən qəfildən bir nəfər bizə yaxınlaşıb “mən sizə pul vermişəm, niyə efirə vermirsiniz” deyə üstümüzə hücum çəkdi. Təəccüb içində ona baxaraq bizi kiminləsə səhv saldığını soruşduqda “siz Xəzər televiziyasında işləmirsiniz?” deyə dəqiqləşdirmə apardı. Vəsiqəmizə baxıb “Azadlıq” qəzetindən olduğumuzu biləndə dərdi açıldı: “O dəfə ”Xəzər”ə nə qədər pul ödədik. Dedik gəl dərdimizi dünyaya çatdır. Onlar da bələdiyyə kimi pulu alıb aradan çıxdılar”.
Polisin ARDNŞ-lə əlbir olması
Toqquşma zamanı xəsarət alan Rəşad Cavadov başına gələn hadisələri bizə danışdı: “Qəfildən evimizə hücum çəkdilər. Imkan vermədilər ki, sözümüzü deyək. Evi dağıtdılar, məni də al-qana salıb getdilər. Hücum edənlər yalnız öncədən müəyyənləşdirdikləri ünvanlara basqın edirlər. Indi söz-söhbət yaranıb ki, birinci gün yenə hücum edəcəklər. Məqsədləri nədir, bilinmir. Bir-iki evi dağıdıb, camaatı döyüb gedirlər”.
Sakinlər deyirlər ki, evlərini sökəndə, onlara hücum edəndə polis də döyənlərə kömək edir: “Polislərin gözü qarşısında döyülürük, bizə fikir verən yoxdur. Döyülürük, təhqir edilirik, alçaldılırıq. Köməyə çağırırıq, bizə yox, əksinə onlara – Neft Şirkətinin işçilərinə yardım edirlər”.
Əraziyə gələn Binəqədi rayon icra hakimiyyətinin işçisi Isa Gözəlov jurnalistlərə açıqlamasında qanunsuz evlərin sökülməsini təqdirəlayiq hal hesab etdiyini dedi: “Kimin sənədi yoxdursa, onların evi sökülməlidir. Qanunsuz tikiliyə icazə verilə bilməz”.
Icra hakimiyyətinin nümayəndəsinə təmsil etdiyi qurumdan ev tikmək üçün qəsəbə sakinlərinə icazə vərəqəsini verdiyini dedikdə “kimin sənədi varsa, gəlsin sənədlərinə baxaq. Icazəsi olanların mülkləri sökülməyəcək” cavabını verdi.
Qəsəbədən ayrılanda, sakinlər, ARDNŞ-ın qoçu dəstələri növbəti dəfə Sulutəpəyə basqın edəcəyi təqdirdə yenə müdafiə olunacaqlarını dilə gətirdilər: “Bizim başqa çarəmiz yoxdur. Evlərimizi, haqqımızı qorumalıyıq”.
Ramin DEKO