Bakıda evləri zorla sökülənlər Almaniya qəzetinə elə şeylər deyib ki…
“Azərbaycanda anarxiya hökm sürür. Ölkə başçısı bizi idarə edə bilmir. Biz faktiki olaraq rəhbərsizik…”
Almaniyanın “Der Spiegel” qəzetində Azərbaycanın “Eurovision” yarışmasına hazırlığı ilə bağlı növbəti məqalə yayımlanıb. Məqalədə Bakının mərkəzində aparılan tikinti-söküntü işlərindən, həmin ərazidə yaşayan insanların etirazlarından, hökumətin vətəndaşların mülkiyyət hüququnu pozmasından və s. bəhs edilir: “Bakı “Eurovision” yarışmasına hazırlaşır. Yarışmaya hazırlıq və tikinti işləri köhnə evlər və onların sahibləri üçün ürəkaçan olmadı. Tikinti işlərinin aparıldığı ünvanlarda yaşayan sakinlər evlərindən çıxmaq istəməsələr də, zorla, fiziki güc tətbiq olunmaqla çıxarılırlar”.
“Der Spiegel” daha sonra yazır ki, martın 17-də gecə saatlarında Ağamirzə Əliyev küçəsində yaşayan sakinlər dağıntı səslərinə oyanıb. Evi sökülən Rzayev soyadlı sakin “gözlərimə inana bilmirdim. Kimsə beli damdan evin içinə atdı” deyib. Möcüzə nəticəsində 50 kvadratmetr sahəsi olan evdə yaşayanlardan zərərçəkən olmayıb. Rzayev “prezident mənim hesabıma özünün yeni Bakısını tikmək istəyir” deyə qəzetə şikayətlənib. Rzayevə təklif olunan kompensasiyanın məbləği az olduğu üçün ev sahibi bundan imtina edərək məhkəməyə üz tutub.
“Mən burada doğulmuşam. Mənim babam da burada yaşayıb. Hazırda 49 kvadratmetr sahəsi olan evdə yaşayıram. Hökumət hər kvadrat üçün 1500 manat, təxminən 1400 avro təklif edir. Ancaq bu pula şəhərdə ev almaq mümkün deyil. Buna etiraz etdim. Gördüyünüz kimi hər yeri dağıdıblar. Bizi bayıra atıblar. Azərbaycanda anarxiya hökm sürür. Ölkə başçısı bizi idarə edə bilmir. Biz faktiki olaraq rəhbərsizik”, deyə Rzayev “Der Spiegel”in müxbirinə bildirib.
Eyni aqibətlə üzləşən Adil adlı şəhər sakini qəzetin müxbirinə deyib: “Polislər bizi evakuasiya etmək istədi. Buna etiraz edəndə polislər “çantanıza narkotik atarıq” deyə bizi xəbərdar etdi. Hamımız çox qorxmuşduq”.
Hüquq müdafiəçisi Leyla Yunuz qəzetin müxbiri ilə söhbətində bildirib ki, Azərbaycandakı mafioz hakimiyyət insanların haqlarına məhəl qoymur. Onları saxta ittihamlarla həbs edə bilər. Etiraz edənlər fiziki zorakılıqla üzləşə bilər. Ümumiyətlə hakimiyyət ona qarşı çıxanları cəzalandırmaqdan çəkinmir.
İnformasiya şöbəsi