«Azadlıq» vicdan məhbusu Sahib Kərimovun evindən yazır
Fərman Kərimov: «Inanmıram elə bir valideyn olsun ki, Sahib kimi övlad arzulamasın»
Uşaqlıqda necə olubsa, tələbəlik illərində də, indi də elədir…
Şəki. Bideyiz kəndi. Kəndin mərkəzində o qədər də böyük və dəbdəbəli olmayan bir ev var. Hamı və hər kəs bu evin sakinlərini tanıyır. Kimdən soruşsan ünvanı sənə çox asanlıqla göstərə biləcək. Bideyizə hava qaralanda getdik. Ev sahibinə narahatlıq yaratsaq da, başqa əlacımız yox idi. Bu ailə ilə görüşməli idik…
Öncədən hazırlığımızı görmüşdük. Axı getdiyimiz ünvan sıradan bir yer deyildi – Hacı dayının məskəni idi. Bilmək olmur şəkililər səninlə söhbət edəndə sözü gülmək, yoxsa ciddi qəbul etmək üçün deyirlər. Ehtiyatı əldən verməmək üçün meydanı ələ almağın gərəkdi. Biz də çalışdıq ki, belə edək…
Gürcüstan kimi…
4 otaqlı, orta təmirli kiçik bir ev. Bu, onun dədə-baba mülküdür. O, burada dünyaya göz açıb, qardaşı, bacısı da, atası da…
Bizi ilk salamlayan evin böyüyü Fərman kişi oldu, ikinci görüşdüyümüz isə ən kiçiyi Akif. Akifin heç 2 yaşı tamam olmayıb. Bir-iki söz bilir, bir də salamlaşıb, xudahafizləşməyi. Öncə salamlaşdı, sonra da xudahafizləşdi…
Bu ünvanda, bu kənddə, bu rayonda Sahib Kərimov doğulub. AXCP sədrinin müşaviri Sahib.
O, 1974-cü ilin 26 mayında indi dörd otaqlı olan, o vaxtı 2 otaqlı və şəraiti heç də yaxşı olmayan məhz bu evdə doğulub, böyüyüb, boya-başa çatıb.
26 may maraqlı tarixdi, elə deyilmi? Bu, 1918-ci ildə əldə etdiyimiz müstəqillikdən iki gün öncəki gündü. Bizdən iki gün öncə Gürcüstan müstəqil oldu, sonra biz. Onlar da bizim kimi çox az müddətdə müstəqil yaşadılar. Onlar da bizim kimi 70 il SSRI kimi dövlətin tərkibində oldular. Onlar da bizim kimi 1991-ci ildə yenidən müstəqillik aktına imza atdılar. Ancaq indi onlar inkişaf edirlər, biz yox. Indi hamı kiçik bir dövlətdə bərqərar olan sistemə həsəd aparır.
Sahib Kərimovun doğulduğu gün Gürcüstanın ilk müstəqillik günüylə üst-üstə düşür. Bəlkə bu mistikadı, bəlkə də sıradan bir tarix. Ancaq burada bir həqiqət var ki, onun apardığı mübarizə heç olmasa enində-sonunda Azərbaycanın Gürcüstan kimi olmasıdır. Mübarizə apardığı, “Azadlıq!” hayqırdığı, ölkəni belə bir günə salan şəxsləri istefaya səslədiyi üçün indi dörd divar arasındadır.
Bütün bunlara baxmayaraq, bütün kənd, eləcə də kiçik bir evə sığınan iki ailə onunla qürur duyur.
Atası Fərman kişi oğluyla fəxr edir. Onun təbirincə desək, övladı pis iş görməyib, haqqı müdafiə edib: “O ata türmədə məhbəs həyatı yaşayan oğluna görə utanar ki, övladı oğurluq üstə, narkotikə görə həbsə düşsün. Sahib hamımız üçün vuruşduğu üçün içəridədir. Ondan narahat deyiləm. Bu yolu özü seçib – nə biz ona belə yaşamağı məsləhət görmüşük, nə də bu yoldan çəkilməsini demişik”.
Rejimin arzulmadığı növbəti şəxs
Sahib Kərimovun qardaşı Asiflə söhbət edirik. O, çox danışmır. Asifin 29 yaşı olsa da hələ də Sahibi adıyla çağırmır, ona qaqaş deyə müraciət edir: “Qaqaş mənim üçün həm qardaşdı, həm də atadı. Hər bir işdə ondan məsləhət alıram. Onun sözüylə oturub-dururam”.
Sahib Kərimovun üç övladı var. Böyük övladı Nərmin 6-cı sinifdə oxuyur. Hamı kimi, o da atası üçün darıxır, hər dəqiqə gözü qapıdadır. Nərmin hər şeyi başa düşür. Atasının Azadlıq uğrunda mübarizə apardığı üçün məhbəsdə olduğunu anlayır.
Ailənin ortancıl uşağı Şəlalə Sahib bəyin niyə dustaq olduğunu bilmir. Bildiyi təkcə atasının pis iş görməməsidir. “Bəlkə ata oğurluq edib ona görə həbs olunub” sualını ünvanlayanda sifət cizgiləri dəyişdi. Bəlkə də bu evə ilk dəfə ayaq basmasaydıq, qarşısındakı boşqabı təpəmizə vurardı. Özünü toxtadıb “yox, o elə adam deyil” kəlməsi ilə hər şeyə nöqtə qoyur.
Evin kiçiyi Turanın isə beş yaşı var. Adının mənasını soruşanda baş və adsız barmaqlarını şəhadət barmağına pərçimləyib Bozqurdların simvolunu havada yellədərək suala cavab verir. Böyüyəndə nə olacaqsan deyə söhbət edəndə, öncə 9-cu sinifdə oxuyacağını, sonra əsgər, ən sonda isə ATAM olacağını deyir. Atasına oxşayacaq yox ha, məhz Sahib Kərimov olacaq. Deməli, bu rejimin arzulamadığı daha bir nəfər bu evdə böyüyür.
Sahib bəyin yoldaşı Ülviyyə xanım onu indi daha çox yaxşı başa düşdüyünü deyir: “Əvvəl indiki qədər başa düşmürdüm. Indi bilirəm ki, o nə istəyirmiş. Sahib cismən həbs olunub, ruhən azaddır. Onun pis bir şey üstə həbsə getdiyini ağlımdan belə, keçirmirəm. Savaşı Azadlıq, Demokratiya, Insan haqqının tapdanmaması üçün olub. Mən onunla fəxr edirəm”.
Bideyizin bildiyi tək bir şey…
Sahibin anası Gülbəniz xalayla övladının uşaqlıq illərindən söhbət edirik. Sən demə, qəhrəmanımız uşaq vaxtı dəcəl olub, ancaq evin içində: “Dəcəl idi, nə edirdisə evdə edirdi, çöldə yox. Dərsə və idmana daha çox meyl edirdi. Atası onu idmandan ayırmağa çalışırdı ki, dərsinə daha çox diqqət etsin. Ancaq o, öz bildiyini edirdi. Uşaqlıqdan müstəqil böyüyüb. Bizdən məsləhət alırdı, götür-qoydan sonra lazım olanı edirdi”.
Fərman kişi deyir ki, Sahib yuxarı siniflərdə oxuyanda Meydan hadisələri başladı. O vaxtları kənddə çoxları mübarizəyə qoşulsa da, hazırda kənara çəkiliblər. Ancaq bununla belə, Sahibin apardığı mübarizəyə hörmətlə yanaşırlar, onunla fəxr edirlər.
Çox maraqlıdır, oğlu azadlığa çıxandan sonra ona nə məsləhət görəcək? “Tamam, yoxsa davam” sualına sualla cavab verir: “38 yaşında olan adama nəsə demək olarmı?”. Fərman kişi siqaretindən bir qullab alaraq fikrini əsaslandırmağa çalışır: “Mən oğlumla fəxr edirəm. Inanmıram elə bir valideyn olsun ki, Sahib kimi övlad arzulamasın. O, haqq yolundadır. Onun məhkəmələrinin əskəriyyətində iştirak etmişəm. Sahibin günahı ola biləcək bircə kadr da yoxdur. Yalnız mitinqdə şüar deyən yerdə şəkillər var. Əgər biz azad, demokratik bir cəmiyyətdə yaşayırıqsa, şüar demək, mitinqə çıxan adam düşmən sayılmamalıdır”.
“Bütün Bideyiz bilir ki, Sahibi doğru olduğuna görə tutublar. Uşaqlıqda necə olubsa, tələbəlik illərində də, indi də elədir. Haqqın, ədalətin, zəifin yanındadır”.
Sahibin ata evi kiçik olsa da həyət-bacası böyükdür. Necə deyərlər, bir meşəlik sahədir. Əkin-biçinlə məşğul olmaq üçün əlverişlidir. Ancaq Sahib Bideyizdə əkin-biçini deyil, Şəki ilə Bakı arasında var-gəl edərək haqq-ədalət carçısı olub. Çoxları kimi, başını aşağı salıb, “mənim nəyimə lazımdır, bir tikə çörəyimi qazanım” deyib, sakit oturmayıb.
***
Bideyizdən ayrılıb, rayonun mərkəzinə qayıdırıq. Təsadüfə bax, bizi aparan sürücü Sahibin sinif yoldaşı, ən yaxın dostlarından biri çıxır. Sürücü ilə də Sahib barəsində söhbət edirik. Deyir ki, sinif yoldaşı uşaqlıqdan öz haqqını tələb edən olub: “Idmanla da yaxşı məşğul olurdu. Ancaq savadına söz ola bilməzdi. Sonda təhsili seçdi və çoxlarından fərqli olaraq ayaq üstə qalmağı bacardı. Bizim kimi boş işlərlə məşğul olmadı”.
Həqiqətən Sahib meydandadır. Həm SÖZ meydanındadır, həm də SAVAŞ…
Ramin DEKO,
Bakı-Şəki-Bideyiz-Bakı