Ictimai Palata əhalinin necə aldadıldığını ilginc faktlarla ifşa etdi
Ictimai Palata (IP) dünən əhalinin sovet dövründən qalma əmanətlərin qaytarılmasıyla bağlı dövlət başçısının fərmanının müzakirəsinə həsr olunan dəyirmi masa keçirdi. Toplantını IP Koordinasiya Şurasının (KŞ) üzvü Pənah Hüseyn aparırdı. Dəyirmi masanı giriş sözü ilə açan P.Hüseynin sözlərinə görə, artıq indidən görünür ki, hakimiyyətin birdəfəlik ödəmələrlə bağlı addımı ciddi korrupsiya hallarıyla müşahidə olunacaq. Bu, hazırda ictimaiyyəti maraqlandıran əsas mövzulardan biri olduğundan IP-in mövzu ətrafında müzakirə təşkil etmək qərarına gəldiyini deyən Pənah Hüseyn onu da qeyd edib ki, Maliyyə Nazirliyi sözügedən fərmanı dövlət başçısının töhfəsi kimi təqdim etməyə çalışır. Reallıq isə tamamilə fərqlidir.
Pənah Hüseyn həmçinin məlumat verdi ki, IP-in 8 aprel mitinqinin şüarlarından biri də məhz əmanətçilərin hüquqlarının bərpasıyla bağlı olacaq.
Əmanətlərin qaytarılması prinsipi ədalətsizdir
Daha sonra mövzu ilə bağlı IP-in Iqtisadiyyat Komissiyasının sədri Qubad Ibadoğlunun məruzəsi dinlənildi. Iqtisadçı dövlət başçısının fərmanıyla təsdiqlənmiş qaydalar haqda məlumatlandırmadan daha çox, onun təhlili barədə fikirlərini bölüşdü:
– Diqqəti bu fərmanın çatışmayan bir neçə tərəflərinə cəlb etmək istəyirəm. Birincisi, yalnız 1992-ci ilin 1 yanvar tarixinə qədər olan əmanətlərin qaytarılması nəzərdə tutulub. Amma nəzərə alınmır ki, SSRI Əmanət Bankının Azərbaycandakı filialı bu tarixdən sonra da fəaliyyət göstərib. Vətəndaşlarımızın 1993-cü ilə qədər əmanətlərini bu bankda yerləşdirdiyini nəzərə alsaq, görərik ki, 1 yanvar 1992-ci il tarixi Azərbaycan üçün məqbul deyil. Bu qayda 1992-1993-cü illərdə vətəndaşların banklarda qoyduğu əmanətlərin geri almasını məhdudlaşdırır.
Ikinci ədalətsizlik isə Azərbaycan vətəndaşlığı haqqında qanunun olmasına baxmayaraq, Ermənistandan gələn və hazırda şəxsiyyət vəsiqəsi əldə edən soydaşlarımızın hüquqlarının pozulmasıyla bağlıdır. Çünki bu fərman və qaydalar ancaq o zaman Azərbaycan vətəndaşlarının SSRI-nin Əmanət Bankında yerləşdirilən əmanətlərinin geri qaytarılmasını nəzərdə tutur. Hökumətin istəyi və marağı olsa, bu problemi həll edərdi.
Üçüncü böyük ədalətsizlik əmanətlərin geri qaytarılmasında istifadə edilən müasirləşdirmə əmsallarıyla bağlıdır. 1500 rublu 150 manat hesab edirlər. Çünki Azərbaycan manatı vaxtilə 10 rubl/1 manat nisbətində dövriyyəyə buraxılıb. Amma bu cür yanaşma yanlışdır.
SSRI vaxtı 1.8 rubl 1 dollar idi
Ayrı-ayrı ölkələrin təcrübələrinə diqqət çəkən Q.Ibadoğlu vurğuladı ki, bizimlə müqayisədə bəzi ölkələrdə daha çox, bəzilərində isə daha az məbləğ ödənilib. Amma məsələ burasındadır ki, həmin ölkələr əmanətləri hələ 1990-cı illərin ortalarında əhaliyə qaytarıblar:
– 2000-ci ilin əvvəlində bizə 2000 rubla 300 manat verilsəydi, düşünərdik ki, bu, ədalətli metoddur. Amma son 3 ildə inflyasiyanı nəzərə alsaq, görərik ki, qiymətlər iki dəfə bahalaşıb. Həm də indiki manatla 1990-cı ildəki 1 rublun alıcılıq qabiliyyəti arasında böyük fərq var. SSRI zamanı 100 rubla 200 qutu bolqar siqareti, 100 piltə şokolad, 45 kiloqram doktor kolbasası, 27 şüşə şampan və 27 şüşə araq almaq olardı. O dövrün ən məşhur mebel dəsti Krosnadar dəsti idi və onu maksimum 1000 rubla almaq olardı. Indi 2000 rubla cəmi 300 manat verirlər. Bu pula həmin dövrdə iki dəst Krosnadar mebeli almaq olardı, amma indi 300 manata heç bircə normal kreslo almaq olmaz. Yəni müqayisələr göstərir ki, tətbiq edilən əmsallar çox aşağıdır. 1990-cı ilin 1 noyabr tarixinə 1,8 rubl 1 ABŞ dolları hesab olunurdu. Yəni, 1990-cı ildə banka qoyulan 1800 rubl 1000 dollar edirdi. Indi 1000 dollar 800 manatdırsa, biz 1800 manata cəmisi 250 dollar pul veririk.
“Paşa Holdinq” necə qabağa düşdü?
Iqtisadçı əlavə edib ki, SSRI dövründə Əmanət Bankında batan əmanətlərin qaytarılmasında daha bir haqsızlıq əmanət kitabçası ilə bağlıdır. Hökumət bir ailənin bir neçə əmanət kitabçasını bir yerdə toplayıb qaytarmağı planlaşdırır. Bu isə o deməkdir ki, əmanətlərin məbləği artdıqca tətbiq olunan müasirləşdirmə əmsalları aşağı düşür:
– Bir var ki, bir ailənin əlində olan 5 əmanət kitabçasında olan hər bir 2000 rubla qarşılıq olaraq 300 manat alınsın, bir də var ki, hökumət bu əmanətləri üst-üstə toplasın. Bu zaman əmanətlərin ümumi məbləği 10 min rubl edir və bu zaman həmin ailəyə 1000 manat qaytarılır. Yəni, hökumət əmanətləri bir yerdə qaytarmaq adı ilə onlara aşağı ödəniş həyata keçirmək niyyətindədir. Apardığımız statistik təhlillər göstərir ki, 1992-ci ilin 1 yanvar tarixinə qədər olan əmanətlərin 70 faizi 2 min rubla qədər, 20 faizi 2 mindən 10 min rubla qədər olan əmanətlərdir. Yalnız 10 faiz əmanətlər 10 min rubldan çoxdur.
Bundan başqa, Azərbaycan vətəndaşları əmanətlərini yalnız SSRI Əmanət Bankında deyil, həm də SSRI Xarici Ticarət Bankında saxlayırdılar. Ancaq bu bankda olan əmanətlərin geri qaytarılması indiki qaydalarda nəzərdə tutulmur. Əvvəl nəzərdə tutulurdu ki, əmanətlər müvəkkil banklar tərəfindən qaytarılacaq. Indi isə bəlli olur ki, bu prosesdə ancaq “Kapitalbank” iştirak edəcək. Bu bankın səhmlərinin 98 faizi “Paşa Holdinq”ə aiddir. Qaydalarda nəzərdə tutulub ki, bunun böyük bir proses olduğunu nəzərə alaraq, əmanətlərin qaytarılması üçün “Kapitalbank”a maddi-texniki dəstək göstərilsin. “Kapitalbank”dan söhbət gedəndə deyirlər ki, bu bank Azərbaycan SSRI Əmanət Bankının varisi deyil. Amma bu məsələdə “Kapitalbank” önə çıxır və ona böyük vəsaitlərin ayrılması nəzərdə tutulur.
Məruzəçi sonda Ermənistanda əmanətlərin qaytarılması prosesilə Azərbaycanı müqayisə etdi. Ermənistanda hökumətin bu prosesi çoxdan başlatdığını deyən Q.Ibadoğlu vurğuladı ki, orada 2015-ci ildə prosesin başa çatdırılması nəzərdə tutulur. MDB məkanında bu pulu qaytarmayan yeganə ölkə Belarusdur. Digər ölkələrdə isə bu istiqamətdə proses ya başa çatıb, ya da hazırda davam edir:
– Ermənistanda ilk 1000 rubla 200 dollar verilib. Amma nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycanın iqtisadi imkanları eyni deyil. Pribaltika ölkələrində orta hesabla əmanətçilərə 1,5 min avro veriblər. Amma bizdə bu rəqəm 450 manatdır.
Növbəti korrupsiya dalğası gəlir
Iqtisadçı ekspert Qadir Ibrahimli çıxışında diqqəti birdən-birə əmanətçilərin sayında baş verən kəskin dəyişikliyə çəkdi:
– 1992-ci il yanvarın 1-nə qədər əmanətçilərin sayı arxiv sənədləri əsasında müəyyənləşdirilərək 1 milyon 986 min elan olunmuşdu. O zaman bu rəqəmi Maliyyə Nazirliyi də təsdiqləmişdi. Maliyyə Nazirliyinin son açıqlamasından məlum oldu ki, ilkin hesablamalara görə, bu rəqəm 2 milyon 400 minə çatıb. Hesab edirəm ki, siyahıda olan 500 min nəfər həyatda yoxdur. Bu, növbəti korrupsiya dalğasına hazırlıqdır. Olmayan adamların adına pul silinməsi mümkündür. Halbuki, bu siyahı əksinə, kiçilməli idi. Çünki 90-cı illərin əvvəllərindən bəri xeyli sayda erməni, rus və yəhudi Azərbaycandan köçüb.
On il əvvəl keçmiş YAP-çı deputatlar Səttar Səfərov və Əli Əlirzayevin əmanətlərin qaytarılmasıyla bağlı hazırladığı qanun layihəsi daha pozitiv layihə idi. O layihədə əmanətlərin 30-35 faiz qaytarılması nəzərdə tutulurdu. 2000 manata qədər əmanəti olanlara elə 2000 manat verilməsi də nəzərdə tutulurdu. Həmin qanun layihəsinə o zaman 800 milyon dollar, indiki pulla 640 milyon manat lazım idi.
Qadir Ibrahimli onu da əlavə etdi ki, əmanətçilərin əksəriyyətinin vəsaiti 100-500 rubl arasıdır ki, onun manatda dəyəri kiçik olduğundan böyük ehtimalla, çoxları onun arxasınca getməyəcək. Çünki sənədləşmə işlərinə xərclənən vəsait sonda alınacaq puldan qat-qat çoxdur.
Əliyev əmanətləri qaytarmır, onları rəsmi şəkildə batırır
Başqa bir iqtisadçı ekspert Nemət Əliyev bildirdi ki, Azərbaycan hakimiyyəti son korrupsiya layihələrilə artıq kiçik yox, iri məbləğləri mənimsəməkdə maraqlı olduğunu göstərdi. N.Əliyev çıxışı zamanı əsas diqqəti sözügedən fərmandakı absurd bir məqama çəkdi. Sənədə görə, Azərbaycan hakimiyyəti əmanətçilərə bəyan edir ki, onun bu vəsaitlərin qaytarılması ilə bağlı heç bir öhdəliyi yoxdur:
– Deyirlər ki, nə Konstitusiyada, nə də banklar haqqında qanunda əmanətlərə dair bənd var. Amma dövlətin əmanətləri qaytarmasına dair öhdəliyi olmasa da, bankların sahibi dövlət olub. Dövlət vətəndaşları pullarını banklara qoymağa təşviq edib. Belə olan halda, deməli, sərəncamdakı “dövlətin öhdəliyi yoxdur” ifadəsi də yanlışdır. Necə olur ki, hazırda vətəndaşın kommersiya bankları qarşısında öhdəliyinə uyğun olaraq, o, aylıq faizi vermədikdə onun bütün varidatı əlindən alınır? Yəni, bu üsul vətəndaşa qarşı işləyir, amma dövlətə qarşı işləmir? Mərkəzi Bankın hazırda 1.4 milyard aktivi var. Bu aktivlərdən istifadə edərək vətəndaşların pullarını qaytarsınlar.
Əmanətlər məsələsində dövlətin ədalətli mövqeyi görünmür. Indi söhbət əmanətlərin qaytarılmasından yox, sovet banklarında batan əmanətlərə görə birdəfəlik yardımdan gedir. Bu sərəncamla Ilham Əliyev sovet dövründən qalan əmanətləri qaytarmır, əksinə, onları rəsmi şəkildə batırır.
Nemət Əliyev vurğuladı ki, rəsmi statistikaya görə, əmanətlərin qoyulduğu dövrlə müqayisədə istehlak mallarının indeksi 60 min dəfə artıb. Buna görə də Azərbaycan hökuməti əmanətçilərə hər rubl üçün azı 1.2 manat pul ödəməlidir. Digər tərəfdən, əmanətlərin 20 il saxlanmasının da faizləri hesablanmalıdır. Hakimiyyətin vətəndaşlarımıza bu siyasətilə sədəqə verdiyini deyən Nemət Əliyevin sözlərinə görə, baş verənlər bir daha sübut edir ki, bu hakimiyyəti dövlətçilik prinsipi qətiyyən maraqlandırmır.
“Bu, öhdəliklərdən yayınma xarakteri daşıyır”
Iqtisadçı Ilqar Hüseynli də hesab edir ki, hakimiyyət bu dəfə də xalqın rifahının yaxşılaşdırılması üçün addım atmadı. Ekspertin fikrincə, bu bir daha hakimiyyətin xislətini və xalqı düşünmədiyini göstərir:
– Hakimiyyət dəfələrlə xalqın əleyhinə addımlar atıb. 2007-ci ildə Tarif Şurasının qərarı ilə xüsusi lisenziya tələb edən fəaliyyət sahələri üçün sənədin alınmasını iki dəfə artırdı. Nəticədə ucqar kənddə fəaliyyət göstərən kiçik aptek üçün də, iri fabrik üçün də lisenziyanın dəyəri 5500 manat oldu. Bu, sahibkarlığın inkişafına ciddi əngəldir.
Ümid partiyasının sədri, deputat Iqbal Ağazadə də dedi ki, 1000 rubla qədər əmanətin birə-bir qaytarılması daha doğru variant ola bilərdi:
– Əmanətlərin sərəncamda nəzərdə tutulduğu qaydada verilməsi öhdəliklərdən yayınma xarakteri daşıyır. Hökumət bunu əmanətçilərin hüququnu qoruyaraq həyata keçirməli idi. Bu işin üzərində ciddi ictimai nəzarət olmalıdır.
Baltikyanı ölkələrdə 100 minə 33 min, Azərbaycanda isə 7 min dollar
Iqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov da çıxışında bir sıra mühüm hüquqi məqamlara çəkdi. O vurğuladı ki, hakimiyyətin əmanətləri qaytarmaqla bağlı öhdəliyinin olmadığına dair gətirdiyi arqument əsassızdır:
– SSRI dağılan zaman Belavejsk sazişinə görə, Rusiya SSRI-nin varisi kimi, onun bütün xarici borclarını öz üzərinə götürürdü. Digər respublikaların üzərinə isə daxili borclarını ödəmək düşürdü. Yəni, Azərbaycan da daxil olmaqla, yerdə qalan ölkələr əmanətçilərin pullarını özləri qaytarmalı idilər. Ona görə Azərbaycan dövlətinin əmanətçilər qarşısında heç bir öhdəliyinin olmadığı ilə bağlı söylədikləri yanlışdır.
Ekspert Məhəmməd Talıblı da çıxışında maraqlı məsələlərə toxundu. O bildirdi ki, neft gəlirləri ilə öyünən Azərbaycan hakimiyyəti infrastruktur layihələrə külli miqdarda pul xərcləsə də, vətəndaşların əmanətlərini qaytarmağa xəsislik edir:
– 2012-ci ilin dövlət büdcəsində əmanətlərin qaytarılması üçün əlavə vəsait nəzərdə tutulmayıb. Bu isə bir daha göstərir ki, Azərbaycanda qeyri-qanuni şəkildə bütün iqtisadi-siyasi qərarlar bir şəxsin iradəsinə tabe etdirilib. Digər tərəfdən, qaytarılan əmanətlər kifayət qədər cüzidir. Bu isə onu göstərir ki, hakimiyyət xalqın üzərindən qənaətə keçib. Məsələn, 2012-ci il büdcəsində Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Dövlət Bayrağı Meydanı Kompleks Idarəsinə 40 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulub. Bundan başqa, Qusar rayonunda “Şahdağ” turizm kompleksinin infrastruktur tikintisinə ümumilikdə 600 milyon manat xərclənəcək. Bunun 200 milyonu isə dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Nəqliyyat Nazirliyinə təkcə 2012-ci ildə 2 milyard manatlıq investisiya layihələrinə pul ayrılıb, amma cəmi 2 milyona yaxın əmanətçiyə 1 milyardı çox görürlər. Yəni, hakimiyyətin nəyə görə əmanətçilərə münasibətdə qənaətə keçdiyi iqtidarın siyasətinin mahiyyətini göstərir.
Baltikyanı respublikalarda hər 100 min rubl üçün əhaliyə 33 min dollar pul verilibsə, Azərbaycanda bu göstərici 7 min dollardır.
Müsavat başqanının müavini Tofiq Yaqublu da düşünür ki, məsələ tək əmanətlərin qaytarılmasıyla bitməməlidir. Onun fikrincə, 20 ilə görə əmanətçilərə təzminat da verilməlidir. Çünki həmin şəxslərin əksəriyyəti axırıncı vəsaitlərini banklara yerləşdiriblər.
Hakimiyyət yenə xalqın cibinə girir
Iqtisadçıların gətirdiyi faktlara əsaslanan AXCP sədri Əli Kərimli bildirdi ki, buradan bir nəticə çıxır – faktiki vətəndaşlara əmanətlər qaytarılmadı. Onlara nəzərdə tutulan qismən ödənişlər əmanətlərin cəmi 5-7 faizini təşkil edəcək:
– Hökumət hansı addımı atırsa, orada öz xarakterinə sadiqdir. Birincisi, bu əmanətlərə münasibətdə hakimiyyətin etibarsızlığı üzə çıxdı. Bəs bizim xalqın ən çox söylədiyi “əmanətə xəyanət eləməzlər” fikri harda qaldı? Tamamilə boş əsaslandırmadır ki, bu əmanətlərə görə hökumət məsuliyyət daşımır. O banklar dövlət bankları idi, Azərbaycan dövləti də sahibkar idi və hazırda da o bankların varisidir. Ona görə də Azərbaycan dövləti bir subyekt olaraq, bu gün həmin əmanətləri qaytarmağa məsuldur. “Dövlətin varisliyi” prinsipi qorunub saxlanmalıdır. Dövlətçilik əslində, budur. Bu adamlar isə düşünürlər ki, dövlətçilik yalnız bütlərə riayət etməkdən ibarətdir.
Əliyevlər hər yerdə öz şəxsi ailə maraqlarını düşünürlər. Bütün dünyanın danışdığı bu qədər irimiqyaslı korrupsiyalara baxmayaraq, hakimiyyətin gözü doymur. Bu qədər əmanətlərin saxlandığı bankın adını bir neçə dəfə dəyişdilər. Burada məqsəd izi itirmək idi. Öncə bankın adı Əmanət Bankı, daha sonra Aqrar Sənaye Bankı, axırda isə “Kapitalbank” adlandırıldı. Sonra da bu bankı ailə su qiymətinə özəlləşdirdi. Bu bankın indiki aktivləri də 1.4 milyard manatdır. Paşayevlər bu bankı 3-4 milyona özəlləşdirəndən sonra nə etdilər ki, bu bankın aktivləri 1.4 milyard manata çatdı? Üstəlik, yenə əlavə vəsait ayrılır ki, “Kapitalbank”ın texniki müasirləşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilsin, bu prosesdə əldə olunan bütün korrupsiya da həmin bank vasitəsilə həyata keçirilsin. Bununla hakimiyyət yenə də öz xarakterinə sadiq olduğunu göstərir. Xalqın cibinə girib, özü üçün vəsait toplamaq bu hakimiyyətin siyasətidir.
Hər şeyə pul tapırlar, xalqa çatanda isə xəsislik edirlər
Ə.Kərimli onu da qeyd etdi ki, hakimiyyət bu cür fərman qəbul etməklə öz siyasətini inkar etdi. AXCP sədrinin sözlərinə görə, neft pullarını səmərəsiz formada xərcləyən hakimiyyət heç cür əmanətlərin qaytarılmasında nümayiş etdirdiyi xəsisliyi əsaslandıra bilməz:
– Hər şeyə pul tapırlar. Yeraltı keçidlərə mərmər döşəməyə, hər əkilmiş ağacın yanına işıq çəkməyə, yarım ildə Bakının büdcəsindən yarım milyard işıq pulu xərcləməyə, batan diktatorları xilas etməyə, Avropada Romadan tutmuş, Parisə qədər məktəb və park tikməyə pul var, amma xalqa çatanda, bunları simiclik tutur. Əmanətlərin cəmi 5-7 faizini qaytarırlar, vətəndaşların əmlakını sökürlər, amma dəyərini ödəmək istəmirlər… Bu hakimiyyət Azərbaycan xalqını saymadığına görə ən çox qənaətləri də xalqa münasibətdə edir. Bu mənada da xarakterlərinə sadiqdirlər.
Bu sərəncam eyni zamanda, dövlətin tam avtoritar mahiyyətini ortaya qoydu. Prezident kimdir ki, bir milyard vəsaiti sərəncamla həll eləsin? Bu ölkənin parlamenti, büdcəsi var, bu məsələ müzakirə olunmalıdır, bunun haqqında qanun olmalıdır. Həmin qanun əsasında büdcə müəyyənləşən zaman büdcədə vəsait ayrılmalıdır. Bütün bunların fiksiya olduğunu Ilham Əliyev bu sərəncamla etiraf elədi. Bir daha təsdiqləndi ki, bu ölkədə parlament də, qanunlar da formaldır. Ona görə də dövlət başçısı istədiyini edə bilər.
Biz bu əmanətləri xalqa qaytaracağıq!
Ə.Kərimli yaranmış situasiyada qarşıda duran vəzifələr barədə də danışdı. AXCP sədrinin fikrincə, hazırda qarşıda duran əsas vəzifə maarifləndirmə olmalıdır:
– Maliyyə Nazirliyi bu soyğunçu, saxta qərarı ciddi reklam edir. Yəni, adamlar sevinsinlər ki, 20 ildən sonra əmanətlərinin 5-7 faizini ala biliblər. Biz də yorulmadan adamlara müxtəlif hesablamalarla, müqayisələrlə əslində real durumun nədən ibarət olduğunu izah etməliyik. Iqtisadçılar, media bu istiqamətdə maksimum dərəcədə maarifləndirmə işi aparmalıdır. Insanlar başa düşməlidir ki, onların pulunu növbəti dəfə oğurladılar, ciblərinə girdilər, vəsaitlərini mənimsədilər. Eyni zamanda, maksimum ictimai nəzarət yaratmalıyıq. Bunu Ictimai Palatada komissiya vasitəsilə də həyata keçirə bilərik, eyni zamanda cəmiyyətə təklif edə bilərik ki, məxsusi olaraq bu işi nəzarətdə saxlamaq üçün yeni QHT-lər formalaşsın. Onlar əmanətlərlə bağlı elan olunan rəqəmlərlə əlaqədar peşəkar araşdırma apara bilərlər. Vətəndaş cəmiyyəti və siyasi müxalifətin basqısını hakimiyyət hər zaman hiss etməlidir.
Və nəhayət, ən azı aktiv vətəndaşlarımız bu işlərlə bağlı məhkəmələrə müraciət etsinlər. Çünki bir çoxları onsuz da həmin pulların arxasınca getməyəcək. Çünki o pulların alınması üçün çəkilən xərclər buna dəyməyəcək. Belə adamlar vətəndaş mövqeyi nümayiş etdirib, davam eləsinlər, bu işləri Avropa Məhkəməsinə çıxarsınlar.
Məsələnin siyasi tərəfi də var. Həmişə olduğu kimi, xalqımızla dürüst davranmalıyıq. Əgər bu gün deyiriksə ki, hazırkı prezident fərmanı əslində, əmanətlərin qaytarılması yox, qaytarılmaması haqqındadır, o zaman onu da deməliyk ki, biz bu əmanətləri xalqa qaytaracağıq. Növbəti sessiyada baş verənlərlə bağlı Ictimai Palatanın ümumi sənədini qəbul edərik, Azərbaycan xalqı üçün aydın olar ki, bu gün müxalifət ictimaiyyət qarşısında dürüst olmağa və onun batmış pullarını geri qaytarmağa söz verir. Xalq bilməlidir ki, nə qədər ki, onu saymayan, cibinə girən hakimiyyət iqtidarda qalacaq, deməli, hər addımda aldadılacaq. Bu problemlərin hamısının həlli yolu hakimiyyətin dəyişməsindən keçir. Azərbaycan xalqı bunu bilməlidir, biz də Ictimai Palata olaraq, bu istiqamətdə fəaliyyətimizi qurmalıyıq.
Hakimiyyətin gözünü pul, hərislik, qan örtüb
Müsavat başqanı Isa Qəmbər Əliyevin sözügedən fərmanını “gecikmiş, ədalətsiz və korrupsiyaya yönəlmiş bir sənəd” adlandırdı. Müsavat başqanı bildirdi ki, vətəndaşlarımıza qarşı saymazyana mövqe sərgilənib, xüsusilə, Ermənistandan deportasiya olunmuş vətəndaşlarımıza qarşı:
– Azərbaycan dövləti bu insanların Ermənistan banklarında batan əmanətlərinin məsuliyyətini öz üzərinə götürməlidir. Hesab edirəm ki, bu, ədalətli bir qərar olar. Çünki Azərbaycan banklarına vəsait qoymuş erməni vətəndaşları əvvəl-axır pullarının qaytarılması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcəklər. Bu gün biz Ermənistandan köçmüş soydaşlarımızın pullarını qaytarsaq, bu, ciddi bir arqument olacaq ki, biz öz üzərimizə düşən işi həyata keçirmişik.
Biz Ictimai Palatanın 8 aprel mitinqinin şüarlarından biri kimi, məhz əmanətlərin birəbir qaytarılması tələbini qaldırmışıq. Eyni zamanda, Ictimai Palata birmənalı bəyan etməlidir ki, əgər Əliyev hakimiyyəti bunu etməyəcəksə, biz edəcəyik. Həmin əmanətlərinin təkcə birəbir qaytarılması yox, eyni zamanda, onların üstünə gələn faizlərlə də bağlı ciddi araşdırma aparılmalıdır. Zaman-zaman biz eşidirik ki, bir adamın bankda unudulmuş pulu peyda olur və məlum olur ki, 20-30 il bankda qalan kiçik məbləğ faizlərin hesabına böyük sərvətə çevrilib. Nədən vətəndaşlarımızın vəsaitlərinin faizləri qaytarılmamalıdır? Bunu iqtisadçılarımız araşdırmalıdırlar. Azərbaycan dövlətinin təbii sərvətləri o qədər genişdir ki, biz post-sovet ölkələri sırasında ən böyük kompensasiya verən dövlət kimi də çıxış edə bilərik. Əgər bu gün vəsaitləri faizlərlə birgə qısa müddətdə qaytarmaq mümkün deyilsə, prosesin müddətini bir qədər uzatmaq olar.
Bu məsələdə demokratik qüvvələrin üzərinə böyük məsuliyyət düşür. Biz bunu həyata keçirəcəyik. Çünki “əmanətə xəyanət olmaz” deyimi Azərbaycan xalqının xarakterində dəyər kimi qəbul olunan fikirdir. Və bunun həyata keçirilməsi üçün Ictimai Palatanın iqtisadçıları növbəti tədbirə ciddi sənəd hazırlayacaqlar. Hazırda iki milyon əmanətçinin aldadılmasından söhbət gedir. Biz özümüz öz hüquqlarımıza diqqətlə yanaşmasaq, görməmiş rejim də xalqa qarşı sayğısızlığını davam etdirəcək. Təsəvvür edin ki, əmanətçilərin 1-2 faizi digər təbəqələrlə yanaşı, 8 aprel mitinqinə qatılsalar, hakimiyyət nə dərəcədə düşünməyə məcbur olacaq.
Bu yaxınlarda Nəqliyyat Nazirliyinin müfəttişlərinin bir yaşlı taksi sürücüsünü nə vəziyyətə saldığını hamımız gördük. Nazirliyin əməkdaşları həmin hadisəni törətdikləri zaman istifadə etdikləri kiçik beli də gizlətmədilər. Bu, hakimiyyətin siyasətinin dəhşətli nümunəsidir və bütün xalqın ayağa qalxması üçün ciddi səbəbdir. Öz vətəndaşına qarşı bu cür vəhşilik edirsənsə, həmin vətəndaşdan nə gözləyə bilərsən? Atasının o dərəcədə alçaldığını görən həmin şəxsin övladları bu dövlət haqqında nə düşünə bilərlər? Bu hakimiyyətin gözünü pul, hərislik, qan örtübsə, hər bir vətəndaş bu barədə düşünməlidir.
Sonda P.Hüseyn tədbirdə səslənən təkliflərin IP rəhbərliyi tərəfindən nəzərə alınacağını bildirdi və əmanətçilərə qarşı göstərilən münasibətlə bağlı IP-in vahid sənədlə çıxış edəcəyini söylədi.
Xəyal