İctimai Palata ilk mitinqi aprelin 8-nə təyin etdi (VİDEO)
Əli Kərimli: “Hakimiyyətdəkilər səksəkə içindədir, qorxudan gecə də yata bilmirlər”
İsa Qəmbər: “Xalqın qarşısında heç bir güc dayana bilməyəcək”
Martın 10-da İctimai Palatanın (İP) növbəti sessiyası keçirildi. Sessiyanın gündəliyində ölkədə hazırkı ictimai-siyasi durum, İctimai Palatanın vəzifələri və cari məsələlər vardı. Kütləvi aksiyalara başlamaq məsələsi də gündəliyə daxil idi.
Ənənəyə uyğun olaraq, ötən bir ayda İP Koordinasiya Şurasına sədrlik etmiş Merhiban Vəzirin hesabatı dinlənildi. O, keçən ay görülən işlər barədə sessiya iştirakçılarını məlumatlandırdı.
Bu dəfə sessiyaya İP KŞ-nın üzvü Pənah Hüseyn rəhbərlik edirdi.
Xalqın gücü
İlk çıxışçı olan İP KŞ-nın üzvü, Müsavat başqanı İsa Qəmbər Quba hadisələrinə toxunaraq, hakimiyyətin ağır duruma düşdüyünü bildirdi. Başqanın fikrincə, hakimiyyət demokratiyanın imitasiyası ilə qəddar avtoritarizm arasında seçim etmək ərəfəsindədir. İsa Qəmbərin sözlərinə görə, ola bilər ki, iqtidar “Eurovision”a qədər imitasiya variantını seçsin, ondan sonra isə əvvəlki siyasətinə qayıtsın: “Ölkə daxilində ən güclü mesaj Quba hadisələri oldu. Bu hadisə xalqın qarşısında heç bir gücün dayana bilməyəcəyini nümayiş etdirdi”.
Rəsulzadə yolu
Gənclərin aktivləşməsinin proseslərin önəmli hissəsi olduğunu deyən İ.Qəmbər əlavə etdi ki, beynəlxalq birliyin Azərbaycana dəstəyinin ən güclü mesajı Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışı oldu: “Saakaşvili o çıxışda Azərbaycan xalqına, cəmiyyətinə və hakimiyyətinə ciddi mesajlar verdi. Açıq bəyan etdi ki, Azərbaycanın yolu Rəsulzadə yoludur”.
Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətdə olması, ölkənin korrupsiya bataqlığında boğulması handa dünya mediasında verilişlərin sayının artdığını diqqətə çatdıran İsa Qəmbər onu da qeyd etdi ki, bütün bu mesajlar hakimiyyəti düzgün yola sövq etməyə kifayət etməyib.
Müsavat başqanı həmçinin İP-in ziyalıların, gənclərin birləşdiyi təşkilatlarla əməkdaşlığını vacib saydı: “Son hadisələr göstərdi ki, İctimai Palata həm də siyasi iradə mərkəzi kimi, daha artıq səy göstərməlidir. Siyasi məhbusların azadlığa çıxması, islahatlara start verilməsi üçün İctimai Palatanın prinsipial qərarlarına ehtiyac var. Bunun üçünsə İctimai Palata daha güclü olmalıdır, Ziyalılar Forumu, gənclər təşkilatları və digər kəsimlərlə əlaqələr gücləndirilməlidir”.
Yekdil mitinq qərarı
Daha sonra İsa Qəmbər İP KŞ üzvlərinin aksiyalarla bağlı yekdil qərarını açıqladı. Məlum oldu ki, onlar mitinqin aprelin 8-də keçirilməsini təklif edirlər.
“Quba hadisələrinin əsas iştirakçıları gənclər idi. Bu mənada, bitərəf gənclərlə iş aparılmalıdır. Bölgələrin əksəriyyəti psixoloji cəhətdən ayağa qalxmağa hazırdır. İnsanlarla əlaqələri genşləndirməliyik. Bununla yanaşı, beynəlxalq birliklə də təmaslarımızı gücləndirməliyik”, – deyə Müsavat başqanı qeyd etdi.
İlham Əliyev Qərbi seçibmi?
Hövbəti çıxışçı olan İP KŞ-nın üzvü İbrahim İbrahimlinin sözlərinə görə, İlham Əliyev hakimiyyəti dəyişən dünyaya müqavimət göstərmək imkanlarını itirib. Hakimiyyətin heç vaxt olmadığı qədər gücsüz və panika içində olduğunu deyən İ.İbrahimli bu baxımdan İP-ın tam və qəti qələbənin astanasında olduğunu qeyd etdi.
Kütləvi aksiyalar məsələsinə toxunan İ.İbrahimli hesab edir ki, müxalifət daxilində mobil qüvvələrin sayı artırılmalıdır. Bunun yolu isə xalqla əlaqənin möhkəmləndirilməsindən keçir.
Hakimiyyət Rusiyanın girovudur
İP üzvü, politoloq Ərəstun Oruclu çıxışında bildirdi ki, İlham Əliyev Qərblə Rusiya arasında seçim qarşısında qalsa, heç bir halda, Qərbi seçə bilməz. Politoloq fikrini belə əsaslandırdı: “Buna ən azı, onun Rusiyada saxlanılan sərvətləri imkan verməz”.
Əliyevin Rusiyanın girovluğunda olduğunu deyən Ə.Oruclu da o fikirdədir ki, Azərbaycan hakimiyyəti dünyada təklənib. Bu baxımdan cəmiyyətin bütün təbəqələrini səfərbər etməklə tezliklə bu hakimiyyətdən xilas olmaq mümkündür.
Mitinq polemikaları
İP üzvü Valeh Hümbətoğlu təklif etdi ki, aksiyalar icazə verilən yerlərdə keçirilsin. İP həmin yerə 10 minlərin yürüşünü təşkil edərək cəmiyyətə özünü tanıda bilər.
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından çıxış edən Turqut Qəmbər isə İP üzvlərini gənclərin martın 17-nə təyin etdiyi mitinqə dəstək verməyə çağırdı.
İP üzvü Səxavət Əlisoy da bir qədər əvvəlki çıxışçının fikirlərinə dəstək verərək bildirdi ki, İP növbəti aydan icazəli aksiyalara başlamaqla, maya qədər mitinq iştirakçılarının sayını 50 minə çatdıra və bundan sonra dəyişiklik üçün istənilən diqtəni edə bilər.
İP üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu isə mitinq üçün “Təbriz” kinoteatrının qarşısının seçilməsini təklif etdi.
Köklü dəyişikliyin ciddi iş tələb etdiyini deyən İP üzvü, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi bildirdi ki, İP üzvləri həbsdən tutmuş, ölüm-itimə qədər bütün mümkün situasiyalara özlərini hazırlıqlı bilməlidirlər. O, mitinqlərə hazırlıq məqsədilə sessiya iştirakçılarının özlərini hərəkətverici qüvvə mərkəzi kimi hazırlamasını vacib saydı.
Saakaşvilinin Bakıdakı çıxışı göstərir ki…
İP KŞ üzvü, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev hazırda beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəldiyini qeyd edərək, belə bir dönəmdə daha məsuliyyətli və daha çox işləməyin vacibliyini vurğuladı: “Real gücə çevrilməsək, heç nə edə bilməyəcəyik. Quba hadisələri göstərdi ki, ölkədə yeni bir situasiya yetişib. Biz bu situasiyada müstəsna rol oynaya bilərik”.
Saakaşvilinin Milli Məclisdə M.Ə.Rəsulzadədən sitat gətirməsinə toxunan R.Hacıyevin sözlərinə görə, Gürcüstan prezidentinin Barak Obama ilə görüşdən sonra Bakıda belə bir çıxışı müəyyən mətləblərdən xəbər verir: “Bu göstərir ki, heydərizm dövrü artıq bitir, məhəmmədəminizm dövrü başlayır”.
İP beynəlxalq oyunçuya çevrilməlidir
İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hadisələrin bundan sonrakı inkişafı İP-in güc əmsalından asılıdır: “Olduqca əlverişli mühit var, güclənsək, bu il Azərbaycanda ciddi dəyişikliklər baş verəcək”.
Hakimiyyətin xarici siyasətini kəskin edən F.Qəhrəmanlı bildirdi ki, məhz bu siyasətin nəticəsi olaraq, ölkəmiz İranın təhdid hədəfinə çevrilib. Onun sözlərinə görə, belə bir vəziyyətdə İP geopolitik oyunçuya çevrilməyi bacarmalıdır. F.Qəhrəmanlı beynəlxalq qurumlarla işləyəcək nümayəndə heyəti yaradılmasını da vacib saydı.
“Biz inqilabın içindəyik”
Sessiyaya sədrlik edən Pənah Hüseyn də mövzu ətrafında fikirlərini bölüşdü. Son bir ildə Azərbaycanda inqilabi proseslər getdiyini deyən P.Hüseynin sözlərinə görə, Quba hadisələri ölkədəki böyük kütləvi hadisələrin ilkin simptomlarıdır. O, İP-in qarşıdakı mitinqdə 10-15 min tərəfdar çıxaracağını proqnozlaşdırdı.
“Biz Azərbaycanda başlayan demokratik inqilabın içindəyik. Onu qələbə ilə başa çatdıracağıq. Hakimiyyətə gəlib, vətəndaşlara ləyaqətli insan həyatı yaşamaq imkanı yaradacağıq, neft pullarını xalqla bölüşəcəyik. Xalqın əlindən alınmış torpağı, suyu, meşəni qalqa qaytaracağıq. Qələbə, qələbə, yenə də qələbə!”, – deyə P.Hüseyn bildirdi.
Hakimiyyət çaşqınlıq içində…
Sessiyada yekun çıxışı İP KŞ-nın üzvü, AXCP sədri Əli Kərimli etdi. Çıxışının əvvəlində Quba hadisələrini təhlil edən AXCP sədri bildirdi ki, hakimiyyət baş verənləri ən müxtəlif xarici dairələrlə bağlamağa cəhd göstərir, xalqın təşkilatçı kimi görünməyini istəmir. Azərbaycan hakimiyyətin səksəkə içində yaşadığını deyən AXCP sədri maraqlı bir bənzətmə etdi: “Kür qırağında yaşayanlar yaxşı bilir, Kür daşmaq ərəfəsində olanda evi bəndin üstündə olanlar gecə səhərə qədər yata bilmirlər. Bilmirlər ki, sel bəndi hardan yuyacaq. İndi bu iqtidar həmin gündədir”.
Tənbəlliyi tərk etməli!
AXCP sədri Azərbaycan ətrafında təhlilləri müsbət qiymətləndirsə də, xarici faktora həddindən artıq diqqət yetirilməsinə tənqidi yanaşdı. Əli Kərimli 2003, 2005-ci il seçkilərində müxalifətin qələbəsinə beynəlxalq aləmin reaksiyasını xatırlatdı: “Hakimiyyət sona qədər çalışacaq ki, bütün narazı xarici qüvvələri xalqın boğazından kəsib razı salsın”.
Dəyişiklik üçün Azərbaycanda əlverişli mühit olduğunu deyən Əli Kərimlinin sözlərinə görə, qlobal proses ölkədə rejim dəyişikliyinə zəmin yaradır: “Amma biz xalqı ətalətdən çıxarmasaq, köklü dəyişikliklər edəcək qüvvəni yaradıb ortaya qoya bilməsək, heç bir qlobal proses bizim tənbəlliyimizin və ətalətimizin əvəzini çıxmayacaq”.
Kəndlərdə də İP yaranacaq
Təşkilatlanma ilə bağlı mühüm qərarlar verildiyini açıqlayan AXCP sədri dedi hər rayonda, hər kənddə İP-in bölümləri olacaq: “İctimai Palatanın regional təşkilatlanma komissiyası gücləndirilib. Azərbaycanı əhatə edən 125 dairə, 5000 məntəqə üzrə işçi qruplar hazırlanmalı, hətta hər bir kəndin də özünün İctimai Palatası olmalıdır”.
Güclü olsaq, nə repressiya olacaq, nə də həbs
Çıxışında yenidən Quba hadisələrinə qayıdan Əli Kərimlinin fikrincə, oradakı etirazlardan sonra hakimiyyət özü də fərqinə varmadan bir məsələni etiraf etdi: “Quba hadisələri göstərdi ki, xalq nə qədər imkan verirsə, hakimiyyət o qədər zülm edə bilir. Xalq ayağa qalxanda onlar dərhal dayanırlar. Qubada aksiyaların birinci saatında dəyənəklər işə düşdü, gözyaşardıcı qazdan istifadə edildi, amma xalq qaçmadı, dirəniş göstərdi. Bundan sonra çıxıb riyakarcasına dedilər ki, Qubada dövlətçiliyə dəstək aksiyası keçirilib. Ona görə bu düsturu yadda saxlamaq lazımdır ki, nə qədər azıq, repressiya, həbs, dəyənəkdir qismətimiz. Nə vaxt çox olduq, o zaman hakimiyyət tərksilah olacaq, islahatların önü açılacaq”.
Fürsətgüdən olmayaq!
8 aprelə təyin olunan mitinqin böyük məsuliyyət tələb etməsindən danışan Əli Kərimli dedi ki, mitinqlər yaxın il yarımın taleyini müəyyən edəcək: “2012-2013-cü illər Azərbaycanda köklü dəyişikliklər üçün çox gözəl fürsətdir. Amma qətiyyən o fikirdə deyiləm ki, bu ətalətlə də getsək, bu fürsət reallaşacaq. Biz ciddi fədakarlıq etsək, hərəkatımızda gəncləşməni təmin etsək, müasir texnologiyalardan istifadə etsək, tələblərimizin mənasını vətəndaşlar arasında izah etsək, yüz minləri səfərbər etsək, bu fürsətdən istifadə edə biləcəyik. Əks halda, gözləyə- gözləyə qala bilərik”.
Sonda AXCP sədri İP üzvlərini səfərbərliyə çağırdı: “8 aprel mitinqinə sıradan mitinq kimi yox, xalq hərəkatının 2012-ci ildə yeni bir mərhələsi kimi baxaq”.
***
Bundan sonra kiçik replikalar oldu. Sessiya iştirakçıları arasında İP-in himninin yazılması, bayraq və embleminin hazırlanması təklifini irəli sürənlər oldu.
Sonda aprelin 8-də mitinq keçirmək təklifi səsə qoyuldu. Təklif səs çoxluğu ilə qəbul edildi. Sessiya dövlət himninin oxunması ilə başa çatdı.
Natiq Güləhmədoğlu