Vətən üçün ikincilər çox səxavətlidir
Azərbaycanda hakimiyyətdə təmsil olunanlar arasında var-dövləti milyon, bəzən milyard manatla ölçülən kifayət qədər şəxs olsa da, onlar rəsmən milyonçular siyahısında təmsil olunmur. Lakin rəsmi milyarderlər sıyahısında olan azərbaycanlılar da var. Bu şəxslər bir qayda olaraq öz bizneslərini qonşu ölkələrdə, əsasən də Rusiya və Türkiyədə qurub. Bu var-dövləti ilə diqqəti özünə çəkən azərbaycanlılar hansı işləri ilə tanınıb və onlar vətənləri üçün hansı işlər görüb? Avropada, ABŞ-da, Rusiyada yaşayan erməni iş adamları Ermənistan üçün gördükləri işlərlə yanaşı qondarma soyqırımın tanınması istiqamətində də səylər göstərir. Bunun üçün onlar pullarını əsirgəmir. Bəs azərbaycanlı milyonçular Xocalı soyqırımının dünyada tanınması, Qarabağda törədilən erməni vəhşiliklərinin dünyaya tanıdılması üçün nə edib? Təəssüf ki, adı dünyanın ən varlı adamları siyahısına düşən azərbaycanlılar daha çox öz təmtəraqlı həyatı ilə diqqəti cəlb edib. Hansısa müğənninin klipini maliyyələşdirmək, şənliklərə, övladlarının toylarına tanınmış aktrisaları, müğənniləri dəvət edib onlar üçün milyon dollarlar xərcləyən azərbaycanlı iş adamları Azərbaycan naminə çalışmaqda həvəsli görünmür. Erməni varlıları ilə azərbaycanlı milyonçuların müqayisəsi isə ortaya utanc gətirən bir mənzərə çıxarır.
Dəbdəbəli həyatı sevən azərbaycanlı milyonçular
Azərbaycanlı milyarderlərin siyahısına baxanda ilk növbədə öz dəbdəbəli həyat tərzi ilə daim gündəmdə olan “AST” şirkətinin rəhbəri Telman Ismayılov nəzərə çarpır. Rəsmi məlumatlara görə, bu şəxsin var-dövləti 1,1 mlrd dollardır. Ancaq bəzi hesablamalara görə, hətta bu rəqəm 7 milyard dollara çatıb. Bu qədər vəsaitin sahibi pullarını daha çox nəyə xərcləyir? Antalyada qitənin ən təmtəraqlı hoteli adını qazanmış “Mardan Palace”nin sahibi Telman Ismayılov bu hotelinin açılışına dəvət etdiyi dünya şöhrətli müğənnilərə və Hollivud ulduzlarına bir neçə milyon dollar pul xərcləmişdi. Saat kolleksiyasına sahib Ismayılov artıq 2 mindən artıq məşhur firmaların saatlarını toplayıb. O, eyni zamanda Rusiyada yaradıcı şəxslərin himayədarı kimi də tanınır. “Lenkom” teatrını maliyyələşdirən Ismayılov eyni zamanda müğənni Avraam Russonun sponsorudur. Həmçinin Qroznı şəhərinin “Terek” futbol klubunun da baş sponsorudur. Bundan əlavə, o, Moskvada kilsənin və sinaqoqun təmirinə də pul ayırıb.
Lakin bu şəxs daha çox mətbuatın gündəmini ailə tədbirlərində xərclədiyi pullarla cəlb edir. O öz doğum gününə, eyni zamanda ailə şənliklərində dəvət etdiyi tanınmış müğənnilərə milyonlarla dollar xərcləməyə xəsislik etmir. Məsələn, müğənni Miray Kerinin bir saatlıq çıxışına Ismayılov bir milyon avro pul verib. Onun daimi qonaqları arasında müğənni Şakiranın da adını çəkmək olar. Bu xanım müğənninin Ismayılovların şənliyində hər iştirakı da bir neçə milyon dollara başa gəlir. Təbii ki, bu siyahını xeyli uzatmaq olar. Ancaq görünən odur ki, pul xərcləməyi sevən Ismayılov Azərbaycanda hər hansı xeyriyyəçi əməli ilə yadda qalmayıb.
“Ümummilli quda”
Rusiyada yaşayan azərbaycanlı milyarderlərdən biri də ölkə başçısının qudası Araz Ağalarovdur. 1,5 mlrd dollar vəsaitlə “Krokus” holdinqinin rəhbəri olan Ağalarov Rusiyada xeyriyyəçilik fəaliyyətinə görə mükafat alsa da, Azərbaycanda yalnız şəxsi biznesini qurmağı ilə diqqəti çəkib.
Ələkbərov Bakıda kilsə, Rusiyada körpələr evi tikdirib
Digər azərbaycanlı milyarder “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovdur. “Forbes”in son hesablamasına görə, maliyyə böhranına qədər 14,3 mlrd dollara sahib olan Ələkbərovun böhrandan sonra var-dövləti 7,8 mlrd olub.
Ələkbərov da daha çox Rusiyada xeyriyyəçilik işləri ilə tanınıb. Saxalində zəlzələ baş verən zaman Ələkbərov orada çalışan neftçilər üçün 100 mln rubl yardım göndərib. Böyük Vətən Müharibəsində qələbənin ildönümündə Ələkbərov Rusiyada yaşayan veteranlara yardım etməyi də unutmur. Ölkənin ucqar yerlərinin birində isə körpələr evi, eyni zamanda əlillər evi onun himayəsi altındadır. Vahid Ələkbərov Rusiya ali məktəblərində təhsil alan gələcək neftçilərə də yardım edir. Bunlar əsasən internatlarda böyüyən uşaqlardır. O, Rusiyadan kənarda yaşayan rusları da unutmur. Bakıda isə Ələkbərov pravoslav kilsəsini inşa etdirməsi və Rusiya Mədəniyyət Mərkəzini maliyyələşdirməsi ilə yadda qalıb.
Biznesmen Isgəndər…
Rusiyada fəaliyyət göstərən digər həmyerlimiz Isgəndər Xəlilovdur. Lakin onun da fəaliyyətinə nəzər salanda Azərbaycanda hər hansı xeyriyyəçi əməlinə rast gəlinmir. Bu şəxs Azərbaycanda öz biznes layihələrini həyata keçirməklə məşğuldur.
Vətənpərvər Mübariz…
Azərbaycanlı milyarderlər arasında Türkiyədə yaşayan iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi, 1,5 mlrd vəsaitə sahib olan Mübariz Mənsimovun da adını çəkmək lazımdır. Sərmayələri və lüks həyatı ilə diqqəti çəkən Mənsimovu yuxarıda adını çəkdiyimiz digər milyarderlərdən fərqləndirən cəhətləri var. Türkiyənin “Beşiktaş” futbol klubunun rəhbərliyinə namizədlik üçün adı hallanan azərbaycanlı oliqarx həm də Lənkəranın “Xəzər-Lənkəran” klubunun sahibidir. Mənsimov vətənpərvərliyi ilə tanınır. O, Qarabağ münaqişəsi həll edilmədən Türkiyənin Ermənistanla sərhədləri açacağı təqdirdə Istanbuldakı ofisini bağlayacağını bildirmişdi. Mənsimov şirkətində hətta ermənilərlə qohumluğu olan şəxsin işləməsinə imkan verməyəcəyini də deyir. Daha çox Rusiyada xeyriyyə işləri ilə məşğul olan digər azərbaycanlı milyarderlərdən fərqli olaraq Mənsimov Azərbaycanda bir neçə sənət adamının müəlicəsi üçün maliyyə ayırıb, bəzi xeyriyyəçilik işləri həyata keçirib. Lənkəranda Dram Teatrının təmirinə bir milyon avro vəsait ayırıb.
“Putinin dostu”
Başqa bir azərbaycanlı iş adamı isə daha çox Rusiya rəhbərliyində təmsil olunan şəxslərlə olan əlaqələri ilə tanınan Ilham Rəhimovdur. Öz biznesini bu ölkədə quran Rəhimov bir müddət əvvəl doğulduğu Tovuz rayonunda xəstəxana inşa etdirərək yerli əhaliyə hədiyyə edib.
Azərbaycanlı milyarderlərin ölkəmizdəki xeyriyyəçilik fəaliyyəti demək olar ki, bununla məhdudlaşır.
Erməni varlıları isə Ermənistanı unutmur
Azərbaycanlı milyarderlərdən fərqli olaraq ermənilər varlananda vətənlərini unutmur. Dünyadakı milyarderlərin siyahısında adı olan erməni milyarderlər, həmçinin var-dövləti milyonlarla ölçülən erməni iş adamları Ermənistana öz yardımlarını əsirgəmir. Bunu bəziləri Ermənistanın kasıb və yardıma ehtiyacı olan, Azərbaycanın isə varlı ölkə olması ilə izah edə bilər. Ancaq həmyerlilərimizin Rusiyada diqqət göstərdiyi sahələrə nəzər salanda görürsən ki, Azərbaycanda məhz həmin təbəqələrin yardıma ehtiyacı.
“Forbes”in reytinqinə əsasən, 2011-ci ildə planetin varlı adamlarının siyahısında beş erməni yer alıb. Bunlardan biri var-dövləti 5 mlrd dollar olan 93 yaşlı Kerkor Kerkoryandır. Ermənistan müstəqillik əldə edəndən sonra orda xeyriyyəçilik işləri ilə məşğul olan Kerkoryan “Arsax” fonduna milyonlarla dollar pul ayırıb. Onun yaratdığı “Linsi” fondunun Ermənistanda maliyyələşdirdiyi proqramların ümumi dəyəri 242 mln dollar olub. Kerkoryan təkcə 2003-cü ildə Ermənistana 200 mln dollar pul ayırıb. Kerkoryan həmçinin Dağlıq Qarabağ separatçılarının fəaliyyətini də maliyyələşdirməsi ilə tanınır. ABŞ-da yaşayan bu iş adamı Ermənistana etdiyi köməyə görə 2004-cü ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb. Yerevandakı küçələrin birinə onun adının verilməsi təklif edilsə də, erməni iş adamı bu təklifdən imtina edib.
Digər erməni milyarder 1,5 mlrd dollar vəsaiti olan Daniel Xaçaturovdur. Rusiyada fəaliyyət göstərən iş adamı Ermənistan üçün gördüyü işlərə görə Serj Sərkisyan onu “Ananiya Şirakasi” medalı ilə təltif edib.
Rusiyada fəaliyyət göstərən milyarder ermənilər siyahısında 3 mlrd dollara sahib olan Sergey və Nikolay Sarkisov qardaşlarını, həmçinin 1,4 mlrd dollara sahib Samvel Karapetyanın da adlarını çəkmək olar. Bu şəxslər Rusiyadakı fəaliyyətləri ilə yanaşı Ermənistan iqtisadiyyatına sərmayə yatırmağı da unutmur.
ABŞ-da yaşayan digər erməni iş adamı Arut Sasunyan isə bu ölkədəki erməni diasporunun rəhbərlərindən biridir. “Kaliforniya kuryeri” qəzetinin redaktoru olan Sasunyan qondarma erməni soyqırımını dünyaya tanıtmaq üçün səylərini və pullarını əsirgəmir. “Linsi” fondunun vitse-prezidenti Arut Sasunyan eyni zamanda Ermənistanda infrastruktur layihələrinin reallaşdırılması ilə məşğuldur. Ermənistanda xeyriyyəçi kimi tanınan bu şəxs ABŞ-da altı böyük Amerika-Ermənistan xeyriyyə fondları birliyinin rəhbəridir. 2005-ci ildə ABŞ-da “Erməni soyqırım” kitabını nəşr etdirən Sasunyan vətəni qarşısında xidmətlərinə görə Ermənistanda “Ananiya Şirakasi” medalı, Müqəddəs Saaka, Müqəddəs Mesrop ordenləri ilə təltif edilib.
Xarici ölkədə biznes qurub qazandığı pulların bir qismini Ermənistana xərcləyən erməni iş adamlarının siyahısını uzatmaq olar. Etdikləri köməklə kifayətlənməyən bu şəxslər Ermənistana yardım etmək üçün xeyriyyə tədbirləri təşkil etməyi də özünə borc bilir. Məsələn, ötən ilin dekabr ayında Moskvada erməni iş adamlarının təşəbbüsü ilə ümumerməni “Ermənistan” fonduna yardım məqsədi ilə xeyriyyə şam yeməyi təşkil olunub. Tədbirdə Rusiyada yaşayan 70-ə yaxın erməni iş adamı iştirak edib və fonda 18 mln 635 min dolların ayrılması vəd edilib. Ən çox ianəni (11 mln dollar) Eduard Erkenyan ayırıb. Bu vəsait Qarabağda kənd təsərrüfatının, təhsilin və turizmin inkişafına yönəldilməlidir. Sergey Sarkisov fonda 3 mln dollar vəsait köçürüb. Bu pullar Qarabağda məktəblərin əsaslı təmirinə xərclənəcək. Samvel Karapetyan 1 mln dollar, Robert Ovanesyan – 500 min dollar, Levon Ayrapatyan – 500 min dollar “Ermənistan” fonduna bağışlayıb. Ümumilikdə isə il ərzində Rusiyada erməni iş adamlarının təşəbbüsü ilə “Ermənistan” fonduna 30,9 mln dollar vəsait toplanıb.
Azərbaycanda xalqın sərvətlərini talayıb özləri üçün təmtəraqlı həyat quran oliqarxlar, Rusiyada və digər ölkələrdə leqal biznes qurub milyardlar qazanan, ancaq bu pulları əyləncələrinə, ya da Rusiyada xeyriyyəçiliyə xərcləyən həmvətənlərimiz ermənilərin Ermənistan üçün etdiklərinə nəzər salsa, pis olmaz. Heç bir əməli ilə heç kəsə nümunə ola bilməyən ermənilər pullarını ilk növbədə vətənlərinə xərcləməklə azərbaycanlı iş adamlarına nümunə ola bilər. Azərbaycana nə qədər utanc gətirsə də, bu, faktdır.
Fizzə Heydərli