Nazirin gündəlik marşrutunda əməkdaşımız qorxunc mənzərələr gördü
Bakının bərbad yolları qar sularından sonra daha da acınacaqlı vəziyyətə düşüb
Bakıda yollar bərbad günə düşüb. Qardan sonra hər yan ya palçıqdır, ya da çökəklik. Milyonlarla manat hesabına çəkilən yolların 10 dərəcə şaxta nəticəsində yararsız hala düşməsi bir daha sübut edir ki, bu yolların çəkilişi üçün nəzərdə tutulan vəsaitin əsas hissəsi təyinatı üzrə xərclənməyib. Çünki yolların keyfiyyətilə ayrılan vəsait bir-birinə qətiyyən uyğun gəlmir.
Nəqliyyat nazirinin yoluyla…
Şəhərin yollarının bərbad olmasından hər kəsin xəbəri var, o cümlədən nəqliyyat naziri Ziya Məmmədovun da. Onun özü də hər gün villasından çıxıb işinə gedəndə çala-çuxur yollardan keçməli olur. Biz dünənki günümüzü nazirin hərəkət marşrutunu izləməyə sərf etdik. Gördük ki, Ziya Məmmədovun hər gün istifadə etdiyi yollarda da vəziyyət ürəkaçan deyil.
Nazirlərin yaşadığı “milyonerlər məhəlləsi”
Əvvəlcə nazirin yaşadığı ünvan – paytaxtın Teymur Əliyev küçəsindəki vəziyyət barədə bir neçə kəlmə yazaq. Qeyd edək ki, vaxtilə bu küçədə sadə insanlar yaşayırdı. Tədricən küçə boyunca evlər söküldü, sakinlər köçürüldü. Hazırda “milyonerlər məhəlləsi” adlanan bu yaşayış massivində əvvəlki görkəmindən əsər-əlamət yoxdur. Burada təmtəraqlı, dəyəri milyonlarla ölçülən villalar bir-birini izləyir.
Küçə boyunca təhlükəsizlik kameraları, hər 2-3 villadan bir güvənlik məntəqələri yerləşdirilib. Bu cür məntəqələri Bakıda əsasən, səfirliklərin binası qarşısında görmək olar.
Burada Ziya Məmmədova məxsus malikanə ilə yanaşı, yanacaq və energetika naziri Natiq Əliyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və başqa məmurların gözoxşayan imarətləri ucalıb. Amma bugünkü mövzumuz nəqliyyat nazirilə bağlı olduğundan o birilərlə işimiz yoxdur.
Nəqliyyat nazirinin “korteji” hər gün villasından çıxıb Ayna Sultanovanın heykəlinə doğru hərəkət edir. Oradan da Ziya Bünyadov prospektilə (köhnə Karl Marks) “Papalin” körpüsündən keçməklə “Qələbə” meydanından geri hərəkət edərək, Nəqliyyat Nazirliyinin həyətinə daxil olur. Bu, nəqliyyat nazirinin hər gün istifadə etdiyi marşrut xəttidir…
Ayna Sultanovanın heykəlinin yanından 3-cü mikrorayon dairəsinin bir addımlığına qədər yollar bərbaddır. Prospekt başdan-başa çala-çuxur olduğundan qardan sonra hər yer palçıqla örtülüb.
Amma bu deyilənlər Teymur Əliyev küçəsinə aid deyil. Çünki məmurların yaşadığı ərazi yaxşı təmizlənib.
Şəhərsalma qanunlarına əhəmiyyət verilmir
2010-cu ildə yenidən qurulan Nobel prospektində də vəziyyət ürəkaçan deyil. Prospektə salınmış asfalt yolda sonuncu qardan sonra saysız-hesabsız çatlar yaranıb. Səməd Vurğun və 28 may küçələrində də analoji haldır. Burada da irili-xırdalı xeyli çalalar var. Ən dəhşətlisi odur ki, Bakının əsas meydanı olan Azadlıq meydanının asfalt döşəməsi də acınacaqlıdır.
Yollarda çalaların və çatların çoxluğu tıxacların yaranmasına gətirib çıxarır. Çünki belə hallarda küçələrdə avtomobillər çox aşağı sürətlə hərəkət edir. Bundan əlavə, yollardakı çalalar qəzalara da yol açır.
Yol kəsişmələrində, dörd yol ayrıclarında kanalizasiya xətlərinin yoxluğu durumu ağırlaşdıran səbəblərdəndir. Xarici ölkələrdə yollar salınmamışdan öncə onların altında su, kanalizasiya, rabitə, qaz, elektrik və digər kommunikasiya xətləri çəkilir. Sözügedən sistemlərin hər hansı birində problem yaşananda işçilər yeraltı şaxtalar vasitəsilə problemi həll edirlər. Azərbaycanda şəhərsalma qanunlarına əhəmiyyət verilmədiyindən yeraltı şaxtalar da yoxdur. Ona görə də problem olanda yollar qazılır və aylarla əhali əziyyət çəkməli olur.
Qafqazın ən böyük körpüsü çökür
Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı yol ötürücüsü də təhlükəli vəziyyətdədir. Qafqazın ən böyük yol ötürücüsü hesab edilən bu körpünün bir hissəsi bir neçə metr çökmüşdü. Vəziyyət o həddə idi ki, buradan sürücülər belə, keçməyə ehtiyat edirdi. Ərazidə qarın təmizlənməməsi durumu fəlakət həddinə çatdırıb.
Ən böyük problem isə Dərnəgül yolundadır. Qar suları buranın yollarını elə iflic vəziyyətə salıb ki, maşınlar saatlarla tıxacda qalırlar.
Bizdə heç bir qaydaya əməl edilmir
Ekspertlər paytaxtdakı asfalt yolların tez-tez sıradan çıxmasını onun başdansovdu çəkilməsilə əlaqələndirirlər. Deyirlər ki, yollar elə salınmalıdır ki, yağış-qar yağanda sular yolun ortasında qalmasın: “Ancaq bizdə bu qaydalara əməl edilmir. Ona görə də asfalt örtük tez korlanır, yollarda iri çatlar əmələ gəlir. Asfalt döşəmələrin keyfiyyətsiz olması üzündən suyun asfaltın alt qatına keçməsi onun korlanmasına səbəb olur. Bizdə yolsalma normativlərinə əməl olunmasından söhbət gedə bilməz. Köhnə yolların üzünü qaşıyıb yenidən asfaltlayırlar. Nəticədə yollar bərbad hala düşür”.
Ramin DEKO