“Ya bizim əqidə dostlarımızı azad edəcəksiniz, ya da…” (VİDEO)
Ictimai Palata 2012-ci ildə dəyişiklik etməyi hədəf seçdi
Ictimai Palata (IP) ötən gün növbəti sessiyasını keçirdi. Sessiyaya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir sədrlik edirdi. Iclasın gündəliyi ölkədəki ictimai-siyasi durumun, həmçinin “2012-ci ildə Ictimai Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və istiqamətləri” adlı sənədinin müzakirəsi olaraq, qəbul edildi.
Biabırçı və ikiüzlü siyasət
Gündəliyin qəbulundan sonra Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər Ictimai Palatanın yanvar ayındakı fəaliyyəti barədə çıxış etdi. Fransada qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulunu “biabırçı proses” adlandıran Isa Qəmbər bu olaya Ictimai Palatanın reaksiyasını təqdir etdi, Azərbaycan hakimiyyətinin bu məsələdə mövqesizliyini isə “ikiüzlülük və prinsipsizlik” kimi tənqid atəşinə tutdu.
Əsas məqsəd siyasi rejim dəyişikliyidir
“2012-ci ildə Ictimai Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və istiqamətləri” adlı sənəd ətrafında çıxış edən Isa Qəmbər dedi ki, Ilham Əliyevin istefası məsələsini gündəmə gətirməyin və mübarizəni sərtləşdirməyin zamanıdır. Sözügedən sənəddə də siyasi rejim dəyişikliyi əsas məqsəd kimi göstərilib, kütləvi xalq hərəkatına başlamaq zərurəti aydın şəkildə qeyd olunub: “Bu, daha fəal, daha fədakar mübarizə aparmağımıza və ölkədə köklü dəyişikliklərə nail olmağımıza yol göstərə bilən sənəd olmağa layiqdir”.
Əliyev rejimi Azərbaycan üçün təhlükədir
Isa Qəmbərin sözlərinə görə, bu il ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq üçün şərait yetişir: “Beynəlxalq aləmdə Əliyev rejiminin təklənməsi prosesi gedir. Bu, da rejimin özünün yanlışlarıyla bağlıdır. Hakimiyyətin heç bir xarici siyasət proqramının olmaması, beynəlxalq aləmdə öz yerini müəyyənləşdirməməsi, Azərbaycana istər dost, istərsə də düşmən olan və ya ola biləcək dövlətlərlə eyni məsafədə dayanmaq istəməsi, hər şeydə yalnız öz maraqlarını güdməsi bu hakimiyyətin etibarsız olması qənaətini formalaşdırıb. Bu situasiya həm hakimiyyətin özü, həm də bütövlükdə Azərbaycan üçün təhlükəlidir. Bu mənada Azərbaycanı Əliyev rejiminin təmsil etməsi ölkə üçün təhlükədir”.
Ziyalılara dəstək
Rusiyada baş verənlərin ölkəmizə təsirindən danışan Müsavat başqanı yada saldı ki, bir çox post-sovet ölkələri kimi, Azərbaycandakı avtoritar rejimin də dayağı Rusiyadakı hazırkı rejimdir: “Bu baxımdan Rusiyadakı dəyişikliklər Azərbaycanda dəyişiklikləri labüd edən beynəlxalq amillər sırasına əlavə oluna bilər”.
Azərbaycanın daxilindəki proseslərə gəlincə, Isa Qəmbər hesab edir ki, hakimiyyətin acgözlüyü və səriştəsizliyi, həmçinin cəmiyyətdə artan narazılıq, 2012-ci ildə bütün demokratik qüvvələrin cəmləşməsi ölkədə köklü dəyişikliyə nail olmağa imkan yaradır: “Fəallıq gündən-günə artır. Bugünlərdə Ziyalılar Forumu gənclərin problemlərilə bağlı gözəl bir tədbir keçirdi. Gənclərin problemlərini gündəmə gətirmək, onlara dəstək, eyni zamanda, gənclərin prosesin önünə çıxmasını təmin etmək çox vacibdir.
Ziyalılar Forumunun siyasi qüvvələrlə müzakirələr aparmağı mümkün saymasının özü də ciddi hadisədir. Görünür, Vahid Qazinin döyülməsi də hakimiyyətin buna cavabıdır. Vahid Qaziyə qarşı zorakılıq ziyalılara yönəlik xəbərdarlıdır. Axı bu hakimiyyətin başqa arqumenti yoxdur. Rüstəm Ibrahimbəyovun, Əkrəm Əylislinin, Cəmil Həsənlinin, Ramiz Rövşənin, Rafiq Əliyevin və digərlərinin qarşısına hakimiyyət hansı ziyalısını çıxaracaq? Ona görə də yenə zorakılığa əl atırlar. Biz ziyalılarımıza tam dəstəyimizi ifadə eləməliyik. Cəmiyyətdəki narazılığı, gənclərin fədakarlığını, ziyalıların mövqeyini bir araya gətirərək işimizi fəallaşdırmalıyıq. Bu il güclü bir xalq hərəkatının formalaşmasını həyata keçirməyi bacarmalıyıq. Ciddi kütləvi tədbirlərə ehtiyac var. Vəziyyət imkan verir ki, Ictimai Palata yaxın zamanlarda böyük kütləvi tədbirlərə qərar versin”.
Iran fikir ixtilafı yaradır
Müsavat Məclisinin üzvü Səxavət Əlisoy çıxışında mitinqlərin icazəli keçirilməsi, həmçinin Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi məsələsilə bağlı Ictimai Palatada ictimai müzakirələrin təşkili təkliflərini irəli sürdü.
Müsavat Məclisinin digər üzvü Sabir Məmmədli isə təklif etdi ki, Ictimai Palata Azərbaycanda parlamentli respublika idarəçiliyinə keçid məsələsini qaldırsın.
Koordinasiya Şurasının üzvü Pənah Hüseyn çıxışında müzakirəyə çıxarılan sənəd haqda danışdı. O, çıxışında Milli Etimad Hökuməti yaradılması təklifini irəli sürdü.
Pənah Hüseyn Iranla bağlı məsələlərə də toxundu, təklif etdi ki, Ictimai Palata adından Iran və Qərblə əlaqələrə münasibət bildirilsin; Iranın demokratikləşməsi zərurəti vurğulanmaqla yanaşı, bu ölkəyə hərbi müdaxilənin yolverilməzliyi də qeyd edilsin.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında dedi ki, Ictimai Palata dünyada cərəyan edən bütün olaylara reaksiya verməyə məcbur deyil. Bu baxımdan “Irana hərbi müdaxilə edilməməlidir” kimi mövqenin Ictimai Palatanın sənədinə daxil edilməsinə ehtiyac yoxdur.
Fuad Qəhrəmanlı həmçinin xalqın təşkilatlanmasının vacibliyini vurğuladı.
Koordinasiya Şurasının üzvü Rahim Hacıyev də o fikirdə oldu ki, Ictimai Palata hakimiyyətin istefası məsələsini qaldırmalıdır: “Bu işi yalnız biz görə bilərik. Bunun üçün Ictimai Palatanın hər bir üzvü hər gün ortalığa iş qoymalıdır. Hesabatlılıq zəruridir”.
Müsavat başqanının müavini Tofiq Yaqublu vurğuladı ki, “Eurovision” musiqi yarışması kimi mühüm hadisədən Ictimai Palata maksimum yararlanmalıdır: “Həmin ərəfədə aksiyalar keçirməliyik ki, sərbəst toplaşmaq azadlığını təmin edə bilək”.
Tofiq Yaqublu da Ictimai Palatanın sənədində “Irana hərbi müdaxilənin yolverilməzliyi” haqda qəti mövqenin öz əksini tapmasının əleyhinə çıxdı.
KXCP funksioneri Aydın Şükürov Qarabağla bağlı xalq qurultayının keçirilməsini təklif etdi.
AMDP sədrinin müavini Şahmurad Məmmədov isə bir qədər əvvəlki fikrə dəstək verərək, parlamentli respublika quruluşuna keçid üçün mübarizəyə başlamaq təşəbbüsünün tərəfdarı olduğunu bildirdi.
Əlirza Muxtar, Fəzli Mehdiyev və digərlərinin çıxışından sonra müzakirələrə yekun vuruldu.
Azərbaycan xalqının real təmsilçisi Ictimai Palatadır
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sessiyanın son çıxışçısı oldu. Şaxtaya, çovğuna baxmayaraq, 20 yanvar və 31 yanvarda Ictimai Palata tərəfdarlarının Şəhidlər Xiyabanını, M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini kütləvi ziyarətini yüksək qiymətləndirən Əli Kərimlinin sözlərinə görə, demokratik qüvvələr məhz bu tarixi günlərinə sahib çıxdı, xalqımızın qan yaddaşı üçün önəmli günləri qeyd etdi.
Fransada qəbul olunmuş “inkar qanunu” ilə bağlı müzakirələrdə Ictimai Palata ilə xalqın yanaşmasının eyni olduğunu deyən Əli Kərimli vacib bir məqamı da qeyd etdi: “Bu o deməkdir ki, ya Ictimai Palata bu xalqın bağrından çıxmış, onunla eyni dəyərlərini bölüşən, onun maraqlarını düzgün qiymətləndirən təşkilatdır, yaxud da özü ictimai rəyi müəyyənləşdirə bilir. Istənilən halda, görünür ki, bu gün Ictimai Palata Azərbaycan xalqını təmsil etməyə daha çox mənəvi haqqı olan qüvvədir”.
Əsas hədəf haqqında
Əli Kərimli qeyd etdi ki, Ictimai Palata iqtidarda olmasa da, Azərbaycan xalqının rəsmi sözçüsü statusunu əldə etməkdədir: “2012-də bizim əsas hədəfimiz bütün demokratik qüvvələrinin bir araya gətirərərk yeni bir xalq hərəkatı dalğasının başlanması olmalıdır. Bu zaman kütləvi hərəkatlar gündəmə gəlir. Biz həmin aksiyalara hazırlaşmalı, fəaliyyətimizi bu istiqamətə yönəltməliyik. Biz bir tərəfdən haqq etdiklərimizi tələb etməyi bacarmalıyıq. Bütün fəaliyyətimiz rejim dəyişikliyinə yönəlməlidir, amma hər şeyi etməliyik ki, apardığımız proses kütləvi olsun. Imkan verməməliyik ki, hakimiyyət növbəti repressiya dalğasını gücləndirsin, xalqın geniş və narazı çoxluğundan ayrılmağımıza bəhanələr tapsın və sanki bizi təkləyərək məğlub etmiş olsun. Deməli, bu bizim qarşımızda bir vəzifə kimi durur”.
“Qanlı dəyişiklik yox, tədrici demokratikləşmə istəyirik”
Əli Kərimli Rusiyada cərəyan edən demokratikləşmə proseslərinə də toxundu. Dedi ki, ötən 10 ildə Rusiyada da sərbəst toplaşmaq azadlığı yox idi, yalnız 10 minlərlə insanın prosesə qoşulması bu hüququ gerçəkləşdirdi və bu qarşısıalınmaz hadisəyə çevrildi. Rusiya və MDB məkanındakı təcridi demokratikləşməni təqdir edən AXCP sədri dedi ki, xalqa da bu mesaj açıq çatdırılmalıdır ki, Ictimai Palatadakı qüvvələr dəyişiklik istəyir, amma ərəb ölkələrindəki qanlı-qadalı dəyişiklikləri yox: “Bizim tarixi mədəniyyətimiz, coğrafi imkanlarımız da itkisiz, qansız-qadasız dəyişikliklər üçün uyğundur. Xalqım da tərəddüd etmədən demokratik qüvvələri dəstəkləməlidir. Bilməlidir ki, biz siyasi qarşıdurmalar üçün şərait, zəmin yaratmayacağıq, biz dinc mübarizənin tərəfdarıyıq.
Konsensus
Biz ölkədə rejin əleyhinə olan bütün qüvvələrin, ziyalıların, gəncliyin, bu gün müxtəlif səbəbdən bizimlə bir yerdə olmayan müxalif qüvvələrin fəaliyyətinin əlaqələndirilməsinə çalışacağıq. Çünki xalq hərəkatından, demokratiya uğrunda yeni dalğadan söhbət gedirsə, demokratiya istəyən hər kəsin bu prosesə qatqısı olmalıdır.
Müdafiə olunduğumuz yetər!
Ötən 4 ildə biz müxalifətin varlığını qoruyub saxlamaqla məşğul olmuşuq və bu işi şərəflə görmüşük. Indi artıq o durğunluq dövrü arxada qalıb. Indi beynəlxalq və ölkədaxili vəziyyət bizim qarşımıza başqa şərtlər qoyur.
Yetər, müdafiədə olmaq, yetər, yersiz suallara cavab vermək. Biz gündəmi müəyyən edirik və bizim gündəmimiz dəyişikliklər üçün böyük xalq hərəkatıdır. Indi Ictimai Palata bunun üzərində işləməlidir”.
Əli Kərimli bildirdi ki, Ictimai Palata parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq yaradılıb və yeni parlament seçkisini keçirməklə bağlı tələb bir gün də olsa, əsas işlərin sırasından çıxmamalıdır. Ictimai Palata fürsət düşdüyü anda vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsinə nail olacaq. Ən əsas iş isə Ictimai Palatanın gücə çevrilərək hər kəsə bundan sonra ölkədə saxta seçki keçirməyin mümkünsüzlüyünü qəbul etdirməkdir.
Əli Kərimlidən “Eurovision” hədəsi
Əli Kərimli “Eurovision” musiqi yarışmasını Azərbaycan üçün bir fürsət kimi dəyərləndirərək hakimiyyətə çağırış da etdi: “Biz qətiyyən bu tədbirin ölkəmizdə keçirilməsinə mane olmamalıyıq. Əksinə, bununla bağlı dünyaya və iqtidara mesajlarımızı verməliyik. Bilsinlər ki, ya bizim dostlarımız azad olmalıdır, ya da ”Eurovision” üçün ölkəmizə gələn minlərlə jurnalist yalnız siyasi məhbuslardan və korrupsiyadan danışacaq”.
AXCP sədri bildirdi ki, “Eurovision”la bağlı hələlik açıqlamadıqları bir sıra ciddi hazırlıqları var: “Minlərlə insanlarımız siyasi dustaqların şəkilləri olan köynəklər geyinib, ”Eurovision”a dünyanın hər yerindən gələn jurnalistlərin qarşısına çıxacaq. Hakimiyyətə səslənirəm ki, özünü rüsvay etmək istəmirsənsə, bizim əqidə dostlarımızı azad etməlisən”.
***
Sessiyanın sonunda “2012-ci ildə Ictimai Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və istiqamətləri” sənədi qəbul olundu. Bundan başqa, sessiya iştirakçıları daha iki bəyanat qəbul etdilər ki, bunlardan birində vicdan məhbuslarının dərhal azad olunması tələbi öz əksini tapıb. Digər bəyanatda hava şəraitilə əlaqədar yaranmış problemlərin həllində dövlət orqanlarının fəaliyyətsizli sərt tənqid olunur.
Natiq