“Burada heç it də yaşamaz”
Qaqauzda Heydər Əliyev adına idman kompleksi tikən hökumət şəhərin mərkəzində acınacaqlı vəziyyətdə yaşayan qaçqınlara niyə diqqət ayırmır?
Heydər Əliyevin adının ucaldılması üçün Qaqauzda idman kompleksi tikilməsi planlaşdırılır. Tikinti işlərinə bu ilin aprel ayından başlayacaqlar. Kompleksi “ATA Holdinq” maliyyələşdirəcək və ilkin olaraq ora 5 milyon dollar sərmayə qoyulacaq.
Acı həqiqət!
Bu ilk hal deyil ki, nəsə deyib üstündən ötəsən. Heydər Əliyevin heykəllərinin ucaldılması, adına parklar salınması, məktəb və muzeylərin tikilməsi artıq ənənə halını alıb. Bir şey olan kimi hakimiyyətin nəzarətində olan telekanallar bar-bar bağırırlar ki, bir milyon qaçqın və məcburi köçkünümüz var, müharibə şəraitində yaşayırıq. Vəziyyətimiz ağırdır, ona görə də problemlər olanda üstünə getmək yox, göz yummaq lazımdır. Ildə bir-iki dəfə də televiziyaların bozarmış ekranlarından yurdlarından didərgin salınanlar üçün bina tikib təhvil verilməsini göstərirlər. Hələ o başqa məsələdir ki, ala-babat tikilən evlərdə mənzil almaq insanlara hansı zülmlərə, nə qədər pulun qarşılığında başa gəlir. Bu başqa söhbətin konusudur. Milyonlara başa gələn və dəyərsiz olan heykəl və muzeylərə para ayırmaqdansa, yataqxanalarda 20 ildir çürüyən və min bir xəstəliyə düçar olan vətəndaşlara yardım etmək daha səmərəlidir.
Universitetlərin yataqxanalarında tələbədən çox qaçqın və məcburi köçkünlər yaşayır. Bəlkə də pis səslənə bilər – ancaq demək lazımdır. Burada insan yaşaya bilməz. Insan deyilən bəni-adəmin bu cür urvatsız ünvanlarda gecələmək haqqı yoxdur.
Ölkənin ən kasıb təbəqəsi sayılan tələbələr belə, bu yataqxanalara üz tutmur. Ən imkansızı bir-iki ay yaşayır, özünə kafedə bir iş tapan kimi başını götürüb qaçır. Ancaq onlar qaça bilmirlər. Çünki gedəcəkləri ikinci məkan yoxdur. Bir dəfə erməni caynağından qurtulanlar, ikinci dəfə hökumətin caynağına elə yapış(dırıl)ıblar ki, oradan ayrılmaq deyəsən heç mümkün deyil.
Bir ünvana baş çəkdik. Oranın real vəziyyətini sizə təsvir etsək, ya bizə inanmayacaqsınız, ya da inanıb orada qaçqın və məcburi köçkünlərin olduğuna şübhə edəcəksiniz. Axı hər gün telekanallar evlərini itirən qaçqınlara dövlətin qayğısından, etdiyi yardımdan danışır…
Eni 3, uzunluğu 5 metr olan otaqlar
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında yaşayan sakinlərin sadəcə üz cizgilərinə diqqət yetirəndə vəziyyətin nə yerdə olduğunu anlayırsan. 20 illik həyatını bu yataqxanalarda çürüdənlərin tək bir arzusu var – normal ünvana köçmək. Onlar dövlətdən nə villa, nə də dəbdəbəli malikanə istəyir. Bundan sonra iş yerlərinin açılmasını da arzulamırlar. Yalan vədlər onları yorub. Min cür xəstəliklərdən qurtulmaq üçün balaca koma istəyirlər.
Elektrik naqilləri o qədər bərbad quraşdırılıb ki, hər an təhlükə ola bilər. Işıq xətlərini dəyişməyə, təzələməyəsə bu adamların maddi imkanı yoxdur.
Beş mərtəbəli yeddi yataqxanada 500-dən artıq ailə yaşayır. Hər mərtəbədə 26-28 mənzil var. Ki, onun da 20-dən artığında qaçqın və məcburi köçkünlər yaşayır. Tələbələrin isə sayı ildən-ilə azalır. Hər mərtəbədə iki ümumi mətbəx, iki pal-paltar yuymaq üçün otaq, girişin sağ və sol başında ayaqyolu var. Gigiyena baxımdan tam yararsız olan olan bu otaqlarda üfunət qoxusu 50 metrdən vurur. Qab-qacaq yumaq üçün heç bir şərait yoxdur. Hamı öz ev əşyalarını qapının kandarında qoyduğu ləyənlərdə yuyur. Kənardan gələn şəxs bu baş verənləri görəndə yəqin ki, qaçır.
Bütün otaqlar standartdır. Eni 3, uzunluğu 5 metr olan bu mənzillərin hər biri elə o vaxtdan bir ailəyə verilib. Üstündən 20 il keçib. 5-6 yaşlı olan uşaqlar indi 25-26 yaşına çatıblar. Ailə qurmaq, övlad sahibi olmaq istəyirlər, ancaq evlərin darısqallığı buna imkan vermir.
Hələ iki metr eni olan dar dəhlizlərin bir metrinin məşğul olmasını demirik. Əşyalarını, cer-cehizlərini qapının ağzına yığırlar…
Qəbirstanlığa bənzər evlər
“30-35 yaşlı uşaqlar evlənməyib. Necə evlənsinlər? Hansı evdə yaşasınlar? Əşyalarını hara yığsınlar? Evləri darısqallıqdan yığıb-yığışdırmaq olmur. Biz heç nə istəmirik, nə yardım, nə də başqa bir şey. Sadəcə normal bir ev versinlər. Yaşamaq olmur. Vərəmdən tutmuş bütün xəstəlikləri bu binada tapmaq olur. Təmir eləməyə imkanımız yoxdur. Ona görə də döşəmələr sınıq-salxaq və nəmlidir. Beş-on manat təqaüd alırıq. Onu da dava-dərmana veririk. Burada heç it də yaşamaz. Biz məcbur olub yaşayırıq” – deyir, yataqxananın 20 illik sakinləri.
Validə Rzaquliyeva deyir ki, 4 nəfərlik ailə ilə sığındığı otaqda 3 çarpayı və bir stol var. Qalan əşyaları qapının ağzına yığıb. Onlar üç ildir ki, ev gözləyirlər: “Hər il deyirlər ki, sizi evlə təmin edəcəyik. Ancaq ortalıqda heç nə yoxdur. Evlərimiz qəbirstanlığa oxşayır. Qonaq qəbul edə bilmirik. Vəziyyətimiz çox acınacaqlıdır. Ailədə işləyənimiz yoxdur. Yoldaşım xəstədir. O, 100 manat, mən isə 95 manat təqaüd alıram. Bundan başqa ailəmizin ikinci gəlir yeri yoxdur. Bu pulu da xəstəxanalarda xərcləyirik”.
Xeyirin şərlə qardaşlığı
Yataqxananın su, qaz, işıq problemi yoxdur. Ancaq o qədər problemin içində bu heç nəzərə çarpmır. Ayaqyolu bərbaddır. Səhər çağı burada növbə olur. Qadınlar solda, kişilər isə sağda cərgə ilə düzülürlər. Hamamda da vəziyyət eynidir. Yuyulan pal-paltarları eyvan olmadığı üçün bloklarda asırlar.
Yayda vəziyyət çox gərgin olur. Kondisioneri olmayan otaqlarda sərinləmək üçün qapıları açıq saxlayırlar. Əsasən qırımızı rəngdən olan parçalarla örtük vurulur.
Mətbəxə qadınlar üç-üç, dörd-dörd girirlər. Hətta həftəlik növbə elanı da vurublar. Kimin növbəsidirsə, yüyürüb yemək bişirir.
Yataqxanaların əksəriyyətinin birinci mərtəbəsində “xeyir-şər” evi var. Şər işlərini bu evdə görən insanlar neçə ildir ki, xeyir işlərinə əl ata bilmirlər. Ad günləri, nişan, toy eləmək bu insanlar yaddır. Artıq onlar el adət-ənənələrini də unudublar.
***
Insanlar dərd-qəm içində yaşaya-yaşaya ölürlər. Onların təbirincə desək, sürünürlər. Bu adamlara bir komanı da qıymayan hökumət Qaqauzda 5 milyona idman kompleksi tikir. Qaçqınlar üçünsə ildə bir dəfə iki-üç ala-babat bina tikib, milyon dəfə başlarına bozarmış ekranlardan qaxınc edəcəklər…
Ramin DEKO