«Arif Hacılı ən yüksək səviyyədə Azərbaycan ziyalısının obrazını, onun mübarizliyini ən yaxşı şəkildə təcəssüm etdirir»
Ictimai Palata ötən gün vicdan məhbusu, Müsavat partiyasının mərkəzi aparatının rəhbəri Arif Hacılının doğumunun 50 illiyini Müsavat Partiyasının qərargahında təntənəli şəkildə qeyd etdi. Yubliley tədbirinə ölkənin ictimai – siyasi həyatının tanınmış fiqurları, media təmsilçiləri, Arif Hacılının doğmaları qatılmışdı.
Giriş nitqi ilə çıxış edən Müsavat Partiyasının başqanı Isa Qəmbər Arif Hacılının keçdiyi mübarizə yolundan danışdı: “Mən Arif bəyin Zaqatala cəhbəçiləri ilə mübarizəsini bu günki kimi yaxşı xatırlayıram. Xalq hərəkatının bizə bəxş etdiyi ən böyük sərvət bir-birimizi tanımaq, mübarizədə çiyin-çiyinə durmaq oldu. Arifin keçdiyi yola nəzər salsaq görərik ki, o qısa zamanda xalq hərəkatının liderlərindən birinə çevrilib. Biz Arifin ən çətin vəziyyətlərdə öz məntiqi və ağılı ilə hərəkət etdiyini yaxşı bilirik. Arif Hacılı ən yüksək səviyyədə Azərbaycan ziyalısının obrazını, onun mübarizliyini ən yaxşı şəkildə təcəssüm etdirir”. Daha sonra gənclərin Arif Hacılı haqqında hazırladıqları filmin təqdimatı oldu.
Sonra söz AXCP sədri Əli Kərimliyə verildi. Əli bəy dedi ki, Arif Hacılı 50 illik həyatının tam yarısını Azərbaycan uğunda mübarizələrdə keçirib. AXCP sədri Arif Hacılını çoxdan tanıdığını və onun bütün keyfiyyətlərini yüksək dəyərləndirdiyini qeyd etdi.
Şair Ramiz Rövşən uzun illər tanıdığı Arif Hacılı haqqında fikirlərini bölüşdü və 30-35 il öncə yazdığı şerini oxudu.
Ramin