AMAY Abdulla məhkəmədə "od püskürdü": “Siz hökmünüzü çıxarın, Allahın da hökm çıxaracağı gün olacaq…”
Bir ilə yaxındır həbsdə olan “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin işi üzrə dünən keçirilən məhkəmə iclası məmurların, xüsusən baş prokuror Zakir Qaralovun ünvanına ciddi ittihamlarla yadda qalıb. Abdulla Abdullayev məhkəmədə ifadə verərkən bəyan edib ki, heç bir cinayət törətməyib, sadəcə, verilən sifarişə uyğun olaraq, dəmir barmaqlıqlar arasına salınıb.
Xatırladaq ki, “AMAY” sahibinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Dünənki məhkəmə iclasında Abdulla Abdullayev ifadə verməmişdən əvvəl ona qarşı qaldırılmış 2 milyon 120 min manatlıq yeni mülki iddia müzakirəyə çıxarılıb. Fevralın 26-da keçirilən ötən məhkəmə iclasında hakim bildirmişdi ki, məhkəməyə iş üzrə zərərçəkmiş Orxan Cəfərovdan mülki iddia daxil olub. Iddiada 2 milyon 120 min manatın Abdulla Abdullayevdən tutularaq, onun əmlakına yönəldilməsi istənilir. Lakin iddiaçı özü prosesdə iştirak etmədiyindən onun qəbul edilib-edilməməsi məsələsinin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılmışdı.
Dünənki məhkəmədə Orxan Cəfərov iddiasını əsaslandırıb. Onun dediklərindən məlum olub ki, 2011-ci ildə dünyasını dəyişmiş nənəsinin adına “Xudafərin” MMC-nin inşa etdiyi binadan obyekt alıblar. Obyektdə təmir işləri aparılan zaman başqa bir adam gəlib ki, bura mənim əmlakımdır, əlində də Ali Məhkəmənin qərarını göstərib. Orxan Cəfərov onu da qeyd edib ki, anası, dayıları vərəsələrdir.
Lakin müdafiə tərəfi bu mülki iddianın icraata qəbul olunmasına etiraz edib. Vəkillər fikirlərini belə əsaslandırıblar ki, qanunun tələbinə görə, bu cür iddia ərizələri məhkəmə istintaqı başlanana qədər verilməlidir. Məhkəmə istintaqı isə fevralın 19-da başlanıb.
Vəkillər eyni zamanda, Orxan Cəfərovun ümumiyyətlə, zərərçəkmiş statusuna xitam verilməsini istəyiblər. Bildiriblər ki, prokurorluq onu şahid qismində dindirib. Iş materiallarında onun zərərçəkmiş qismində tanınmasına dair hər hansı qərar, bu statusda heç bir ifadəsi yoxdur.
Bundan sonra hakim elan edib ki, məhkəməyə daha bir zərərçəkmişdən – Aslanova Mahirədən də mülki iddia daxil olub.
Abdulla Abdullayevin vəkili Osman Kazımov bildirib ki, bu mülki iddiaların heç biri icraata qəbul oluna bilməz: “Korrupsiyaya Qarşı Mübarizə Idarəsi bir qanunsuz işi formalaşdırıb verib məhkəməyə. Orxan Cəfərov bu işdə hüquqi baxımdan kimdir? Hüquqi varis kimi anası var, dayıları var. Elədirsə, Abdulla Abdullayevin də yerinə dayıoğlusundan, bibioğlusundan birini gətirib oturdun. Bu mülki iddialar birmənalı şəkildə qəbul oluna bilməz.
Bilirsinizmi Korrupsiyaya Qarşı Mübarizə Idarəsi niyə özbaşınalıq edir, yaramaz qərarlar qəbul edir? Çünki bilirlər ki, məhkəməyə göndərdikləri istənilən sənəd keçir. Ona görə də prokurorluq nə istəyir, eləyir. Qanunlara bir az hörmətlə yanaşmaq lazımdır. Insanları dövlətin adından bu qədər əzmək olmaz".
“Torba tikilib, qalıb ipin çəkilməsi…”
Abdulla Abdullayev özü də mülki iddialarla bağlı məsələyə münasibət bildirib: “Şərəfsizlik bu ölkədə elə həddə çatıb ki… Korrupsiyaya Qarşı Mübarizə Idarəsi də bundan sui-istifadə eləyir. Ödəniş eləmək üçün pulu olmayan 30-a yaxın adamdan heç bir vəsait almadan onlara evlərini tikib təhvil vermişik. Indi biz də durub deyək ki, pul verməyiblər, evdən çıxsınlar? Ayıbdır.
Hörmətli məhkəmə, məhkəməni tez başa vurun, onsuz da sifariş olan işdir. Nə deyirlərsə, o hökmü oxuyun, çıxıb gedək. Buradan əlimizi üzək, bilək ki, ədaləti Avropada axtarmalıyıq. Onsuz da torba tikilib, qalıb ipinin çəkilməsi…"
Iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev Orxan Cəfərovun mülki iddiasının icraata qəbul edilməsini istəyib. Deyib ki, həmin iddia məhkəməyə fevralın 18-də göndərilib, bunu zərfin üzərində tarixlə bağlı ştamp da sübut edir. Lakin Mahirə Astanovanın mülki iddiasının məhkəməyə istintaq başlanandan sonra təqdim edildiyini vurğulayaraq, onun icraata qəbulunun yolverilməz olduğunu bildirib. Həmçinin Orxan Cəfərovun zərərçəkmiş statusuna xitam verilməsi üçün heç bir əsas olmadığını deyən prokuror eyni zamanda, Osman Kazımovun bu işin ibtidai istintaqını aparmış Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin ünvanına söylədiyi fikirlərə də münasibət bildirib: “Bu idarə dövlətin hüquq-mühafizə orqanıdır. Onunla bağlı bu şəkildə ifadələrin səsləndirilməsi doğru deyil”.
Məhkəmənin mülki iddialar və Orxan Cəfərovun zərərçəkmiş statusuna xitam verilməsi məsələsilə bağlı qərarı isə prokurorun mövqeyilə üst-üstə düşüb.
Bundan sonra vəkil Osman Kazımov məhkəməyə müraciət edərək, iş materialları arasından Orxan Cəfərovun zərərçəkmiş qismində tanınmasını əsaslandıran sənədlərin müdafiə tərəfinə təqdim olunmasını istəyib. Vəkil bildirib ki, iş materiallarında bu barədə heç bir sənəd, əsaslandırma yoxdur.
“Bu ölkədə heç kimin həyatı təminatlı deyil…”
Daha sonra Abdulla Abdullayev ifadə verib:
“Içəridəkilərə deyirəm ki, bizim məhkəmələr Baş Prokurorluğun idarəsidir. Onlara deyirəm ki, bizim ödədiyimiz vergilər hesabına məmurlar maaş alıb, bizim haqqımızı qorusunlar. Cavab verirlər ki, dövlət bizi qoruyur da… Gündə üç dəfə pulsuz yemək verir, ölənə yaxın dərman verir ki, ölməyək…
Mənim çıxışım bu məhkəmədə ədalət axtarmaq deyil, xalq üçündür. 25 illik əziyyətimi vurdular yerə…
Mən heç bir cinayət törətməmişəm. Mənim cinayətim bunların marağına toxunmağımdır. Mən on il içəridə oturmağa hazıram, təki millət adıma pis bir söz deməsin. Bu dövlət üçün canımı qoydum. Bu qədər xarici şirkətlərlə işlədim, millətimin adına heç bir xələl gətirmədim.
Içəridəkilərdən xəbəriniz varmı? Ədalətsizlik baş alıb gedir. Bunların hamısı dövlətçiliyə qarşı təxribatdır.
Müqavilə öhdəliklərilə bağlı olan, mülki qaydada baxılmalı işi cinayət işinə çevirməkdə prokurorluğun məqsədi nədir? Müstəntiq özü işin içində yazıb ki, götürülmüş kreditlər bağlanıb. Bəs niyə dörd il sonra mənə cinayət işi açmısız? Çünki prokurorluq qanunlara tüpürür. Belə çıxır ki, qanunlar bir tərəfə, prokurorluğun istəkləri başqa tərəfə… Nə qədər ki, ölkədə belə vəziyyət var, heç kimin həyatı təminatlı deyil.
“Mənim kimi adamı bezdirdilər”
Iranda 4 aya 3 zavod tikdirmişdim, amma bir ildir ki, burada fəaliyyətsiz oturmuşam.
Bilirəm ki, Azərbaycanda ədalətə nail ola bilməyəcəm. Amma kişi sözü verirəm, Avropada ədalətin bərqərar olmasına nail olacam, özü də təzminatla birlikdə…
Bu gün ölkədə iqtisadiyyatı bərbad günə qoyan səbəblərdən biri Korrupsiyaya Qarşı Mübarizə Idarəsidir. Prezident hər dəfə deyir ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Qoyurlar inkişaf etdirməyə?! Yeddi ildir ki, “AMAY”a qarşı cinayət işi açıblar. Imkan versəydilər, 6000 adam orada işlə təmin olunardı. Bu qədər adamın çörəyini kəsdilər. Mənim kimi adamı bezdirdilər. 10 il əvvəl mən də bilmirdim ki, bir gün gəlib burada oturacam. Amma on il sonra da kimlərin gəlib burada oturacağını bilmək olmaz. Oturacaqlar da, Inşallah!
Bilirəm ki, hökmü siz hakimlər yox, sifariş verəcək. Mənə 20 il də versəniz, sizdən inciməyəcəm. Amma mən nə danışsam, siz də narahat olmayın. Nə qədər ki, bu ölkədə Zakir Qaralov var, ədalət olmayacaq. Gedin, özünə də deyin.
Mən dünyanın hər üzünü görmürəm, hazırda 56 yaşım var. 30 yaşında 40 təsərrüfata rəhbərlik edirdim. Mən Irəvan xanı Abdulla xanın törəməsiyəm. Məni ancaq ölümlə susdura bilərlər. Anam bəy qızı olduğuna görə sürgün olunub. Babam sürgündə ölüb. Mən ölsəm nə olacaq ki?!
“Bu boyda teatr qurulmasına nə ehtiyac var?”
Bu dünyada günahsız adam yoxdur. Onda gərək bütün Azərbaycanı tutub bassınlar “kletkaya”. Bu millət kiminlə, necə qabağa gedəcək? Amma millətin də gələcəyini bilmək olmaz. Onu da deyim ki, əgər sözümü kəsib, məhkəməni qapalı keçirsəniz, ümumiyyətlə, məhkəməyə gəlməyəcəm.
Mənim həbsimdə bunların maraqları nədir? Heç olmasa, yavaşca qulağıma pıçıldayardılar, mən də bilərdim. Yoxsa bu boyda teatr qurulmasına nə ehtiyac var? Burada teatr gedir.
Mən keçən il martın 12-də Irandan Azərbaycana keçmişəm, 17-də Naxçıvandan Bakıya gəlmişəm. Martın 29-da məni Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırdılar. Amma rəsmi çağırış vərəqəsi göndərməmişdilər. Dedim, çağırış göndərin, gəlim. Aprelin 1-də özüm zəng elədim, 4-də də səhər saatlarında getdim, soruşdum ki, nə məsələdir? Dedilər ki, bu məsələdir. Vəkilim Əkbəri çağırtdırdım. Amma izahat verməkdən imtina etdim. Mənə bildirirlər ki, çağırış göndərmişik. Deyirəm ki, almamışam, göndərmisinizsə, bunun sübutunu ortaya qoyun. Adamlar əgər mənim yaşadığım ünvanı bilmirdilərsə, mənə çağırışı necə göndərə bilərdilər? Ünvanımı mən çağırandan sonra vəkilimdən soruşdular. Birinci dəfə həbs-qətimkan tədbiri seçiləndə əsas kimi onu göstərdilər ki, istintaqdan yayınmışam. Məhkəmədə hakimdən soruşuram ki, hanı mənə çağırış göndərilməsi barədə sübut? Yoxdur. Ikinci dəfə həbsin uzadılmasına səbəb kimi, yazıblar ki, cəmiyyət üçün təhlükəliyəm. Kimə terror eləmişəm, kimi öldürtdürmüşəm? 6000-7000 adamı idarə edən, 30-40 təşkilatın sahibi olan, dövlətə vergilər ödəyən adam indi təhlükəli oldu? Bir az məntiqli olmaq yaxşı şeydi. Təəssüf ki, bu gün ölkədəki qərarlar məntiqlə qəbul olunmur. Mənim həbsimdən sonra belə bir xəbər yaydılar ki, guya, Korrupsiyaya Qarşı Mübarizə Idarəsində kimisə təhqir eləmişəm. Məni həbs eləyəndə dedim ki, idarənin rəisi Kamran Əliyevlə görüşmək istəyirəm. Dedilər ki, qəbul eləmir. Vəssalam. Heç bir təhqir olmayıb. Bilirsiz, nə qədər ki, bu ölkədə Zakir Qaralov var, bu ölkənin gələcəyi yoxdur.
Yeri-göyü yaradan Allah var. Siz hökmünüzü çıxarın. Amma Onun da hökm çıxaracağı gün olacaq.
“Söymüşəmsə, telefon danışıqlarını ortaya qoysunlar…”
“Gənclik”dəki ticarət mərkəzinin yerində Gimnastika Mərkəzinin tikiləcəyi barədə dövlət tərəfindən sifariş gəldi. Ticarət Mərkəzi 2 il ərzində köçürülməli idi. Məni çağırdılar, indi ad çəkmirəm, amma bir gün deyəcəm, bildirdilər ki, ticarət mərkəzi üçün təcili yer ayrılır, vəsait də ayrılacaq. Dedim, istəmirəm, o yeri verirəm sizə. Onsuz da həmin vaxt Çində də işləyirdim. Dedilər ki, yox, veririk. Məqam yetişdi, lakin vəsaiti ödəmədilər. Abşeronda şərab zavodumu, Novxanıda quşçuluq fabrikini, 3 nömrəli çörək zavodunu, Babəkdəki un məmulatları sexini, Kiprdə, Iranda zavodlarımı satıb “AMAY”ın yeni binasını tikməyə başladım. Mən o zavodlarımı satanda ətrafımdakılar deyirdilər ki, eləmə. Deyirdim ki, yox, dövlətim mənə sifariş verib, mən də eləməliyəm. 18 aya tikdirdim. Onda da məni şərləmişdilər. Getdim, dedim ki, hər hansı pis işim olubsa, gəlib üzümə desinlər. Sağ olsunlar, onda başa düşdülər…
Bayaq da dedim, guya, mən söyüş söymüşəm. Söyməmişəm. Söysəydim, deyərdim. Söymüşəmsə, telefon danışıqlarımı ortaya qoysunlar. Bütün danışıqlarım dinlənilirdi. Sadəcə, barəmdə belə rəy yaradıblar. Amma bir gün həqiqət məlum olacaq. Mən türmədən çıxana qədər ölməyəcəm, haqqımı alacam. Mən almasam da, 18 uşaq var, düşsünlər küçələrə, haqlarını tələb eləsinlər.
Qayıdım “AMAY”ın tikintisinə. 2007-ci ildə dam örtüyü vurulan ərəfədə çağırıb dedilər ki, Heydər Əliyevin ad günü ərəfəsində açılışı olmalıdır. Dedim ki, mümkün deyil, dam örtüyünü vurmağa pulum yoxdur. Ertəsi gün zəng elədilər ki, Fonda (Sahibkarlığa Milli Kömək Fondu) tapşırılıb, pul veriləcək. Həmin vəsaitin ayrıldığı tarixə baxsanız, görəcəksiz ki, ticarət mərkəzinin açılışı olan ərəfədədir. Götürülən pul da qaytarıldı.
Hörmətli hakim, oranı tikməsəydim, bilirsiniz də necə olacaqdı? Bilirsiz, bilirsiz… Mənə deyilən hökmü çıxarmasanız, bilirsiniz də sizə nə olacaq? Eləməsəydim, mən də eləcə, cəza görəcəkdim. Eləmişəm də, indi başqa cür cəzalandırılıram.
Açılış olanda havalandırma sistemi quraşdırılmamışdı. Açılışdan sonra “Texnikabank”dan kredit götürüb bunu, həm də bəzi kosmetik işləri gördüm. O pul da banka ikiqat faizi ilə birlikdə qaytarılıb.
Burada oturan uşaqların heç bir günahı yoxdur. Mən dövlətə güvənmişəm, onlar da mənə güvənib vəzifələrini yerinə yetiriblər. Burada heç bir cinayətdən söhbət gedə bilməz…"
Abdulla Abdullayev ifadəsini bugünkü məhkəmə prosesində davam etdirəcək.
Aytən Məmmədova