“Bizim şah damarımızda qan əvəzinə çirkab axır, haram axır, rüşvət, korrupsiya, monopoliya, sifarişli hökmlar, binamusluq axır”
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Qurban Məmmədov
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
Gündəlik qazancını düşünən hakim
Telefon yenə səsləndi, havanın soyuğu ona da təsir etmişdi sanki, titrəyirdi. Dərhal saata baxdım. Saat 04-ü keçmişdi. Telefonu açdım. “Harda qaldın, gəlmirsən, narahatam axı”- deyə, xanımım məni gözlədiyini bildirdi. Yatmayıb məni qapıda gözləyəcəyini israr edəndə, mən: “həyatım, gülüm, çiçəyim, sevgili mələyim, sən yat dincəl, məni gözləmə, – dedim – məndə açar var, özüm qapını açaram, sən qəti narahat olma” – əlavə etdim. O isə: “Yox, sən gəlməmiş mən gözümü yummayacam” – dedi və narahat səsilə: “soyuqdur, özünü qoru”,- deyə telefonu söndürməyimi gözlədi.
Həmsöhbətimin mənə zillənən qəribə baxışlarını tutdum.
– Niyə elə baxırsan? – deyə soruşdum.
– Vallah gözlərimə, qulaqlarıma inana bilmirəm. Yəni indiki zəmanədə də belə ailə münasibətləri var? Qadın əri evə gəlməmiş yatmır, nəvələr, uşaqlar narahat olur. Nə bəxtəvərsən, ay vəkil. Göz dəyməsin. Tfu, tfu… tfu… Bir dəfə də olsun üzümə qapı açan olmayıb. Hakim işləyənə qədər bizdə də vəziyyət sizdəki kimi idi əslində. Allah Türklərin evini yıxsın. Onların məktəbləri, mənim evimi, yurdumu, tufağımı dağıtdı.
– Türk məktəbləri? Niyə? Məktəb niyə ev dağıdır?- təəccübümü gizlədə bilmədim.
Sol əli ilə sağ biləyimi tutdu. Sıxdı. Başını yuxarı-aşağı yelləyə-yelləyə, sanki daxilində kiminsə dediklərini təsdiqləyirmiş kimi gözləri yol çəkdi. Sonra asta-asta mənə tərəf döndü.
– Vaxtım daralır. Zaman bitir. Tezliklə vidalaşmalı olacağıq, dedi.
Hiss etdim ki, içini deşən, onu qışın bu soyuğunda oturacağa pərçimləyən, ruhunu qıc edən nələrisə danışmaq istəyir. Ona mane olmamaq, danışmağına şərait yaratmaq üçün əlimi çəkmədim, tərpənmədim, gözümü ona zilləyərək, dinləyici duruşunda gözlədim.
O, asta-asta davam etdi:
– Hakim olanadək ailəmi öz qazancım və valideyinlərimdən qalan varidatla dolandırırdım. Evimdə hüzur, sevgi, hörmət var idi o vaxtlar. Bir oğlum, bir də qızım oldu. Uşaqlar böyüdükcə qayğıları da çoxaldı. Hüquqşünaslıq fakültəsini bizim dövrümüzdə qurtaran tələbə yoldaşlarımla görüşüb, get-gəl etdikcə, ailəmdə asta-asta deyingənlik artdı. Mənim özümün də həyata baxışımda dəyişikliklər baş verdi. Məndən savadsız yoldaşların, tanış və dostların məndən yüz qat firavan, bəlkə də, zəngin desəm daha doğru olar, həyat keçirdiklərini gördüm. Hamısının kənarda saxlaması var idi. Bəzisi ailəsindən kənarda 2-3 qadın saxlayırdı. Öz köməkçisi, katibəsi, iclas katibi ilə yaşayan kim, öz iş yoldaşlarının arvadı və ya qızı ilə gizlində görüşən kim, məzuniyyətə çıxanda da xarici kurort və sanatoriyalara yad qadınlarla keyfə gedən, öz xanımını isə başqa kurortlara göndərən kim… Elə qadın hakimlər var ki, onların iç üzünü tanısan, əxlaqlarına bələd olsan dəhşətə gələrsən. Beləsinə insan taleyi tapşırmaq özü bir cinayətdir. Bu tip həyat mənim yuxuma da girməzdi. Təbii ki hamısı belə deyildi. Aralarında, çox qazansalar da, ciddi həyat tərzi keçirənlər də var idi. Ancaq beləsi çox az olardı. Qumar, içki məclisləri, keyf ziyafətləri əsas məşğuliyyətləri idi. Hamısı da rüşvətin hesabına. Mən təhtəlşüur olaraq başa düşürdüm ki, təhlükəli və alçaldıcı bir yola qədəm qoymaqdayam. Ancaq məndə qəribə hal baş verirdi. Bunu bilə-bilə, özümü daxilən inandırmağa çalışırdım ki, rüşvət almadan, haram yemədən də hakim işləmək, yaxşı yaşamaq olar. Niyə belə düşünürdüm, indi də anlamış deyiləm.
Mən daxilimdə: “Allahı tanımırsan, Qurandan xəbərin yox, namaz qılmırsan, şeytanın əməlindən hardan xəbərin olsun, ay yazıq”- dedim. O isə dayanmadan, asta-asta, özü ilə danışırmış kimi davam edirdi. Əlini qolumdan çəkib oturacağın arxalığına söykəndi, başını səmaya tərəf qaldırıb dərin nəfəs aldı. Havasızlıqdan əziyyət çəkən xəstə kimi ciyər dolusu havanı içinə çəkdi və dərin bir köks ötürərək dedi:
– Biz, bəlkə də, dünyanın yeganə millətiyik ki, aylıq maaşa işləyən məmur, hakim, prokuror, polis, müstəntiq, həkim, müəllim, baxça işçisi, nazir, elə hamı – gündəlik qazancını düşünür. Səhər evindən çıxanda həmin gün nə qədər qazana biləcəyini düşünür və axşam evə qayıdanda da evdəkilərə həmin günün qazancına uyğun sifət göstərir. Dəhşət orasıdır ki, artıq evdəkilər də vərdiş edib, işdən gələn hər bir ailə üzvünü həmin günün qazancına uyğun qarşılayır. Mən bunu anlayan, müşahidə edən gündən düşünürəm: biz niyə beləyik axı? Aylıq maaşa işləyən adam gündəlik necə qazana bilər? Niyə, nə vaxtdan biz belə yaşamağa başlamışıq? Yoldaş vəkil, təsəvvür edirsənmi: hakim evindən səhər-səhər çıxanda, bazarda ticarətlə məşğul olan adam kimi, gündəlik qazanc niyyəti ilə çıxır. Dünyada, inanmıram ki, ikinci belə bir millət olsun.
– Niyə, buna görə narahatsansa, narahat olma, – gülümsəyərək dedim, – rüşvəti, korrupsiyanı, oğurluğu biz kəşf etməmişik ki. Bizim bu işdə də qabiliyyətimiz yoxdur, arxayın ol. Bizdən də pis vəziyyətdə olan millətlər var. Rüşvət alan İtaliyada da, Yaponiyada da var. Şeytan tək bizlərlə uğraşmır ki. Korrupsiya hər yerdə var.
– Sən də lap “möhtərəm” kimi danışırsan, – deyə gülümsədi, barmağı ilə yuxarını göstərdi və dərhal da ətrafına boylandı.
– Dənizə, küləyə, ağaclara və bu dilsiz-ağızsız oturacağa arxayın ola bilərsən, qorxma, – dedim və gülməkdən özümü saxlaya bilmədim.
– Gül, qardaş, gül. Həqiqətən, halımız gülməlidir. Ancaq Şimali Koreyalılara baxanda biz şükürlüyük.
– Onlar da bizim kimi başlamışdılar, əvvəl susdular, sonra tərəfsiz, seyirci qaldılar, ardınca qorxdular və yaltaqlandılar, sonra da təzimlər, əl öpmələr, baş əymələr, göz yaşları, sürəkli alqışlar və bütpərəstlik. Əslində isə, əsl səbəb allahsızlıqdı. Allaha, axirətə inanmamaqdır. İslamı ilk qəbul edən səhabələrin başlarına açılan müsibətlərdən, onlara verilən işgəncələrdən, canlarına, mal-mülklərinə olan hücumlardan, vətənləri Məkkəni məcburən tərk edib ailə-uşaqlarından illərlə ayrı qalmaqlarından, təqib olunmalarından və apardıqları müharibələrdən xəbərin varmı? Səncə, vaxtında bu dirənişi göstərməsəydilər, inanclarında, imanlarında sabitqədəm olmasaydılar, insanlıq düz yolu tapa bilərdimi, tapılan yolda irəliləyə bilərdimi? Ya da, bugünkü kimi, milyard yarım insan bu dinlə, haqq dini ilə bir canda olardımı? Allaha, onun təkliyinə, onun göndərdiklərinə inanmayanların qəlbindəki, şüurundakı boşluqları tiranların, haram və günahların, tamah və qorxunun doldurması olduqca təbiidir. Boşluq mütləq dolmalıdır, ya da dolmaq yalnız boşluqlar mühitində mümkündür. Bu, həyatın, təbiətin və cəmiyyətin dəyişməz qanunudur. Düşmən həmişə sərhəddin zəif yerindən keçər. Allahın olmadığı, daha doğrusu, Allahın tanınmadığı məmləkətlərdə Allahın yerinin boş olduğu qəlblərdəki taxtı diktatorlara olan sevgi və ya qorxu, cinayətkarlar, tamah, hərislik, haram, çirkin və ziyanlı niyyətlər tutar. Təkəbbür, mənəm-mənəmlik o yeri işğal edər.
– Onda bizim işimiz şuluqdur ki. Bizdə Allahın özü yox, quruca adı var. Ya, Allah bizi alaq otu kimi öz bostanından çıxarıb kənara atıb ki, qurudub sonra yandırsan, ya da… – susdu, nəsə düşündü.
– Ya da nə?- deyə soruşdum.
– Ya da Allah heç yerli-dibli olmayıb bu ölkədə. Bizi yaddan çıxarıb. Bizi çıxdaş edib, gözdən salıb. Ya daa – “a”-nı xeyli uzatdı. – “O”nun səbri çoxdiapazonlu və sonsuzdur, yoxsa.. – yenə də susdu.
– Yoxsa nə?- mən cavab gözlədim.
– Sən və təmsil etdiyin tərəf, tənqid etsəz də, bəzi şeyləri bilsəz də, əsl həqiqətləri bilmirsiniz, yuxarılarda nələrin baş verdiyindən, şəxsən məhkəmələrin, hakimlərin necə işlədiklərindən, nə ilə məşğul olduqlarından, dövlətin necə idarə edildiyindən tam xəbərsizsiniz, heç nə bilmirsiniz, – pauza verdi və davam etdi: – Bunun sonu çox pis olacaq, dəhşət olacaq. Sən dediyin Allah həqiqətən varsa, onda bu məmləkətə göydən od yağacaq, daş töküləcək başımıza. Ayaqlarımızın altı od tutub yanacaq.
– Cəhənnəm əzabının bu dünyadamı verilməsini istəyirsən, yoldaş hakim? Sən lap axirəti təsvir edirsən ki. O vaxt onsuz da bütün bunlar olacaq. Belə çox tələsmə. Qurani-Kərimdə bu barədə də Allah buyurub: “Günahların cəzasının hamısını bu dünayada versəydim, yer üzündə adam qalmazdı”.
– Bəs niyə vermir, nəyi gözləyir, qardaş? Sənin bu Allahın istəyir ki, təzə doğulan körpələr də qurumsaq, oğraş, xoşqeyrət, fahişə kimi bu dünyaya hazır gəlsinlər? Anasının bətnindən çıxanda, kiməsə vermək üçün, əllərində rüşvətlə çıxsınlar? — Getdikcə səsinin tonunu qaldırdı, sanki üsyana qalxmışdı, Allaha əli yetmədiyindən, intiqamını məndən almaq istəyirmiş kimi məni ittiham edirdi. Davam etdi: – Nəyi gözləyir? Nələr baş verdiyini görmür? Bəs, deyirlər: “O” hər şeyi görəndir, hər şeyi biləndir? Bir yas yerində molla dedi ki, “O”, hətta, şah damarımızdan da bizə yaxındır. O görmür, bilmir, hiss etmir ki, bizim şah damarımızda qan əvəzinə çirkab axır, haram axır, rüşvət, korrupsiya, monopoliya, sifarişli hökmlar, binamusluq axır? Bilmir? Bilirsə, nəyi və niyə gözləyir? Cavab ver, başa sal da məni, qardaş, məni inandır.- deyə, israrla məndən cavab gözlədi.
– Möhtərəm hakim, əsəbiləşməyin, sakitləşin. Əsəblərinizi, sağlığınızı qoruyun.
– Əşşi, kimə lazımdır bundan sonra mənim sağlığım, əsəbim, kimə? Mən heç kimə lazım deyiləm. Məndən alət kimi istifadə edənlərdən, mənim və mənim kimilərin əli ilə milyardlar yığanlardan başqa, heç kimə lazım deyiləm mən. – Səsi titrədi. Susdu bir anlığa. Birdən-birə, sübh şehi yarpaqlardan süzülən kimi, gözlərindən yaş axmağa başladı. Ancaq yarpaqlar onlara toxunanda şehlərini belə tökərlər, mənsə ona toxunmamışdım. Kimsə, nəsə ona bərk toxunmuşdu deyəsən. Başını iki əlləri ilə qucaqlayıb hönkürməyə başladı.
Mən dərhal qalxıb ondan kənarlaşdım, var-gəl etməyə başladım. Hissləri ilə onu tək buraxmaq, halını mənim gördüyümü bilməsini, üzülməsini istəmədim.
– Getmə, mən qətiyyən bu halımdan utanmıram. Uzaqda durma. Mənə sənin ən böyük yaxşılığın məni başa düşmək istəməyindir. Gəl, xahiş edirəm, gəl otur, – deyə, məni yanına çağırdı. – Mənə cavab ver, sənin Allahın hara baxır axı?
Ardı var