Yaltaqlıq qanımıza elə yeridilib ki, bütün vəzifəli şəxslərin bu dövrdə bildiyi ən kamil elm yaltaqlıqdır
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
Qurban Məmmədov
Saat artıq ikini keçmişdi. Elə bu vaxt cib telefonuma zəng gəldi. Xanımım narahat idi. Niyə gecikdiyimi, harada olduğumu, kiminlə və niyə olduğumu soruşurdu. Səsində bir qədər də təlaş var idi. Yaşadığımız bu 35 illik ailə həyatında başımıza çox işlər gəlmişdi. Narahat olmaqda haqlı idi.
“Gəlirəm bir azdan, parkda bir keçmiş tanışımla rastlaşdım, ona görə belə gec qaldım. Adını sən bilmirsən. Evə gələndə ətraflı danışaram. Məni gözləməyin, yatın siz. Məndən narahat olma” – deyə, həyatımın bu əzabkeş, cəfakeş dostunu sakitləşdirməyə çalışdım. O isə: “Sən nə danışırsan, uşaqlarına bələd deyilsən, axşam yeməyini də yemədilər ki, atamız gəlsin sonra. Nəvələrin hərəsi bir tərəfdə acqarnına uzanıb yuxuya gediblər. Qurban olaram sənə, narahatam, tez gəl”- dedi və mən telefonu söndürənə qədər xətdə qaldı. Həmişə belə edər, mən söndürməyincə telefonun dəstəyini qulağından çəkməz. Vərdiş edib. Deyir: “Birdən nə isə deyərsən, eşitmərəm, günaha bataram”. “Görəsən, dünyanın bütün qadınları ərlərinə qarşı belə qayğıkeş və diqqətlidir, yoxsa, Allah beləsini tək mənə verib?” – düşünərək, həmsöhbətimə döndüm.
O isə:
– Bu sözün məni lap dəli etdi. Qurban olum, qardaşımsan, getməyin. Nə olar, zəng edin bacıya, deyin ki, gec gələcəksiniz. Xahiş edirəm. Mənim sizə ehtiyacım var. Bir insan yardımına – Allah bəndəsinə möhtacam mən. Nə olar, xahiş edirəm, – deyə, ağıllı-başlı yalvarırdı.
Bu yalvarışlarla da gözlərini gözlərimə dirəyib, sol əlini mənim sağ dizimə qoyub cavab gözləyirdi. Gözləri mənə: “Nə durmusan, götür telefonu, zəng elə, getmə evə, qal. Heç olmasa, sən bu gecə ürəyimin dərdlərinə şərik ol, onu çatlamağa qoyma”, – deyirdi.
Baxışları ürəyimi ağrıtdı. İnsan əzabının gözlərə necə təsir etdiyini ilk dəfə görürdüm. Onun iztirabı mənə də sirayət etdi. Evə zəng vurdum. Dedim ki, çox gec gələcəyəm, bəlkə, heç səhərə qədər də gəlmədim, məndən narahat olmasınlar, əmin yerdəyəm. Rahat olsunlar. Birtəhər razı sala bildim.
Telefonu söndürəndə: “Nə xoşbəxt adamsan”,- deyə bu dərdsiz görünən dərdli hakimin çox dərindən ah çəkdiyini hiss etdim. Sanki həyatda istədiyi ən böyük arzusuna çatıb rahatlamışdı.
– Çox sağ olun. Məni bağışlayın ki, sizi də narahat etdim. Mənə görə ailənizi də intizarda qoydunuz,- deyə, özü də bilmədən “siz”ə keçdi.
Bir qədər sonra:
– Sən xoşbəxt adamsan. Səni gözləyən var. Səni sayan var,- dedi.
Elə bil öz-özünə danışırdı. Güclə eşidirdim onu. Bir az da mənə təsir etdi bu sözləri. Sanki mənə həsəd aparır, paxıllığımı çəkirdi. Niyə? Anlamadım. Ailə bir-biri ilə maraqlanmayacaqsa, bir-birindən nigaran qalmayacaqsa, nə ailədir? Bəs necə olmalıdır?
– Sənə həqiqətən ehtiyacım var,- o davam etdi. Əslində, şəxsən sənə yox, bir adama, bir Allah bəndəsinə ehtiyacım var. Görünür, Allah da səni məsləhət görüb. Bu gün mən dərdimi, başıma gələnləri kiməsə danışmasam, bölüşməsəm, inanın ki, ürəyim partlayar, dəli olaram, başıma hava gələr. Kim bilir, bəlkə heç dəli olmağa, havalanmağa da vaxtım, imkanım olmadı.
Son sözləri məni üşəndirdi.
– “Sevinc paylaşanda çoxalır, dərd paylaşanda azalır” deyirlər. Narahat olmayın, mən sizi dinləməyə hazıram, buyurun, eşidirəm sizi, əlimdən nə gəlir, kömək etməyə hazıram sizə,- dedim.
– “Siz” yox, xahiş edirəm. “Sən” deyin ki, danışa bilim. Bir də ki, mənimki köməkdən keçib artıq. Sadəcə eşidilməyə, dinlənilməyə, başa düşülməyə ehtiyacım var, qardaş!
Yenə də gözləri dirəndi. Baxışlarında məna itdi. Sanki göz bəbəklərinin yerində bir boşluq-çala var idi, dibsiz bir quyu…
Sonra asta səslə davam etdi.
– Ziyalı ailəsində böyümüşəm. Atam da, anam da ali savadlı idilər. Sovetlərin vaxtında bölgəmizin sayılan, seçilən ailələrindən olmuşuq. Atam 30-50-ci illərin həqiqi kommunistlərindən idi. Rəhbər işlərdə olmuşdu.
Qeyri-ixtiyari olaraq ürəyimdən keçdi: “Yəqin o dövrün fəal üzəduranlarından olub, neçə-neçə ziyalının güllələnməsində iştirak edib”. Axı o vaxt kommunist olmaq, “ziyalı” olmaq və vəzifədə olmaq elə bu demək idi. Partiyanın siyasətinə xidmət etmək, qulluq etmək. Partiyanın da siyasəti repressiya idi. Qırmızı terror. Bu isə çoxlu yalançı şahidlər, üzəduranlar tələb edirdi. Bəlkə, zənnə qapılıram, Allah günahımdan keçsin.
Mən daxilimdə danışırdım. Yaxşı ki, o məni eşitmirdi. O isə davam edirdi:
– Məktəbdə də, məhəlləmizdə də tay-tuşlarımdan seçilirdim. Yaxşı oxuyurdum. Atam deyirdi ki, mədəni adam rus dilini bilməlidir. O vaxt belə idi. Rus dilini ana dilimdən yaxşı öyrəndim. Böyük arzularla yaşayırdım. Hind kinolarında olan hakimlərə oxşamağa çalışırdım. Bəzən həmyaşıdlarımın arasında olan mübahisələrdə “hakimlik” edirdim.
– Niyə hind kinolarındakı vəkillərə yox, hakimlərə oxşamaq istəyirdiniz?- deyə, soruşdum.
– O vaxt mənə elə gəlirdi ki, məhkəmədə hamı, vəkil də hakimə tabedir. Bir də ki, son qərarı hakim verəndə ona zillənən gözləri görüb, ona edilən alqışları eşidib özümü hakimin yerində hiss edirdim. Fərəhlənirdim. Daxilən qürrələnirdim və mənə elə gəlirdi ki, belə hallarda mən ucalıram, ayağım yerdən üzülür, yuxarı qalxıram, hamı aşağıdan yuxarı mənə baxır. Mən həqiqətən ədalət ilahəsi Femida olmaq istəyirdim. Fe-mi-da, – bir qədər pauza verdi, daxilində nə isə dedi və davam etdi: – o vaxt mən bu Femidanın nə iş gördüyünü, o kürsüyə gedən yolda nələr çəkdiyini, o kürsüyə oturduqdan sonra isə necə ələ salındığını və təhqir edildiyini bilmirdim. Bu arzu ilə universitetin hüquq fakültəsinə sənədlərimi verəndə göyün yeddinci qatında uçurdum. Qəbul olacağıma şübhəm yox idi. Orta məktəbi əla oxumuşdum Atamın: “Rahat get, hər şey danışılıb, sən tələbə olacaqsan” sözlərini əvvəl başa düşməmişdim. Hər şeyi sonra anladım. 70-ci illərdə hüquq, tarix, tibb və şərqşünaslıq fakültəsinə pulsuz, rüşvətsiz, yaxud da adamsız girmək mümkün deyildi.
– Bilirəm, mən də ziyanını az çəkməmişəm, orta məktəbi bitirdikdən 6 il sonra girə bildim hüquq fakültəsinə, – deyə ona dəstək verdim.
– Sən demə, atam əvvəlcədən kimlərisə görübmüş. Bunu bilənədək mən sovet cəmiyyətində rüşvət olduğunu eşitməmişdim. Bunu biləndən sonra isə orta məktəbdə bəzi şagird və müəllimlərin mənə qəribə nəzərlərlə, bəzən ikrahla baxdığının səbəbini dərk etməyə başladım. Ancaq mən böyük ideallarla yaşayırdım. Təmizlik, düzlük, insanlara kömək etmək, ədalətli olmaq. Eh, daha nələr, nələr… Universiteti bitirəndən sonra polisdə, prokurorluqda, MTN-də işlədim. Tələbə vaxtı mənə korluq vermədi. Atamı deyirəm. Nə vaxt nə qədər pul lazım olurdusa, göndərirdi. Bir az içəndə də ürəyi yumşalır, tələbə dostlarıma da pul paylayırdı. Mən heç vaxt düşünməmişdim ki, atam nə qədər əməkhaqqı alır, bu qədər pulu haradan qazanır? Hər belə qonaqlıqdan sonra dostlarım seyrəlir, bəzilərinin isə mənə nifrət etdiyini hiss edirdim. Səbəbini çox sonralar başa düşdüm. O vaxt 50-60 tələbənin içində 5-6 kasıb uşaq olurdu. Sən demə, bu da Moskvaya hesabat vermək üçün imiş, xarici dövlətlərə “nümunə göstərmək” üçün imiş, yəni görürsüz, bizdə ayrı-seçkilik yoxdur, kasıblar da hüquq fakültəsində oxuya bilirlər. O yazıq 5-6 nəfər tələbə isə oxuduqları 5 il müddətində eksponata dönürdülər. Hər komissiyaya onlar təqdim edilir, hər toplantıya, konfransa, olimpiadalara onlar göndərilirdilər. Əslində, bu həm də onlara xeyirli idi. Daim öz üstlərində işləməyə məcbur olur, savadlarını artırırdılar. Mən isə həqiqətən özüm oxuyurdum… Səncə bizdən başqa hansısa millətin dilində belə sözlər varmı: “özüm oxumuşam”, “özün girdin universitetə?”, “dərsə getməməyin xərci nə qədərdir?”, “imtahan neçəyədir?” və s.- deyə, mənə tərəf döndü.
– Yəqin heç bir millətin, – dedim.
– Qəribə xalqıq. Bu əxlaq, xüsusilə, XX əsrin 70-80-ci illərində oturuşdu bu məmləkətdə.
– Niyə, məgər keçən əsrin 40-50-60-cı illərində rüşvət yox idi sovetlərdə? Atandan soruşmamışdın heç?
Soruşmamışdım. Ancaq dəqiq bilirəm ki, 1970-ci ilədək rüşvət və oğurluq indiki səviyyədə olmayıb. Ola bilsin, o vaxt da mənimsəmə, oğurluq, rüşvət və s. hallar olub. Sən də bilirsən ki, belə şeylərə görə həmin dövrdə ağır cəzalar verilirdi. Çox vaxt da ya güllə, ya “Sibirə sürgün”… Ən azı “cinayətə görə cəza” qaçılmaz idi deyə, adamlar, heç olmasa, qorxularından qanunu pozmamağa çalışırdılar. Bu köpəkoğlu Stalin nə qədər diktator, nə qədər qaniçən olsa da, özü təmiz adam olub, kasıbın, yoxsulun tərəfində olub, yoxsulluq və oğurluqla barışmaz mübarizə aparıb. O vaxt adamlar həqiqətən bərabər idilər.
ardı var