Hakimlərin və ailə üzvlərinin oxuması yasaq deyil!
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Qurban Məmmədov
Saxta ittihamlarla tutulan, ötən ilin sonunda azadlığa çıxan tanınmış vəkil Qurban Məmmədov redaksiyamıza yazı göndərib. Saxta hökmlərə imza atan bir hakimlə söhbətini qələmə alıb. Azərbaycanı bürüyən ədalətsizliyin, qanunsuzluğun, geniş yayılmış fahişəliyin köklərini də bu yazıda tapmaq olar. Yazını oxucuların ixtiyarına veririk.
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
“Mən qızımı arxadan bərk-bərk qucaqladım. O tamam lüt idi. Qollarım arasında çırpınır, xilas olmağa çalışırdı. Mən isə onu yatağına tərəf sürüyürdüm. Tək bir alt paltarındaydım…
Arxadan səs eşitdim, dönəndə, qəzəbdən gözləri hədəqəsindən çıxmış arvadımın mənə hücum etdiyini gördüm.
“Bir bu qalmışdı…”, – deyə üstümə atıldı. Mənim bir qızım, bir də oğlum var idi….”
Onunla dəniz kənarındakı parkda tanış olduq. Gecə yarıdan keçmişdi. Dincimi almaq üçün taxta oturacaqlardan birinə yaxınlaşdım. O artıq orada oturmuşdu.
Hiss etdim ki, çox gərgindir. Gözləri yol çəkirdi. Heç mənim yaxınlaşdığımı, onunla yanaşı oturduğumu da, deyəsən, hiss etmədi. Gözləri bir nöqtəyə dirənib durmuşdu.
Sakitcə oturdum. Çalışdım ki, narahat olmasın, xəyallarından diksinib ayılmasın. Qeyri-ixtiyari olaraq, altdan-altdan onu süzdüm. İçində kiminləsə danışırmış kimi arabir başını aşağı-yuxarı yelləyir, sağa-sola tərpədərək kiməsə etiraz edirdi. Üzündən iztirab yağırdı. Daxilən narahat olduğu sifətindən oxunurdu.
Deyəsən, ona baxan olduğunu hiss edib diksinərək ayıldı birdən, xəyallarından qopdu. Dərhal da sifətindəki cizgilər dəyişdi. Dərin bir ah çəkdi, sinə dolusu nəfəs aldı. Əvvəlki vəziyyətindən ayrıldığı üçün sanki sevinirdi.
O, dünyamıza dönmüşdü, xəyallar aləmindən ayrılmışdı. Alnının tərini sildi, sağ əli ilə alnından başlayaraq sifətini yaxşı-yaxşı ovuşdurdu. Dərin bir ah çəkdi. Bu soyuq havada onu tərlədən fikirlər görəsən nə ilə bağlıdır? Ağlıma gələn ilk fikir bu oldu.
Yəqin siz də rast gəlmisiniz: birinə telefon açmaq istəyirsən və ya haqqında düşünürsən, bir də görürsən o sənə zəng etdi, ya da qarşına çıxdı. Yaxud da kiminsə sənə baxdığını hiss edir, dönəndə, həqiqətən də sənə zillənən baxışları görürsən, ya da sən özün “ifşa olunursan”.
Görünür, bizim adi gözlə görə bilmədiyimiz əlaqə vasitələri, təsir imkanları var. İnsan hələ də özünü tam kəşf etməyib, öyrənməyib. Özünü tam öyrənməyən insan nələr kəşf etməyib bu günə kimi? Görün özünü hərtərəfli öyrənsə, nələr edər!..
Kiminsə ona baxdığını hiss etmişdi. Bulvarda ikimiz qalmışdıq. İnsanlar qumsal torpağa səpilən su kimi çəkilib getmişdilər.
Az öncə sifətində gördüyüm iztirab, əzab nigarançılıq əlamətləri mənə də sirayət etmişdi. Narahat oldum.
Getmək, ondan, qəm adasına çevrilmiş bu oturacaqdan bir anlığa uzaqlaşmaq üçün ayağa qalxdım.
Gözlərini qaldırıb mənə baxdı: “Getməyin, xahiş edirəm, qardaş, məni burada tək qoymayın, xahiş edirəm, vəkil bəy,”– dedi.
Sanki mənə yalvarırdı. İstəyini yerinə yetirməsəm, ağlaya bilərdi; mənə belə gəldi.
– Siz məni tanımırsız, ancaq mən sizi yaxşı tanıyıram. Xahiş edirəm, getməyin, tələsməyin, oturun bir az. Mən hakiməm. Ancaq nədənsə indiyədək mənim proseslərimdə vəkillik etməmisiniz. Üz-üzə gəlməmişik. Allah yəqin məsləhət bilib ki, burada görüşək, o xarabada yox….
– Allahın bura nə dəxli var, hakim qardaş. Bir də ki, biz niyə üz-üzə gəlməliyik, yan-yana yox? Vəkilin üz-üzə gəlməli olduğu tərəf var, hörmətli hakim.
– Var, var. Allahın bura çox dəxli var. Görünür, Allahın yazığı gəlib mənə. Ona görə sizinlə məni məhkəmə zalında yox, parkda, dəniz qırağında görüşdürüb.
– Heç nə anlamadım, möhtərəm hakim. Bağışlayın, adınızı da bilmirəm. Bir də, çox qəribədir: hakimlər Allaha inanır məgər?
– Sizi başa düşdüm. Yaxşı başa düşdüm. Tam haqlısınız. Bizim üçün Allah olmayıb. Mən onu bu gün tapdım,- deyə başını aşağı-yuxarı yelləməyə başladı. Susdu. Bir anlığa gözləri yenə də yol çəkdi. Baxışları bir nöqtəyə dirəndi. Birdən cəld başını qaldırıb: – Adımı da bilməsəz yaxşıdır, elə “hakim” deyin. Biz onsuz da hamımız klonlaşdırılmış adamlarıq, hakimləri deyirəm. Bir-birimizdən heç fərqimiz yoxdur. Ona görə ada ehtiyac yoxdur. Quşlar kimi, canavar, leş eşəndi, nədi, “kaftar” deyirlər, onlar kimi. Milyonlarla quş var. Hamısına quş deyilir. Canavar, kaftar da elə. İnsanlara adqoyma prosesi səhvdir. Məncə, ad Dədə Qorquddakı kimi qoyulmalıdır: doğulan kimi yox, əməlinə görə.
Maraqlı adam idi, diqqətlə qulaq asdığımı görüb dedi:
– Sizə və mövqeyinizə yaxşı bələdəm. Siz, onsuz da, biz hakimlərə eyni bir prizmadan baxırsınız, hamımızı da elə “hakim” kimi tanıyırsınız, leş eşənlərin hamısını “kaftar” adlandırdığınız kimi.
– Allah eləməsin, siz nə danışırsınız? Nə kaftar, nə canavar, nə quş, siz özünüz haqda niyə belə düşünürsünüz?
– Tək siz vəkillər yox, elə hamı, məhkəməyə işi düşən hər bir adam bizi öz adımızla yox, “möhtərəm hakim” kimi tanıyır. Yaxın qohumlar, dostlar da elə. “Möhtərəm” haaa…, ələ salmaq üçün elə bil tapıblar bu sözü: “Möh-təə-rəəm.” – uzada-uzada, heca-heca dedi.
Məni maraq bürümüşdü. İçi dolu idi bu adamın. Qara bulud kimi dolmuşdu deyəsən, boşalmağa fürsət axtarırdı.
– Onu da bilirəm ki, bizə nifrət edirsiz. Hörmətiniz yoxdur hakimlərə,- deyə gözlərini gözlərimə zillədi.
– Allah eləməsin, siz nə danışırsınız? Tanımadığım adama niyə nifrət etməliyəm ki? Sevməyə, hörmət etməyə əsas olduğu kimi, nifrət etməyə də əsas olmalıdır. Siz məni, deyəsən, yaxşı tanımırsınız,- dedim.
Gözlərini məndən çəkdi. Dirsəyini dizinə dayadı. Yumaq kimi bükülmək istəyirdi sanki. Çiyinlərini qısdı və dedi:
– Gecənin bu vaxtında, dəniz və ulduzlar şahiddir ki, səmimi danışmırsınız. Dedim axı, siz bizi, hamımızı “hakim” kimi tanıyırsınız. Şəxsən tanımamağınızın fərqi yoxdur. Nə fərqi var ki? Canavarın yırtıcı olmasını bilmək üçün məgər bütün canavarların səni parçalaması lazımdır? – deyə yarıbükülmüş vəziyyətdə, başını mənə döndərib altdan yuxarı baxdı.
– Canavar məsələsində haqlısınız. Heç mənim özümü parçalamağına ehtiyac da yoxdur. Aqillər demişkən, başqalarının başına gələnlərdən nəticə çıxartmaq da kifayətdir. Ancaq, məncə, misal yerinə düşmür,- dedim.
– Düşür, düşür, elə düşür. Lap yerinə düşür. İndi bildinizmi mən hakim işləyirəm? Bildiniz. Yəni o canavarlardan, o kaftarlardan və ya yırtıcı quşlardan olduğumu bildiniz. Deməli, bu andan etibarən mənə də nifrət edirsiniz. Nəinki sevmək, hörmət etmək… – Yenə də başını dizləri arasına salladı. Sonra da astadan: – İmkan düşsə əlinizə, hələ pislik də edərsiniz, it kimi gəbərdərsiniz bizi, – deyə əlavə etdi.
– Siz nə danışırsınız? Hakimlərin arasında mənim yaxın dostlarım, tələbə yoldaşlarım, keçmiş vəkil həmkarlarım, hələ qohumlarım da var. Niyə onlara, belə deyək də, ən azı özümünkülərə nifrət etməliyəm?
ardı var