Dekabrın 24-ü “Azadlıq” qəzetinin təsis günüdür. Qəzet bu il 25 yaşını qeyd edir. İlk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görən “Azadlıq” sonralar Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildi. “Azadlıq” qəzetinin üzərinə hazırda da böyük məsuliyyət düşür. Ölkədə insan haqlarının pozulmasına, demokratik dəyərlərin tapdanmasına qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması hazırkı hədəflər sırasındadır. Bu əlamətdar gündə ölkənin tanınmış ictimai-siyasi xadimləri “Azadlıq”ın keçdiyi yola nəzər salaraq, qəzetimizin bu günə qədər olan fəaliyyətini dəyərləndirir, ünvanımıza isti və xoş sözlərlə təbriklərini çatdırırlar. Təbriki bizə çatan və çatmayan, ürək sözlərini dərc etdiyimiz və edə bilmədiyimiz bütün “Azadlıq”sevərlərə, bu qəzeti unutmayan, ona dəyər verən hər kəsə dərindən təşəkkürlərimizi bildiririk. Bir qəzet olaraq xalqımızın sevgisini üzərimizdə hiss etmək qürur verir. Bu sevginin yaratdığı məsuliyyəti anlayırıq və bu sevgidən aldığımız tükənməz enerji ilə yolumuza davam edirik. Tanrı bizi xalqımızın etimadını itirməkdən qorusun!
Bu əlamətdar günümüz münasibətilə ünvanımıza göndərilən təbrikləri diqqətinizə çatdırırıq.
“…bir qəzet var Azərbaycanda!”
Nurəddin İsmayıl:
25 illik mücadilə yolunu qət edən və bu mücadilə yolunda hər cür məşəqqətlərə sinə gərən, anti-demokratların, anti-milli ünsürlərin, milli sərvəti talayanların, mülkiyyət qəsdçilərinin, zorakı hakimiyyətin, korrupsionerlərin, rüşvətxorların, regionçuluq xəstəliyinə tutulanların, xalqın rahatlığını pozanların yuxusunu ərşə çəkdirən bir qəzet var Azərbaycanda.
Üzvləri repressiya və həbslərə məruz qalan, qərargahı əlindən alınan, amma dözən, ayaqda durmağı bacaran, Azərbaycanı özünə haqsızlığa qarşı qərargah edib, qələm çalan, hər araşdırması süngü ilə qarşılanan, siyasi partiyaların, müxalif düşüncənin rejimin amansız təqiblərinə tuş gəldiyi, siyasi meydandan sıxışdırıldığı zamanlarda müxaliif missiyaçılığı üzərinə götürən, cəsarətli, obyektiv yazıları ilə toplumu haqq işi uğrunda mübarizəyə səsləyən bir qəzet var Azərbaycanda.
Milli azadlığın, demokratiya və insan haqlarının, azad sözün, özgür düşüncənin carçısı olan, səhifələrində milli mənəvi dəyərlərimizi, istiqlal tariximizi, sosial həyatımızı, iqtisadi problemlərimizi, siyasi prosesləri, gündəlik qayğılarımızı güzgü kimi əks etdirən, kəskin qütbləşməni, üzücü daxili siyasəti, yanlış xarici siyasəti, cəmiiyəti içdən dağıdan monopolizmi, korrupsiya və rüşvətxorluq faktlarını qamçılayan bir qəzet var Azərbaycanda.
25 il öncə sovet imperializminə, onun yerli komminist dayaqlarına savaş açan, Azərbaycanın haqq səsini dünyaya çatdıran, zülmə, istibdada qarşı mübarizənin önündə gedən, Rusiyanın maraqlarının qoruyucusu olan rejim daxilində Rusiya siyasətinin hiyləgər və məkrli mahiyyətini ortaya qoyan, millətimizin gələcək inkişafının, tərəqqisinin yalnız müstəqillik və demokratiya əldə etməsində olduğunu cəmiyyətə aşılayan işıqlı bir qəzet doğuldu Azərbaycanda.
Gərgin əməyin, yuxusuz gecələrin, can itkilərinin, həbslərin, işgəncələrin, repressiyaların, qarayaxmaların, siyasi, iqtisadi basqıların yaxasından qurtulub öz çoxsaylı oxucularını aydın sabahlara səsləyən, yaradıcılıq gücünü xalqdan alan, xalqla bir olan, xalqın dərdini anladan azadlıq töhfəsi “Azadlıq” qəzeti var Azərbaycanda.
Əziz jurnalist həmkarlarım, qəzetinizin 25 illik yubleyi münasibəti ilə sizi təbrik edir, sizə davam edən mübarizə yolunda yeni yaradıcılıq uğurları arzulayıram.
“Azadlıq” hər zaman prinsipiallığı ilə seçilib”
Vicdan məhbusu Bəşir Süleymanlı:
– “Azadlıq”ın Azərbaycanın müstəqil mətbuat tarixində xüsusi yeri var və qəzet daim haqqın, ədalətin yanında olub. “Azadlıq” Azərbaycanda demokratik, azad və ədalətli cəmiyyətin qurulması üçün hər zaman öz prinsipiallığı ilə seçilib. “Azadlıq” siyasi və vicdan məhbuslara böyük dəstək verir. Buna görə qəzetin rəhbərliyinə və kollektivinə təşəkkürlərimi bildirirəm və onlara işlərində uğurlar arzulayıram.
Siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublu “Azadlıq” qəzetinə 25 yaşı münasibətilə məhbəsdən təbrik göndərib. O, qızı Nigar Yaqublu vasitəsilə qəzetimizə uğurlar arzuladığını bildirib və siyasi məhbuslara dəstək verdiyinə, ardıcıl fəaliyyətinə görə qəzetə təşəkkürünü çatdırıb.
“Doğmalarımız qədər doğma olan “Azadlıq”
Masallı Ziyalılar İctimayinin sədri Məmmədağa Eynullayev:
– Bizlərə doğmalarımız qədər doğma olan “Azadlıq” qəzetinin kollektivi, sizləri 25 illik yubleyiniz münasibətilə Masallı Ziyalıları, tərəfdarları və ailəılərimiz adından səmimi qəlbdən təbrik edir, Azərbaycanın işıqlı gələcəyi naminə, demokratik, qüdrətli, qanunların aliliyi qorunan, sağlam cəmiyyəti olan bir dövlətin bərqərar olması üçün apardığınız bu çətin, ağır, məşəqqətli şəraitdə fədakarcasına mübarizədə Sizlərə Uğurlar, Uğurlar yenə də Uğurlar arzulayırıq!
Sizlərin yüksək mətinliyi, cəsarəti, mübarizliyi, böyük fədakarlığı bizlərdə elə bir inam yaradıb ki, Azərbaycanın uzun müddət üzərini bürümüş qara buludlar tezliklə dağılacaq, xalqımız gözəl, xoşbəxt günlərə qovuşacaq.
Sizlər Masallı Ziyalılarının haqq, ədalət uğrunda zülmün, talançılığın aradan qaldırılması üçün apardığı mübarizədə bizlərə bəzi doğmalarımızdan daha çox doğmalıq göstərərək haqq səsimizi ölkə, dünya ictimayyətinə, ölkə rəhbərliyinə çatdırılmasında əvəzsiz dəstək olmusunuz. Hər şeyə görə sizlərə təşəkkürlər!
Allah sizlərə kömək olsun! Allah hamımıza yar olsun! Eşq olsun sizlərə!
“Azadlıq”ı mütəqilliyimizin rəmzi hesab edirəm”
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:
– “Azadlıq” qəzeti hər bir azərbaycanlının həyatında rol oynamış mətbu orqandır. “Azadlıq” qəzetini simvolik olaraq mütəqilliyimizin rəmzi hesab edirəm. Arzu edirəm ki, bu qəzet indiki ağır şərtlər qarşısında daha möhkəm iradə nümayiş etdirərək, bütün çətinliklərə sinə gərsin. “Azadlıq” qəzeti zaman-zaman hər bir siyası və ya qeyri-siyasi insanın həyatında rol oynayıb. Azad sözün carçısı olan “Azadlıq” qəzetinin daima təzyiq altında fəaliyyət göstərməsi prinsiplərimizə uyğun deyil. Müstəqilliyimizin yaşı qədər ömrü olan bu qəzeti 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, qəzet üzləşdiyi maddı-mənəvi problemlərdən tezliklə çıxış yolu taparaq, fəaliyyətini daha da möhkəmləndirəcək. Bir daha təbrik edirəm. Müvəffəqiyyətlər arzu edirəm.
“Azadlıq” tarix yazıb”
Vəkil Əlayif Həsənov:
= “Azadlıq” qəzeti öz prinsiplərinə sadiq qalan, qəzetçilik ənənələrini yaşadan və heç bir bəhanəyə imkan vermədən fəaliyyətini davam etdirən fenomendir. “Azadlıq” qəzeti 25 yaşına sadəcə qəzet olaraq deyil, tarix yaza-yaza qədəm qoyub. Bu mənada “Azadlıq”ı Azərbaycanın milli sərvəti də adlandırmaq olar. Mən də təbriklərə qoşuluram və bu gənc qəzetə şərəflə qocalmağı arzulayıram. 25 yaşınız mübarək olsun.
“Azadlıq” qəzeti azadlıq qalasına çevrilib”
Vəkil Əyyub Kərimov:
– “Azadlıq” qəzetinin bütün yaradıcı kollektivini səmimi qəlbdən təbrik edir, can sağlığı arzu edirəm. Şərəfli, mübariz dolu fəaliyyətində böyük nailiyyətlər arzu edirəm. Ötən illər ərzində ”Azadlıq” qəzeti azadlıq qalasına çevrilərək bütün qəlblərdə özünə yer tapmağa nail oldu. Təbriklər! Uğurlar!
“Azadlıq” xalqın sevgisini qazanıb”
Vəkil Bəhruz Bayramov:
“Azadlıq” qəzetini yarandığı 1989-cu ildən, 14-15 yaşından sevərək oxuyuram. “Azadlıq” qəzeti Azərbaycanın müstəqillik rəmzi hesab etdiyim mətbu orqandır. Uzun, məşəqqətli tarixə malik olan “Azadlıq” qəzeti daima öz obyektiv, qərəzsiz mövqeyini qoruyub saxlamaqla xalqın sevgisini qazanmağa müvəffəq olub. Təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram
“Azadlıq”la mənəvi təskinlik tapmışıq”
Tanınmış vəkil Yavər Hüseyn:
– “Azadlıq” qəzetinin oxucularından biri olaraq, öncə bu qəzetə mənəvi bağlılığımı bildirmək istəyirəm. Hərəkat dövründən bəri obyektiv xəbər ünvanı kimi bu qəzeti seçmişəm. “Azadlıq” qəzeti yarandığı ilk gündən onun vasitəsilə müəyyən mənəvi təskinlik tapmışıq. Zaman-zaman bu qəzet vasitəsilə fikrimizi içtimaiyyətə çatdırmağa nail olmuşuq. Qəzetin ilk saylarında mənim də yazılarım dərc olunub. Haqq carçısı olan bir orqan kimi bu qəzet daima təqiblərə, təzyiqlərə məruz qalıb. Çox şükürlər olsun ki, qəzet yüksək rəşadət göstərərək, öz işini davam etdirir. Qəzetin qəzetin əməkdaşları cəmiyyətdə hörmət-izzətə layiq şəxslərdir. “Azadlıq” qəzetini sevən, ona rəğbət bəsləyən bir oxucu kimi qəzetin bütün kollektivini ürəkdən təbrik edirəm. Onlara daha böyük uğurlar arzu edirəm.
“Azadlıq əzmimizin simvolu – “Azadlıq”
Professor Kamil Vəli Nərimanoğlu:
– İyirmi beş il əvvəl yaradılan “Azadlıq” qəzeti Azərbaycan xalqının Azadlıq əzminin və mübarizə eşqinin simvoludur. Milli Azadlıq Hərəkatının öncüllərindən biri, qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfovun adı Azərbaycanın mətbuat tarixinə qızıl hərflərlə yazılıb.
İstər Milli Azadlıq Hərəkatının mübarizəsi illərində, istər bir illik milli hakimiyyət dövründə, istərsə də 22 illik irticanın repressiyaları altında “Azadlıq” həmişə öz prinsiplərinə sadiq qalıb, simasını itirməyib. “Azadlıq” indiyədək xeyli sınaqlardan keçib, hamısından da üzüağ və şərəflə çıxıb. Məruz qaldığı təzyiqlər, əməkdaşların həbsi, misli görünməmiş şantajlar “Azadlıq”ı öz yolundan döndərə bilməyib. Bu gün “Azadlıq” alçaldılmış və təhqir edilmiş xalqın təmizlik, dönməzlik simvoluna çevrilib.
“Azadlıq”ın əməşdaşlarını, eləcə də bütün “Azadlıq”sevərləri bu böyük tarixi gün münasibətilə ürəkdən təbrik edirəm. “Azadlıq”ın 25 illik tarixində şərəfi, ləyaqəti, insanlıq mübarizəsinı, hüququ və haqqı müdafiə edən, bunun uğrunda qəhrəmancasına döyüşən qələm sahiblərini bağrıma basıb, onlara can sağlığı və daha böyük mübarizə əzmi diləyirəm. Allah sizləri qorusun!
“Həmişə əzilənin yanında olan qəzet”
Həbsdə olan siyasi məhbus, jurnalist Pərviz Həşimli:
– Bu qəzet həmişə əzilənin yanında olub. Haqqı tapdalanan insanların ümid yeri olan bu qəzetin 25 yaşı münasibəti qəzetin kollektivini təbrik edirəm.
“Azadlıq” – həqiqət carçısı”
Milli Şuranın üzvü Ədalət Yusifov:
– “Azadlıq” qəzeti adı ilə artıq Azərbaycan içtimaiyyətinə öz mahiyyətini bildirmiş olur. Bu qəzet azad sözün qorunması uğrunda apardığı fədakar mübarizəsilə bir nömrəli mediya orqanına çevrilməyə nail olub. Doğru söz, doğru fikir, həqiqət carçısı hesab etdiyim “Azadlıq” qəzetinə yeni-yeni uğurlar arzu edirem. Təbriklər!.
“Azadlıq” dövlətimizin qurulmasına çalışanların ilk silahı”
“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri, tanınmış jurnalist həmkarımız Elxan Şükürlü:
“Hörmətli “Azadlıq”! Müasir dünya tarixinin araşdırıcıları tərəddüdsüz olaraq qeyd edirlər ki, SSRİ-nin çöküşü və müstəqil dövlətlərin yaranması ilə nəticələnən Yeni Dünya Düzəninin formalaşması prosesində Vətənimiz Azərbaycanda baş verən olayların mühüm rolu olub. Bu olaylar milli-azadlıq hərəkatı formasında ortaya çıxıb müharibə, ərazi itkisi, yurd didərginliyi, uzunmüddətli iqtisadi-siyasi xaosla davam etsə də, nəhayət ki, indi hamımızın öyünə biləcəyimiz və fəxrlə istinad edəcəyimiz, bizə itirdiklərimizi qaytarmaq şansı və gücü verəcək, həm də hamımızı birləşdirəcək tək bir dayaq nöqtəmiz var – Müstəqil Azərbaycan Dövləti!
Şübhəsiz ki, bir media vasitəsi və ideoloji təsisat olaraq, bu müstəqilliyin qazanılmasında və qorunmasında ən çox zəhməti olan qəzetlərdən biri də artıq 25 yaşını qeyd etdiyiniz “Azadlıq”dır.
Hər şeydən əvvəl, bu bir həqiqətdir ki, “Azadlıq” qəzeti o təlatümlü günlərin bətnindən doğularaq, imperiya zülmətindən azadlığa çıxmaq istəyənlərin ümid qığılcımı, yollarını aydınlaşdıran məşəl olub: ölkəsini azad və müstəqil görmək istəyənlər, ilk növbədə, bu qəzetdə sözlərini deyib, fikir və düşüncələrini paylaşıb, xalqla təmas imkanı əldə ediblər. Obrazlı desək, “Azadlıq”, azad və müstəqil dövlətimizin qurulmasına çalışanların ilk silahı sayılıb, sonradansa gələcək nəsillər üçün bu savaşın iştirakçılarını xatırladacaq ilk və ən yaxşı yazılı mənbə olub…
Digər tərəfdən, bu da faktdır ki, “Azadlıq” müasir mətbuat tariximizdə öz dəst-xətti olan və böyük jurnalist kontingentini cəmiyyətə təqdim etməklə “yeni nəsl jurnalist yetişdirən məktəb” adını qazanmış qəzetlərdən biri olaraq qəbul edilir. Təsadüfi deyil ki, bu gün ölkə mediasında bir çox populyar qələm sahibi özünü məhz “Azadlıq”ın yetirməsi sayır…
Hörmətli “Azadlıq” kollektivi! Bu da gerçəklikdir ki, müasir dünyamızda informasiya hər şeydən qiymətli ünsürə çevrilməklə, onun əldə edilməsi və istifadəçiyə çatdırılması sahəsində böyük bir rəqabətin təməlini qoyub. İndi bu rəqabətə davam gətirmək üçün təkcə şərəfli keçmiş və təcrübə yetərli deyil, həm də informasiyanı təqdim edəndən maksimum operativlik və obyektivlik, qarşı duran tərəflər arasında ədalətli və balanslı münasibətin qorunub saxlanması kimi keyfiyyətlər tələb olunur. Sevindirici haldır ki, son vaxtlar “Azadlıq” qəzeti get-gedə bu sahədə də əhəmiyyətli mövqelər əldə etməkdədir.
Ümid edirəm ki, “Azadlıq” kimi şərəfli keçmişə və böyük media təcrübəsinə malik informasiya vasitəsi qarşıdakı illərdə də öncül mövqeyini qorub saxlayacaq və Azərbaycanda müstəqil medianın inkişafına yeni-yeni töhfələr verəcək! Bir daha sizləri təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram!.
“Azadlıq” üçün çatılmayası hədəf yoxdur”
Hərbi təhlilçi Cəsur Sümərinli:
– “Azadlıq” qəzetini 25 yaşı olması münasibətilə ürəkdən təbrik edirəm. Bu qəzet Azərbaycanda müstəqil ictimai düşüncənin, şüurun formalaşmasında çox mühüm rol oynayıb və oynamaqdadır. Bu qəzet Azərbaycanın müstəqilliyinin qeyri rəsmi atrubutuna çevrilib. Vaxtilə bu qəzetlə əməkdaşlıq etmişəm və eyni zamanda hərbi sahədə araşdırmaçı olaraq onu deyə bilərəm ki, “Azadlıq” qəzeti mənim Azərbaycan Silahlı Qüvvələri ilə bağlı araşdırmalarımda əsas etibarlı mənbələrdən biri olub. Bu qəzetin Dağlıq Qarabağ münaqişəsi dövründə çap olunan bir çox nüsxələri şəxsi arxivimdədir. Aktiv hərbi əməliyyatların gedişi, Azərbaycanda Silahlı Qüvvələr quruculuğunun ilkin illəri barədə bilgilərimin formalaşmasında bu qəzetin rolu çoxdur. Müşahidələrimə görə, “Azadlıq” qəzetinin bu günkü missiyası Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması ilə yanaşı ölkədə demokratiya qurulması hədəfi ilə sıx bağlıdır. Bu iş çox ağrılıdır, təzyiqlər, təhdidlər, zorakılıqlar, həbslər və s. ilə müşayiət olunur. Amma “Azadlıq” üçün çatılmayası hədəf yoxdur. Ən azı ona görə, ki, bu qəzetin kollektivi sağlamdır, onları birləşdirən dəyərlər əsl Azərbaycansevərləri birşləşdirir. Eşq olsun! Var olun!.
“Azadlıq” zülməti yaran işıqdır”
Tibb elmləri doktoru, professor Fərman Ceyranlı:
– “Azadlıq” qəzetinin fəaliyyətini zülməti, qaranlığı yaran işığa bənzətmək olar. Həmişə haqqın yanında durub. Vətəndaşların fikirləini, sözlərini, hakimiyyət nümayəndələrinə, Azərbaycan ictimayyətinə, beynəlxalq ictimayyətə çatdırmaqda əvəzsiz rol oynayır. Qapıları hər bir kəsin üzünə açıqdır. Şəxsən mənim özümlə bağlı yaşanan sıxıntılar zamanı ilk əks-sədə verən mətbuat vasitəsi olub, sözümü onun vasitəsilə müvafiq instansiyalara çatdırmaqla dəfələrlə çox böyük problemlərimi həll etmişəm. “Azadlıq” qəzeti əsl və yaman günün dostudur! Qəzetin banilərindən tutmuş, bu gün qəzetin fəaliyyətində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm və bu böyük və şərəfli, eyni zamanda çətin işlərində əzm, səbr və gələcəyə inam arzu edirəm. Daim uğurlarınızın sədası gəlsin. Təbrik edirəm!.
“Azadlıq” azad insanların məhsuludur
“Atəşkəs qurbanları” ictimai birliyi adından şəhid atası Əli Kərimbəyli:
– “25 yaş münasibətilə “Azadlıq”ın bütün şəxsi heyətini ürəkdən təbrik edirəm. Bu qəzetin həm kollektivinə, həm də oxucularına can sağlığı arzulayıram. Əminəm ki, “Azadlıq” qəzeti bu prinsipial mübarizəsini davam etdirəcək, siyasi məhbusların azad olunması, ölkənin həqiqi azadlığa qovuşması yolunda son nəfəsinə qədər döyüşəcək. “Azadlıq” azad insanların məhsuludur. “Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də varmasaq da, o yol bizim yolumuzdur”. Bu yol azadlıq yoludur və “Azadlıq” bu yolda irəliləyir. Allah azadlıq yolunu gedən insanlara yar olsun. Tanrı sizləri qorusun”.
“Sizlərin sayəsində azad sözün təntənəsinə çox ümidliyəm”
Hüquq müdafiəçisi Əlövsət Əliyev:
– Əməkdaşları ətrafda baş verənlərə münasibətdə bəzən mənə Kefli İskəndəri xatırladan, Mirzə Fətəli Axundzadənin təxminən 160 il bundan əvvəl qələmə aldığı tərzdə yanaşsaq, ya var dövlət hərisliyindən, ya da qorxudan hər cür alçaqlığa razı olan cahillərin yalançı kimyagərin «möcüzəsi”nin “işığına” yığışdıgı bir zamanda – meydanda daha cox Molla İbrahimxəlillərin oldugu bir vaxtda “Azadlıq” qəzeti 25 yaşını qeyd edir. Azad sözün hər gün azaldığı, ədalətli sözə “ehtiyacın olmadığı”, haqq sözü deyən dillərin və haqq yazan əllərin “kəsildiyi” bir zamanda, Azadlıqla mübarizə meydanında olmaq, bu sözə sadiq olmaq və tərəfsiz olaraq Azadlıq ugrunda sonadək mübarizə aparmaq qədər zəruri bir ishə məşguldur “Azadlıq”çılar.
Söz onu qiymətləndirən və ona sahib olan, dediyi sözü isə özünə sahib hesab edənlər tərəfindən idarə olunanda ona daha cox güvənir və etibar edirsən. Bu baxımdan “Azadlıq”ın tanıdığım əməkdaşlarının, o cümlədən Qənimət bəyin , Rahim Haciyevin, Aytən Məmmədovanın, Səadət xanımın, Natiq Ədilovun, İlham bəyin, Xəyal bəyin və bütün əməkdaşların fədakarlığına çox sevinirəm. Sizlərin sayəsində azad sözün təntənəsinə çox ümidliyəm. 25 yaşınız mübarək! Hər birinizə azad ölkənin “Azadlıq”çısı olmagı arzu edirəm.
”Azadlıq” Azərbaycan tarixinin əvəzssiz səlnaməsidir
AMİP üzvü Əli Orucov:
– “Azadlıq” qəzetinin 25 illik yubleyini təbrik edirəm və bütün kollektivə, əməyi keçən hər kəsə bundan sonra da Azadlıq və Ali dəyərlər uğrunda aprdıqları müqəddəs mübarizədə uğurlar arzulayıram. “Azadliq” çağdaş Azərbaycan tarixinin silinməz və əvəzssiz səlnaməsidir. Bu gün də Vətən və Millət borcu hesab edərək çətinliklərə, basqılara dözərək səlnaməni yaradanlar hər cür tərifə və alqışlara layiqdirlər.Ümid edirəm ki, “Azadlıq” yaxın zaman kəsiyində Bütöv, Demokratik və İnkişaf etmiş Azərbaycanımızın tribunasına çevriləcək.
Azərbaycanın görkəmli şairlərindən biri, AzTV-nin keçmiş sədri Məmməd İsmayıl:
– “Azadlıq” qəzeti yarandığı gündən bəri adındakı ölümsüz, əbədiyaşar mənaya əvvəldən sona qədər sadiq qalan tək qəzətdir. Onun bu tənhalığı bozbulanlıq dalğalara boyun əyməyən dağ-qaya tənhalığıdır. Yaxşı deyiblər ki, harada azadlıq var, orada həyat, harada məhkumiyyət var, orada əzab, işgəncə, əzilmişlik var. Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur. Azadlıq sözündən azadlığa keçidin başa varmasında “Azaldıq”ın yeri doldurulmazdır. “Qürbət sürgünləri, məhbəs qandalları, çeşidli əzablar, ölüm hökmləri, cəza evlərində çürüdülmələr…”. Amma yox, min cür əzab və məhrumiyyətlərə baxmayaraq, dimdik ayaqda qalan “Azadlıq” kimi bir qəzətin və onun zaman və məkanın şirnikdirici, aldadıcı gəl-gəlinə dirsək göstərən, nəfslərini ayaqları altında siqaret kötüyü kimi əzməyi bacaran əməkdaşlarının və özgür düşüncəli insanların mövcud olduğu bir məkanda azadlıq mütləq öz yerini tapacaq. Yolu hər zaman hamıdan çox gözlənilsə də, azadlıq mərd, cəsur və yaxşı adamların məhrumiyyəti bahasına da olsa, günün birində, hər kəsdən sonra gəlir… Amma gəlir! İnsanların könül dünyasında təbəddülatlar oyadan, özgürlüyümüzün gəlişində önəmli yerə sahib olan “Azadlıq”ımızın 25 illik yubileyini canı-könüldən təbrik edir, başrılarının davamını diləyirəm.
«Cümhuriyyət yaradanların estafetini «Azadlıq» davam etdirdi»
Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov:
– 1920-ci ilin aprelin 28-də Üzeyir Hacıbəyovun redaktor olduğu Xalq Cümhuriyyətinin mətbuat orqanı «Azərbaycan» qəzetinin son nömrəsi çıxdı. Cümhuriyyət yaradanların, müsavatçıların estafetini 1989-cu il dekabrın 24-də «Azadlıq» qəzeti davam etdirdi. 1918-ci ildə yaranan cumhuriyyəti də cavanlar idarə edirdi, «Azadlıq» qəzetini də gənclər ərsəyə gətirdi. «Azadlıq» qəzeti istiqlalımızın ilk müjdəçisi idi. Mən «Azadlıq»ın ilk nömrəsini bu gün də saxlayıram. Çünki 1918-ci ildəki «Azərbaycan» qəzetindən sonra ilk istiqlal müjdəçimiz «Azadlıq»dır. Ona görə mən «Azadlıq»ın 25 yaşını təbrik edirəm. O vaxtı Nəcəf Nəcəfov, Xaliq Bahadır qəzetə toplaşmışdılar. Qəzetin çapa getməsində rolu olanlardan Ağamalı Sadiq mənim tələbəm olub. Onlar «Azadlıq»a sədaqətli qələm ordusunun ilk qvardiyaçıları idi. Dünyasını dəyişənlərə rəhmət diləyirəm. Rəsulzadə yazırdı ki, aazdlıq olmayan yerdə millətin daim yaşaması mümkün deyil.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
1918-ci ildə «Açıq söz» qəzeti də bu şüar altında çıxıb, 1989-cu ildə «Azadlıq» da. Mən sizin qəzetin 25 illiyini ürəkdən təbrik edirəm. Qoy azadlıq həmişə bizim şüarımız olsun, istiqlal yolumuzu işıqlandırsın.
“Azadlıq” şərəfli missiyasını indi də davam etdirir”
Aydınlar Partiyasının sədri, keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli:
– “Azadlıq” qəzeti Azərbaycanın ən yeni tarixində əhəmiyyətli çəkiyə sahib olan bir təsisatdır. “Azadlıq” ölkənin müstəqilləşməsində mühüm rol oynayıb, indi siyasi sistemin demokratikləşməsinə öz töhfələrini verir. Təməli dəyərli ziyalı və ictimai xadim Nəcəf Nəcəfov tərəfindən qoyulan “Azadlıq” qəzeti azad mətbuatın ilk nümunələrindən olub və bu şərəfli missiyanı indi də davam etdirir. Qəzetin müstəqil kursu və söz azadlığına sadiqliyi ona populyarlıq və ictimai rəğbətlə yanaşı, həm də ciddi maliyyə problemləri yaradıb. Təəssüf ki, bu problemlər bu gün də davam edir. Ancaq əminəm ki, buna öyrəncəli olan “Azadlıq” qəzeti fəlaiyyətini davam etdirəcək və ölkənin demokratiləşməsinə öz töhvəsini verəcək. Qəzetin 25 illik yubileyi münasibəti ilə kollektivi təbrik edir və uğurlar arzulayıram”.
“Daim təziq altında olsa da, 25 ildir ki, fəaliyyət göstərir”
Müsavat başqanı Arif Hacılı:
– Bu gün “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. İlk sayı 200 min tirajla çıxmışdı. Belə böyük tirajla çıxsa da, köşklərdə tapılmırdı. Hər kəs bu qəzeti oxuyurdu, bu qəzetin varlığına sevinirdi. O dövrdə AXC-nin əsas siyasi tribunası olan “Azadlıq” qəzeti siyasət və mətbuat tariximizdə ilk gündən mühüm rol oynadı. “Azadlıq” qəzeti bu illər ərzində çox ağır sınaqlarla üzləşdi. Daim təziq altında olsa da, 25 ildir ki, fəaliyyət göstərir. Müəyyən etdiyi siyasi xətti müxtəlif istiqamətlərdən olan fərqli münasibətlərə baxmayaraq, dönmədən davam etdirir. Mətbuat tariximizə yeni səhifələr yazır. Qənimət Zahid başda olmaqla, “Azadlıq” qəzetinin bütün kollektivini, bu illər ərzində qəzetdə çalışmış hər bir jurnalist həmkarımı əlamətdar gün, fəaliyyətin 25 illiyi münasibəti ilə təbrik edirəm. “Azadlıq” qəzetinin qurucusu mərhum dostumuz, çox dəyərli Nəcəf Nəcəfovun ruhu şad olsun!.
“Azadlıq” varsa, azadlıq da olacaq”
Keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynli:
– Əziz “Azadlıq”sevərlər. Ləyaqətli ziyalı, çagdaş milli mətbuatımızın yaradıcılarından biri olan Nəcəf Nəcəfovun rəhbərliyi ilə “Azadlıq” qəzetinin nəşrə başlamasından 25 il ötür. Bu müddət ərzində vətənin dərdlərinin tərcümanı olan “Azadlıq” qəzeti haqq yolunda, çətinliklərdən qorxmayaraq irticaya, haqsızlıga qarşı mübarizənin önündə getdi. Və nə yaxşı ki, bu gün də tək qəzet olaraq öz yoluna, əqidəsinə sadiqdir. Bu şərəfli gündə qəzetə daxil olan hər bir kəsi ürəkdən təbrik edir, çətin və uzun yolda ugur və dəyanət arzulayıram. “Azadlıq” varsa, azadlıq da olacaq.
“Azadliq” milli mətbuat tariximizdə hər zaman yüksək zirvədə dayanacaq”
Tanınmış vəkil Əsabəli Mustafayev:
– Mən uzun illərdir ki, “Azadliq” qəzetini oxuyuram. Hazırkı dövrdə isə hər səhər ilk müraciət etdiyim məhz bu qəzetdir. Əminəm ki, minlərlə insan vəzifəsindən və siyasi mövqeyindən asılı olmayaraq, bu qəzeti oxumağı vacib hesab edir. Yəni, hətta onu sevməyənlər belə “Azadliq”ı oxumağa məhkumdurlar. Səbəbi peşəkarlıq, mövzu genişliyi və cəsarətdir. Əminəm ki, “Azadliq” milli mətbuat tariximizdə hər zaman yüksək zirvədə dayanacaq.
“Azadlıq” Azərbaycanda Azad Sözün son qalasıdır”
ALP sədri Əvəz Temirxan:
– Bu gün “Azadlıq” qəzetinin 25-illik yubileyidir. Bu əlamətdar gün münasibətilə “Azadlıq” qəzetini, onun yaradıcı kollektivini, bu illər ərzində onun inkişafında xidməti olan hər kəsi Azərbaycan Liberal Partiyaının bütün üzvləri adından təbrik edir, onlara milli maraqlar naminə mübarizələrində və şəxsi işlərində hər cür uğurlar diləyirəm.
Xalqımızın Milli Yaddaşının, Milli Azadlıq Əzminin və Hərəkatının formalaşmasında, təbliğatında və dövlət müstəqilliyimizin uğurlu bərpasında “Azadlıq” qəzetinin rolu danılmazdır.
Müstəqillik illərində “Azadlıq” qəzetinin fəaliyyəti cəmiyyətimizdə söz və iradə ifadəsi azadlığının, demokratiya təməlinin qoyulmasına, korrupsiyanın və rüşvətxorluğun, məmur özbaşıanlığının prinsipial və ardıcıl ifşasına yönəlmişdir.
“Azadlıq” qəzetinin əməkdaşı olmaq özünü və ailə üzvlərini təqiblərə və böhtanlara məhkum etmək deməkdir. Lakin, bu insanlar şüurlu şəkildə bütün təhlükələrin üstünə getmiş və mübarizliklərini bu gün də fədakarcasına nümayiş etdirməkdədirlər.
Əsassız tənqidlər, təhqirlər, bir çox hallarda isə sağlamlığı və həyatı üçün təhlükəli təqiblər və repressiayalar “Azadlıq”ın əməkdaşlarının mübarizə əzmini qıra bilməmiş, onları ruhdan salmamışdır.
Bütün bunlara baxmayaraq, “Azadlıq” həqiqətən müxalif mövqedə duran və xüsusən son illərdə öz müstəqiliyini qorumuş azysaylı KİV-lərdən biri, bəlkə də birincisidir. Mübaliğəsiz demək olar ki, “Azadlıq” qəzeti Azərbaycanda Azad Sözün son qalasıdır.
Əminəm ki, xalqımızın demokratita uğrunda mübarizəsi “Azadlıq” qəzetinin də böyük töhvəsi nəticəsində yaxın zamanlarda öz bəhrəsini verəcək, ölkəmizdə vətəndaş cəmiyyəti qurulacaq və Azərbaycanın inkişaf yolunda yeni era açılacaq.
“Azadlıq”ı və “Azadlıq”sevərləri yubiley münasibətilə təbrik edirəm.
“Azadlıq” tarix yazır”
D18 hərəkatının sədri Ruslan İzzətli:
– Hər birimizin sevərək oxuduğu və ölkəmizin problemlərinin dəqiq və qorxmadan verən tək müstəqil qəzetimiz “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. Bu gün ölkəmizdə avtoritarizmin hakim olduğu bir dönəmdə “Azadlıq” kimi bir qəzetin çıxması böyük bir cəsarət tələb edir. Bu cəsarət üçün, bizi doğru xəbərlərlə təmin etdiyi üçün “Azadlıq” qəzetinin rəhbəri Qənimət bəy başda olmaqla bütün kollektivi təbrik edirəm.
Hörmətli Qənimət bəy, Siz və kollektiviniz tarix yazırsınız. 5-10 ildən sonra insanımız fəxrlə deyəcək ki, o zaman hər kəsin satıldığı və avtoritar rejimə mədhiyyə dediyi bir zamanda, “Azadlıq” qəzeti repressiyalara və iqtisadi sıxıntılara baxmadan qürurunu, imicini qoruyub saxladı.
Liderimiz Rəsulzadə də 96 il öncə çətinliklərə sinə gələrək ölkəmizin azad mediasını qoruyub saxlayırdı. İndi biz arxivlər vastəsilə oxuyuruq və qürur duyuruq ki, ölkə rəhbəri olan M.Ə.Rəsulzadə “Azərbaycan” və digər qəzetlərimizin ayaqda qalması üçün yazılar yazırdı, ölkənin problemini o qəzetin manşet və səhifələrinə daşıyırdı. Nə yazıqlar ki, 96 il keçməsinə baxmayaraq, hələ də biz ölkəmizdə medianın inkişafına, azad medianın genişlənməsinə yox, əlimizdə olan bir-iki qəzetin ayaqda qalmasına yardım olmağa çalışırıq.
Bu ölkə üçün 96 il öncə edilənlər unudulmadığı kimi, sizlər də unudulmayacaqsız.
Sevgili Qənimət bəy, bir daha sizi və kollektivinizi 25 yaşınız münasibətilə təbrik edirəm.
“Nə qədər ki, belə insanlar var, AZADLIQ ideyaları Azərbaycanda yaşayacaq”
Tanınmış vəkil Elçin Qəmbərov:
– “Azadlıq” qazeti, onun fədakər kollektivi azadlıq ideyalarının daşıyıcılarıdır. Onların hansı ağır şəraitdə, aylarla məvacibsiz, total təzyiq altında fəaliyyət göstərməsi sübut edir ki, nə qədər ki, belə insanlar var, AZADLIQ ideyaları Azərbaycanda yaşayacaqdır. “Azadlıq” qazetinə azad Azərbaycanda fəaliyyət göstərməsini, zəhmətlərinin bəhrəsini görməyi arzu edirəm.
“Azadlıq”ın Milli Azadlıq Hərəkatında xüsusi xidmətləri olub”
Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, vicdan məhbusu Leyla Yunus:
– Dar günündə mənə dayaq olduğuna görə «Azadlıq»a təşəkkür edirəm. “Azadlıq” qəzetinin Milli Azadlıq Hərəkatında xüsusi xidmətləri olub. «Azadlıq» daim insan hüquqları mövzusuna diqqət yetirib. Qəzetin çətin günündə ona dəstək olanlara, təbrik edənlərə də təşəkkürümü bildirirəm.
“Hamımızın kağız sevgisi”
Tanınmış ziyalı, Milli Şuranın üzvü Eldəniz Quliyev:
– Azadlıq bir udum havadır! Azadlıq bir içim sudur! Azadlıq nəhayət, Allah-Təalanın bənni-insana bəxş etdiyi ilahi bir nemətdir! Biz ONU sevməli, əzizləməli, göz bəbəyimiz təki qorumalı və yaşatmalıyıq – “AZADLIQ” qəzeti kimi!
Yüz minlərlə insan ciyəri yananda, havası çatmayanda, “ölümmü-qalımmı?” dilemasıyla üzbə-surət naçar qalanda üz tutduğu, pənah gətirdiyi yeganə ünvan “Azadlıq” qəzeti olmadımı? Yüz minlərlə insanın ağrı-acısını, kədərini-sevincini, ümidini, arzu-istəklərini, göz yaşlarını öz səhifələrinə hopduran, bir çox hallarda xalqın mənafeyi naminə kipriyilə od götürən bizim “Azadlıq” qəzetimiz olmadımı? Bəli, məhz bizim! Çünki o həm sənin, həm mənim, həm onun, deməli, hamımızın kağız sevgisinə çevrildi!..
Deyirlər, əsl qəzet dünyaya açılan pəncərədir. Əgər bu həqiqətən belədirsə, onda bizim “Azadlıq”ımız öz 25 illik ləyaqətli ömrü ərzində hər birimiz üçün haqq-ədalətlə dolu bir Dünya açdı və həmin o Dünya bizə elə özü boyda şirin bir AZADLIQ duyğusu bəxş elədi!
Ey “Azadlıq” adlı müdrik, ləyaqətli və əziz dostum, 25 yaşının ucalığı mübarək!
“Azadlıq” ədalətli və güzəştsiz tənqidçi olaraq qalır”
Keçmiş müdafiə naziri və siyasi məhbus Rəhim Qazıyev:
– “Azadlıq” qəzetinin dünyaya gəlməsinin 25 illiyi ilə bağlı qələmi əlimə alıb “günahkar”a qəlbimnən gələn ən xoş arzularımı çatdırmaq istəyərkən xəyalım məni çox da uzaq görünməyən keçən əsrin 80-cı illərinin təlatümlü, fırtınalı sonluğuna apardı. “Azadlıq”ın arxada qoyduğu ağrılı-acılı, enişli-yoxuşlu, şaxtalı-qarlı ömür yolunu ləyaqətlə yaşamaq onun həmyaşıd həmkarlarına qismət olmadı.
“Azadlıq” dünyaya gəlməyə başladığı andan bu günə qədər təqiblərə, təzyiqlərə, təhqirlərə və amansız repressiyalara məruz qalıb. Və bu gün də ona qarşı bu qərəzli basqılar davam etməkdədir.
Xalqımız, o cümlədən mən də müstəqil media uğrunda mübarizəyə qoşulub “Azadlıq”la yanaşı irəliləməyə çalışan bir sıra özünnən razı qəzetlərin, saytların əqidələrindən necə döndüklərinin, müxalifət cildində, mahiyyətlərini dəyişərək komfort həyat xatirinə “söydükləri” haqqdan uzaq iqtidarın ilıq və ögey köksünə sığındıqlarının canlı şahidiyik.
“Azadlıq” bu 25 ildə mövcud rejimlərin ədalətli və güzəştsiz tənqidçisi olaraq öz təməl prinsiplərinə sadiq qalmaqdadır. Təməli rəhmətlik Nəcəf Nəcəfovla qoyulan bu prinsipial yol nə qədər çətin, dözülməz olsa da, onun varisləri, xələfləri bu çətin və şərəfli haqq yolçuluğunu bu günə kimi qətiyyətlə, davam etdirməkdədir.
“Azadlıq”ın elə son illərdə başına gətirilən olaylara nəzər yetirmək kifayətdir. Artıq bu qəzetin fədakar, qtiyyətli və cəsur əməkdaşlarının böyük əksəriyyəti rejimin “şər-böhtan, təqib-təzyiq, həbs” adlı repressiya maşınının amansız basqısından sınmadan, əyilmədən keçiblər. Və bu “marafonu” uğurla davam etdirirlər.
“Azadlıq”ın əməkdaşlarını sözün hərfi mənasında media aləminin avtoritetləri adlandırsaq heç də səhf etmərik.
Hörmətli Azadlıq mücahidləri, siz mübarizənin ən gərgin mərhələsindəsiniz. Təqiblərin, təziqlərin qanun və insaf tanımadığı bir təlatümlü represiyalar dolu bir dənizdə Azadlıq və ümid adası kimi fəaliyyət götərirsiniz. Xalqımız sizdən bunnan da qüdrətli, daha da mətanətli mövqe tutmağı və mübarizəni davam etdirmənizi gözləyir
Hörmətli “Azadlıq” cəbhəsinin əsgərləri, zabitləri və generalları, unutmayın ki, əlinizdə tutduğunuz “ucu iti” qələm bəşəriyyətin mövcud olduğu andan bu günə kimi icad etdiyi, vurduğu yara uzun müddət sağalmayan ən qüdrətli silahdır. Möhtəşəm silahı əlində tutan “Azadlıq”ın bütün əməkdaşlarına, onlara edilən bütün haqsızlıqlara baxmayaraq ədalətli olmağı, əsl düşməni müəyyən edib, düz gözündən vurmağınızı diləyirəm. Sizə tklif olunan yağlı “kökədən” imtina edib ağılasığmaz maddi sıxıntılar içində mənəviyyatı uca tutaraq yaşamanız və haqq uğrunda vuruşmağınız ən böyük qəhrəmanlıqdır. Çoxların mənəviyyatını onlara təklif olunan haram maddi nemətlərə sataraq qaçdığı ağır, məşəqqətli haqq yolunda Siz, “Azadlıq” mücahidlərinə böyük uğurlar və möhtəşəm qələbələr diləyirəm.
Mən bu əlamətdar gündə “Azadlıq” qəzetinin bu 25 illik fəaliyyətində onunla addımlamış, addımlayan bütün fədakar əməkdaşlarını ürəkdən təbrik edirəm, onlara daha uca zirvələri fəth etmələrini arzulayıram.
“Azadlıq” yeganə haqqı yazan qəzetdir”
Məşhur dissident Nadir Ağayev:
– Mən hər gün səhər duranda birinci “Azadlıq” qəzetinin saytına baxıram. Çünki məhz bu qəzetdə Azərbaycan reallığı təsvir olunur, doğrular yazılır. “Azadlıq”da yazılanları oxuyandan sonra o biri qəzetlərə baxıram. “Azadlıq” yeganə haqqı yazan qəzetdir. Digər qəzetlər, saytlar istiqamətini dəyişib, hökumətin maraqlarını müdafiə edirlər. Amma “Azadlıq” belə deyil. Bu qəzet bütün çətinlkilərə, təzyiqlərə baxmayaraq həmişə xalqın maraqlarını qoruyub. “Azadlıq” ən obyektiv qəzetdir. Sağ olun rəhmətlik Həcəf Həcəfovun dövründən bu günə qədər qəzeti qoruyub saxlamısız. Mən hesab edirəm ki, bu qəzeti hamı qorumalıdır. Çünki “Azadlıq” xalqı müdafiə edir, haqsızlıqla üzləşən vətəndaşların maraqlarını qoruyur.
“Azadlıq” qəzeti həmişə xalqın yanında olub”
Nardaran Ağsaqallar Şurasının sədri Məşədi Hatiq Kərimov:
– “Azadlıq” qəzeti adına layiq qəzetdi. “Azadlıq” həm də müstəqillik dövründə çıxan ilk qəzetdi. “Azadlıq” qəzeti həmişə xalqın yanında olub, həmişə haqqı yazıb və haqsızlığa məruz qalanları müdafiə edib. Bu qəzeti həmişə dürüst, obyektiv görmüşəm. “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edirəm. Qəzetin fədakar kollektivinə fəaliyyətində uğurlar arzulayıram. Mən inanıram ki, “Azadlıq” qəzeti həmişə olduğu kimi bundan sonra da xalqın yanında olacaq, haqqı yazacaq və haqq uğrunda mübarizəsindən geri çəkilməyəcək”
“Tarixin şərəf səhifələrini yazan adamlar“
Polkovnik, NATO-Qafqaz Alyansının prezidenti İsa Sadıqov:
– «Azadlıq» qəzetinin 25 yaşı tamam olur. Mən, bu qəzetin yarandığı o qaynar hadisələr zamanı Azərbaycanda olmamışam. Bu hadisələr haqqında sonralar, Azərbaycana gələndə eşitmişəm, oxumuşam və vətənim Azərbaycanın, millətimizin, məhz, həmin enerjisi, qüdrəti ilə qürurlanmışam. Buna görə də, mən həmişə elə hesab etmişəm ki, «Azadlıq» həmin enerjinin və qüdrətin doğurduğu qəzetdir.
Sonrakı proseslər də mənim yanılmadığımı göstərib. Azərbaycanın müstəqillik əldə etdiyi zamandan üzü bəri, yalnız bir il ölkədə demokratik idarəçilik mövcud olub. Bütün yerdə qalan illərdə avtoritarizm meydan sulayıb, diktatorluq millətiə və ölkəyə müstəqilliyi, azadlığı haram edib. Belə ağır şəraitdə söz demək, həm də, gerçək həqiqətlərin ifadəsi olan söz demək, yazmaq, böyük cəsarət, dirəniş gücü, dözüm tələb edir. Real vəziyyət də bunu sübut edir ki, az qala tam 20 il ərzində ölkədəki avtoritar rejim həmin o bircə ildə yaranan demokratik institutları, ənənələri, arzuları məhv etməklə, onları sradan çıxarmaqla məşğul olub. Avtoritarizm öz istəklərinin çoxuna nail olub. Amma «Azadlıq» istisnadır. «Azadlıq» o enerjini qoruyub saxlayıb. Bütün məhrumiyyətlərə,əzablara baxmadan qoruyub saxlayıb.
Uzun illərdir ki, biz hamımız bu qəzetin başına gətirilən fəlakətlər haqqında eşidirik, oxuyuruq. Hərdən adamda belə təəssürat yaranır ki, bu qədər təzyiqin qarşısında duruş gətirmək, başqalarının qəbul etdiyi şərtlərdən imtina edib öz varlığını, simasını qoruyub saxlamaq hansısa mistik mülahizələrə bağlı ola bilər. Amma orada çalışanları, onların müqavimətini, onların qatlaşdıqları və dəf etdikləri gerçək əzabları və işgəncələri gördükcə insanın azadlıq istəklərinin ən böyük təbii güc olduğunu müşahidə etməmək olmur.
«Azadlıq» qəzeti Azərbaycana azadlıqları necə qorumağı öz nümunəsində göstərir və öyrədir. Mən fəxr edirəm ki, mənim Vətənimdə insan azadlıqları, söz azadlıqları uğrunda mübarizə aparan belə insanlar var, belə bir kollektiv var və belə bir qəzet var.
«Azadlıq» bütün dünyanın gözləri qarşısında belə bir mübarizə simvoluna çevrilib. Bu qəzetin kollektivini təbrik edirəm! Azərbaycanın mətbuat tarixinə yazılmış bu şərəf səhifələrinə görə onlara təşəkkür edirəm.
“Azadlıq” ilk sayından azadlığımızın paytaxtı oldu”
Tanınmış şair Vaqif Bayatlı Odər:
– Bakı Azərbaycanın paytaxtı olduğu kimi, “Azadlıq” qəzeti də ilk sayından sözün, mətbuatın, azadlığımızın paytaxtı oldu. Hamının gözü onda idi. Bu hərəkat, bu qəzet əslində 25 il bundan əvvəlin yox, əbədiyyətin, zamansızlığın qəzetidir. O ən çox da Allahımızı, insanlarımızı, azadlığımızı sevindirən qəzet oldu. O dövrün azad ruhu, bütün azad ruhlu adamları, qəzetləri, yazıları və yazarları, rəhmətə gedənlərin ruhları önündə baş əyirəm.
“Bəli, döyüş alnınıza yazılıb!“
İstefada olan polkovnik Yaşar Cəfərli:
– Hörmətli Qənimət bəy, “Azadlıq” qəzetinin 25 illik yubileyi münasibətilə sizi və bütün kollektivi səmimi qəlbdən təbrik edirəm! Yaşa dolduqca qəzetiniz yeni-yeni heyranedici keyfiyyətlər əldə edir. Bu gün sizi başqalarından fərqləndirən əsas keyfiyyət və həm də üstünlüyünüz gənc nəsillə səmimi dioloq qurmaq bacarığındadır. Kollektiviniz azad fikirli, fəal, ölkəmizin inkişafını düşünən gəncliyin yetişdirilməsində əvvəzsiz rol oynayır. “Azadlıq” həm də bütün vətəndaşlar, bütün sosial təbəqələr arasında olduqca böyük populyarlığa malikdir. Qəzetnizın hər bir sayı məmurlar, deputatlar, həm rəhbərlər, həm də sıravi işçilər, müəllimlər, həkimlər, yaşlı və gənc nəsillər tərəfindən sevə-sevə oxunur. Əminliklə qeyd edirəm ki, ölkəmizin hər bir guşəsində azadlığın dəyərini bilən, Vətənimizin gələcəyinə inamla baxan bütün insanlar qəzetin növbəti sayını səbirsizliklə gözləyir. “Azadlıq” millət üçün həm də ümid çırağına çevrilib.
Hamımıza bəllidir ki, “Azadlıq” qəzetinin kollektivi həmişə yüksək və təkrarolunmaz peşəkarlıq qabiliyyətinə malik olub və indi də belə davam edir. Siz başda olmaqla qəzetin bütün yazarları müasir Azərbaycan jurnalistikasının, azad sözün, azad fikirin, fərqli baxışların, azad mətbautın yorulmayan, əyilməyən, sınmayan, əqidəyə sadiq qalan fədakar əsgərlərisiniz. Bəli, döyüş alnınıza yazılıb! “Sükanı belə tutun!”, ümidləri qırmayın! Doğrudan da, siz təkcə qəzet deyil, həm də tarix yazırsınız! Tanrı sizlərə yar olsun!
Yaşa, yaşa, yaşa “Azadlıq”!
Yaşadıqca sən
Yaşayar arzular
Basılmaz Vətən!
Çoxlu yubileylər, yaradıcılıq uğurları, əzm və döyüş ruhu arzuları ilə.
“Azadlıq” bir qaladır”
Politoloq Fikrət Cəfərli:
– “Azadlıq” qəzeti Azərbaycan Dövlət müstəqlliyinin ikinci dəfə bərpası və möhkəmləndirilməsində xalq qarşısında müstəsna xidmət göstərmiş mətbuat orqanıdır. Cəmiyyətin maariflənməsində 25 il əvvəl necə əzimkarlıqla fəaliyyətə başlamışdısa, elə indi də həmin azadlıq eşqiylə öz mübarizəsni davam etdirir. “Azadlıq” qəzeti hər zaman Azərbaycan mətbuatında öz dəsti-xətti və prinsipiallığıyla seçilmış bir media instutudur. Bu gün ölkədə demokratik cəmiyyətn, azad fikirin formalaşmasında mayak rolunu oynayan qəzetin hakimiyyət tərəfindən ən çox basqılara məruz qalması başa düşülən deyil. “Azadlıq” qəzeti dövlətçiliyimizin möhkəmləndrilməsində və demokratik cəmiyyətin formalaşmasında millət, dövlət qarşısında öz üzərinə düşən nə varsa hamısını prinsipiallıqla davam etdirir. Heç kimdə şübhə yoxdur ki, “Azadlıq” qazeti demokratiyaya gedən yolda mayak rolunu oynamaqla yanaşı, həm də o yolun qorunmasında bir qaladır. 25 yaşın mübarək, ey millətin formalaşmasında milli slahlarla silahlanmış dost!
“Media okeanındakı buzqlran gəmi”
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev:
Gəmilərin də, insanlar kimi, öz taleyi olur. Ona görə dünyanın ən fatalist, hər əlamətə inanan adamları, bəlkə, elə dənizçilərdir. Qəzetlər də informasiya “sularında” üzən gəmilərə oxşamırlarmı? Təsəvvür edin ki, media aləmi gerçək okean, qəzetlər, jurnallar, televiziyalar, saytlar isə irili-xırdalı gəmilərdir. Aralarında yükdaşıyan tankerlər də, sualtı qayıqlar da, balıqçı traulerləri də, silah-sursatlı kreyserlər də, əyləncə üçün gəzinti katerləri, hətta balaca «lödkə»lər də var. Və uzaqda reyddə bir buzqıran gəmi dayanıb. Bax bu buzqıran – «Azadlıq»dır.
«Azadlıq»ın «gəmi taleyi» əvvəldən, hələ «suya salınmamışdan» çox ağır olub. İnanın ki, Zərdabi «Əkinçi»nin şriftlərini uzaq-uzaq yerlərdən daşıyıb gətirdiyi kimi, «Azadlığ»ın da ilk nömrəsinin bəzi materialları fotoplyonkalardan söz-söz, cümlə-cümlə kəsilib yığılıb. Qəzetin mənimlə bərabər ilk redaktor müavini olmuş Vaqif Səmədoğlu və ilk məsul katibi Ədalət Tahirzadə bunu yaxşı xatırlayırlar. İlk redaktoru Nəcəf Nəcəfov xatırlamır. Əvəzində biz onun özünün işıqlı xatirəsini daim ürəyimizdə gəzdiririk.
Dəfələrlə bu cəmiyyətdə kəskin «soyuqlar» düşəndə «Azadlıq» «ətalət buzlarını» qırmaq, «fikir aysberqlərini» parçalamaq üçün önə çıxıb. Onun da fərqindəyik ki, «Azadlıq» – şıltaq gəmidir, bəzən hətta göyərtəsində qiyam baş verir, bəzən dumana düşüb istiqaməti itirdiyini zənn edirsən. Sularda qaldığı 25 ildə içərimizdə, mən qarışıq, nə zamansa ondan ummamış, nə zamansa küsməmiş çox az adam tapmaq olar. Amma bütün hallarda sonuncu arqument hər cür incikliyə üstün gəlib: «Azadlıq» bizim media donanmamızın buzqıran gəmisidir, qarşıda isə yenə buzlaqlar olacaq. Nə yaxşı ki, ən çətin məqamlarda bu arqumenti ölkənin hər üç keçmiş prezidentindən tutmuş, çox fərqli dünyagörüşə, düşüncə tərzinə malik siyasətçiləri, görkəmli din, elm, mədəniyyət adamları dəyərləndirə biliblər. Və bunun belə də olacağına inanıram.
Axı dənizçilər əlamətə inanan olurlar. Bu yaxınlarda bir əlamət duydum. BBC-nin çəkiliş qrupu Azərbaycana gəlmişdi. I Dünya müharibəsi haqqında silsilə verilişlərdən birini general Əlağa Şıxlinski haqqında Bakıda çəkirdilər. Aparıcı – Londonda yaşayan Leyla adlı gözəl, qarayanız azərbaycanlı qızı idi…Nəcəf Nəcəfovun qızı!
“Azadlıq” həyatımızın gerçək güzgüsünə çevrilməyi bacarıb“
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli:
– Bir anlığa təsəvvür edək ki, bu ölkədə “Azadlıq” adlı qəzet çap olunmur və “azadliq.info” saytı yayımlanmır. Nəzəri cəhətdən bu mümkündür, son ayların repressiya praktikası belə bir situasiyanı nəinki istisna etmir, əksinə, bunun üçün hazırlıqlar getdiyi bəllidir. Maddi məhrumiyyətlərlə, mənəvi terrorla sındırıla bilməyən əqidə və məfkurə insanlarının məhkəmə və ştatlı üzəduranlarla şərlənməsi ənənəsinin artıq “dövlətçilik” atributuna çevrildiyi cəmiyyətdə yaşayırıq. Ancaq istənilən halda səhər yuxudan durub dərhal sevimli gənc dostumla- “Azadlıq”la buluşmayacağımı təsəvvürümə gətirmək belə mənim üçün çətindir. Həm də təkcə ona görə yox ki, “Azadlıq” bu “xəyanət zəmanəsi”ndə çox az-az təsadüf etdiyimiz gerçək dostdur- dar günün dostudur! Təkcə ona görə yox ki, bütün sivil dünyada ədalətin tək ünvanı olan məhkəmə gözəl məmləkətimizdə öz funksional təyinatını dəyişərək daha çox məzhəkəyə çevrildiyindən, içi mən qarışıq, saxta “ədalət mühakiməsi” şoularından əli üzülən insanlar, ümid yeri, ədalət ünvanı olaraq “Azadlıq” qəzetinə pənah aparırlar. Özü məhrumiyyətlər içində boğulan bu qəzet isə aylarla maaş üzünə həsrət qalan fədakar əməkdaşları ilə heç bir təmənna güdmədən haqqı tapdalanan, hüquqları pozulan hər kəsin yanında olmağı özünə məslək və vicdan borcu bilir. “Azadlıq” azad sözün alınmaz qalası, alternativ fikrin çox az sayda qalan son ünvanlarından olmaqla cəmiyyətin nəbzini tutan gerçək barometrdir. Bu qəzetin prinsipial mövqeyinə inam onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda ölkəmizlə bağlı ictimai fikri formalaşdırmaq və ona təsir etmək gücünə malik olan real mexanizmə çevirmişdir. Ölkədə baş verən proseslər barədə ən dolğun və obyektiv informasiyanı cəmiyyət və demokratik dünya artıq uzun müddətdir ki, bu qəzetdən alır. Bir sözlə, “Azadlıq” həyatımızın gerçək güzgüsünə çevrilməyi bacardığı, “günü parlaq, gündüzü ağ, gecəni tar, pisi pis, əyrini əyri, düzü həmvar” yazmaq cəsarətini özündə tapdığı üçün ona böyük ictimai etimad var.
Bu gün “Azadlıq”ın və azadlıqların məhvinə susayanlar ən azı iki səbəbdən bu qəzetin yaşamasında, özü də bir çox döşünə döyən media qurumlarından fərqli olaraq məhz şərəflə, ləyaqətlə yaşamasında maraqlı olmalıdırlar. Öncə ona görə ki, azad media cəmiyyətin ağ ciyəridir və cəmiyyət onunla nəfəs alır, problemlərini ictimailəşdirməklə qismən də olsa mənfi yüklü, dağıdıcı enerjidən xilas ola bilir. Vurğulamaq istədiyim ikinci məqam isə azad mətbuatın “güzgü”, diaqnostika funksiyası ilə bağlıdır. Məhz azad, vicdanlı, qərəzsiz mətbuat cəmiyyətin düçar olduğu ictimai-siyasi mərəzləri gün işığına çıxarmaqla cəmiyyətin xəstəliklərinin düzgün diaqnozunu qoymaqla onların müalicəsinə yol açır. Azad mətbuatın boğulması, məhv edilməsi nə etiraz enerjisinin itməsi, nə də xəstəliklərin öz-özünə aradan qalxmasına gətirib çıxara bilməz. Əksinə, bu halda proses daha da dərinləşəcək, daha iltihabi, dağıdıcı və idarəolunmaz xarakter almaqla bur gün mütləq ən ağır fəsadları ilə ortaya çıxacaqdır. Lakin, təəssüf ki, başı bir qayda olaraq, pul saymağa qarışanların, bu gerçəkləri düşünmək üçün nə istəyi, nə də intellektual imkanları yetərincə deyil.
Əziz dostumu 25 yaşı münasibəti ilə təbrik edirəm. Bu dostluğa sədaqəti özümə hər zaman mənəvi borc sayacağam. “Azadlıq” bunu haqq edib.
“Azadlıq” Azərbaycan istiqlalının salnaməsidir”
Professor Qulu Məhərrəmli:
– Çağdaş dövrümüzün ilk müstəqil qəzetlərindən olan “Azadlıq” mətbuat tariximizə və xalqımızın yaddaşına əbədi həkk olunub. 25 illik yubileyini qeyd edən bu qəzet möhtəşəm xalq hərəkatının, xalqın dəniz kimi kükrəyən enerjisinin, azadlıq ideallarının və ürəklərdəki azadlıq qığılcımının püskürməsi idi. Mən qəzetin ilk nömrəsinin çıxdığı o günləri, oxucuların sevincini, qəzetin böyük ruh yüksəkliyi ilə əldən-ələ gəzməsini yaxşı xatırlayıram. “Azadlıq”, sözün həqiqi mənasında, yeni dalğanın, yeni ruhun yaratdığı bir qəzet idi. İlk gündən azad sözün çarçısı missiyasını üzərinə götürmüş “Azadlıq”, tezliklə milli hərəkatın salnaməçisinə və milyonların azadlıq ideallarının ifadəçisinə çevrildi. Biz bu gün həmin nəşri meydana gətirən azadlıq mücahidlərini, o cümlədən qəzetin ilk redaktoru olmuş Nəcəf Nəcəfovu ehtiramla xatırlayırıq.
İsrənilən qəzet yalnız cəmiyyəti dəqiq məlumatlandırdıqda, problemləri göstərdikdə, ictimai tənqidçi funksiyasını yerinə yetirdikdə, günün reallıqlarını dilə gətirdirdikdə populyarlaşır və oxunaqlı olur. Bu cəhətdən indi “Azadlıq” ölkəmizin ən çox oxunan qəzetlərindən biridir. Əlbəttə, indiki şəraitdə qəzet çıxarmaq çətindir, müxalifət yönlü qəzet buraxmaq isə əsl qəhrəmanlıqdır, həm də çoxlarının sona qədər gedə bilmədiyi bir yoldur. Bu mənada qəzetin tarixində böhranlı anlar, büdrəmələr, maliyyə çətinlikləri ucbatından bağlanmaq təhlükələri az olmayıb. Həmin təhlükələrin yenə də qalması acı reallıqdır. Bax bu təhlükələrə görə çoxları kimi, mən də belə düşünürəm ki, “Azadlıq” mətbuat azadlığının son qalalarından biridir. Bu qalanın mövcudluğu minlərlə oxucunun sevinci deməkdir.
Mən Azərbaycan istiqlalının rəmzi kimi jurnalistika tariximizə şərəfli səhifələr yazmış, publisistik düşüncəmizin inkişafına ciddi töhfələr vermiş, mətbuatımıza onlarca maraqlı müəlliflər bəxş etmiş “Azadlıq”ı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, bir media qurumu kimi ictimai missiyasını yerinə yetirməkdə uğurlar diləyirəm.
“İnanıram ki, çətinlikləriniz tezliklə başa çatacaq“
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov:
– “Azadlıq” qəzetinin bütün kollektivini və oxucularını ürəkdən təbrik edirəm. Mənim üçün bu mətbu orqan Azərbaycan müstəqil mətbuatı yaranan gündən daim izlədiyim və əməkdaşlıq etdiyim qəzetlərdən biri olaraq qalır. Bütün tənqidlərə və təhdidlərə, təzyiqlərə baxmayaraq, “Azadlıq” qəzetinin yazdıqlarını iqtidarlı-müxalifətli hamı oxuyur və orada yazılanlardan özü üçün lazim olan məlumatı götürür. Müstəqil mətbu orqanlar arasında ən çox maddi sıxıntı keçirən qəzet məhz “Azadlıq”dır desəm, səhv etmərəm. Qəzetdəki fədakar və vicdanlı jurnalist dostlarımı ürəkdən təbrik edirəm, onlara bol-bol yaradıcılıq uğurları arzulayıram. Ruhdan düşməyin, daim maraqlı mövzularınız ilə biz oxucuları sevindirin. İnanıram ki, çətinlikləriniz tezliklə başa çatacaq və siz rahat şəkildə Azərbaycan mətbu orqanları arasında yenə də öz öncül yerinizi tutacaqsınız. Zatən indi də elədir. Amma, bir sıra obyektiv və subyektiv səbəblər öz həllini tapandan sonra “Azadlıq”sevərlərin sayı daha da çoxalacaq. Uğurlar sizə, dostlar!
“Azadlıq” mövcud rejimlə meydanda təkbətək mübarizədədir“
Hüquqşünas Namizəd Səfərov:
– İnanmaq belə çətindir.”Azadlıq” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 25 ili tamam olur. Əsrin 1/4 hissəsi. Bir igidin ömrüdür. Bu 25 il ərzində “Azadlıq” sözün əsil mənasında ölkədə azadlıq və demokratiya uğrunda yorulmadan mübarizə aparır.Bu 25 il ərzində “Azadlıq” bir gün də olsun rahatlıq bilmədən Azərbaycanın azadlıq və istiqlalı uğrunda çarpışır.Əsrin dörddə biri qədər uzanan bir müddət ərzində “Azadlıq” ölkənin bir nömrəli mətbuat və doğru informasiya vasitəsi olaraq qalmaqdadır.Bu müddət ərzində “Azadlıq” öz demokratik prinsip və ideyalarından bir addım da olsun geri çəkilməmişdir. Sonuncu 21 il ərzində isə “Azadlıq” mövcud rejimlə meydanda təkbətək mübarizədədir.Bu müddət ərzində “Azadlıq” qəzeti və onun əməkdaşları daim amansız təqiblərə məruz qalmış,onlarla əməkdaşı həbs və təhdidlərlə üzləşmişlər.Qəzet dəfələrlə bağlanmış,buraxılışlarına qədağalar qoyulmuş,redaksiyanın qərərgahları əlindən alınmışdır. Bütün bunlara baxmayaraq “Azadlıq” bu gün də öz mübarizəsini amansız təqiblər şəraitində davam etdirir. Mən “Azadlıq”ın bütün əməkdaşlarını və oxucularını,eləcədə AXCP-nın bütün üzvülərini bu yubiley münasibəti ilə ürəkdən təbrik edir, onların daşıyıcısı olduqları AZADLIQ ideyaların tezliklə qalib gələcəyinə zərrə qədər də şübhə etmirəm.
“Yarandığı gündən daima haqq yanında olan qəzet”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:
– Yarandığı gündən daima haqq yanında olan, 25 illik şərəfli yaradıcılıq yolu keçmiş, respublikanin ictimai siyasi həyatını dolğun əks etdirmiş, “Azadlıq” qəzetini, bu qəzetin yaranmasında, fəaliyyətində, inkişafında, müəyyən rol oynamış şəxsləri, əvvəllər və hal hazırda həmin qəzetdə çalışan bütün əməkdaşları bü əlamətdar gün münasibətilə, ürəkdən təbrik edirəm, İndiki mühitdə bu qəzetdə çalışmaq özü bir fədakarlıqdır. Bu fədakarlığınızı qiymətləndirərək, haqq ədalət uğrunda mübarizə aparmaqda, hər oxucunun məhəbbətini qazanmaqda, həmişə haqqın yanında olmaqda Sizə uğurlar diləyirəm. Qəzetin daimi oxucusu.
“Azadlıq” Azərbaycan mediasının mayakı oldu“
Tanınmış media eksperti Ələsgər Məmmədli:
– 24 dekabrda Azərbaycanın müstəqilliyi və azadlığı ilə eyniləşən Azadlıq Qəzetinin 25 yaşı tamam olur. “Azadlıq” qəzetinin doğuşu Azərbaycanlıların dünyanın ən mübariz xalqı seçildiyi ilə təsadüf edir. Bu qəzet azadlıq mübarizəsindən doğaraq, “Azadlıq” adını aldı. Bütün fəaliyyəti boyu təməl azadlıqların – siyasi, iqtisadi, mədəni azadlıqların müdafiəçisi və carçısı kimi Azərbaycan mediasının mayakı oldu. Adı ilə eyniləşdi.
“Azadlıq” geridə qalan 25 ildə daima azad medianın olması zəruri olduğu yerdə – xalqın yanında oldu. İctimai nəzarət funksiyasını şərəflə həyata keçirdi. Azad sözün müdafiəsindən bir addım geri durmadı. Jurnalistikamızın nadir simalarından olan Nəcəf Nəcəfovun açdığı yoldan, cızdığı xətdən bütün kəşməkeşlərə, maneələrə, əzab –iztirablara baxmayaraq dönmədi. “Azadlıq” həqiqi azadlığın carçısı olaraq bu gün də bu yolda çətinliklərə sinə gərərək davam edir. İlk gün bir milyon insanı aydınlatmaq üçün yola çıxan bu qəzet, bu gün də eyni əzimlə yoluna davam edir. Yeni informasiya vasitələrinin, internetin köməyi ilə hər gün onlarla araşdırması, məqalələri ilə yüz minlərlə oxucunu aydınladır. Bu münasibətlə Azadlıq qəzetinin kollektivini, oxucularını, bütün azadlıqsevərləri təbrik edirəm və neçə-neçə yubleylərini alnıaçıq qeyd etməyi arzulayıram.
«Azadlıq» qəzetinin 25-ci ildönümüdür. Bu nəşr hansı amillərə görə özəldir? Birincisi, «Azadlıq» qəzeti Milli Azadlıq Hərəkatımızın salnaməsidir. Ikincisi, «Azadlıq» qəzeti yenilməz bir döyüşçüdür. Bu, müasir media anlayışını aşsa belə, məhz mövcud siyasi şərtlərə görə qəbul ediləndir. Çünki ölkəmizdə alternativ tribuna qıtlığı hökm sürməkdədir.
“Milli Azadlıq Hərəkatımızın silahdaşı – «Azadlıq»
Tanınmış publisist Mehriban Vəzir:
– Azərbaycan Milli Azadlıq Hərəkatının və demokrariya uğrunda tarixi mübarizəmizin nəbzi mətbuatimızda, eləcə də «Azadlıq» qəzetinin saralmış səhifələrində vurur. Bu keçilən mühüm və çətin yolu keçmişə gömmək, gözdən salmaq olmaz. Bu tarixi gedişatın ictimai şüurumuza verdiyi töhfə dəyərləndirilməlidir. Azərbaycan mətbuat tarixi az öyrənilmiş, lakin öyrənildiyi qədəri ilə də ictimailəşdirilməmiş bir sahədir. Müasir insanımızın bilgiləri bu tarix haqqında «Əkinçi» və «Molla Nəsrəddin» mücadilələrindən o tərəfə keçmir bəzən.
Fərdlər və isimlər unudulur. Fərdlər və isimlərlə birlikdə şəxsiyyətlər və mücahidlər, şəxsiyyətlər və mücahidlərlə birlikdə fədalar və əzablar, eləcə də qəhrəmanlıq dastanları unudulur. Topluma müqavimət gücü verə biləcək, qanını qaynada, əzmini oyada biləcək, qələmlərə qüvvət verə biləcək ömür yaşantıları ictimai diqqətdən kənarda qalır.
1910-cu ilərdə Bakıda elə gün olub ki, bir gündə 50 nəfər jurnalist həbs olunub. Işğalşı rus hökumətinin jandarmaları bu fədakar qələm əhlini qolubağlı məhbəslərə sürüyüb. Məhkəmələr qurulub; qələmi qırılan kim, dilindən iltizam alınan kim, ev dustağı edilən kim, məhbəsə atılan kim, əmlakı müsadirə edilən kim, sürgünə göndərilən kim…
Əlinə qələm alan hər bir şəxs öz sələflərinin bu şanlı tarixini bilməlidir. Əlinə qələm alan hər bir fərd mətbuat tariximizin fədailərindən biri olan Haşım Bəy Vəzirovun «jurnalist qələmi mürəkkəbə deyil, vicdanına batırıb yazmalıdır» kəlamına əməl etməlidir. Əlinə qələm alan hər bir fərd «Azadlıq» qəzetinin Milli Azadlıq Hərəkatımızın silahdaşı olmasından və bu yoldakı yaşantılarından xəbərdar olmalıdır. Bəzən unudulur ki, ictimia fikir tariximizin, azadlıq istəklərimizin inkişaf yolu mətbuat tariximizdə yaşayır. Şanlı cümhuriyyətimizin və onun ikinci ömrünün gedişatı mətbuatda saxlanır. Son 200 ilin bütün tarixi istiqamətlərinin öyrənilməsi mətbuatımızn öyrənilməsindən başlanmalıdır.
Eləcə də «Azadlıq» qəzetinin keçdiyi yolun öyrənilməsindən və mövcudluğunun qorunmasından başlamalıdır. Çox fədakar «Azadlıq», 25 iliniz qutlu olsun. 100 yaşayın.
“Azadlıq”ın tarixi rolu danılmazdır“
İqtisadçı alim Vahid Məhərrəmov:
– “Azadlıq” qəzeti 20-ci əsrin sonunda 21 əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, ictimai-siyasi şüurun, Milli Azdlıq hərakatının formalaşmasında, xalqın maariflənməsində əvəzolunmaz rol oynadı. Məhz “Azadlıq” qəzetinin geniş yayılmış güclü təbliğatı sayəsində Azərbaycan Xalq Cəbhəsi öz sıralarını qısa müddətdə genişləndirdi və Sovet imperiasına qarşı vahid mövqedən çıxış etmək imkanı əldə etdi. Azərbaycanın müstəqilliyinin əldə olunmasında “Azadlıq” qəzetinin tarixi rolu danılmazdır. Keçən 25 il ərzində “Azadlıq” qəzeti öz prinsiplərinə sadiq qalaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlmişdir. Bu gün qəzetin kollektivi bütün çətinliklərə sinə gərərək ölkədə ədalətli, demokratik cəmiyyət qurulması uğrunda mübarizəni ləyaqətlə davam etdirir. “Azadlıq” qəzetinin kollektivini 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram.
“Azadlıq” qəzeti azad sözə, azad fikir və düşüncəyə qoyulmuş möhtəşəm bir abidədi“
Tanınmış şair Rüstəm Behrudi:
– Bu gün “Azadlıq” qəzeti Azərbaycan ictimai-siyasi fikir tariximizin son 100 ildəki böyük dayaqlarından birinə cevrilmişdir. “Azadlıq” qəzeti azad sözə, azad fikir və düşüncəyə qoyulmuş möhtəşəm bir abidədir. O, azadlıq adına divarları haqq-ədalətdən hörülmüş, 25 ildən sonra da azadlığın fəth olunmamış sonuncu qalasıdır. Körklü, uca, haqq sözün hamisinə çevrilmiş “Azadlıq”ın bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edirəm.
“Ülvi dəyərlərin alınmayan qalası – “Azadlıq”
Milli Şuranın üzvü Qələndar Muxtarlı:
– Bu gün Azərbaycanda azadlıq, millət, vətən, ədalət, ləyaqət kimi dəyərlərin son alınmayan qalası olan “Azadlıq” qəzetinin 25 illik yübleyidi. Vaxtilə, “Azadlq” qəzetinin ilk nömrəsini təqaüdümüz çatan qədər çox alıb tarix və gələcək arzularımızın manifesiti kimi saxlardıq. 20 Yanvar hadisələrəndə rus əsgərləri qərargahlarda, evlərdə axtarış aparanda “Azadlıq” qəzetini tapardılarsa başqa bəhanə axtarmazdılar. Milli Azadlıq Hərəkatnın iştirakçıları bu halı yaxşı xatırlayarlar. İİllər kecdi, müstəqil dövlət oduq, amma onun hətta müstəqil cəza evlərində “Azadlıq” qəzeti ilə, indi olmasın, o vaxtlar üçün “Yeni Musavat”la sınağa çəkilərdik. Yəni türmədə belə “Azadlıq”, ya “Yeni Müsavat” qəzetləri otağımızdan tapılardısa cəza alardıq, yaxınlarımızla görüşdən, sovqatlardan olardıq. İndi tək qalıb “Azadlıq”! Necə ki bu yola tək başlamşdı, özü də, əməkdaşları da tək qalıb! Ona dəstək isə “Azad” Azərbaycanda ən “azad” və qeyri məhdud cinayətə çevrilib! Lakin 27 il bundan əvvəl bu yola inanıb, könül verən dostlarımız nə qədər ki, bu yoldadı, millətimiz ümidsiz deyil! “İnamla məğlub olmurlar”.
Dostlar, sizləri ürəkdən təbrik edirəm! Sizlərin yolu Ədalət, Azadlıq və Xeyirxahlıq yoludur. Düşmən də sizin Xeyirxahlıqlarınız və əməliniz qarşısında acizdir! Millətinin xoşbəxtliyini düşünənlər bədbəxt ola bilməzlər! Tanrı yolunuzu açıq eləsin!
“Azadlıq” qəzetinə mübarizəsində mətnlik arzulayıram”
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı:
– “Azadlıq” qəzeti müstəqil mətbuatın ilk qaranquşu idi. 89-cu ildə “Azadlıq” qəzeti Azadlıq Meydanında əldən-ələ gəzirdi. O zaman bu qəzeti almaq, onu oxumaq hamı üçün bir məqsəd idi. “Azadlıq” qəzeti həmin dövrdə bir udumluq təmiz azadlıq havası idi. “Azadlıq” üçün çalışan insanlar çox olub. Onlar sırasında Nəcəf Nəcəfovun adını çəkmək yerinə düşər. Mən Nəcəf bəylə çalışmamışam. Amma o, “Zerkalo” qəzetinin Isgəndər Həmidovla problemi yaşanan zaman bizim qəzetin simasında bütün azad mətbuata sahib çıxdı, onun arxasında durdu. Məhz Nəcəf bəyin fəaliyyəti nəticəsində parlamentin spikeri Isa Qəmbər parlamentin toplantısını çağırdı. Daha sonra Əbülfəz Elçibəy 10 redaktoru qəbul etdi. “Azadlıq” qəzeti həmişə ictimai qınaq, dəstək rolunu oynayıb. Indiki çətin vəziyyətdə belə qəzet bu missiyanı davam etdirməyə çalışır. O zamanlar çox çətin idi. Biz böyük sovet imperiyasına qarşı döyüşürdük. Amma çox ümidli idik. Indi isə daxilimizdə olan daxili əjdahamızla vuruşuruq. Mən “Azadlıq” qəzetinə bu yolda mətnlik arzulayıram. Arzulayıram ki, gələn il bu vaxtı zəng edəsiz və mən sizi 26 yaşınız münasibətilə təbrik edəm. Yeni ildə yeni uğurlar arzulayıram. Həm özümə həm də Sizə ümidli və mətn olmağı diləyirəm”.
“Azadlıq”ın bu günə qədər olan fəaliyyətini yüksək dəyərləndirirəm”
Politoloq Vəfa Quluzadə:
– “Azadlıq” Azərbaycanın ən görkəmli qəzetlərindən biridir. Bu qəzet xalq tərəfindən oxunur və sevilir. Mən Sizin qəzetinizi yubileyiniz münasibətilə təbrik edirəm. Qəzetinizi ilk gündən izləyirəm. Həmişə “Azadlıq” qəzeti ilə əlaqəm olub. “Azadlıq”da çoxsaylı müsahibələrim, təhlillərim olub. “Azadlıq” qəzetinin bu günə qədər olan fəaliyyətini yüksək dəyərləndirirəm və bundan sonrakı addımlarınızda uğurlar arzu edirəm.
“Azadlıq”adı ilə məzmunu üst üstə düşən yeganə qəzetdir”
Hüquqşünas Aslan Ismayılov:
– Səhv etmirəmsə deyirlər ki, insanın adı ilə mahiyyəti üst-üstə düşməyəndə bu faciə olur. Bu gün “Azadlıq” qəzeti Azərbaycanda adı ilə məzmunu üst üstə düşən tanıdığım yeganə qəzetdir. Bu gün Azərbaycan vətəndaşları üçün “Azadlıq” qəzeti yeganə azadlıq adasıdır desək səhv etmərik. Fəaliyyətimlə bağlı son dövrlər “Azadlıq” qəzetində çalışan şəxslərlə bağlı münasibətlərimdən asılı olmayaraq yazılarımda tənqid olunmuş şəxslərin kimliyindən asılı olmayaraq, təqdim etdiyim yazılar heç bir düzəlişsiz çap olunub. Bu gün hamımız, hakimiyyət strukturlarının var gücü ilə bu qəzetin çapının, satışının dayandırılması üçün çalışdığının şahidiyik. Bəlkə çoxlarımız da hələ də dərk etmirik ki, bu informasiya mənbəyi hər birimizə lazımdır və orada maaşsız çalışan, həbslərə, təqiblərə məruz qalan insanlar sözün əsl mənasında, fədakarlıq edirlər. Əminəm ki, içində haqq duyğusu olan hər kəs, o cümlədən iqtidar nümayəndələri Sizin əməyinizin qədrini bilir. Gələcək nəsillər isə Sizin Vətənimiz üçün apardığınız mübarizəni lazımınca dəyərləndirəcklər.
“Azadlıq” qəzetini 25 illik yubileyi ilə bağlı orada çalışan bütün əməkdaşları göstərdikləri fədakarlıqlarına görə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.ÿÿÿ
Hələ ki, “Azadlıq” qəzeti dünya üzü görür hesab edirəm ki, amansız mübarizə şəraitində də olsa, Azərbaycanda söz azadlığı var deyə bilərik. Gəlin hər birimiz bu mübarizədə öz azadlığımıza dəstək olaq.
“Azadlıq” yenə də yeganə müstəqil, demokratik qəzet olaraq qalır”
Politoloq Hikmət Hacızadə:
– “Azadlıq” Azərbaycan demokratiyasına və mətbuatına qızıl hərflərlə yazılıb. “Azadlıq” qəzeti ilk böyük tirajlı müstəqil qəzet oldu. Bu qəzet həm müstəqilliymizin qazanılmasına, həm də demokratiya uğrunda mübarizəyə böyük töhfələr verib. “Azadlıq” qəzeti həmişə irəlidə olub və nümunələrlə çıxış edib. “Azadlıq” qəzeti cəmiyyətdə tənənzül dövrü olanda həmişə önə çıxıb və cəmiyyətə ruh verib. Çox böyük qürurla deyə bilərəm ki, mən də “Azadlıq”da çalışmışam. “Azadlıq” yenə də yeganə müstəqil, demokratik qəzet olaraq qalır. Yaşayın, sizə ölüm yoxdur.
“Tiranlıq ”Azadlıq”a nə qədər hücum edirsə-etsin bu qəzet xalqın dəstəyi ilə mövcud olacaq”
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı və “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər:
– Mən “Azadlıq” qəzetinin iki-üç yaşı olanda Azərbaycana gəlmişdim. O zaman qəzetin qurucusu Nəcəf bəy baş redaktor idi. Artıq həmin dövrdə görünürdü ki, “Azadlıq” qəzeti Cənubi Qafqazda sayılıb-seçilən mətbu orqanlarındandır. Məhz bu qəzetin fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyə qovuşma illərində gerçək informasiya ilə təmin edilirdi. Bu qəzet Cənubi Qafqazda demokratiyanı təbliğ edənlərin, müstəqilliyə can atanların qəzeti idi. Bu qəzet Əliyev diktaturasının hücumlarına məruz qalıb. Bu qəzetin əməkdaşları, rəhbərliyi zaman-zaman həbs edilib. Qəzet bir neçə dəfə təzyiq nəticəsində fəaliyyətini dayandırsa da, “Azadlıq” nəşrini yenidən bərpa edib. “Azadlıq” qəzetinin baş redaktoru özünə və ailəsinə olan təzyiqlər üzündən xaricə mühacirət edib. Qəzetin əməkdaşı Seymur Həzi uydurma ittihamlarla həbs olunub. “Azadlıq”ın digər əməkdaşları təqib olunur, təzyiqlərə məruz qalır. Dünyada belə bir rəzillik yoxdur. Amma “Azadlıq”ı ayaqda tutan cəsur kollektiv mövcuddur. Həmin kollektiv “Azadlıq”ın yolunu davam etdirməsi üçün əlindən gələni edir. Tiranlıq “Azadlıq”a nə qədər hücum edirsə-etsin, bu qəzet Azərbaycan xalqı, həmin qəzeti idarə edən şəxslər olduğu müddətdə mövcud olacaq. Qəzeti 25 yaşının tamam olması münasibəti ilə təbrik edirəm.
“Xalqın maarifləndirilməsini qarşısına missiya kimi qoyan qəzet”
İslam Partiyasının sədr əvəzi Elçin Manafov:
– “Azadlıq” əllərdə oxunan qəzetlərdən biridir. “Azadlıq” ən demokratik qəzetdir. Biz doğru məlumatı bilmək üçün bu qəzetə müraciət edirik. “Azadlıq” qəzeti haqqında çox şey demək olar. Bir qəzet ki, xalqı maarifləndirməyi əsas missiya kimi qarşısına qoyursa, bu, gözəl bir ənənədir. Mən özüm şahidi olmuşam. Insanlar avtobusda güclə getsələr də əllərində bu qəzeti tuturlar. Eyni zamanda hökumət adamları əlllərində bu qəzetlə gəzirlər. Bunun özü “Azadlıq”ın nüfuzuna işarədir. Mən Sizi ürəkdən təbrik edirəm. Qəzetin rəhbərliyinə, kollektivinə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm.
“Azərbaycanda yeganə müxalif qəzet varsa, o da ”Azadlıq” qəzetidir”
Tanınmış vəkil Fuad Ağayev:
– “Azadlıq”da mən də çalışmışam. Qəzetin ilk illərində mənim də yazılarım dərc olunub. Ştatda olmasam da qəzetdə çap olunan “Insan Hüquqları Bəyanaməsi”nin redaktə etmişəm. Səhv etmirəmsə qəzetin ikinci nömrəsində həmin yazı çap edilib. “Azadlıq” qəzetinin ilk dövrləri ürəkaçan idi. Həmin dövrdə müxalifət mövqeyindən çıxış edən müxtəlif qəzetlər olsa da, “Azadlıq” öz dəst-xətt ilə seçilirdi. Indi isə əminliklə demək olar ki, Azərbaycanda yeganə müxalif qəzet varsa o da “Azadlıq” qəzetidir. 25 yaş çox yaxşı həddir. Bu yaş gənclik, enerji dövrüdür. Ciddi inkişaflar, irəliləyişlər bu yaşdan sonra əldə olunur.