4 nəfər barəsində cinayət işi başlanıb, 11 nəfər isə sutkalıq həbs alıb
Noyabrın 8-də Bakıda, Binə qəsəbəsi “Sovxoz ərazisi” adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib. Etirazçıların “Azadlıq” radiosuna bildirdiyinə görə, aksiyaya səbəb yağan yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.
Etirazçılardan Roman Məmmədov deyib ki, səhər saatlarında başlayan aksiya normal keçsə də, polislərin müdaxiləsindən sonra ara qarışıb: “Yollar bərbad vəziyyətdədir deyə, yağışdan sonra marşrutlar bizim tərəfə gəlməkdən imtina edir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gəlirik ki, marşrut dayanan yerə çataq. Bu gün səhər yığışdıq marşrutların qarşısını kəsdik, icra nümayəndəsini tələb etdik ki, bu işə əncam çəksinlər. Dərhal polislər tökülüşdü. Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı. Qarşılarına keçəni – qadın, kişi bilmədən döyüb, palçıqda sürüyürdülər”.
Roman Məmmədov deyib ki, aksiyaçıların dağılışmadığını görən polis hadisə yerinə əlavə qüvvələr göndərib: “200-ə yaxın polis gəldi. Başladılar döyüb, həbs etməyə. Ən çox hadisəni telefonla çəkənləri döyür, sonra telefonların əllərindən alıb qırırdılar. 30-dək şəxs həbs olunub. Bir yaşlı qadını necə vurdularsa, yıxılıb suyun içərisində qaldı. Sonra maşına basıb apardılar. Indiyə kimi bu cür qəddarlıq görməmişdik. Biz bəyəm nə istəyirik? Bu qəddarlıq nəyə lazımdır? Hamı qorxusundan dağılışdı. Tutulanları Xəzər rayon Polis Şöbəsinə aparıblar. Hələlik heç bir xəbər yoxdur. Maraqlanan olmasa, sabah aksiyanı davam etdirəcəyik”.
Binə qəsəbəsi sahə müvəkkili Behbudov “Azadlıq” radiosuna aksiya ilə bağlı danışmaq istəmədiyini bildirib: “Siz haradan bildiniz ki, bu işlə mən məşğul oluram? Heç nə danışa bilmərəm”.
Xəzər rayon Polis Idarəsi və Xəzər rayon Icra Hakimiyyətindən də sualları cavabsız qoyublar.
DIN-in yaydığı məlumata görə isə hadisənin fəal iştirakçılarından 19-u polisə gətirilsə də, sonradan ikisi azyaşlı olan 4 adam xəbərdarlıq edilib buraxılıb. 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.